Məhkəmə qərarları › İş №e-2(011)-3320/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3320/2025

18.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3320/2025 18.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “mənzildən çıxarılma” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh3, X3, X2 və digər şəxslərin əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil, yeni qaydalarla ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılması və mənzilin boşaldılaraq İddiaçı əməli istifadəsinə verilməsi; Cavabdeh3, X3, X1 və mübahisəli mənzildə yaşayan digər şəxslərdən onların mənzildə yaşadıqları müddət üçün 2025-ci il in yanvar ayından etibarən (yanvar ayı da daxil olmaqla) mənzil tam şəkildə boşaldılaraq İddiaçı təhvil verilənədək hesablanmaqla hər ay 450 manat kirayə haqqının və vurulan maddi və mənəvi ziyanın hesablanmaqla, həmçinin 500 manat hüquqi yardımla bağlı çəkilən xərclərin tutularaq İddiaçı ödənilməsi, məhkəmə xərclərinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələblərinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, X2 və digər şəxslərin əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil, yeni qaydalarla ünvan 2 ünvanına yerləşən mənzildən çıxarılması və mənzilin boşaldılaraq İddiaçı əməli istifadəsinə verilməsi, həmçinin 500 manat hüquqi yardımla bağlı çəkilən xərclərin və ödədiyi dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli, ********** dövlət qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil, yeni qaydalarla ünvan 2 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzilin əvvəlki mülkiyyətçisi olan Cavabdeh4 tərəfindən xx.xx.2024-cü il tarixli, AN-1 №1286287 nömrəli alqı-satqı müqaviləsinə əsasən mənzilin dəyəri onun tərəfindən tam ödənilməklə mənzil ona satılmışdır. Lakin xx.xx.2024-cü il tarixdən bu günə kimi cavabdehlər Cavabdeh3, X3, X2 və digər şəxslər iddiaçının xüsusi mülkiyyətində olan mənzili boşaltmır və bununla da iddiaçının konstitusion hüquqlarını pozurlar. Onlara dəfələrlə bununla bağlı iradlarını bildirsə də, onlar buna məhəl qoymayaraq qanun pozuntusunu davam edirlər. Halbuki, mənzil iddiaçının əməli istifadəsində olmuş olsaydı o, həmin mənzili aylıq kirayə verər və hər ay 450 manat qazanc əldə edə bilərdi. Cavabdehlərin ona qarşı etdikləri qanunsuzluqlar nəticəsində iddiaçı həm də əlavə qazancından məhrum olmuşdur. Eyni zamanda iddiaçıya göstərilən hüquqi yardıma görə 500 (beş yüz) manat xərci çıxmışdır. Hesab edir ki, cavabdehlərin ona qarşı etdiyi qanunsuzluqların qarşısı alınmalı, iddiaçının xüsusi mülkiyyətində olan yuxarıda qeyd etdiyi mənzildən bütün yaşayan şəxslər əmlakları ilə birgə çıxarılmalı, mənzilin orada yaşayan şəxslərin hesabına boşaldılması ilə iddiaçının əməli istifadəsinə verilməklə mənzilə köçürülməyi, həmçinin aylıq 450 manat kirayə haqqının 2025-ci ilin yanvar ayından etibarən (yanvar ayı da daxil olmaqla) mənzil tam şəkildə boşaldılaraq iddiaçıya təhvil verilənədək cavabdehlərdən tutulmaqla ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, izahatında bildirmişdir ki, məhkəmə olmadan da cavabdehlərin mənzildən çıxmasına çalışmış, lakin bu alınmamışdır. Mənzili dekabr ayında alqı-satqı müqaviləsi əsasında almışdır. Mənzili alarkən cavabdehlərin mənzili tərk etməsi ilə bağlı razılıqları olmamışdır. Mənzilin keçmiş sahibi də cavabdehlərin mənzili tərk etmədiyini ona bildirmişdir. O, da ilkin olaraq polisə müraciət etmiş və sahə inspektorunun iştirakı ilə cavabdehlərlə danışmış, lakin razılıq əldə edilməmişdir. Bu zaman onlar da məhkəməyə müraciət edəcəyini bildirmişdir. Odur ki, iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, həmçinin bildirmişdir ki, Cavabdeh4 evin keçmiş mülkiyyətçisi olmuş və mənzildə yaşamamışdır. Cavabdeh X5 məhkəməyə ərizə ilə müraciət edərək, vəkil ilə müqavilə bağladığını, vəkilin mülki işə qoşulması üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə hazırlıq iclasına təyin edilməsini xahiş etmişdir. Lakin ərizəsinə hüquqi xidmətlərin göstərilməsi barədə vəkil ilə müqavilə bağlamasını təsdiq edən hər hansı sübut əlavə edilmədiyindən məhkəmə mülki işə onun iştirakı olmadan baxılamasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 gəlməmələrinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxmışdır. İş materiallarında olan: İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyati haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil (Yeni qaydalarla: AZ1149, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, giriş 37, M 2, m2) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmışdır. İş materiallarında olan daşınmaz əmlakın alqı-satqısı barədə müqaviləsindən görünür ki, Cavabdeh4 ona məxsus olan ünvan 1 ünvanında yerləşən 5 nömrəli mənzili 59.500 manata İddiaçı satmışdır. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixi, ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 34 manat məbləğində, xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzə əsasən 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. ünvan 3 ünvanlanan bildirişə cavab olaraq bildirilmişdir ki, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzildə (Yeni qaydalarla: AZ1149, Bakı şəhəri, ünvan 4 ünvanda qeydiyyatda deyillər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən, mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Yenə həmin Məcəllənin 152.1-152.4-cü maddələrinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin əsas vəzifələrindən biri mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şəraitin yaradılması (maddə 6.1.7) pozulmuş hüquqların bərpasının təmin edilməsidir (maddə 1.8). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə insan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir». Həmin məhkəmə «Sporronq və Lonnrot İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter alır». Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən İddiaçı Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 5 nömrəli mənzili 59.500 manata almışdır. ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil (Yeni qaydalarla: AZ1149, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, giriş 37, M 2, m2) xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmişdir. Hazırda mənzildə Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və digər şəxslər yaşadığından iddiaçı mülkiyyət hüququ üzrə ona məxsus olan əmlaka daxil ola bilmir. Məhkəmə ilkin olaraq iddia tələbinin Cavabdeh4 aid olan hissəsində münasibətdə qeyd edir ki, iddia ona hissədə ona görə rədd edilməlidir ki, o, mənzilin keçmiş mülkiyyətçisi olmuş və mənzil satıldıqdan sonra da həmin ünvanda yaşamamışdır. Məhkəmə iddia tələblərinin digər cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və digər şəxslər hazırda həmin mənzildə yaşamağa davam etməklə, iddiaçının mülkiyyət hüquqlarını pozurlar. Məhkəmə hesab edir ki, cavabdehlər iddiaçının mənzilində yaşamaqla onun mülkiyyətində olan əmlak üzərində hüququnun həyata keçirilməsi imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışlar. Belə ki, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilə dair hər hansı hüquqları mövcud olmamışdır. Məhkəmə iddia tələbinin “digər şəxslərin əşyaları ilə birlikdə çıxarılması” hissəsinə münasibətdə qeyd edir ki, qətnamə icra edilən zamana kimi iddia tələbində qeyd edilən cavabdehlərdən başqa gələcəkdə də digər şəxslər qanuni əsas olmadan həmin ünvana köçürülə bilər. Halbuki qeyd edilən ünvan mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Məhkəmə iddia tələbinin “500 manat hüquqi yardımla bağlı çəkilən xərclərin cavabdehlərin tutulması”na dair hissəsində hesab edir ki, əsassızdır. Belə ki, məhkəmə iddiaçı tərəfindən ona hüquqi yardımın göstərilməsi ilə bağlı hər hansı mötəbər sübut əlavə edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və digər şəxslər əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən 5 saylı (Yeni qaydalarla: AZ1149, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, giriş 37, M 2, m2) mənzilindən çıxarılmalı və mənzil İddiaçı təhvil verilməlidir. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və digər şəxslər əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən 5 saylı (Yeni qaydalarla: AZ1149, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, giriş 37, M 2, m2) mənzilindən çıxarılsınlar. ünvan 1 ünvanında yerləşən 5 saylı mənzil (Yeni qaydalarla: AZ1149, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, giriş 37, M 2, m2) boşaldılaraq İddiaçı təhvil verilsin. İddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar