Məhkəmə qərarları › İş №e-2(011)-3526/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3526/2023

19.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3526/2023 19.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilmiş işin halları:

1. İddiaçı Mustaf oğlu Cavabdeh ilə nikah bağlamış, nikah Suraxanı rayon qeydiyyat şöbəsində nikahın bağlanması akt qeydləri kitabında xx.xx.2002-ci il tarixdə qeydə alınmış və bu barədə AZ-T №031470 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamə verilmişdir. Birgə nikahdan xx.xx.1993-cü il tarixdə X2 doğulmuşdur. Hal hazırda ailəlidir və 2 övladı vardır.

2. Nikah tərəflərin təkrar nikahıdır. İlk dəfə 1992-ci ildə nikah bağlanmış, 1995-ci ildə nikah məhkəmə qaydasında pozulmuşdur. 2002-ci ildə tərəflər arasında təkrar nikah bağlanmışdır. Suraxanı rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli 1078-05/75 nömrəli arayışından görünür ki, cavabdeh nikahın pozulmasına razılıq verməmiş və nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlməmişdir.

3. Nikahın pozulmasının əsas səbəbi xarakterlərin uyğunsuzluğu və tərəflərin artıq illərdir ki, normal ailə şəraitinə xas formada yaşaya bilməmələridir.

İddiaçının tələbi:

4. İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Suraxanı rayon qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə bağlanmış və 192№ akt ilə qeyd edilmiş nikahın pozulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

Cavabdehin iddiaya münasibəti:

5. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

6. Məhkəmənin 25 may 2023-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə öz izahatında qeyd etmişdir ki, nikah tərəflərin təkrar nikahıdır. Tərəflər ilk dəfə 1992-ci ildə nikaha daxil olmuş və 1995-ci ildə nikah məhkəmə qaydasında pozulmuşdur. Daha sonra 2002-ci ildə yenidən nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından 1993-cü il təvəllüdlü bir övladı var, hal-hazırda o da evlidir və iki övladı var. Məhkəmənin 05 oktyabr 2023-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə öz izahatında qeyd etmişdir ki, iddia tələbini müdafiə edir və tərəflərin rəsmi nikahlarının pozulması barədə qətnamə qəbul edilməsini xahiş edir. 7.Məhkəmənin 25 may 2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh öz izahatında qeyd etmişdir ki, iddia tələbini qəbul etmir və iddiaçıdan boşanmaq istəmir, həmçinin iddiaçının şəxsən məhkəmə iclaslarında iştirak etməsini istəyir. İddiaçı onu və oğlunu yaşadıqları mənzildən qovmuşdur, ailə münasibətləri pisləşmişdir. Lakin o boşanmaq istəmir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

8. AZ-T 041382 №-li nikah haqqında şəhadətnaməyə əsasən, İddiaçı və Cavabdeh xx.xx.2002-ci il tarixdə Bakı şəhər Suraxanı rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar və bu barədə 192 №-li akt qeydi aparılmışdır.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli 1078-05/75 №-li məktubuna əsasən, Cavabdeh nikahın pozulmasının qeydə alınmasına gəlmədiyi üçün qeydiyyat şöbəsində nikahın pozulması mümkün olmamışdır və nikahın pozulması üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

10. xx.xx.2021-ci il tarixli, №-2021-002449 saylı İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə Arayışa əsasən, xx.xx.2021-ci il tarixdə 13:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh və İddiaçı iştirak etmələrinə baxmayaraq tərəflər prosesi davam etdirmək barədə qərar qəbul etməmişdirlər.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 17.1. Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. 19.1. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 19.2. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 21.3. Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir.

12. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

13. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

14. Məhkəmə tərəfin izahını dinləyərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış nikah formal xarakter daşıyır, tərəflərə üç ay barışıq üçün vaxt verilməsinə baxmayaraq, iddiaçı tərəf nikahın pozulmasında israr edir, cavabdeh tərəf isə ailənin qorunması üçün hər hansı iradə ifadəsi nümayiş etdirməmişdir. Eyni zamanda ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü təsdiq edildiyi üçün iddia təmin olunmalı, onların arasında bağlanmış nikah pozulmalıdır.

Məhkəmə xərcləri:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı tələb olmadığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. İddiaçı və Cavabdeh arasında xx.xx.2002-ci il tarixdə Suraxanı Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 192 № akt ilə qeyd edilmiş nikah pozulsun.

3. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar