Məhkəmə qərarları › İş №e-2(011)-337/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-337/2025

07.01.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-337/2025 07.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Xətai rayonu, Şıxlinski küçəsi, ev 15, mənzil 100-ə azyaşlı övladları X4 və X2 ilə birlikdə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh ilə el adəti ilə toy edib 04 may 2011-ci il tarixdə nikahı VVADQ idarəsində 631 nömrəsi ilə qeydiyyata alınmaqla ailə qurmuşdur. Birgə nikahdan 16 yanvar 2015-ci il təvəllüdlü X4 və 18 avqust 2017-ci il təvəllüdlü X2 anadan olmuşdur. Artıq uzun müddətdir ki, cavabdehlə ümumi təsərrüfatı idarə etmirlər. Cavabdeh iddiaçı ilə və övladları ilə maraqlanmır. İddiaçıya və övladlarına qarşı laqeydlik göstərir. Cavabdeh 2023-cü ilin oktyabr ayında səhlənkarlıq etməyə başlayaraq nə aliment ödəyir, nə də onları mülkiyyətində olan mənzildə yaşamağa imkan vermir. Belə ki, birgə nikah dövründə Xətai rayonu, Şıxlinski küçəsi ev 15, mənzil 100-də Cavabdeh ilə birlikdə yaşamışlar. Tərəflər arasında münasibətlər pozulana qədər iddiaçı və azyaşlı övladları həmin ünvanda yaşamışdır. Tərəflərin həmin evdə yaşadıqları müddətdə dəfələrlə həmin evin yaxşılaşdırılması üçün təmir işləri aparmışlar. Hal-hazırda tərəflərin ailə münasibətləri rəsmi qaydada pozulmayıb. Lakin hazırda yaşamağa şəraiti yoxdur. Buna əsasən də hazırda Cavabdeh məxsus Xətai rayonu, Şıxlinski küçəsi ev 15, mənzil 100-ə azyaşlı övladları X4 və X2 ilə birlikdə köçürülməyi barədə qətnamə qəbul edilməlidir. Hal-hazırda iddiaçının həmin mənzildən istifadə hüququ var, lakin cavabdeh buna maneələr yaradır. DƏDRX-nin məktubuna əsasən mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestr xidmətindən qeydiyyatdan keçməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin vəkili iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı izahat verən cavabdeh bildirmişdir ki, həmin mənzil atasının olmuş, iddiaçı 2010-cu ildə həmin evə gəlin gəlmişdir. Hazırda həmin evdə yaşayış yoxdur. İşin faktiki halları: İş materiallarından görünür ki, tərəflər arasında 04 may 2011-ci ildə rəsmi nikah bağlanmışdır. Tərəflərin birgə nikahından 16 yanvar 2015-ci il təvəllüdlü X4 və 18 avqust 2017-ci il təvəllüdlü X2 anadan olmuşdur. İş materiallarında olan 13 iyul 1989-cu il tarixli 107854 saylı orderin təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 46.74 kv.m olan 100 saylı mənzil cavabdehin atası X1 məxsus olmuşdur. Mənzilin hüquqi statusu ilə əlaqədar verilmiş sorğuya cavab olaraq Daşınmaz Əlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi idarəsindən bildirilmişdir ki, ünvan 1 ünvanında yerləşən 100 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Həmçinin, verilmiş sorğuya cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentindən bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Şıxlinski küçəsi 15 saylı yaşayış binası və həmin binada yerləşən 100 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdehin atası X3 28 avqust 2013-cü il tarixdə vəfat etmiş, həmin mənzilə dair yeni sosial kirayə müqaviləsinin bağlanması aşkar edilməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, tərəflərin mübahisəli evdə birgə yaşaması, ümumi təsərrüfatı birgə idarə etməsi və sonradan iddiaçının cavabdehlə münasibətləri pisləşdiyi üçün iddiaçının evdən çıxmaq məcburiyyətində qalması işin mübahisəsiz hallarıdır. Məhkəmə qeyd edir ki, hazırkı mülki iş üzrə iddia tələbinə düzgün qiymət verilməsi üçün ilk öncə mənzilin statusu, daha sonra iddiaçının köçürülməsini tələb etdiyi mənzilə dair hüquqlarının olub-olmaması, olduğu təqdirdə hansı hüquqlarının olması müəyyən edilməlidir. Mənzilin statusu ilə bağlı məhkəmə qeyd edir ki, hər iki tərəfin verdiyi izahatlardan və iş materiallarından görünür ki, mənzil cavabdehin atasına order əsasında verilmiş, lakin dövlət qeydiyyatına alınmamışdır. Məhkəmə araşdırması zamanı izahat verən cavabdeh iddiaçının 2010-cu ildə həmin evə gəlin gəldiyini və orada yaşadığını, daha sonra münasibətlər pisləşdiyi üçün mənzildən çıxdığını bildirmişdir. Məhkəmə istinad olunan mənzilin dövlətin mənzil fonduna aid olmasını, hazırkı müddətdə mənzilə dair hər hansı sosial kirayə müqaviləsinin bağlanmamış olmasını, iddiaçının cavabdehlə 2010-cu ildən həmin mənzildə yaşamasına əsaslanaraq Konstitusiyanın təsbit etdiyi müddəanı tətbiq etməklə iddiaçının övladları ilə birgə mənzilə köçürülməsi qənaətinə gəlir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı övladları - 16 yanvar 2015-ci il təvəllüdlü X4 və 18 avqust 2017-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 46.74 kv.m olan 100 saylı mənzilə köçürülsün. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar