Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-368/2025 08.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.433 manat maddi ziyan, 300 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım, etibarnamə alınması üçün 17.25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 44.33 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 etibarnamə əsasında İddiaçı adından Cavabdeh ilə 09 aprel 2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “Ravon Nexia R3 Minik” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Etibarnamə Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən xx.xx.2024-cü il tarixdə 1 il müddətinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. Belə ki, avtomaşın təmir olunması üçün avtoservisə aparılmış və servis tərəfindən verilən dəymiş zərərin hesablanmasına dair akta əsasən avtomaşının bərpası üçün 2.433 manat tələb olunmuşdur. Cavabdehə bu barədə şifahi məlumat verilsə də Cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də iddiaçı həmin vaxt avtomobili avtoservisdə 2.433 manat ödəyərək öz hesabına təmir etdirmişdir. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehə pretenziya göndərilmişdir. Lakin cavabdeh yenə də həmin məbləği ödəməmişdir. Cavabdeh maddi ziyanın alınmasını mümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehlə iddiaçı arasında bağlanmış 09 aprel 2024-cü il tarixli icarə müqaviləsinin 2.1.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanmasını və təhlükəzliyini təmin etməyə; 2.1.5-ci bədinə əsasən nəqliyyat vasitəsinin sıradan çıxmış hissələrini (təkər, akkumlyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə; 2.1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini ödəməyə borcludur. İcarə müqaviləsinin 4.12-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini, o cümlədən detallarını məhv edərsə və zədələyərsə (sındırarsa, qırarsa, sökərsə, dəyişərsə və s.) Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə öhdəlik daşıyır. Məhkəməyə iddia ərizəsi verilərkən 44.33 manat dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ cavabdehdən tutulub iddiaçıya verilməlidir. İddiaçı tərəfindən məhkəmədə təmsil edilməsi üçün etibarnamə alınması ilə əlaqədar 17.25 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ də cavabdehlərdən tutulmalı və iddiaçıya qaytarılmalıdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək onun qismən təmin edilməsini xahiş etmişdir. Belə ki, o, izahatında bildirmişdir ki, avtomobilin rəngsaz xidmətlərinə görə xərclənmiş 560 manat hissəsində iddianı qəbul edir. Lakin iddiaçı dəyişilmə zərurəti olmadan bəzi ehtiyat hissələrini dəyişmiş və bu səbəbdən hazırda əsassız olaraq ondan pul tələb edir. Məhkəmə iclasında texniki vasitələrdən istifadə etməklə izahatı alınmış iş üzrə rəy vermiş Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Kamran Dünyamalıyev bildirmişdir ki, ona təqdim edilmiş iş materialları və qərardadda qoyulmuş suallar əsasında rəy vermişdir. İşin faktiki halları: İş materiallarında olan 09 aprel 2024-cü il tarixli icarə müqaviləsindən göünür ki, X2 (İddiaçı) ilə Cavabdeh arasında “Ravon Nexia R3 Minik” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair icarə müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanmasını və təhlükəzliyini təmin etməyə, nəqliyyat vasitəsinin sıradan çıxmış hissələrini (təkər, akkumlyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə, nəqliyyat vasitəsini hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini ödəməyə dair öhdəlik götürmüşdür. İcarə müqaviləsinin 4.12-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini, o cümlədən detallarını məhv edərsə və zədələyərsə (sındırarsa, qırarsa, sökərsə, dəyişərsə və s.) Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə öhdəlik daşıyır. Müqaviləyə əsasən cavabdeh tərəfindən 600 manat depozit məbləği iddiaçıya ödənilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və istifadə etdiyi dövr üçün borc qalığını ödəməlidir və ya depozit məbləğindən verməlidir. Bu məbləğ depozit məbləğindən artıq olduqda fərqi nağd şəkildə verməlidir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, nəqliyyat vasitəsini İcarəyə götürən şəxs nəqliyyat vasitəsini üç aydan tez qaytararsa, depozit məbləği geri qaytarılmır. Üç aydan sonra isə depozit məbləğinin 30 faizi on gün müddətinə geri qaytarılır və yazılı şəkildə ərizədə qeyd olunur. Nəqliyyat vasitəsini İcarəyə verən şəxsə nəqliyyat vasitəsini İcarəyə götürən şəxsin borcu olduğu halda həmin kəsr hissəsi nəqliyyat vasitəsini icarəyə götürən şəxsin depozit məbləğindən tutulur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh iddiaçıya məxsus avtomobilə ziyan vurmuşdur. Cavabdeh dəymiş ziyanın qarşılığında iddiaçının tələb etdiyi məbləği mübahisələndirdiyindən məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2025-ci il tarixli 9/7800 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, ekspertiza tədqiqatına təqdim edilmiş iş materialında olan (cild i.v. 20), xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən 2017-ci buraxılışlı “Ravon Nexia R3" markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 1.538,00 manat müəyyən edilir, o cümlədən, dəyişilməli hissələrin qiyməti – 1108,00 manat; təmir- bərpa işlərinin qiyməti - 430,00 manat şəkil edir. Rəydə rəngsaz üçün qeyd edilmiş 560 manatın hansı hissələrə sərf edildiyinin qüsur aktında göstərilmədiyi qeyd edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Hazırkı iş üzrə iddiaçının iddiasının əsasını cavabdehlə aralarında bağlanmış icarə müqaviləsi əsasında cavabdehin istifadəsində olan iddiaçıya məxsus avtomobilə vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 09 aprel 2024-cü il tarixdə İddiaçı (X1 adından) ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh 600 manat depozit ödəyərək iddiaçıya məxsus “Ravon Nexia R3 Minik” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və istifadə etdiyi dövr üçün borc qalığını ödəməlidir və ya depozit məbləğindən verməlidir. Bu məbləğ depozit məbləğindən artıq olduqda fərqi nağd şəkildə verməlidir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutları araşdıraraq hesab edir ki, nə qədər ki, tərəflərin bağladığı icarə müqaviləsi ilə avtomobilə dəyən ziyanın aradan qaldırılması müddəaları nəzərdə tutulub, müqavilə şərtləri hazırkı münasibətlərə tətbiq edilməli və dəymiş zərərin məbləğindən həmin depozit məbləği çıxılmalıdır. Məhkəmə dəymiş zərərin məbləğinə münasibətdə qeyd edir ki, iddiaçı maddi ziyanın əvəzi olaraq 2.433 manat tələb etmiş, cavabdeh isə rəngsaz xidməti üçün xərclənmiş 560 manat hissəsində iddianı etiraf etmişdir. Lakin ekspert tərəfindən təqdim edilmiş rəydə avtomobilin dəyişilmiş ehtiyat hissələri və təmir-bərpa xərcləri 1.538 manat həcmində müəyyən edilmişdir. Cavabdeh iddiaya etirazında istinad etdiyi halları sübuta yetirəcək hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə dəymiş ziyanın məbləğini müəyyən edərkən ekspert rəyinin sübut qismində qəbul edilməsini qanuni hesab edir. Odur ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən avtomobilə vurulmuş 2.098 (1.538 manat ekspert rəyində göstərilən, 560 manat cavabdehin etiraf etdiyi) manat zərərdən cavabdehin ödədiyi 600 manat depozit çıxılmaqla aradan qaldırılmalı, yerdə qalan 1.498 manat (2.098-600=1.498 manat)ziyan isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin 300 manat məbləğində hüquqi yardıma görə ödənilmiş xidmət haqqının tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, 10 avqust 2024-cü il tarixdə İddiaçı tərəfindən vəkilin hesabına 300 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 300 manat xidmət haqqının 165 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 135 manat isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iddia tələbinin etibarnamə alınması üçün 17.25 manat notariat qaydasında çəkilmiş xərclərə dair hissəsinə münasibətdə hesab edir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, iddiaçı məhkəmədə onu vəkil qismində təmsil etməsi üçün etibarnamə vermiş və bunun üçün 17.25 manat haqq ödəmişdir. Odur ki, bu məbləğ də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 44.33 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehdən 44.33 manat dövlət rüsumunun 27.04 manatı alınıb iddiaçıya ödənilməli, qalan 17.29 manat isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1.498 (bir min dörd yüz doxsan səkkiz) manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 165 (bir yüz altmış beş) manat xidmət haqqı, etibarnamə alınması üçün ödənilmiş 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 27.04 (iyirmi yeddi manat dörd qəpik) manatı tutularaq İddiaçı ödənilsin. Hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqının 135 (bir yüz otuz beş) manatı və dövlət rüsumuna görə ödənilmiş məbləğin 17.29 (on yeddi manat iyirmi doqquz qəpik) manatı İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-368/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-368/2025
08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver