Məhkəmə qərarları › İş №e-2(011)-3597/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3597/2025

17.07.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3597/2025 17.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdirlər ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi ev 18, mənzil 13 keçmiş Bakı şəhər Deputatları Sovetinin xx.xx.1975-ci il tarixli, 134778 N-li Orderi ilə bütün ailə üzvləri, o cümlədən iddiaçılar və cavabdeh də nəzərə alınmaqla tərəflərin nənəsi X1 adına ayrılmışdır. Mənzil sonradan iddiaçıların atası X6 adına keçmişdir. İddiaçılar sözügedən mənzildə uşaq vaxtalarından hal-hazıra kimi yaşamış, hazırda da həmin mənzil iddiaçıların daimi yaşayış yeridir. İddiaçılar həmin mənzildə həmçinin pasport qeydiyyatındadırlar. İddiaçıların əşyaları da hazırda həmin mənzildə yerləşir (bununla bağlı video və şəkillər var). Lakin Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 Bəybala qızının mənzildə yaşamalarına imkan vermir, iddiçıalardan icazə almadan, onların razılığı olmadan mənzildə özbaşna təmir işləri aparır, bu üsulla o, iddiaçıları mənzildən çıxarmağa səy göstərmişdir. Lakin onun bu cəhdi baş tutmadığı üçün o, əvvəlcə İddiaçı2 mənzildən məcburən çıxarmış, mənzilə buraxmamış, hazırda da onu mənzilə buraxmamış və bildirmişdir ki, ailə qurmuşdursa, gedib öz ailəsilə yaşasın, anasını görməsin. Halbuki, mənzil İddiaçı2 da yaşayış yeridir, Nigar ailə qursa da daim öz övladı ilə hazırki mənzildə yaşamış, övladı mənzilin yaxınlığında yerləşən 264 saylı məktəbdə təhsil alır, Nigar daim həmin mənzildə yaşayraq anası X2 baxmışdır. Xanımşah Şahbudaqova xəstədir, onun daimi qulluğa ehtiyacı var. Hazırda Nigar həmin binaya gedir, Bəhman onu mənzilə buraxmır, Nigar məcbur olub anasına mənzilə qalxan pilləkənlərdə baxır, onun təzyiqini ölçür, ona pilləkəndə qulluq göstərir. Bundan bir müddət sonra isə cavabdeh Bəhman İddiaçı1 da hədələyərək mənzildən çıxarmış və bildirmişdir ki, o yatdığı otaqda cavabdehin oğlu yatacaq, bu evdən getməlidir. Hazırda cavabdeh onu da mənzilə buraxmır, halbuki, mənzil Pakizənin uşaqlıqdan hal-hazıra kimi yaşayış yeridir. Cavabdeh hər iki iddiaçını hədləyərək, onlara təzyiq edərək, dolayı və birbaşa təzyiq üsullarından istifadə edərək onları zorla mənzildən çıxarmış, hazırda da mənizlə buraxmır. Mənzil ailənin ümumi yaşayış sahəsidir. Hər bir mənzilsakininin mənzildə gözlənilən mülkiyyət hüququ vardır. Lakin, cavabdeh iddiaçıları evə buraxmamaqla əsassız və qanunsuz olaraq həmin mənzillə bağlı onların hüquqlarını məhdudlaşdırmışlar. İddiaçılar göstərilənləri nəzərə alaraq, iddiaçılar X8 və X5 ünvan 3-ə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə sonradan məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsində mənzilin yerləşdiyi evin nömrəsinin yanlış qeyd olunduğunu bildirmiş, mübahisə predmeti olan mənzilin ev 14, mənzil 13 kimi oxunmasını xahiş etmişdir. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsinə dair qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmənin baxış iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz etməmiş, bacıları ilə bir müddət mehriban yaşadıqlarını, mənzili təmir etdirdiyi üçün iddiaçıları evə buraxmadığını, bir yerdə yaşadıqları zaman dava çıxdığını bildirmişdir. Cavabdeh həmçinin qeyd etmişdir ki, ev iddiaçıların evidi birlikdə yaşaya biləcəklərsə köçüb yaşasınlar. Məhkəmə tərəflərin çıxışını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan SSR Bakı şəhər X15 İcraiyyə Komitəsi Yaşayış sahələrinin uçotu və paylanması idarəsi tərəfindən verilmiş 34778 nömrəli 1975-ci il tarixli orderin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 4 otaqdan ibarət mənzil X4 və onunla birlikdə yaşayan ailə üzvlərinə (Bəybala Şahbudayev, Xanımşah Şahbudaqova, Sevil Şahbudaqova, Pərvanə Şahbudaqova, İddiaçı1, Ramil Şahbudaqov və Bəhmən Şahbudaqov) həmin yaşayış sahəsini almaq üçün verilmişdir. İş materiallarında olan Şaumyan Rayon X15 İcraiyyə Komitəsi tərəfindən verilmiş 70/3.İ saylı, 09 iyun 1989-cu il tarixli qərarın surətindən görünür ki, N.Tusi küçəsində yerləşən 18 saylı binadakı 13 saylı 4 otaqlı mənzilin kirayəçisi X7 27 iyun 1983-cü il tarixdə vəfat etmiş, onun oğlu X12 həmin mənzilə görə maliyyə-şəxsi hesabın öz adına keçirilməsi barədə ərizə ilə müraciət etmiş və həmin mənzil X9 adına keçirilmişdir. İş materiallarında olan AЗ seriyalı, 199345 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X3 arasında 2 noyabr 1968-ci il tarixdə nikah bağlanmış və 19 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 694827 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 31 iyul 2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 14 mart 2025ci il tarixli arayışından görünür ki, Cavabdeh, İddiaçı1 və İddiaçı2 ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Məhkəmə hesab edir ki, hazırki mübahisənin həlli əvvəlki 1964-cü ildən 28 dekabr 1999-cu il tarixədək qüvvədə olan Mülki Məcəllənin, habelə 08 iyul 1982-ci il tarixdən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan olan Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Əvvəlki Mülki Məcəllənin 299-cu maddəsinə görə dövlət və ictimai mənzil fondunun evlərində yaşayış sahəsindən kirayədarla — mənzil-istismar təşkilatı ilə (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilatla) kirayəçi — adına order verilmiş vətəndaş arasında bağlanan yaşayış sahəsini kirayə müqaviləsinə uyğun olaraq istifadə edilir. Əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 53-cü maddəyə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Eyni zamanda 123-cü maddə və ümumiyyətlə Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququnu məhdudlaşdırmaq səlahiyyəti verən müddəanı nəzərdə tutmur. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, tərəflər bacı-qardaşdırlar, mübahisə predmeti olan mənzil tərəflərin nənəsi X4 və onunla birlikdə yaşayan ailə üzvlərinə (Bəybala Şahbudayev, Xanımşah Şahbudaqova, Sevil Şahbudaqova, Pərvanə Şahbudaqova, İddiaçı1, Ramil Şahbudaqov və Bəhmən Şahbudaqov) order əsasında verilmiş, o, 27 iyun 1983-cü il tarixdə vəfat etmiş, vəfatından sonra oğlu X12 həmin mənzilə görə maliyyə-şəxsi hesabın öz adına keçirilməsi barədə ərizə ilə müraciət etmiş və həmin mənzil X9 adına keçirilmişdir. X12 31 iyul 2014-cü il tarixdə vəfat etmişdir. Həmin evdə tərəflər uzun müddət mehriban yaşamışdır. Hazırda iddiaçılar cavabdehin onları mənzilə buraxmadığını iddia edərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh iddiaçıların köçürülməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq, belə qənaətə gəlir ki, iddiaçıların ünvan 3 ünvanında qeydiyyatda olmaqla, həmin yaşayış sahəsindən istifadə hüquqları mövcud olduğundan, cavabdehin etirazının olmaması da nəzərə alınaraq, iddia əsaslı olduğu üçün təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 3 ünvanında yerləşən mənzilə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar