Məhkəmə qərarları › İş №e-2(011)-3465/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3465/2023

13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3465/2023 13.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun alınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə “Kartmane” xidməti üzrə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə “Kartmane” xidməti üzrə cari hesabın açılması, həmin hesabda cavabdehin təqdim etdiyi vəsaitin yerləşdirilməsi, həmin hesaba bağlı kartın verilməsi, hesabdakı qalığa bu müqavilədə nəzərdə tutulmuş qaydada faizlərin hesablanması və ödənilməsi üzrə münasibətlərin tənzimlənməsini təşkil edir. “Kartmane” hesabı AZN valyutasında 60 ay müddətinə açılmışdır.

2. İddiaçıya görə, cavabdeh tərəfindən istifadəsində olan bank hesabına iddia ərizəsində göstərilən məbləğdə pul vəsaitini qoymadan, əslində isə iddiaçıya məxsus olan pul vəsaitini hesabdan məxaric edərək ona 13 7001,71 manat məbləğində maddi ziyan vurmuşdur.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

3. İddiaçı cavabdehdən 13 701,71 manat vəsaitin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 131,11 manat dövlət rüsumu məbləğinin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində göstərmişdir ki, bankla cavabdeh arasında xx.xx.2021-ci il tarixində “Kartmane” xidmətinə dair kart müqaviləsi bağlanmışdır. Müqavilənin icra olunması üçün bank tərəfindən cavabdehə VİSA Rewards Kartmane tipli bank kartı verilmiş və **********0944-529921 saylı kart hesabı açılmışdır. xx.xx.2022-ci il tarixdə İnternet Bankçılıq vasitəsi ilə kartın balansı 280 manat olmasına baxmayaraq sistemdə yaranan texniki nasazlıq vaxtında öz hesabları arasında çoxlu sayda köçürmə edərək vəsait olmadan balansını artırmışdır. Vəsaitlər overdraft borcu yaradılaraq geri çəkilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə borcu 13701,71 manat təşkil edir. Bankın “Nəsimi” filialı tərəfindən cavabdehə bu barədə xx.xx.2022-ci il tarixli RB05-02/231 saylı və xx.xx.2023cü il tarixli RB05-02/282 saylı bildiriş məktubları göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh bu günədək banka məxsus olan 13701,71 manat pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə, cavabdeh bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla bankımıza maddi zərər vurur.

5. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrnin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

9. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

10. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

11. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

12. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

17. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

18. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

19. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

20. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir.

21. Belə ki, cavabdeh heç bir hüquqi və ya müqavilə əsası – iddiaçı ilə aralarında hazırda tələb edilən pul məbləği barədə müqavilə, həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsas olmadan 13 701,71 manat məbləğində pul vəsaiti əldə etmişdir.

22. Hesabdan çıxarışda əks olunmuş məlumatlardan da görünür ki, cavabdeh tərəfindən ümumilikdə 13 701,71 manat pul vəsaiti çıxarılmışdır. Cavabdeh isə 13 701,71 manat məbləğində pul vəsaitini iddiaçıya geri qaytarmasını təsdiq edən sübutlarını məhkməyə təqdim etməmişdir.

23. Göründüyü kimi cavabdeh hüquqi və ya müqavilə əsas olmadan iddiaçının hesabına pul vəsaiti formasında əmlak əldə etməklə, əsassız varlandığı üçün iddiaçının pul məbləğinin geri qaytarılması məqsədi ilə cavabdehə qarşı pul tələbinə dair tələb irəli sürməkdə haqlıdır.

24. Məhkəmə həmçinin iddianın 131,11 manat məbləğində dövlət rüsumunun, cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.

25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. 13 701,71 manat məbləğində pul məbləği, həmçinin ödənilmiş 131,11 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar