Məhkəmə qərarları › İş №e-2(011)-3431/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3431/2023

07.06.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3431/2023 07.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh 251 saylı uşaq baxçasının direktoru X2 Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə Müstəqil tələb irəli sürməyən maraqlı şəxsin nümayəndəsi Əlibəyli Rüstəm Qara oğlunun iştirakı ilə, İddiaçı cavabdeh 251 saylı uşaq bağçasına qarşı “işə bərpa” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh 251 saylı uşaq bağçasına qarşı “işə bərpa və buraxılmış iş günlərinə görə işə bərpa olunanadək orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin halları: İddiaçı 5 iyun 1990-cı ildən Bakı şəhəri,Xətai rayonu 251 nömrəli körpələr evi – uşaq bağçasında tibb bacısı vəzifəsində işləmişdir. 23 fevral 2022-ci il tarixdə 251 nömrəli körpələr evi – uşaq bağçasının 7Ş 1 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə səbəb kimi 251 saylı k/e u/b –nin xx.xx.2022 – ci il tarixli 17Ş 1 saylı əmri, xx.xx.2022 – ci il tarixli 19Ş 1 saylı əmri və xx.xx.2023 – cü il tarixli Həmkarlar İttifaqı təşkilatının protokolundan çıxarış qeyd olunmuşdur. xx.xx.2022 – ci il tarixdə işəgötürən tərəfindən iddiaçıya əmək və icra intizamının pozulmasına görə töhmət verilmişdir, əmrdə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə əmək funksiyalarının tam yerinə yetirməməsinə, müəssisənin daxili intizam qaydalarını pozduğuna,qanunsuz işçiləri şantaj edərək onların qrupların və mətbəxin fəaliyyətini mobil telefona çəkdiyinə, baxçada psixoloji rejimi pozduğuna, müdiri təhqir etdiyinə, menyuya imza atmadığına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Töhmət əmrinin verilməsinə əsas kimi isə xx.xx.2022-ci il tarixdə uşaq bağçasının həmkarlar təşkilatının keçirdiyi iclasın qərarı və işçilərin ərizəsi götürülmüşdür. xx.xx.2022 – ci il tarixdə işəgötürən tərəfindən iddiaçıya yenidən töhmət verilmiş, əmrdə İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə uşaq bağçasında əmək funksiyasının tam yerinə yetirmədiyinə, müəssisə daxili intizam qaydalarını pozduğuna, qanunsuz işçiləri şantaj edərək onların və mətbəxin fəaliyyətini mobil telefona çəkdiyinə,bağçada sağlam psixolojo rejimi pozduğuna, 8 nömrəli uşaq poliklinikasının bağçaya təhkim olunmuş həkiminin iş planını qeyri-qanuni ələ keçirərək, qanunazidd olaraq mətbəxdə və qruplarda işçiləri aldadaraq onlara uyğun tələblər edərək öz prinsipini irəli sürdüyünə, müdiri təhqir etdiyinə,menyuya qol çəkmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən töhmət verilmişdir. Töhmət əmrinin verilməsinə əsas kimi isə xx.xx.2022-ci il tarixdə uşaq bağçasının həmkarlar təşkilatının keçirdiyi iclasın qərarı və işçilərin ərizəsi götürülmüş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə İddiaçı əmək müqaviləsinə xitam verrmişdir. İddiaçının tələbi: İddiaçı Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 7Ş1 saylı əmrin qanunsuz hesab edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməsi, 250 manat hüquqi xərclərə çəkdiyi vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi və buraxılmış iş günlərinə görə bütün işləmədiyi dövr üçün xx.xx.2023-cü il tarixdən əvvəlki vəzifəsinə bərpa olunana kimi olan orta aylıq əmək haqqının cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin şəxsin etirazı: Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən (xx.xx.2023-cü il tarixdə) İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, müəssisədə nizam-intizam qaydalarının pozulmasını təsdiq edən hər hansı mötəbər sübutun mövcud olmadığını bildirmişdir. Töhmətdə bəhs edilən videolar müəssisə işçilərinin fəaliyyəti, onları şataj etmək niyyəti ilə çəkilməyib, sadəcə uşaq bağçasında uşaqların qidlanması ilə bağlı ərzaqların aiddiyyatı yerdə, müəyyən olunmuş sayda olmaması ilə bağlı olmuşdur. Həmin videolar da müvafiq dövlət orqanlarına göndərilmişdir. Elə ərzaqla bağlı müdirilə mübahisələri olmuşdur. Bundan sonra müdirin iddiaçı Mahirə xanımla qərəzli münasibəti yaranmışdır. Eyni zamanda əlavə etmişdir ki, cavabdehin bildirdiyi kimi iddiaçı tərəfindən müəssisədə nizam-intizam qaydaları pozulduğu təqdirdə bağçada təlim-tərbiyə alan uşaqların valideynlərinin şikayəti mövcud olardı ancaq belə bir şikayət mövcud deyildir. Şahid3 izahatında (xx.xx.2023-cü il tarixdə) bildirmişdir ki, bəhs edilən müəssisədə artıq 12 ildir fəaliyyət göstərir. Baş verən hadisələr son dövrlərdə yaranmışdır və hazırki vəziyyətə çatmasının qarşısını almaq məqsədi ilə tərəfləri dəfələrlə sülh yolu ilə danışıqlara dəvət etmişdirlər, lakin tərəflər razılığa gəlməmişdir. Son dövrlərdə iddiaçı ilə cavabdeh arasında tez-tez mübahisələr yaranmışdır. İddiaçı töhmət verilən zaman o iclasda iştirak etmişdir. X1 sədri Aysel xanımdır, o müdürün qızıdır və o səsvermə yolu ilə seçilmişdir. İddiaçı barəsində aktlar tərtib edilən zaman məlumatlı olmuşdur. İddiaçı müəssisədə hər zaman həkim önlüyü ilə gəzmişdir. O 2022-ci ilin mart ayında bir dəfə müəssisə rəhbəri Aygün xanıma yaxınlaşaraq Mahirə xanımı tərbiyəçi vəzifəsinə keçirməsini xahiş etmiş, Aygün xanım isə cavabında tərbiyəçi təyin etmək səlahiyyətinin olmadığını bildirmişdir. Həmçinin Şahid3 izahatında müəssisədə fəaliyyətə başladığı vaxtdan səhər fəaliyyətində hər zaman uşaqları özünün tək qəbul etdiyini bildirmişdir. Video çəkiliş olduğunu eşidib, onun qrupunda heç bir zaman video çəkiliş olmayıb, işçilərin şantaj olunması ilə bağlı heç bir məlumatı yoxdur. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə Nümayəndə (xx.xx.2023-cü il tarixdə) izahatında bildirmişdir ki, iddiaçı tərəfindən müəssisədə işin ahəngi pozulmuşdur. Həmçinin iddiaçı barəsində müəssisə tərəfindən tərtib edilən aktların və intizam tənbehlərinin hüquqi qüvvəsi qalmaqdadır. Belə ki, iddiaçı onun barəsində aktlar tərtib edildiyi və ona qarşı intizam tənbehi tədbiri tətbiq edilən zaman həmin aktları və intizam tənbehlərini mübahisələndirməmişdir. İddiaçının hərəkətlərindən də aydın şəkildə görünür ki, iddiaçı ətrafındakı şəxslərə qarşı çox aqresivdir və bu səbəbdən artıq müəssisədə fəaliyyətini davam etdirməsi qeyri-mümkündür. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: - xx.xx.2023-cü il tarixli, MŞB/16-00685 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir; - xx.xx.2021-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktlarda İddiaçı Əllədin qızı tərəfindən müəssisədə nizam-intizam qaydalarının pozulduğu qeyd edilmiş, eyni üç nəfər tərəfindən izalanmışdır; - xx.xx.2022-ci il tarixli Əmr №17Ş1-ə əsasən, İddiaçı Əllədin qızına əmək funksiyasını tam yerinə yetirmədiyinə, müəssisədaxili intizam qaydalarını pozduğuna, qanunsuz işçiləri şantaj edərək onların qruplarını və mətbəxin fəaliyyətini mobil telefona çəkdiyinə, bağçada uşaqların psixoloji rejimi pozduğuna, müdiri təhqir etdiyinə və menyuya imza atmadığına görə töhmət verilmişdir; - xx.xx.2022-ci il tarixli Əmr № 28-ə əsasən, İddiaçı Əllədin qızına əmək funksiyalarını tam yerinə yetirmədiyinə, müəssisədə nizam-intizam qaydalarını pozduğuna, qanunsuz işçiləri şantaj edərək onların və mətbəxin fəaliyyətini telefonla çəkdiyinə, baxçada sağlam psixoloji rejimi pozduğuna, 8 saylı uşaq poliklinikasının bağçaya təhkim olunmuş həkminin iş planını qanunsuz ələ keçirərək mətbəxdə və qruplarda işçiləri aldadaraq öz prinsiplərini həyata keçirdiyinə, müdiri təhqir etdiyinə və menyuya qol çəkmədiyinə görə şiddətli töhmət verilmişdir; - xx.xx.2022-ci il tarixli Bakı şəhəri Təhsil idarəsinin müdiri X3 ünvan 1 ünvanlanmış təqdimatdan görünür ki, tibb bacısının işdən xaric olunmasına köməklik göstərilməsi xahiş edilir; - xx.xx.2023-cü il tarixli H-6756-01/09 №li Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubdan məlum olur ki, 251 saylı uşaq bağçasında araşdırma aparılmış və bağçanın müdiri Aygün Qurbanova barəsində qanunamüvafiq tədbir görülmüşdür. - xx.xx.2023-cü il tarixli Həmkarlar Təşkilatının №2 protokolundan çıxarış; - xx.xx.2023-cü il tarixli Xətai Rayon 251 saylı uşaq bağçasının əmr №7 Ş1 çıxarışa əsasən, İddiaçı 0,5 ştat vahidi ilə işlədiyi Tibb bacısı 23 fevral 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ləğv edilmişdir. Əmrin əsası kimi xx.xx.2023-cü il tarixli Xətai Rayon 251 saylı uşaq bağçasının əmr №7 Ş1, xx.xx.2022-ci il tarixli əmr №20 Ş1, xx.xx.2023-cü il Həmkarlar Təşkilatının 2№ li protokolundan çıxarış qeyd edilmişdir; -AT-İV №1761327 saylı əmək kitabçasının surətinə əsasən, İddiaçı əmək kitabçasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə dair qeyd aparılmışdır; - Xətai Rayon 251 saylı körpələr evi – uşaq bağçası üzrə keçirilən xx.xx.2023-cü il tarixli protokol №2-ə əsasən 251 saylı uşaq bağçasının 7 nəfər əməkdaşı İddiaçı lehinə səs verərək onun barəsində müəssisə tərəfindən daha ciddi tədbir görülməsini xahiş etmişdirlər; - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 251 saylı uşaq bağçasının müdiri Aygül Qurbanovaya ünvanlanmış xx.xx.2023cü il tarixli, № 3-29-59/2-345/20 saylı, xx.xx.2023-cü il tarixli, № H-6756-01/00 saylı məktublardan müəyyən edilir ki, İddiaçı barəsində tədbir görülməsi bağçanın müdiri Aygül Qurbanovaya həvalə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 36.İİİ. Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir. 1996-cı il 3 may tarixli Dəyişdirilmiş Avropa Sosial Xartiyası:

24. İşçilərin əmək münasibətlərinə xitam verilməsi hallarında müdafiə hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər aşağıdakıları tanımaq öhdəliyini götürürlər: a) bütün işçilərin, onların vəzifəsi və ya davranışı, yaxud müəssisənin, idarənin və ya xidmətin istehsal tələbləri əsasında əmək münasibətlərinə xitam verilməsi üçün qanuni səbəblər olmadan əmək münasibətlərinə xitam verilməməsi hüququ; b) qanuni səbəblər olmadan əmək münasibətlərinə xitam verilmiş işçilərin adekvat kompensasiya və ya digər müvafiq müavinətlər almaq hüququ. Bu məqsədlə Tərəflər əmək münasibətlərinə əsassız xitam verildiyini hesab edən işçinin qərəzsiz orqana şikayət etmək hüququnu təmin etmək öhdəliyini götürürlər. 26.2. iş yerində və yaxud işlə bağlı ayrı-ayrı işçilərə qarşı yönəldilmiş daimi çirkin və ya xüsusilə mənfi və təhqiredici hərəkətlər barədə izahatı, məlumatlandırmanı və onun qarşısının alınmasını dəstəkləmək və işçiləri bu cür davranışdan qorumaq üçün bütün lazımi tədbirləri görmək. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.

12. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; ç) kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək; d) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək.

14. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər.

70. (bənd “ç”) Əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. 70.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. 187.4. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. 189.3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.

195. İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: a) əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; b) əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə. 196.1. Bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.1. Əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar.

Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Tərəflərin arasında əmək münasibətlərinin dəyişdirilməsinə əsas verən əmrin qanuniliyinə, məhkəmə tərəfindən qiymət verilərkən müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı 1990-cı ildən həmin müəssisədə işləmiş, işlədiyi dövrdə heç bir intizam məsuliyyətinə cəlb edilməmişdir (əvvəllər mövcud olmuş intizam məsuliyyətilə bağlı heç bir sübut təqdim edilməmişdir). Xətai Rayon 251 saylı körpələr evi – uşaq bağçasının müdiri Aygün Qurbanova ilə İddiaçı arasında münasibətlər 2022-ci ilin ortalarından gərginləşməyə başlamış, daha sonra iddiaçı ardıcıl olaraq intizam məsuliyyətlərinə cəlb edilmiş, şiddətli töhmət (xx.xx.2022-ci il tarixli) verildikdən sonra müdir Bakı şəhəri Təhsil idarəsinə iddiaçının işdən çıxarılması üçün təqdimat (xx.xx.2022-ci il tarixli) ünvanlamışdır. Təqdimata cavab (xx.xx.2023-cü il ) olaraq bildirilmişdir ki, iddiaçı ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi uşaq bağçasının müdirinin səlahiyyətindədir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli Xətai Rayon 251 saylı uşaq bağçasının №7 Ş1 əmrinə əsasən, İddiaçı 0,5 ştat vahidi ilə işlədiyi Tibb bacısı kimi 23 fevral 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ləğv edilmişdir. Əmrin əsası kimi xx.xx.2023-cü il tarixli Xətai Rayon 251 saylı uşaq bağçasının əmr №7 Ş1, xx.xx.2022-ci il tarixli əmr №20 Ş1, xx.xx.2023-cü il tarixli Həmkarlar Təşkilatının №2 saylı protokolundan çıxarış qeyd edilmişdir. Əmrin əsası kimi çıxış edən töhmət, şiddətli töhmət və Həmkarlar Təşkilatının protokolu məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmir. Belə ki, məhkəməyə təqdim edilmiş töhmət və şiddətli töhmət üçün əsas kimi göstərilən müxtəlif tarixli aktların böyük əksəriyyəti eyni şəxslər tərəfindən imzalanmışdır. Həmin şəxslərdən dördü məhkəmə baxışına şahid qismində dəvət edilmiş, lakin onlardan yalnız biri məhkəmə baxış iclasında iştirak etmişdir. Şahid qismində izahat vermiş Şahid3 öz izahatında müdirlə iddiaçı arasında yalnız bir dəfə mübahisənin şahidi olduğunu qeyd etsə də xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli aktlarda müdir və iddiaçı arasında mütəmadi mübahisə olduğu qeyd edilir və aktın sonunda şahidin imzası, soyadı qeyd edilmişdir. Məhkəmə oxşar məzmunlu, şahid ifadəsi ilə təsdiqini tapmayan, tərtibat üsulu baxımından şübhə doğuran aktları mötəbər sübut hesab etmir. Bu səbəbdən də töhmətlərin əsası kimi çıxış edən halların məhkəmədə sübuta yetirilə bilmədiyi qənaətinə gəlir. Əmrin əsası kimi çıxış edən xx.xx.2023-cü il tarixli Həmkarlar Təşkilatının 2 saylı iclas protokolunda iclasda iştirak edənlərin sayı 10 (on) nəfər göstərildiyi halda, bu şəxslərin adları qeyd edilməmiş, imzaları göstərilməmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, (iddiaçının izahatı, şahid ifadəsi, müdir Aygün Qurbanovanın izahatı) Həmkarlar Təşkilatının sədri Xətai Rayon Cavabdeh müdiri Aygün Qurbanovanın qızıdır. Bu rəhbər şəxslərin yaxın qohumluq əlaqəsində olması, o cümlədən iclas iştirakçılarının öz imzaları ilə işriraklarını təsdiq etməməsi səbəbindən məhkəmə işdən çıxma əmrinin əsası kimi çıxış edən xx.xx.2023-cü il tarixli Həmkarlar Təşkilatının 2 saylı protokolunu da mötəbər sübut kimi qəbul etmir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının tələbi işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və məhkəməyə müraciət üçün xərclərin ödənilməsindən ibarətdir. Məhkəmə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinin iddiaçının yol verdiyi iddia olunan pozuntunun xarakterinə adekvat olmadığını hesab edir. Belə ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsi işəgötürən tərəfindən işçiyə verilən intizam tənbehinin növlərini müəyyən edir və bu tənbeh növləri xarakterinə görə yüngüldən ağıra doğru təsnifləşdirilir. Qeyd edilən maddəyə görə əmək müqaviləsinin həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək son və xarakterinə görə ən ağır tənbeh növü sayılır. Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə görə də işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini,onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Belə olan halda, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinin iddiaçının yol verdiyi iddia olunan pozuntunun xarakterinə adekvat olmadığı hesab edilir. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün təkcə həmin normada qeyd olunan halın baş verməsi kifayət etmir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsaslar əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onunayrı-ayrıüzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşin hallarından da göründüyü kimi, iddiaçı tərəfindən əmək funsiyalarının, vəzifə borcunun yerinə yetirilməməsini sübut edən mötəbər dəlil mövcud deyildir. İşəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Həmçinin işəgötürən iddiaçı tərəfindən Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halların baş verməsinə dair heç bir mötəbər sübut məhkəməyə təqdim etməmiş, müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasını, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəydiyini göstərməmişdir. Əmək Məcəlləsinin 71-ci maddəsinin üçüncü hissələrinin təhlili onu deməyə əsas verir ki, cavabdeh iddiaçınin barəsində verilmiş əmrdə ümumi şəkildə işin hallarını qeyd etməklə kifayətlənməməli, iddiaçıya istinad olunan pozuntular nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş olması və ya müəssisəyə ziyan vurulması qeyd olunmalı və buna görə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi xüsusi olaraq əsaslandırılmalı idi. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır. (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Cavabdeh iddiaçı barəsində verilmiş intizam tənbeh tədbirləri ilə iddiaçının tanış olmasını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı, müdir və işçi arasında münasibətlərin gərginləşməsi səbəblərindən biri kimi iddiaçının bağçaya gətirilən ərzaqların saxlanması, miqdarı, uşaqların qidalanması ilə bağlı müdirə iradlar bildirməsi, müvafiq qurumlara şifahi və yazılı müraciət etməsi ilə bağlı olduğu qeyd edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Langer Almanyaya qarşı” (Langner v. Germany - xx/xx/2015, 14464/11) işində məhkəmə qeyd etmişdir ki, “məhkəmənin presedent hüququna əsasən, dövlət sektorunda çalışan işçinin iş yerində qeyri-qanuni davranış və ya hüquq pozuntusu barədə siqnal verməsi, müəyyən hallarda müdafiə edilməlidir. Bu, aidiyyəti işçinin işdə baş verənlərdən xəbərdar olan yeganə şəxs və ya kiçik bir kateqoriyanın bir hissəsi olması və buna görə də işəgötürənə və ya bütövlükdə ictimaiyyətə xəbərdarlıq etməklə ictimai maraqlara uyğun hərəkət etməsi üçün ən yaxşı vasitə kimi tələb oluna bilər.” Oxşar mövqeyə “Quja Moldovaya qarşı” (Guja v. Moldova, 2008), “Heyniş Almanyaya qarşı” (Heinisch v. Germany, 2011) və bir sıra digər işlərdə də rast gəlinir. “Qavazov Bolqarıstana qarşı” (Gavazov v. Bulgaria - xx/xx/2006, 54659/00 )işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Beləliklə, məhkəmə şərh edilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə ləğv edilməsinə səbəb olan həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş nəticələrin baş verməsi cavabeh tərəfindən sübuta yetirilmədiyindən, habelə iddiaçının hərəkətləri onunla bağlanmış əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə ləğv edilməsinə mütənasib olmadığından cavabdehin xx.xx.2023-cü il tarixli, 7 Ş1 saylı əmri ləğv edilməlidir. Həmçinin iddiaçıya xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günədək buraxdığı məcburi iş müddəti üçün əmək haqqı verilməlidir. (ƏM 300.1-ci maddəsi).

Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı əmək mübahisəsi ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. İddiaçının tələblərindən biri də məhz məhkəməyə müraciət edilərkən çəkilmiş mediasiya üçün 50 manat və hüquqi yardım üçün 200 manat pul vəsaitinin cavabdeh tutularaq ona ödənilməsidir. Məhkəmə iddiaçının bu tələbi ilə bağlı belə qənaətə gəlir ki, qeyd edilən xərclər də məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən mediasiya prosesində iştirak etmək üçün Bakı şəhəri 16 saylı Mediasiya təşkilatına xx.xx.2023-cü il tarixdə ödənilmiş 50 manat və hüquqi yardım üçün xx.xx.2023-cü il tarixdə Kapital Bank ödəniş sistemi vasitəsilə edilmiş 200 manat ödənişləri təsdiq edən sənədlər (qəbzlər) mülki işin materiallarına əlavə edilmişdir. Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışda da mediasiya xərclərini ödəyən tərəf kimi İddiaçı qeyd edilmişdir. Tələbin əsası kimi istinad etdiyi halları sübuta yetirən sənədlər (qəbzlər) mülki iş materiallarına əlavə edildiyindən iddiaçı tərəfindən əlavə xərclərin çəkilməsi öz təsdqini tapmışdır. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsinə əsasən, iddiaçı tərəfindən çəkilmiş 50 manat mediasiya xərci və 200 manat hüquqi yardım üçün çəkilən xərclərin dəyəri olan, ümümilikdə 250 manat pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Xətai Rayon 251 saylı uşaq bağçasının xx.xx.2023-cü il tarixli, №7 Ş1 saylı əmri ləğv edilsin və İddiaçı 0,5 ştat vahidi ilə tibb bacısı vəzifəsinə bərpa edilsin. xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. İddiaçının çəkdiyi hüquqi xərclərə görə 250 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq İddiaçı ödənilsin. Cavabdehdən 100 manat məbləğində dövlət rüsumu tutularaq Dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar