Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3816/2025 06.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrrədin qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 36 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı miras payının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 6 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı atası X25 miras əmlakı olan, ünvan 1 ünvanında yerləşən 44 saylı mənzilə ½ hissədə payın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı atası X38 xx.xx.2004-cü il tarixində vəfat etmişdir. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 58, ünvanında yerləşən 44 saylı mənzil Məcid Əliyevdən miras qalmışdır. Xətai Rayon İcra Hakimiyyətinin Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 82 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən 276 saylı, xx.xx.2013-cü il tarixli arayışdan da göründüyü kimi X38 xx.xx.2004-cü il tarixində vəfat edənədək ailə üzvləri olan gəlini X2, nəvəsi X21, X10 və oğlu İddiaçı ilə birlikdə yaşamışdır. İddiaçı 2013-cü ildə 40 saylı Dövlət Notariat Kontoruna müraciət etmiş və ona xx.xx.2013-cü il tarixində Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsəlik şəhadətnaməsi əsasında Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 58, 44 saylı mənzilə mülkiyyət sənədi əldə edilmişdir. Həmin sənəd əsasında İddiaçı öz bacısı Cavabdeh2 həmin mənzilə yaşayış yeri üzrə qeydiyyatına alınmasına razılıq vermişdir. Bundan sonra bacısı Cavabdeh2 qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)803/2024 saylı qətnaməsi ilə 2013-cü ildə 40 saylı Dövlət Notariat Kontoru tərəfindən İddiaçı verilmiş xx.xx.2013-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, Cavabdeh2 vərəsəlik hüququ tanınmışdır. İddiaçı xx.xx.2024-cü il tarixində 36 saylı notariat kontoruna müraciət edərək miras əmlakının faktiki qəbul edilməsi faktını təsdiq edərək vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. Lakin bugünədək hələ də 36 saylı notariat kontoru tərəfindən onlara nə vərəsəlik şəhadətnaməsi verilmiş, nə də ki, imtina barədə məktub təqdim edilməmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçının vəkili-nümayəndəsi Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, idiaçının bacısı Cavabdeh2 cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Cavabdeh2 mülki iş üzrə cavabdeh kimi cəlb edilmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh2 vəkil-nümayəndəsi iddia ərizəsinə etiraz verərək, bildirmişdir ki, Cavabdeh2 iddiaçı ilə bacı-qardaşdılar, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 58, ünvanında yerləşən 44 saylı mənzildə Cavabdeh2 2006-cı ildən davamlı yaşayır, həmin mənzil iddiaçı və cavabdehin atası X25 mülkiyyətində olmuş,X38 xx.xx.2004-cü ildə vəfat etmişdir, onun vəfatından sonra cavabdeh həmin mənzildə yaşamağa başlamış, yaşlı anasının qayğısına qalmış, mənzilin idarə edilməsində iştirak etmiş, mənzildə cavabdeh, anası X6,mərhum qardaşı X28 və onun arvadı X16 ilə birlikdə yaşamışlar,xx.xx.2006-cı ildə cavabdeehin əri ilə nikahı pozulmuş, bundan sonra cavabdehin qızı X26 da onlarla birlikdə yaaşamışdır,xx.xx.2008-ci ildə cavabdehin anası X6, xx.xx.2013-cü ildə qardaşı X28 vəfat etmişdir.Həmin mənzildə cavabdeh, onun qızı X26, mərhum qardaşı X17 həyat yoldaşı X16 yaşayırlar, iddiaçı, atasının ölümündən çox əvvəl ailə qurmuş və özünün ayrıca evi olmuş, atasının ölümündən sonra mübahisə predmetinə aid mənzildə heç vaxt yaşamamışdır.2022-ci ilin oktyabr ayında cavabdeh atasının ölümündən sonra faktiki sahiblik etdiyi Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 58, ünvanında yerləşən 44 saylı mənzili təmir etdirməyə başlamış, bundan sonra iddiaçı ilə aralarında mübahisə başlamış və iddiaçı həmin evin sahibi olduğunu bildirmiş, evin təmirinə etiraz etmiş və cavabdehin, X7 və cavabdehin qızı X11 mənzildən çıxmalarını tələb etmişdir. 2023-cü ilin avqust ayında cavabdeh məhkəməyə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının həmin mənzilə pasport qeydiyyatının ləğv edilməsini tələb etmişdir,bundan sonra cavabdehə məlum olmuşdur ki, Bakı şəhəri 40 saylı Notariat kontoru tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli 2-V-1-102 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 58, ünvanında yerləşən 44 saylı mənzilin üzərində iddiaçının mənzil üzərində mükiyyət hüququ qeydiyyata alınmışdır.Bundan sonra Cavabdeh2 Xətai rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri 40 saylı Notariat Kontoru tərəfindən İddiaçı adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və mənzil üzərində X12 mübahisəli mənzil üzərində mülkiyyət hüququna dair qeydin etibarsız hesaab edilməsi, həmçinin X22 miras qalmış mübahisəli mənzilin Cavabdeh2 tərəfindən qəbul edilmiş hesab edilməsi, həmçinin həmin mənzilin qaz təchizatının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-803/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, qətnamənin qət etdi hissəsində iddia tələbi tam əks edilmədiyindən Cavabdeh2 ərizəsi əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması təmin edilmişdir. Həmin qərardad xx.xx.2024-cü il tarixdə qüvvəyə minmişdir. Qeyd olunanlara əsasən hazırki mülki işdə olan tərəflər arasında baş tutmuş mülki mübahisədə mübahisəli mənzilin Cavabdeh2 tərəfindən miras əmlak kimi qəbul edilməsi qət edilmişdir, həmin qətnamə qüvvəyə minmişdir. AR MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir, beləliklə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili-nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərdiklərinə uyğun izahat verməklə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, 1998-ci ildə iddiaçının oğlu universitetə daxil olmuş və Bakıya gəlmiş, iddiaçı və ailəsi əvvəllər Şəkidə yaşamışdır. Onda olan məlumata görə, Məcid kişi rəhmətə gedənə qədər mübahisəli mənzildə Məcid kişi, arvadı, İddiaçı, onun arvadı və uşaqları yaşamışdır, təqdim etdikləri arayışda da həmin şəxlər qeyd olunmuşdur. Nəzakət xanım isə Məcid kişi rəhmətə gedənə qədər həmin mənzildə yaşamamışdır. Məcid kişi rəhmətə gedəndən sonra Nəzakət xanım 2006-cı ildə boşanmış və həmin mənzildə yaşamağa başlamışdır. Həmin dövrdə Nəzakət xanım, qızı və Fəridə xanım yaşamışlar. Bundan sonra iddiaçı ailəsi ilə birgə kirayə mənzilə çıxmışdır, evdən çıxdıqları tarix barədə dəqiq məlumatı yoxdur. İddiaçı ona bildirmişdir ki, Nəzakət xanım boşandıqdan sonra mübahisəli mənzilə gəlmiş, mənzildə adamın sayı çoxalmış, ona görə də onlar mənzildən çıxmışlar. İddiaçı və ailəsi 1998-ci ildən 2005-2006-cı illərə kimi həmin mənzildə yaşamışdır. İddiaçı və ailəsi kirayədə yaşamasına baxmayaraq mübahisəli mənzilin saxanması xərcləri və kommunal xərclərinin ödənilməsində iştirak etmişdir. İddiaçının öz evi olmamışdır, kirayə qalmışdır. İddiaçı və ailəsi 1998-ci ilə kimi Şəkidə yaşamış, 1998-ci ildə oğlu, 1999-cu ildə qızı universitetə daxil olmuş və bundan sonra Bakıya köçmüşlər. Nəzakət xanımı da həmin mənzilə iddiaçı qeydiyyata salmışdır. İddiaçının başı çıxmadığı üçün digər vərəsələr barədə notariusda məlumat verməmişdir. Notariusda ərizəni yazmağı necə izah ediblərsə,iddiaçı da elə yazmışdır. İddiaçının başqa niyyəti olmamışdır. İddiaçı şəhadətnaməni 2013-cü ildə almışdır, ödəmə qəbzləri isə 2019, 2020, 2021 və 2023-cü illərə aiddir. Nəzakət xanım ev iddiaçının adına keçəndən 10 il sonra məhkəməyə müraciət etmişdir. İddiaçı qərəzli olsaydı evi Nəzakətin xəbəri olmadan satardı. Həmin mənzildə iddiaçı və ailə üzvləri qeydiyyatda olmuşlar, iddiaçı evi öz adına keçirməklə Nəzakət xanımı aldatmamışdır, cavabdehin hər şeydən məlumatı olmuşdur. Həmin mənzilin saxlanılmasında iddiaçı hər zaman iştirak etmişdir. İddiaçı həmin mənzildən köçəndən sonra da mənzilin saxanması xərcləri və kommunal xərcləri ödəmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin şərhi var, orda qeyd olunub ki, əmlakı ələ keçirib, orada yaşamaq əmlakı qəbul etmək demək deyil, əmlakın idarə olunmasında, saxlanılmasında tərəf iştirak etməlidir. Nəzakət xanımı həmin mənzilə qeydiyyata iddiaçı salmışdır, Nəzakət xanımın evin iddiaçının adına olmasından məlumatı olmuşdur. Bu gün iddiaçının evi yoxdur, ailəsi ilə birlikdə kirayə qalır, qarşı tərəf bunu da nəzərə almalıdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, həmin mənzildə atası rəhmətə gedənə kimi, o, qızı, böyük qardaşı, yoldaşı, atası, anası yaşamışlar, böyük gəlinləri və yoldaşı ata-anasına baxmağa gəlmişlər, həmin vaxt iddiaçı ailəsi ilə Şəkidən gəlmişlər, iddiaçı evdə yer olmadığını gördükdə valideynlərinə onlara kirayə mənzil tutmalarını demişlər, iddiaçı ailəsi ilə 5 otaqlı evə kirayəşin köçmüş, 5 il orda yaşamışlar, sonradan qardaşı kirayə pulunu çatdıra bilmədiyini demiş, həmin vaxt atası şəhid qardaşlarının torpaq sahəsini satmış üzərinə pul qoymuş və iddiaçıya 5 otaqlı ev almışdır. Bir neçə dəfə olmuşdur ki, iddiaçı içki içərək evə gəlmiş, qardaşını ayıltmış, səhəri gün qardaşı öz evinə qayıtmışdır. Valideynləri rəhmətə gedəndən sonra iddiaçı saxta sənəd düzəltmiş, evi öz adına keçirmişdir. O, evin Məhəmmədin adına keçirilməsinə razılıq verməmişdir. MKİS-nə kommunal ödənişləri bir müddət Məhəmməd ödəsə də, bunun səbəbi qardaşının özünün və ailəsinin orada qeydiyyatda olması olmuşdur. Cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin vəkili-nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə verilmiş etiraza uyğun izahat verərək bildirmişdir ki, iddia tələbinə qarşı ən mötəbər sübutları Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi və qətnaməyə düzəliş edilməsiylə bağlı qərardaddır. Həmin qərardadla Nəzakət xanımın mirası faktiki qəbul etməsi təsdiq olunur. MPM-nin 82.3-cü maddəsinə əsasən, əsasən bu, sübtetmədən azad olan haldır və məhkəmədə həmin tələbə bir daha baxıla bilməz. İddiaçı tərəfindən mirasın faktiki qəbuluna dair isə heç bir sübut təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi sübut kirayə haqqı ödənişidir. Nazirlər Kabinetinin 2000-ci il tarixli qərarına əsasən xüsusi mülkiyyətdə olan mənzillərə dair kirayə haqqı ödənilmir, kirayə haqqı sosial kirayə müqaviləsi üzrə olan mənzillərə aiddir, yəni Dövlət Mənzil Fondunda saxlanılan mənzillərə aiddir. Həmin arayışın mötəbərliyini qəbul etmir. Həmin ödənişin məhz həmin ildə ödənildiyini təsdiq edən sübut yoxdur. İddiaçı içki aludəçisidir, bacısını mənzildən çıxarmaq istəyən şəxsdir, elə bir şəxs bacısının işıq, qaz pulunu ödəyə bilməz. Hüquqi əsası olmayan kirayə ödənişi etmək isə əşyaya münasibətdə heç bir hüquq yaratmır. Cavabdehin nikahı 2006-cı ildə pozulsa da həyat yoldaşı ilə faktiki nikah münasibətləri bundan əvvəl pozulmuşdur. İddiaçı bacısını qeydiyyatdan çıxarmaq istəmiş, onun yaşadığı mənzilə qaz təchizatını dayandırmışdır. Nəzakət xanımın mənzilinə verilən qaz təchizatı müvəqqəti təminat tədbiri barədə məhkəmə qərardadı əsasında bərpa olunmuşdur. Onda olan məlumata görə iddiaçı çox içki qəbul etdiyinə görə yolda yıxılıb qalırmış, pasport qeydiyyatı əsasında onu mübahisəli mənzilə gətirirlərmiş, ayılandan sonra isə evinə çıxıb gedirmiş. Cavabdehin nümayəndəsi-vəkili iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilmiş cavabdeh Bakı şəhəri 36 saylı Notariat Ofisi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikasının DİN-yi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır, ünvanda digər qeydiyyatda olan şəxslər, xx.xx.1995-ci il təvəllüdlü X18, xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1981-ci il təvəllüdlü X29, xx.xx.1954-cü il təvəllüdlü X3, xx.xx.1982-ci il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X5r. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 58 saylı evin 44 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında X25 mülkiyyətindədir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X38 xx.xx.2004-cü il tarixdə kəskin ürək-damar çatışmazlığından Bakı şəhərində vəfat etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-803/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Bakı şəhəri 40 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X43 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakın iddiaçı tərəfindən qəbul edilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilərək, Bakı şəhəri 40 saylı Notariat Kontoru tərəfindən cavabdeh İddiaçı verilmiş xx.xx.2023-cü il tarixlii 2-V-1-102 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X43 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdeh İddiaçı verilmiş **********83-05101-093092 saylı reyestrdə ********** nömrə ilə qeydə alınmış çıxarışın ləğv edilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-803/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-803/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində yanlışlıq düzəldilmiş, nəticə hissəyə “X22 Miras qalmış Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 58, 44 saylı mənzil iddiaçı Cavabdeh2 tərəfindən qəbul edilmiş hesab edilsin” cümləsi əlavə edilmişdir. 40 saylı Dövlət Notariat Kontorunun vərəsəlik işi materiallarından görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdə notariat kontoruna müraciət etmiş və yeganə vərəsə kimi Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 58 saylı evin 44 saylı mənzilinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Daha sonra vərəsəlik şəhadətnaməsi məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmişdir. 82 saylı MKİS-nin xx.xx.2019-cu il tarixli arayışında qeyd edilmişdir ki, X38 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 58 saylı evin 44 saylı mənzilində qeydiyyatdadır. O, xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Ölən günə qədər mənzildə gəlini X4, nəvəsi X21, nəvəsi X10, oğlu İddiaçı ilə birlikdə yaşamışdır. Xətai Rayon MKTB-nin mədaxil qəbzlərindən 2019-cu il 7-12-ci aylarda, 2020-ci il 1-6-cı aylarda, 2020-ci il 6-12-ci aylarda, 2021-ci il 1-6-cı aylarda, 2021-ci il 6-12-ci aylarda, 2023-cü il 1-12-ci aylarda M.Hadi küçəsi 58-44 ünvanda kommunal xidmət üçün ödənişlər İddiaçı, 2020-ci il 1-12-ci aylarda isə Əliyev Elvin tərəfindən ödənilmişdir. 82 saylı MKİS-nin xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı 1993cü ildən Məhəmməd Hadi küçəsi 58 saylı evin 44 saylı mənzilində daimi pasport qeydiyyatındadır. 2004-cü ildən 2024-cü ilə qədər mənzil kirayə haqqını İddiaçı ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, İddiaçı onun bacısının həyat yoldaşıdır, bacısı əvvəllər Şəkidə yaşamışdır, 1998-ci ildə oğlu universitetə qəbul olduqdan sonra Bakıda babasının evində qalmağa başlamış, daha sonra bacısının qızı da universitetə qəbul olmuş və onlar hamısı Bakıya gəlmişlər. Həmin vaxt Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 58 saylı evin 44 saylı mənzildə bacının qaynanası, qaynatası və bacısının xəstə qaynı yaşamış, başqa heç kəs yaşamamışdır. İddiaçının qardaşı Fərmangilin evləri olmuş, onlar həmin mənzildə yaşamışlar, Cavabdeh2 və Fərmangil Məcid kişinin yasında həmin mənzilə gəlmişlər və yasdan sonra həmin mənzildə yaşamağa başlamışlar. Həmin mənzildə adam çox olduğuna görə onun bacısigil, yəni İddiaçı öz ailəsi ilə kirayə çıxmalı olmuşlar. Sonra bacısının qayınları, yəni İddiaçı qardaşları Hidayət və Fərman da vəfat etmişlər. Onun qardaşının evi olmuş, həmin evi bacısının oğlu Elvinin adına almışdı. Qardaşı bacıgilə təklif etmişdir ki, kirayə qalmaqdansa həmin evdə yaşasınlar. Bacıgil həmin evdə yaşamağa başlamış, qardaşı isə həmin evi 3-4 il sonra öz adına keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, o, Cavabdeh2 qızıdır, 1993-cü ildə doğulmuşdur, doğulandan 3 gün sonra Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 58 saylı evin 44 saylı mənzilə gəlmişlər. 1993-1999-cu illərdə onlar həmin mənzildə yaşamışlar, o, həmin evdə böyümüşdür. Dərsdə olduğu müddətdə babasının evində olmuş, 5-ci gün gəlmiş, birinci gün getmişdir. Həmin dövrdə mənzildə Əliyeva Fəridə, Əliyev Fərman və Əliyev Məhərrəməli dayısı, babası və nənəsi yaşamışdır. 1998-1999-ci illərdə babası infarkt keçirmiş, Fərman dayısının yoldaşı tibb bacısı olduğuna görə onu babasının sistemini qoşmağa həmin mənzilə gətirmişlər. Həmin mənzildə adam çoxalmış, evə artıq yerləşməmişlər.1998-1999-cu illərdə Məhəmməd dayısı heç bir ay olmaz idi ki, həmin mənzildə yaşamağa başlamış, yer olmadığına görə öz istəyi ilə kirayə çıxmışdır. Fərman və Fəridə babasının evinə 1999-2000-ci ildə köçmüşlər. 2003-cü ildə nənəsi və babası şəhid dayısına məxsus olan torpağı satmışlar və Məhəmməd dayısına ev almışlar. Məhəmməd dayısının işi ilə əlaqədar ev onun adına alınmamış, onun oğlunun adına alınmışdır. Onlara babası baxmış, babası 2004-cü ildə vəfat etmiş, bundan sonra atası anasını boşamışdır. Onlar Binəqədi rayonunda yaşamışlar, həmin mənzildə hamam, tualaet, işıq olmamış, atasıgilə məxsus evdə yaşamaq üçün heç bir şərait olmamışdır. Atası 2006-cı ildə yenidən ailə qurmuş, yoldaşını da həmin evə gətirmiş, elə yaşamaq olmazdı deyə onlar həmin mənzildən çıxmışlar. Anası ata evində 2006-cı ildən daimi yaşamağa başlamışdır. İddiaçı həmin mənzildə yaşamamış, onun öz evi olmuşdur. Babası rəhmətə gedəndən sonra mənzildə qeydiyyada olduğu üçün bir müddət kommunal ödənişləri Məhəmməd dayısı etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X30 ifadəsində göstərmişdir ki, İddiaçı Gülsənəm xalanın oğludur, Nəzakət də qonşularıdır. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 58 saylı evin 44 saylı mənzildə Məcid əmi, Gülsənəm xala, Nəzakət xanım, qızı Aygün yaşamışlar. 1 il sonra Fəridə xanım yoldaşı Fərmanla birgə gəlmişlər. Həmin vaxt Məcid kişi sağ olmuşdur. Həmin mənzildə başqa yaşayan görməmişdir. Təxminən 2004-cü ildə Məcid kişi vəfat etmiş, o rəhmətə gedəndən sonra həmin mənzildə Nəzakət xanım, qızı Aygün, Fəridə xanım, yoldaşı Fərman yaşamağa davam etmişlər. Həmin mənzilin sahibi kimi Nəzakət xanımı tanımışdır. O, həmin mənzildə İddiaçı və həyat yoldaşının yaşadığını görməmiş, onların qonşu 5 mərtəbəli binada kirayə yaşadıqlarını bilmişdir. 2003-cü ildə ev almaq üçün Gülsənəm xalagil ondan borc pul istəmişlər, onlara 3000 manat pul vermiş, 2-3 aydan sonra qaytarmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, onlar iddiaçının atası Məcid kişigillə Ermənistandan birgə gəlmişlər. Həmin mənzildə Məcid dayı, Gülsənəm xala, Nəzakət, sonradan isə Fərman, Fəridə yaşamışlar. Məhəmmədi tanımış lakin həmin mənzildə görməmişdir. Həmin evdə yas düşəndə Məhəmmədi orda görmuş, amma hər gün gedib-gəldiyini görməmişdir.Deyilənə görə Məhəmməd 5 mərtəbəli binada yaşamışdır,onun həyat yoldaşını tanımamışdır. Bir də şikəst qardaşları olmuş,həmişə onun halını soruşmaq üçün onlara gedib-gəlirmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, iddiaçı əmisi, cavabdeh isə bibisidir. X44 Qarabağda şəhid olmuşdur. O, gözünü açandan həmin mənzildə bibisi Nəzakət, onun qızı, nənəsi, babası, Məhərrəməli əmisi yaşamışlar. Bir ay müddətinə isə Məhəmməd əmisi övladları ilə yaşamışdır, Şəkidən köçüb gəlmişlər, həmin vaxt səhv etmirsə babası sağ olmuşdur. Sonra 5 mərtəbəli binaya kirayə yaşamaq üçün köçmüşlər, babası atasına dövlət tərəfindən verilmiş torpağı sataraq onlara ev almış və onlar həmin mənzildən çıxmışlar. Məhəmməd əmisi ailəsi ilə birgə 5 otaqlı evdə yaşamağa başlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, Nəzakət xanımla qonşudur, o, həmin mənzildə 2003-cü ildən yaşayır. 2003-cü ildə həmin mənzildə Məcid kişi, Gülsənəm xala, Nəzakət, Fərman, Fəridə yaşamışlar, Nəzakətin qızı Aygün onda balaca olmuşdur. Məcid kişi 2004-cü ildə rəhmətə getmiş, o rəhmətə gedəndən sonra həmin mənzildə qalan şəxslər yaşamağa davam etmişlər. Daimi olaraq bu şəxslər yaşamışlar. Gülsənəm xala rəhmətə gedəndə Məhəmməd və arvadını görmüşdür. Onun yoldaşını bir dəfə Gülsənəm xala vəfat edəndə görmüş, uşaqlarını görməmiş və tanımamışdır .Sonradan Məhəmmədin gəldiyini, hay-küy saldığının, söyüş söydüyünün şahidi olmuşdur. Buna görə təcili-tibbi yardım çağırmışlar, polisə vermişlər. Təcili-tibbi yardım İddiaçı həmin mənzildə qeydiyyatda olduğu üçün hər dəfə onu həmin mənzilə gətirmişdir, o özü həkim olduğu üçün həmişə ilkin yardım göstərmişdir. Məhəmməd ayılandan sonra evinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X31 ifadəsində göstərmişdir ki, Nəzakət xanımla qonşudur, qonşuluqdakı evdə yaşayır. Mübahisəli mənzildə Məcid dayı, Gülsənəm xala, Məhərrəməli, Fəridə, Fəridənin əri, Nəzakət xanım yaşamışlar. Məhəmmədi tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, o, evin böyük gəlini olmaqla Məcid kişinin böyük oğlu Fərmanın yoldaşıdır. Məcid kişinin sağlığında həmin mənzildə Məcid dayı, Gülsənəm xala, oğlu, qızı yaşamışlar. Ancaq Məhəmməd 17 yaşından evdən çıxmış, universiteti bitirmiş, təyinatla işləməyə Şəkiyə getmiş, orada yaşamışdır. Onun özünün isə ayrı evi olmuş, onu həmin mənzilə qaynanası, qaynatası gətirmişdir, onlara baxmaq üçün köçüb gəlmişlər. 28 ildir bu mənzildə yaşayır, amma 35 ildir ki, Bakıya gəlmişdir. Baldızı Nəzakət da boşanıb həmin mənzilə gəlmişdir, Nəzakətin qızını o saxlamışdır. Məhəmməd, onun ailəsi həmin mənzildə yaşamamışdır. O, Şəkidə yaşamış,uşaqları universitetə daxil olub, kirayə qalmışlar. Qaynanası və qaynatası onlardan gizli Məhəmmədə ev almışlar.həmin vaxt gəlinin həddi çatmırdı ki,qayınanaya sual versin, həmin vaxt Məhəmməd vergidə işlədiyinə görə öz ailəsini xəstə qardaçının adıyla həmin mənzilə qeydiyyata salmışdır. Məhəmməd atası vəfat edən zaman, onun yası vaxtı kirayədə yaşamış, ordan gəlib yasda iştirak etmişdir, onu onların kənd camaatı da tanımırmış. Yas üçün hər şeyi o, və onun yoldaşım Fərman etmişdir. Məhəmmədi atasının yasına da məcburi gətirmişlər. Məhəmməd qaynatası öləndən sonra həmin mənzildə yaşamamışdır.Məhəmməd polislə birgə gəlib onları həmin mənzildən çıxartmağa, lakin onlar çıxmamışlar. Təcili-tibbi yardım Məhəmmədin oğluna zəg edib, onun halı pis olanda, İddiaçı onun nəyi olduğunu soruşmuş, oğlu isə tanımadığını bildirmişdir. Mənzilin işıq, su, qaz pulunu o ödəmiş, amma Məhəmmədin adından ödəmişdir. Öz pensiyası ilə həmin pulları ödəmişdir. Ev pulunu Məhəmməd özü vermişdir, artıq iki ildir ki, vermir amma ondan qabaq vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Nəzakət xanım qonşusudur, o, 25 ildir orada yaşayır. 2000-ci ildən həmin mənzildə yaşayır. Həmin mənzildə Gülsənəm xala, Məcid dayı, Məhərrəməli, Fəridə, Fərman yaşamışdır. Məhəmmədi, onun yoldaşını tanımamış, heç görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Məhəmməd əmisi oğlu, Nəzakət əmisi qızıdır. Məhəmməd həmin mənzildə yaşamamış, həmin mənzildə Fərman, Fəridə yaşamışlar. Məhəmməd, ailə üzvləri həmin mənzildə yaşamamışlar. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (miras açılan vaxt qüvvədə olan). 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. (miras açılan vaxt qüvvədə olan). 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. (miras açılan vaxt qüvvədə olan). 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. (miras açılan vaxt qüvvədə olan). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, miras qoyan X38 xx.xx.2004-cü il tarixdə vəfat etdiyindən və miras həmin tarixdə açıldığından, mübahisə həmin vaxt qüvvədə olan Mülki Məcəllənin normalarının tələblərinə əsasən həll edilməlidir. İddiaçının tələbi atalarından miras qalmış Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 58 saylı evin, 44 saylı mənzili üzərində 1/2 hissədə payının müəyyən edilməsidir. Yuxarıda qeyd edilən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-803/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 atalarından miras qalmış mənzili qəbul etməsi faktı təsdiq edilmişdir. Hazırda iddiaçı Cavabdeh2 ilə birlikdə mənzildə 1/2 hissədə onun payının müəyyən edilməsini tələb edir. Odur ki, iddia tələbinin təmin edilə bilməsi üçün ilk növbədə miras əmlakın iddiaçı tərəfindən qəbul edilib-edilməməsi aydınlaşdırılmalıdır. Miras açılan vaxt qüvvədə olan Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras açılan vaxt qüvvədə olan Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. İş materialları ilə müəyyən edilir ki, iddiaçı mirasın qəbulu ilə bağlı Bakı şəhəri 40 saylı notariat kontoruna mirasın açıldığı vaxtdan uzun müddət keçdikdən sonra, xx.xx.2013-cü il tarixdə müraciət etmiş, yəni, mirasın qəbulu üçün 3 ay müddəti ötürmüşdür. Daha sonra həmin müraciət əsasında verilmiş vərəsəlik şəhadətnaməsi məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin təsdiq edilmişdir ki, iddiaçı atasının ölümündən sonra 3 ay müddət ərzində miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamamış, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmədiyindən miras onun tərəfindən qəbul edilməmişdir. Belə ki, iş üzrə dindirilmiş şahid ifadələri, xüsusən qonşuların ifadələri ilə təsdiq edilmişdir ki, İddiaçı xx.xx.2004-cü il tarixdə atası X25 vəfat etdiyini bilmiş, yas mərasimində iştirak etmiş, lakin, atasının ölümündən sonra miras qalmış mənzildə yaşamamış, beləliklə, əmlaka faktiki sahiblik etməyə başlamamışdır. 82 saylı MKİS-nin xx.xx.2019-cu il tarixli arayışında qeyd edilmişdir ki, X38 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 58 saylı evin 44 saylı mənzilində qeydiyyatdadır. O, xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Ölən günə qədər mənzildə gəlini X4, nəvəsi X21, nəvəsi X10, oğlu İddiaçı ilə birlikdə yaşamışdır. Lakin, iddiaçı tərəfindən dindirilmiş şahid də daxil olmaqla, məhkəmə iclasında dindirilmiş şahidlər mübahisəli tərəflərdən əlavə mənzildə başqa şəxslərin yaşamasını (anaları və xəstə qardaşları) təsdiq etmişdir ki, arayışda həmin şəxslərin qeyd edilməməsi özlüyündə həmin arayışın mötəbər sübut kimi qiymətləndirilməsini istisna edir. İddiaçı tərəfin miras əmlakı idarə etməyə faktiki başlamasını təsdiq etmək üçün əsaslandığı sübutlar iş materiallarında qeyd edilən Xətai Rayon MKTB-nin mədaxil qəbzləri və 82 saylı MKİS-nin xx.xx.2025-ci il tarixli arayışıdır. 82 saylı MKİS-nin xx.xx.2025-ci il tarixli arayışına münasibətdə məhkəmə qeyd edir ki, həmin arayışda miras mənzil üzrə 2004-cü ildən 2024-cü ilə qədər mənzil kirayə haqqınının İddiaçı tərəfindən ödənilməsi qeyd edilmişdir ki, miras mənzil xüsusi mülkiyyətdə olduğundan həmin mənzilə dair ümumiyyətlə, kirayə haqlarının ödənilməsi tələb edilmir. Xətai Rayon MKTB-nin mədaxil qəbzlərində isə mənzil üzrə kommunal xidmət üçün ödənişlərin iddiaçı tərəfindən edildiyi görünsə də, həmin qəbzlər mirasın açıldığı vaxtdan çox sonraya, 2019-2023-cü illərə addir. Cavabdeh2, şahid qismində dindirilmiş X26 və X16 miras qoyan vəfat etdikdən sonra bir müddət mənzilə dair kommunal xidmət üçün ödənişlərin İddiaçı tərəfindən ödənildiyini bildirsə də, nə iş materiallarında olan qəbzlərdən, nə də izahat və ifadələrdən ödənişlərin məhz mirasın qəbulu üçün nəzərdə tutulmuş 3 ay müddət ərzində edildiyi təsdiq olunmur. Məhkəmə belə qənaətə gəlir ki, yalnız MKİS-ə edilmiş kommunal ödənişlər iddiaçı tərəfindən miras əmlakın idarə edilməyə başlaması, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, həmin ödənişlərin mirasın açılmasından sonra məhz mirasın qəbulu üçün nəzərdə tutulmuş 3 ay müddət ərzində ödənildiyi təsdiq olunmur. Beləliklə, məhkəmə hesab edir ki, miras açılan zaman qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən mirasın qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində İddiaçı tərəfindən qəbul edilməsi faktı təsdiq edilmədiyindən iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №e-2(011)-3816/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3816/2025
06.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver