Məhkəmə qərarları › İş №e-2(011)-3778/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3778/2023

04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3778/2023 04.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1 ASC-nin nümayəndəsi X2, Cavabdeh X3 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Arezoo Razavi Khabirin cavabdehlər Cavabdeh1 QSC-yə və X5 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. Cavabdeh Firuzmənd X1 ilə xx.xx.1998-ci il nikaha daxil olmuşlar, nikahları İran İslam Respublikasının Bakıdakı səfirliyində 22-2001 nömrə ilə qeydiyyata alınmışdır, onların nikahı xx.xx.2011-ci il tarixdə pozulmuşdur.

2. Cavabdeh Firuzmənd Afşin iddiaçı ilə xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuş, onların nikahı Tehran 150 nömrəli Nikah evində 2343 nömrə ilə qeydiyyata alınmışdır.

3. İddiaçı ilə cavabdeh Firuzmənd Afşin birgə nikahda olduqları vaxt Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini (Bundan sonra – Qeyri-yaşayış sahəsi) əldə etmişlər və həmin əmlaka dair Firuzmənd Afşinin mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

4. Cavabdehlər Firuzmənd Afşinlə Cavabdeh1 QSC (Bundan sonra - Bank) arasında xx.xx.2013-cü il tarixində bağlanmış 01L000004827 saylı kredit xətti müqaviləsinə əsasən borcluya 120 ay müddətinə 8 000 000 ABŞ dolları məbləğində kredit xətti ayrılmış, həmin kredit xətti müqaviləsi əsasında eyni tarixdə bağlanmış kredit razılaşmasına əsasən Afşinə 48 ay müddətinə, illik 1.25% olmaqla, 700 000 ABŞ dolları məbləğində kredit verilmişdir.

5. Kredit müqaviləsinin təminatı olaraq Bankla "xxxx" MMC arasında xx.xx.2013cü il tarixdə zaminlik müqaviləsi bağlanmış, eyni zamanda həmin tarixdə X9 arasında 01M000001568 saylı ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən Firuzmənd Afşinə məxsus Qeyr-yaşayış sahəsi müqavilə üzrə nəzərdə tutulan kreditin təminatı olaraq, qiyməti 1 176 600 manat olmaqla, ipoteka ilə yüklü edilmişdir. İpoteka yüklülüyü xx.xx.2013-cü il tarixində ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

6. Daha sonra tərəflər arasında 3 Kredit razılaşması bağlanmış, Bank tərəfindən Firuzmənd Afşinə xx.xx.2014-cü il tarixdə bağlanmış 1-ci kredit razılaşmasına əsasən 48 ay müddətinə, illik 1,25%-lə 500 000 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə bağlanmış 2-ci kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 1,9167%-lə 10 000 ABŞ dolları və xx.xx.2015-ci il tarixli Kredit Razılaşmasına əsasən 12 ay müddətinə, illik 1,1667%-lə 250000 ABŞ dolları kredit verilmişdir. Sonrakı Kredit Razılaşmalar üzrə qaytarılacaq kredtin təminatı Qeyri-yaşayış sahəsi olmuşdur.

7. Sonradan mübahisə yarandığından X10 və "xxxx" MMC-yə qarşı iddia qaldıraraq, kredit müqaviləsi üzrə borcun tutulması, tələbin borcluya məxsus Qeyriyaşayış sahəsinə və digər əmlaklara (mənzillərə) yönəldilməsi və s. tələblə məhkəməyə müraciət etmiş, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-1561/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, mübahisəli Qeyri-yaşayış sahəsinə dair hissədə isə iddia tələbi tam təmi edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 12678/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamədən verilmiş kassasiya şikayəti isə AR Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12678/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilərək işə yenidən baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir.

8. İşə ikinci dəfə baxan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cü il tarixli qərardadı ilə Bakı şəhər Xətai rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş və mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.

9. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1188/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadına əsasən tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verilmişdir. Barışıq sazişi ilə borcun ümumi məbləği 844848,81 ABŞ dolları, Qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti ******* manat, borcu qaytarılma müddəti 42 ay (xx.xx.2020-xx.xx.2023) müəyyən edilmişdir. Firuzmənd Afşin sonuncu barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyini icra etməmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı cavabdehlər arasında bağlanmış xx.xx.2013-cü tarixli, 01M000001568 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onunla Afşin Firuzmənd arasında xx.xx.2011-ci il tarixdə İran İslam Respublikasında nikah bağlanmışdır. xx.xx.2013-cü il tarixdə Firuzmənd Afşin ilə Bank arasında 01L000004827 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin təminatı olaraq xx.xx.2013-cü tarixli, 01M000001568 saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən Qeyri-yaşayış sahəsi kimi müəssisə ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan əmlak xx.xx.2011-ci il tarixdə onunla Firuzmənd Afşinin birgə vəsaiti hesabına xx.xx.2011-ci il tarixdə əldə edilmişdir. Lakin, ipoteka müqaviləsi iddiaçının hüquqlarını pozmaqla rəsmiləşdirilmişdir. İpoteka müqaviləsi bağlanan vaxt iddiaçının razılığı alınmamışdır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh1 ASC-nin nümayəndəsi iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, Afşin Firuzmənd hazırda mübahisələndirilən ipoteka müqaviləsi bağlanarkən ailəli olmamış, subay olmuş, bu barədə müvafiq arayış təqdim edilmiş, həmçinin onun şəxsiyyət vəziqəsində subay olması ilə bağlı müvafiq qeyd mövcuddur. Afşin Firuzmənd keçən müddətdə kredit öhdəliklərinin icrasından yayınmaq və banka olan borcunu qaytarmamaq üçün min bir bəhanədən istifadə etmişdir. Hazırki məsələdə də iddiaçı ilə cavabdeh əlbirdir, bu iddianın qaldırılmasında məqsəd kredit borcunun ödənilməsindən yayınmaq üçün yeni məhkəmə mübahisələrinin yaradılmasıdır.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin oıunmasını xahiş etdi.

8. Cavabdeh Bankın nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi.

9. Cavabdeh Firuzmənd Afşinin vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

10. Maddə 6.2 Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

11. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

12. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

13. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

14. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

15. Maddə 32.1 Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

16. Maddə 33.1 Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

17. Maddə 33.4 Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

18. Maddə 8.1 Ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

22. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.

23. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

24. İddia ərizəsinin məzmunundan və irəli sürülən iddianın xarakterindən çıxış edərək məhkəmə hesab edir ki, mübahisəyə iki aspektdən yanaşılaraq hüquqi qiymət verilməlidir: birincisi, ipoteka predmeti olan Qeyri-yaşayış sahəsinin iddiaçı ilə Afşin Firuzməndin birgə əmlakı (ər-arvadın birgə əmlakı) olub-olmaması; ikincisi, Qeyriyaşayış sahəsinə dair bağlanmış ipoteka müqaviləsinin etibarsız olub-olmaması.

25. Mübahisənin birinci aspekti ilə bağlı məhkəmə qeyd edir ki, həm Mülki Məcəllənin 225.1, həm də Ailə Məcəlləsinin 32.2-ci maddələrində əmlakın ər-arvadın ümumi birgə əmlakı hesab olunması üçün üç şərt müəyyən edilmişdir: 1) tərəflərin birgə nikahda olmaları; 2) əmlakın nikah müddətində əldə olunması və 3) əmlakın ər-arvadın birgə qazancları hesabına əldə olunması. Qeyd edilən şərtlərdən birinin mövcud olmaması əmlakın birgə mülkiyyət hesab olunması hüquqi əsasını aradan qaldırmış olur.

26. İş materialları əsasında müəyyən edilir ki, iddiaçı ilə Afşin Firuzmənd xx.xx.2011-ci il tarixdə İran İslam Respublikasının Tehran şəhərində nikaha daxil olmuşlar. Mübahisəli Qeyri-yaşayış sahəsi isə onların birgə nikahda olduqları vaxt, yəni xx.xx.2011-ci il tarixdə əldə olunmaqla, Afşin Firuzməndin adına dövlət qeydiyyatına alınmışdır. Mübahisəli əmlakın onların birgə qazancları hesabına əldə edilməsini istisna edən əsaslar isə məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Beləliklə, Qeyriyaşayış sahəsi iddiaçı ilə Afşin Firuzməndin ümumi birgə əmlakıdır.

27. Qeyri-yaşayış sahəsinə dair bağlanmış ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı məsələyə hüquqi qiymət verilməsindən əvvəl məhkəmə hesab edir ki, mübahisənin xarakteri nəzərə alınmaqla, əqdlərin etibarsızlığına dair təsnifata diqqət yetirilməsi zərurdir. Mülki Məcəllədə etibarsız əqdlərin əhəmiyyətsiz və mübahisələndirilən olmaqla iki forması fərqləndirilir. Qanunun mənasına görə əhəmiyyətsiz əqd ilk başdan belə, heç bir hüquqi nəticə yaratmayan, hüquqi baxımdan mövcud olmayan, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq öz-özlüyündə etibarsız olan əqddir. Mübahisələndirilən əqd isə mübahisələndirilənə qədər müəyyən bir hüquqi statusa (hüquqi qüvvəyə) malik olan, mübahisələndirildikdə isə əvvəldən (bağlandığı andan) etibarsız hala gətirilən əqddir.

28. AR Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərardadında etibarsız əqdlərin əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər olmaqla 4 növü fərqləndirlir. Qərardadda müəyyən edilən hüquqi mğvqeyə görə əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır. Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur. Əqdi bağlayan şəxsin iradəsi zədələndikdə isə belə əqdlər mübahisə edilən əqdlər sayılır. İradənin zədələnməsinə səbəb olan əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1 - 339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuşdur.

29. Şərh edilən hüquqi mövqedən çıxış edərək belə nəticə əldə olunur ki, iddiaçı ilə Afşin Firuzməndin ər-arvad olmaları və ipoteka predmeti olan Qeyri-yaşayış sahəsinin onların birgə əmlakları olması nəzərə alınmaqla, mübahisələndirilən ipoteka müqaviləsi ümumi mənada müvafiq razılığın olmaması ilə bağlanan, daha da konkretləşdirsək natamam əqddir. Başqa sözlə, natamam əqd birgə olan əmlaka dair sərəncam vermək hüququna malik mülkiyyətçilərdən yalnız birinin iradəsi ilə bağlanan, digər mülkiyyətçinin (yaxud mülkiyyətçilərin) iradəsindən kənar (digər mülkiyyətçilərin xəbəri olmadan, yaxud onların etibarından sui-sitifadə etməklə və s.) bağlanan əqdlər hesab oluna bilər.

30. Məhkəmə qeyd edir ki, əqdin bağlanması zamanı iradə ifadəsi əqdi etibarlı edən ən mühüm şərtlərdən biridir. İradə ifadəsi yalnız şəxsin əqdi bağlamaq istəyindən doğduğu halda real, başqa sözlə həqiqi (etibarlı) ola bilər. Hər hansı şəxsin əqdi bağlamaq istəyi həm zahirən (görünən), həm də daxilən mövcud (arzulanan) olmalı və hər iki əlamət bir-birini tamamlamalıdır. Əks halda, əqd yalnız zahirən etibarlı kimi görünəcək, daxilən isə onu bağlayan şəxsin arzsundan doğmayacaq və nəticədə etibarlı olmayacaqdır. Əqdin natamam şəkildə bağlanılması da həmin əqdə dair digər hüquq sahibinin iradəsini əks etdirmir. Bağlanmış belə əqdlər zahirən etibarlı kimi görünsə də, hüquqi baxımdan daxilən yarımçıq (natamam) olur.

31. Baxılan mübahisə üzrə Afşin Firuzmənd tərəfindən bağlanmış ipoteka müqaviləsi də natamam əqd hesab olunmalıdır. Belə ki, ipoteka predmeti olan Qeyriyaşayış sahəsi onunla iddiaçının birgə əmlakı (ər-arvadın birgə əmlakı) olsa da, həmin əmlakın ipotekaya qoyulmasına dair sərəncam hüququndan yalnız bir mülkiyyətçi - Afşin Firuzmənd istifadə etmiş, iddiaçının isə mülkiyyətində olan əmlakın yüklü edilməsinə dair heç bir razılığı alınmamışdır. Yəni, Qeyri-yaşayış sahəsinin Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi iddiaçının iradəsindən kənar baş vermişdir.

32. Ər-arvadın birinin razılığı olmadığı halda, onların birgə daşınmaz əmlakı barədə dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış əqdlərin etibasızlığı ilə bağlı məsələlər isə Mülki Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin müddəanın mənasından da aydın olur ki, ər-arvaddan hansının adına rəsmi reyestrdə qeydiyyata alınmasından asılı olmayaraq, birgə əmlaka dair istənilən müqavilənin bağlanması zamanı ər-arvadın hər iksinin iradə ifadəsinin olması imperativ qaydada əks olunmuşdur. Qanunun bu mövqeyi həm də Mülki Məcəllənin 222.2-ci və 222.3-cü maddələrinin tələblərindən irəli gəlir. Həmin müddəalarda deyilir ki, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir (222.2-ci maddə). Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin (222.3-cü maddə). Həmçinin, “İpoteka haqqında” AR Qanunu Maddə 8.1-ci maddəsi də ümumi birgə mülkiyyətdə olan əşyanın ipoteka qoyulması zamanı bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılıqlarının olmasını tələb edir.

33. Göstərilən müddəalardan da göründüyü kimi, qanun digər mülkiyyətçilərin də hüquqlarını qorumaq məqsədilə birgə əmlaka dair sərəncam verilməsi ilə bağlı əqdlərin bağlanmasında onların da iştirakının vacibliyini xüsusi olaraq təsbit etmişdir. Qanunvericiliyin müəyyən etdiyi bu qaydadalara əməl edilməməsi isə Mülki Məcəllənin 337.1-ci maddəsinə uyğun olaraq (bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır) əqdlərin etibarsız olması ilə nəticələnmiş olur.

34. Lakin məhkəmə bir halı da qeyd etməyi zəruri hesab edir ki, ümumi qaydada qanun vicdanlı üçüncü şəxlərin də hüquqlarını qoruyaraq lazımi səlahiyyətlərinin olmaması əsası ilə mülkiyyətçinin bağladığı əqdlərdə əqdin başqa tərəfinin belə səlahiyyətin olmamasını bildiyi və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda əqdin etibarsızlığını istisna etmişdir. Lakin qanun bu qaydanı ər-arvadın birgə əmlakına dair bağlanmış əqdlərin etibasızlığı hallarına şamil etməmişdir. Belə ki, Mülki Məcəllənin 225.6-cı maddəsində açıq şəkildə qeyd edilmişdir ki, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə, hətta əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallar da etibarsız sayılır.

35. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 225.6-cı maddəsində göstərilən bu imperativ qayda Mülki Məcəllənin 271.1-ci maddəsində nəzərdə tutulan (Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir) halı da istisna edir. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsi reyestrin həqiqiliyi prezumpsiyası (Reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir) məsələsini, 182-ci maddəsi isə daşınar əşyaların əldə edilməsi ilə bağlı vicdanlılıq məsələlərini (Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur) tənzimləyir. Digər bir tərəfdən, yuxarıda da qeyd edildiyi kimi, Mülki Məcəllənin 225.6-cı maddəsi istənilən halda ər-arvadın birgə əmlakına dair müqavilənin bağlanması zamanı əldə edənin müqaviləyə dair vicdanlı olmasına dair halları bir mənalı olaraq istisna etmişdir.

36. Bundan başqa, məhkəmə Qeyri-yaşayış sahəsinin iddiaçı ilə Afşin Firuzməndin birgə əmlakı (ər-arvadın burgə əmlakı) olması xüsusiyyətini, yəni həmin tərəflərin hər birinin əmlaka dair ikidə bir hissədə hüquqlarının olması ehtimalına əsaslanaraq sözü gedən əmlaka dair bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinin qismən etibarsız hesab edilə bilməsi imkanını da nəzərdən keçirərək, qeyd edir ki, Mülki Məcəllənin 352-ci maddəsində (əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi) əqdin bir hissəsinin etibarsız hesab edilə bilməsi imkanı nəzərdə tutulsa da, bu qaydanı hazıkı mübahisəyə şamil etmək mümkün deyil. Çünki, qeyd edilən müddəda bir hissəsinin etibasızlığına o halda yol verilməsi nəzərdə tutulmuşdur ki, əqdin etibarsız hissəsinin ayrılması hüquqi baxımdan mümkün olsun və bu əmlakın digər qalan hissədən istifadə etməyə hüquqi baxımdan imkan vermiş olsun. Lakin işin mübahisəsiz halıdır ki, Qeyri-yaşayış sahəsi iddiaçı ilə Afşin Firuzməndin birgə əmlakıdır, həmin əmlaka dair onun mülkiyyətçilərinin payları isə ayrılmamışdır. Bu halda, ipoteka predmeti olan Qeyri-yaşayış sahəsinə dair müqavilənin qismən etibarsız hesab edilməsi həmin əmlaka dair istənilən hüququ həyata keçirməyi, hüquqi baxımdan qeyri-mümkün edir.

37. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2013cü il tarixdə X9 arasında bağlanmış 01M000001568 saylı ipoteka müqaviləsi etibarsız hesab edilməlidir.

38. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. X6 ilə Cavabdeh1 QSC arasında xx.xx.2013-cü tarixdə bağlanmış 01M000001568 saylı ipoteka müqaviləsi etibarsız hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar