Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3464/2023 22.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İşin halları:
1. ünvan 1 ünvanında yerləşən mənzil 30/43367 nömrəli qeydiyyat vəsiqəsi əsasında xx.xx.1994-cü il tarixində Cavabdeh adına özəlləşdirilmişdir. İddiaçı doğulduğu vaxtdan, yəni xx.xx.1985-ci ildən atasına, yəni cavabdehə məxsus yuxarıda qeyd olunan mənzildə yaşamışdır. İddia ərizəsinə əlavə olunmuş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №li Arayışdan da bəlli olur ki, İddiaçı xx.xx.2002-ci il tarixindən həmin mənzildə qeydiyyatdadır. Həmçinin iddiaçının anası X2 vəfat edənə qədər (şəxs xx.xx.2013-cü il tarixində vəfat etmişdir) onunla birgə həmin mənzildə yaşamışdır. Eyni zamanda qeyd etmək lazımdır ki, cavabdeh ölkə xaricində olduğu üçün artıq xeyli müddətdir ki, həmin mənzildən istifadə etmir. İddiaçının bildirdiyinə görə bir müddət öncə Cavabdeh onu döyərək həmin mənzildən çıxarmış və mənzildən istifadə hüququnu məhdudlaşdırmışdır. Həmin vaxtdan etibarən iddiaçının başqa yaşayış yeri olmadığından Bakı şəhərində başqa mənzildə kirayə yaşayır. Hesab edirəm ki, iddiaçı cavabdehin ailə üzvü kimi həmin mənzildə doğulduğu gündən yaşamala bərabər mənzildən istifadə hüququnu əldə etmişdir. Belə ki, 1982-ci ildə qüvvəyə minmiş Mənzil Məcəlləsinin (30 iyun 2009-cu il tarixli 845-İİİQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş hesab edilmişdir) 123cü maddəsinə əsasən -Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53cü maddəsinə əsasən -İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarına əsasən - 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Hesab edirəm ki, iddiaçı doğulduğu vaxtdan, yəni xx.xx.1985-ci ildən həmin mənzildə yaşamaqla istifadə hüququnu əldə etmişdir. Lakin qeyd etmək lazımdır ki, iddiaçı və cavabdehin münasibətləri korlanmış və bu səbəbdən də iddiaçının həmin mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülməsi zəruridir.
İddiaçının tələbi:
2. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququ tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
Cavabdehin etirazı:
3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz və əlavə sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
4. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Qeyd edilənlərlə yanaşı, iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, mülki iş kifayət qədər araşdırılmışdır, iddiaçı halhazırda 450 manat məbləğində kirayədə qalır və onun başqa yaşayış yeri yoxdur. Odur ki, iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Cavabdeh məhkəmə iclasında (xx.xx.2023-cü tarixli) iddia tələbini qəbul etdiyini, qızının mənzilə köçürülməyinə etiraz etmədiyini bildirmişdir. Qeyd etmişdir ki, qızını evdən qovmayıb. Qızı bir kişi ilə ikinci arvad kimi kəbin kəsdirmək istəyir, o da ata kimi buna razı deyil, mübahisə bu səbəbdən yaranıb.
6. Daha sonra məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 öz izahatında qeyd etmişdir ki, iddiaçı cavabdehin qızıdır, lakin tərəflərin ata-bala kimi birlikdə yaşamaları mümkün deyildir, cavabdeh iddianı qəbul etmir.
7. Məhkəmənin xx.xx.2023-cü tarixli iclasında Şahid2 izahında bildirmişdir ki, o, 1996cı ildən mübahisəli mənzilin qonşuluğunda yaşayır. İddiaçını uşaqlıqdan tanıyır, ailəvi gediş-dəlişləri var. İddiaçı ilə cavabdeh arasında son dövrlər münasibətlər gərginidi. Cavabdeh tez-tez xaricə gedir. Ramitdini uzun müddət görmədiyimiz üçün digər qonşunu çağırdım ki, Ramitdini görməyə gedək. Cavabdehin iddiaçını döydüyünü görməmişəm. Mən Ninanı görəndə vəziyyəti çox pis idi. Danışa bilmirdi. Nina ağlayırdı, atası ilə qalmaqdan qorxurdu. Nina dava düşən axşam evdən getdi.
8. Məhkəmənin xx.xx.2023-cü tarixli iclasında Şahid1 izahında bildimişdir ki, Nina həmişə həmin evdə yaşayıb. Nina həmin evi yanvar ayında tərk etdi. Evdə mübahisə yaranmışdı. Nina onun yanına gələrək atasının onu çağırdığını, tək getməyə qorxduğunu və onunla birgə evə getməyini xahiş etmişdir. Cavabdeh iddiaçı arasında mübahisə olanda orda olub, iddiaçını döyəndə görmüşdür. İddiaçı evdən getmək istəyirdi. Cavabdeh butulkanı sındıraraq iddiaçının üzərinə getdi. Çox əsəbi idilər. Cavabdeh Ninanı boğazından tutdu. Cavabdehə bildirdim ki, icazə ver Ninanı aparım, sonra gətirəcəm. Nina evdən çıxan zaman açarı verib çıxdı. Sonra taksiyə minib çıxıb getdi.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
9. Xətai rayonu İcra hakimiyyətinin Başçısı tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli Sərəncamdan çıxarışa əsasən, Pivzavod küçəsindəki 24 nömrəli evin yaşayış sahəsi 38.0. kv.m olan 3 otaqlı 2 nömrəli mənzili vətəndaş Cavabdeh əvəzsiz şəxsi mülkiyyətinə verilmişdir.
10. Bakı şəhəri Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 2 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş yaşayış yeri haqqında Arayışa əsasən, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi 24 nömrəli evin 2 nömrəli mənzilində anası X1 Ö.H.Ş əsasında AZ-İ №635248 tarixli xx.xx.2013-cü ildə vəfat etmişdir. Ölən günə kimi birlikdə yaşayıblar. Dəfn xərcini çəkmişdir.
11. AR DİN tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqıda №6222934 Arayışa əsasən, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər X7 və Cavabdehdur.
12. AZ-İV 117857 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən, X4 xx.xx.1985-ci ildə anadan olmuşdur. Onun atası Cavabdeh, anası isə X3.
13. AR Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatı texniki invertarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən, ünvan 2 ünvanı xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyatdan keçirilmişdir.
14. X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kirayə müqaviləsinə əsasən, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 57 kv.m, yaşayış sahəsi isə 23 kv.m, yardımçı sahəsi 34 kv.m olan 1 otaqlı mənzil İddiaçı kirayəyə verilmişdir. Kirayəyə götürən aylıq 450 manat kirayə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür.
15. Bakı şəhəri Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 2 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən “Arbitrium” vəkil bürosuna ünvanlanmış xx.xx.2023cü il tarixli məktuba əsasən, İddiaçı 1985-ci ildən ünvan 2 ünvanında qeydiyyatdadır.
16. AR İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21- 3-30/2-28766/2023 nömrəli məktuba əsasən, Bakı şəhəri, Xətai rayonu, Kamran Kazımov küçəsi (əvvəlki adı: Pivzavod küçəsi) ev 24 2 nömrəli mənzil xx.xx.2023-cü il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir.
17. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Kamran Kazımov küçəsi (əvvəlki adı: Pivzavod küçəsi) ev 24 mənzil 2 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. Qeydiyyat tarixi xx.xx.2023-cü ildir.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikasının Konstitusiyası: 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 43.İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 43.İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
19. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 195-ci il Avropa Konvensiyası: 8.1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. 8.2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.
20. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İ hissə - İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İİİ hissə - İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
123. İ hissə - Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır
21. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsınin « Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» 12 mart 1999-cu il tarixli Qərarı.
22. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsınin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli Qərarı.
23. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il Qərarı.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
25. Məhkəmə tərəflərin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
26. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
27. İşin mübahisəsiz halıdır ki, iddiaçı cavabdehin qızıdır, o 1985-ci ildən mübahisəli mənzildə yaşayır. Tərəflər arasındakı hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dək olan dövrdə yaranmışdır. Ona görə də mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsınin xx.xx.2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir (§22).
28. Eyni zamanda, o da işin mübahisəsiz halıdır ki, iddiaçıya Bakı şəhəri Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 2 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sənədə əsasən, İddiaçı 1985-ci ildən ünvan 2 ünvanında qeydiyyatdadır.(§15) Hazırda qüvvədən düşmüş Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən müddəaları əsasında iddiaçının həmin Mənzildən istifadə hüququ həmin dövrdən yaranmış, 2023-cü ilin yanvar ayına kimi davam etmişdir.
29. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda göstərilən 60-cı maddəsinin 1-ci hissəsində icarədar və ya onun ailə üzvlərinin müvəqqəti başqa yerə getdikləri halda istifadə hüquqularının saxlanılması müddəti dəqiq göstərilmişdir ki, bu müddət altı ayla məhdudlaşdırılmışdır. Qeyd edilən müddəanın mənasından belə nəticə əldə olunur ki, icarədar və ya onun ailə üzvləri həmin müddətdən artıq yaşayış sahəsindən getdikdə, əgər onlar yaşayış sahəsini iradələrindən kənar tərk etməmişlərsə, yaxud bu müddət keçdikdən sonra onların yaşayış sahəsinə qayıtması özlərindən asılı deyildirsə, istifadə hüquqları qeyd-şərtsiz itirilir. Göründüyü kimi, iddiaçının mənzildən getməsi iradəsindən kənar hadisəyə görə baş vermiş və iddiaçı altı aydan qısa bir meddətdə məsələni məhkəmədə mübahisələndirmişdir.
30. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. (§21)
31. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı mübahisəli mənzili könüllü olaraq tərk etməmişdir. Mənzildə iddiaçı ilə qonşuluqda yaşayan şəxslər, o cümlədən cavabdeh iddiaçının doğulduğu gündən 2023-cü ilin yanvar ayının ortalarına qədər həmin mənzildə yaşamasını, o cümlədən mənzildən getməsinə cavabdehlə aralarında baş vermiş mübahisənin səbəb olduğunu bildirmişlər. (§7,8)
32. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçının başqa mülkiyyəti yoxdur, o kirayəyə ev götürmüşdür.
33. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsaslıdır. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququ tanınmalıdır və iddiaçı həmin mənzilə köçürülməlidir.
Məhkəmə xərcləri:
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Dövlət rüsumunun ödənilməsi ilə bağlı tələb olmadığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ:
1. İddia tələbi təmin edilsin.
2. İddiaçı ünvan 4 ünvanına istifadə hüququ tanınsın və İddiaçı həmin mənzilə köçürülsün.
3. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
4. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.