Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3695/2022 12.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri, Xətai rayonu, Yavər Səfərov küçəsi, 12 saylı evin 17 saylı mənzili (bundan sonra – Mənzil) əvvəlcə iddiaçının qardaşı X3 mülkiyyətində olmuş (xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi ilə əldə etmiş, xx.xx.2017-ci il tarixdə mülkiyyət hüququ qeydiyyata alınmışdır), xx.xx.2020-ci il tarixdə bağlanmış bağışlama müqaviləsi ilə Rəşad Aslanov tərəfindən iddiaçıya bağışlanmış və iddiaçının mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına (qeydiyyat nömrəsi: **********) alınmışdır.
2. Mənzil xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə bağışlanmış və sonuncunun mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı cavabdehlə xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuşdur və iddiaçı Mənzili cavbdehə bağışlayarkən onlar birgə nikahda olmuşlar.
3. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Yavər Səfərov küçəsi, ev 12, 17 saylı mənzilə dair cavabdehlə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli Bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə 16 avqust 2008-ci ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan iki övladları olmuşdur. O zaman onlar iddiaçının valideyinlərinə məxsus mənzildə yaşamışlar. Sonradan qardaşı Rəşad X1 arasında xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Mənzili almışdır. Həmin vaxt iddiaçının ailəsiylə yaşamaq üçün mənzili olmadığı üçün qardaşı həmin mənzili ona bağışlamaq qərarına gəlmiş və 15 noyabr 2020-ci il Mənzil ilkin olaraq ona bağışlanmışdır və ona xx.xx.2020-ci ildə Çıxarış verilmişdir. Həmin vaxtlarda onunla cavabdeh arasında ailə münasibətləri zəminində mübahisə məhkəmə müstəvisidə araşdırılırdı. O zaman cavabdeh nikahın pozulması barədə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət etmişdir. Onların iki övladı olduğu üçün və övladlarının gələcəyi naminə o nikahın pozulmasına razı olmamışdır. Həmin vaxtı cavabdeh ondan Mənzilin onun adına rəsmiləşdirildiyi təqdirdə nikahın pozulmayacağına söz vermişdir. İddiaçı övladlarının normal böyüməsi və birgə yaşamaları münasibəti ilə Mənzili cavabdehin adına keçirməyə razılıq vermiş və cavabdeh nikahın pozulması üçün məhkəmədə iddia ərizəsini geri götürmüşdür. 07 dekabr 2020-ci ildə Bağışlama müqaviləsini imzalamışlar. xx.xx.2020-ci il tarixində cavabdehin adına Çıxarış verilmişdir. Bağışlanma Müqaviləsi bağlandıqdan qısa müddət ərzində cavabdehin ona və övladlarına münasibətlərində normallaşma olmuşdur. O zaman o, cavabdehin ona və övladlarına münasibətinin dəyişəcəyini gözləmişdir. Lakin cavabdehin nə ona, nə də övladına münasibəti dəyiməmişdir. Cavabdehin psixoloji pozuntusu olmuş və o, bir neçə dəfə onunla, daha sonra isə özü iddiaçıdan xəbərsiz sağlamlıq mərkəzlərinə müraciət edərək müalicələr almışdır. Lakin iddiaçı o zaman onu xəstəliyinin şiddətli olmasından xəbərsiz olmuşdur. Hazırda, “Nefes” Psixoloji Sağlamlıq Mərkəzinin 347 saylı Arayışı bu faktı təsdiq edir. Cavabdehə “Geneliz edilmiş təşviş psixi pozuntusu” (F41.1.) diaqnoza əsasən onun xəstəliyi təsdiq edilir. Son bir neçə aydır ki, cavabdeh yenə də özünü qeyri etik aparır, iddiaçıya qarşı aqressiv hərəkətlər edir, nikahın pozulması üçün müraciət etdiyini və iddiaçını mənzildən çıxaracağını bildirir. Qardaşı tərəfindən ona, sonradan və iddiaçı tərəfdən cavabdehə bağışlanma qaydası ilə bağışlanmış mənzil bir şərtlə cavabdehin adına keçirilmişdir ki, o, övladları böyüyüb başa çatana kimi aralarındakı nikahın pozulması üçün təşəbbüs etməyəcəkdir. Lakin cavabdeh öz sözünü üstündə durmamış və iddiaçını mənzildən çıxaracağı ilə təhdid etmişdir. Hazırda iddiaçının məişət şəraiti çox pisdir. Həm əmlakı əlindən çıxmış, həm ailəsi dağılmaq üzrədir və gələcəkdə onun harada yaşamağı sual altında qalmışdır. O, dəfələrlə cavabdehdən ona qarşı münasibətini dəyişdirməsini xahiş etməyinə baxmayaraq, onun sözlərinə əhəmiyyət verməmişdir. Onun cavabdehə dəfələrlə övladlarının xatirinə nikahın pozulmaması, ailənin qorunması barədə təkbətək söhbətləri olmuş və söhbətləri mobil telefonla səs yazıları yazılmışdır. O, bağışlanma qaydasında Mənzili cavabdehin adına keçirərək aldadılmışdır. Onlar ər-arvad olduğundan aralarında bağlanmış “Bağışlanma Müqaviləsi” formal əsaslara tərtib edilmişdir. Onun bağışladığı mənzili sənədlə cavabdehin adına qeydiyyatdan keçirərkən, onunla normal ailə münasibətlərinin davam etdirilməsini istəmişdir. Cavabdehin xarici ölkədə yaşayan yaxınları, daimi cavabdehə təsir etmiş və mənzili adına keçirdikdən sonra onu satıb xarici ölkəyə yaxının yanına getmək adı ilə ona təsir etmişlər. O, uzun müddət cavabdehin bu hərkətlərindən xəbər tutmamışdır. 2022-ci ilin fevral-mart aylarında cavabdehlə aralarında söhbətlərindən cavabdehin pis niyyətini öyrənmişdir. O zaman elə başa düşmüşdür ki, bağışladığı mənzil cavabdehin ailəsinə münasibəti dəyişdirər. Cavabdeh mənzili öz adına qeydiyyatdan keçirdikdən sonra məqsədi nikah münasibətlərini pozmaq, onu mənzildən çıxarmaq və satıb xarici ölkələrin birinə yaxınlarının yanına getmək olmuşdur.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh yazılı etirazında qeyd etmişdir ki, ailə həyatının ilk vaxtlarında iddiaçı ilə normal yaşasalar da, son illər iddiaçının heç bir səbəb olmadan evdə azyaşlı uşaqlarının gözü önündə onunla dava-dalaş salıb, onu nalayiq ifadələrlə söyüb təhqir etməsi, həmçinin, daim onu öldürəcəyi ilə təhdid etməsi səbəbindən aralarındakı ailə münasibətləri tam olaraq pozulmaqla, onların bir daha birgə yaşamaları mümkünsüz olmuşdur. İddiaçıyla 16 avqust 2008-ci il tarixdə ailə qurduqdan sonra cəmi ilk 2 il müddətində iddiaçının ata evində yaşasalar da, sonradan, 2010-cu ilin mart ayında ailənin yaşaması üçün Biləcəri qəsəbəsi ərazisində fərdi yaşayış evi alıb, 2017-ci ilin aprel ayının sonlarına qədər həmin evdə yaşamışlar. Lakin həmin ev ailənin daimi yaşaması üçün münasib olmadığından 2017-ci ilin aprel ayında 42000 manata satılmış və yalnız həmin pula da iddiaçı 01 may 2017-ci il tarixdə Alqı-Satqı Müqaviləsini ondan xəbərsiz olaraq öz qardaşının adına rəsmiləşdirməklə hazırda onun mülkiyyətində olan Mənzili almışdır. Mənzildə yaşadığları ilk vaxtlar mənzilin iddiaçının qardaşı Aslanov Rəşadın adına rəsmiləşdirilməsindən məlumatsız olsa da, sonradan bilib, buna öz etirazını bildirdikdə iddiaçı dövlət rüsumunun az ödənilməsi üçün ilk olaraq xx.xx.2020-ci il tarixdə mənzili bağışlama müqaviləsi ilə qardaşının adından öz adına, xx.xx.2020-ci il tarixdə isə, hər hansı bir öhdəlik və ya vəzifə ilə şərtləndirilməyən bağışlama müqaviləsi ilə onun adına rəsmiləşdirildi və bu zaman notarius tərəfindən iddiaçıya hüquq və vəzifələri izah edilmişdir.
7. Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçı, onun vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin oıunmasını xahiş etdilər.
9. Cavabdehin vəkili və nümayəndəsi iddiaya etiraz edərək rədd edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş iddiaçının qardaşı X5 izahat verərək bildirdi ki, o Mənzil 2 il əvvəl onun adına olub. O, Mənzili öz məvacibi hesabına almışdır. Qardaşının ailəsində söz-söhbət olduğu üçün Mənzili qardaşı olan iddiaçıya bağışlamışdır. Cavabdeh bildirmişdir ki, boşanma barədə o şərtlə müraciət etməyəcək ki, Mənzili iddiaçı onun adına bağışlasın. Evin cavabdehə bağışlanmasına etirazı olmamışdır.
11. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 6.2 Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
13. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
14. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
15. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
16. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
17. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
21. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.
22. İddiaçının bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün gətirdiyi dəlili ondan ibarətdir ki, bağışlanma müqaviləsi o şərtlə bağlanmışdır ki, cavabdeh Mənzilin ona bağışlanacağı halda nikahın pozulması barədə iddia ərzəsini geri götürəcək (həmin ərəfədə cavabdeh iddiaçıya qarşı nikahın pozulması barədə iddia ərizəsi ilə məhəkəməyə müraciət emtişdir) və nikahın pozulması barədə məhkəmədə iddia qaldırmayacaqdır. Lakin Mənzil bağışlandıqdan bir müddət sonra cavabdeh həmin şərtdən boyun qaçırmış, bununla da müqavilə bağlanarkən onu aldatmışdır.
23. Yuxarıda qeyd edilən müddəalarda əqdlərin etibarsızlığı anlayışı və əsasları və göstərilmişdir. Qanunun etibarsız əqdlərə verdiyi anlayışdan görünür ki, etibarsızlıq üçün əsas şərt əqdin məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılması ilə bağlıdır. Əqdin etibarsızlığına səbəb olan şərtləri qanunvericiliyə əsasən, ümumi formada subyektə (əqdin tərəflərinə) bağlı olan, iradə ifadəsinə bağlı olan və əqdin forma və məzmununa bağlı olan şərtlərə ayırmaq olar.
24. Subyektə bağlı olan şərtlər, bir qayda olaraq Mülki Məcəllənin 342-ci maddəsində (Fəaliyyət qabiliyyəti olmayan şəxslərin bağladığı əqdlərin etibarsızlığı), 343-cü maddəsində (Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı), 344-cü maddəsində (On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı) 345-ci maddəsində (On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı), 346-cı maddəsində (Öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı) və 349cu maddəsində (Hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığı) göstərilmişdir. Subyektə bağlı olan şərtlər, əsasən şəxsin əqd bağlamaq üçün yetərli səlahiyyətə malik olmaması, yaxud bağladığı əqdin hüquqi nəticələrini yetəri qədər dərk etməməsi ilə bağlıdır. İradə ifadəsinə bağlı olan şərtlər Mülki Məcəllənin 339-cu maddəsində (Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı) 340-cı maddəsində (Uydurma və yalan əqdlərin etibarsızlığı) və 347-ci maddəsində (Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı) nəzərdə tutulmuşdur. Əqdin forma və məzmununa bağlı olan şərtlər isə, Mülki Məcəllənin 329-cu maddəsində (Əqdlərin formaları), 331-ci maddəsində (Yazılı əqd) və 334-cü maddəsində (Əqdin notariat qaydasında təsdiqlənməsi) göstərilmişdir.
25. İddia ərizəsinin məzmunundan və işin mahiyyətindən də görünür ki, iddiaçı məhz, cavabdeh tərəfindən aldadıldığını (iddiaçını nikahın pozulması barədə məhkəməyə müraciət etməmək barədə şərtlə inandırmaqla) iddia edərək bağışlama müqaviləsinin etibarsızlığını tələb edir.
26. Məhkəmə qeyd edir ki, əvvəla, tərəflər arasındakı bağışlama müqaviləsində belə bir şərt göstərilməyib. Hətta, göstərilsəydi belə, həmin şərt özü etibarısz olacaqdır. Çünki, Mülki Məcəllənin 328.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt etibarsızdır. Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır. Mülki Məcəllənin 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyası hamının qanun və məhkəmə qarşısında bərabərliyinə (25-ci maddənin İ hissəsi), hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə (60-cı maddəinin İ hissəsi), habelə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsinin heç kəs tərəfindən məhdudlaşdırılmamasına (71-ci maddənin İİ hissəsi) təminat verir. Məhkəməyə müraciət etmək hüququ da şəxsin göstərilən müddəlar əsasında məhkəmə müdafiəsi hüququna aiddir və həmin hüquqdan imtina qanunvericiliyə birbaşa ziddir.
27. Digər tərəfdən, bağışlama müqaviləsinin, həqiqətən də aldatma nəticəsində bağlanması məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmamışdır. Mülki Məcəllənin 339.2-ci maddəsində əqdin aldatma ilə bağlanması elə bir nəticəni nəzərdə tutur ki, bununla aldadan tərəf əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair biləbilə yalan məlumatlar verməklə, yaxud əqdin bağlanmasını şərtləndirən hallar barədə qəsdən susmaqla digər tərəfin iradə ifadəsinin yaranmasına nail olmuş olur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir.
28. İşin mübahisəsiz halıdır ki, tərəflər Mənzil bağışlanandan sonra da birlikdə yaşamışlar, hətta cavabdeh Mənzil bağışlanandan bir neçə ay əvvəl nikahın pozulması ilə bağlı iddia ərizəsini geri götürmüş, nəticədə Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi işin hazırlıq mərhələsindən geri qaytarılmışdır. Cavabdeh isə iddiaçı ilə birlikdə yaşadıqdan xeyli müddət keçdikdən sonra növbəti dəfə nikahın pozulması barədə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh həmin iddia tələbini iddiaçının hərəkətləri nəticəsində ailə münasibətlərinin davam etdirilməsinin mümkün olmaması ilə əsaslandırmışdır. Göründüyü kimi, iddiaçı cavabdehin Mənzili ona bağışlayacağı qarşılığında birinci iddia ərizəsini geri götürəcəyi və nikahın pozulması barədə məhkəməyə müraciət etməyəcəyi vədini verməklə onu aldatdığını bildirsə də, işdən görünür ki, bağışlama müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlansa da, cavabdeh tərəfindən verilmiş birinci iddia ərizəsinin geri qaytarılması barədə qərardad xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Bundan başqa, Mənzil bağışlandıqdan sonra tərəflər 1 il 8 aydan da artıq müddətdə birlikdə yaşamışlar.
29. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağışlanma müqaviləsinin aldadılma nəticəsində bağlanması ilə bağlı hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.
30. Məhkəmə, həmçinin qeyd edir ki, bağşlanma müqaviləsinin etibarsızlığına səbəb ola biləcək əsaslarında yoxlanılmasına zərurət vardır. Belə ki, Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli Qərarında göstərmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
31. Əqdin etibarsızlığına səbəb olan əsaslar yuxarıda (21-ci bənddə) şərh edilmişdir. Məhkəmə işin araşdırması nəticəsində belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi üçün digər şərtlər də mövcud deyil. Müqavilənin bağlanması və etibarlı olması üçün qanuni əsaslar mövcuddur. Mülki Məcəlləsinin 666.1-ci maddəsində bağışlama müqaviləsinə verilən anlayışdan görünür ki, bu müqavilə real müqavilədir və hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan müqavilə bağlanmış sayılır. Cavabdehin Mənzili qəbul etməsi işin mübahisəsiz halıdır.
32. Bağışlanma müqaviləsi bağlanan zaman hər iki tərəfin sərbəst iradə ifadəsi olmuşdur. Müqavilənin bağlanmasına təsir göstərə biləcək hədə-qorxu, məcbur etmə, yaxud iradə ifadəsinin məcbruri şəkildə ifadə edilməsini formalaşdıran hər hansı digər əsasların olması da məhkəmə araşdırması nəticəsində müəyyən edilməmişdir. İddiaçı Mənzili heç bir məcburiyyət olmadan, könüllü olaraq bağışlamış və bağışlanmanın rəsmiləşdirilməsi üçün müvafiq hərəkətləri könüllü olaraq icra etmişdir.
33. Müqavilənin forma və məzmununa dair məcburi şərtə də əməl edilmiş, müqavilə notarial qaydada bağlanmışdır.
34. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş optik informasiya daşıyıcıya (CD) köçürülmüş səs yazısı ilə bağlı qeyd edir ki, həmin səs yazısı sübut kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı sonuncu məhkəmə iclası zamanı verdiyi izahatında bildirmişdir ki, cavabdehin səs yazısının qeydə alınmasından onun məlumatı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 95.1-ci maddəsinin tələbinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən qanunla icazə verilən hallardan başqa gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz.
35. Qeyd edilənlərə əsasən sözügedən audio səs yazısının qanunvericiliyə uyğun əldə olunması barədə sübut olmadığından, həmin səs yazısı sübut kimi qəbul edilə bilməz.
36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Pərviz Zamanlı