Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3820/2024 11.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdeh1 MMC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə (bundan sonra – Cəmiyyət) və Cavabdeh2 qarşı “ərizənin etibarsız hesab edilməsi, əmrin ləğv edilməsi, əmək haqqı və mənəvi zərərin ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə cavabdeh Cəmiyyət arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı Cəmiyyətin eyni tarixli 227K saylı əmri ilə Pərakəndə satış departamentinə satıcı vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqavilənin müddəti 1 il müəyyən edilmişdir. Sonradan, iddiaçı xx.xx.2018-ci il tarixli, 448K saylı əmri ilə Cəmiyyətin Pərakəndə satış departamentinin Anbar bölməsinə malları qəbul edən vəzifəsinə qəbul edilmişdir.
2. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə Cəmiyyətə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsini xahiş etmiş və Cəmiyyətin xx.xx.2023-cü il tarixli, 1457K saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a) bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir.
3. İddiaçı sonradan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixdə yazdığı ərizəsinin, ƏM-nin 69-cu maddəsinin 4-cü bəndinə uyğun olaraq, geri götürməsi və etibarsız hesab edilməsi barədə xx.xx.2023-cü il tarixdə poçta təqdim etməklə, Cəmiyyətə ərizə göndərmişdir.
4. İddiaçı mübahisə ilə bağlı mediasiya təklifini cavabdeh Cəmiyyətə xx.xx.2023-cü il tarixdə göndərmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri:
5. İddiaçı Cəmiyyətin Sabirabad filialının müdiri Cavabdeh2 təzyiqi ilə yazdığı xx.xx.2023-cü il tarixli işdən azad olunma barədə ərizəsini etibarsız hesab edilməsi, mənəvi zərərə görə 1000 manat pulun və 30 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq ona ödənilməsi, Cəmiyyətin xx.xx.2023-cü il tarixli, 1457K saylı əmrinn ləğv edilərək onun Cəmiyyətin Sabirabad rayon mağazasında (filialında) malı qəbul edən vəzifəsinə bərpa edilməsi, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının və 50 manat mediasiya xərcinin Cəmiyyətdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı idda ərizəsində qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi əsasında iddiaçı xx.xx.2018-ci ildə 650 manat aylıq əmək haqqı ilə cavabdehin Sabirabad rayonunda yerləşən filialında “Pərakəndə ticarət departamentində anbar bölməsində malları qəbul edən vəzifəsinə işə təyin olunmuşdur. 10 aprel 2023-cü il tarixdə cavabdeh MMC-nin Sabirabad rayon filialının müdiri Cavabdeh2 birbaşa təzyiqi və məcbur etməsi ilə o, işdən azad olunma barədə ərizə yazmağa məcbur olub. 10 aprel 2023-cü il tarixdə filialının müdiri digər Cavabdeh2 iddiaçını yanına çığıraraq ona hamının yanında “sən bu mağazadan oğruluq edirsən, sən oğrusan” deyib təhqir edib, şəxsiyyətini ləyaqətini, mənəviyyatını alçaldıb, onun mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olub. Bundan başqa Cavabdeh2 həm də iddiaçıya deyib ki, “əgər özün işdən çıxma barədə ərzə yazmasan səni polisə verəcəm və tutduracam”. Cavabdehin bu qanunsuz hərəkətlərindən mənəvi sarsıntı və iztirab keçirən və hüquqlarını bilmədiyi üçün qorxuya düşən iddiaçı 10 aprel 2023-cü il tarixli işdən çıxma barədə ərizəni yazmağa məcbur olub. İddiaçı, Cavabdeh2 qanunsuz hərəkətləri ilə təhqir olunub, şəxsiyyəti, ləyaqəti alçaldılıb, sarsıntı və iztirab keçirib, qısacası ona mənəvi zərər vurulub. Həmin gündən sonra o, uzun müddət ona hamının yanında deyilmiş “oğru” damğasının təsiri altında olub. Bu səbəblə bir neçə dəfə həkimə müraciət edib.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçı işdən çıxışla bağlı ərizəsini geri götürüldüyünü bildirsə də, işçinin əmək münasibətlədinə xitam verildiyi tarixdən 8 gün sonra - xx.xx.2023-cü il tarixində geri götürmə barədə ərizəsini cavabdehə təqdim edilmişdir. Belə olan halda xitam barədə ƏMAS sisteminə daxil edilmiş məlumatların geri götürülməsi və ya hər hansı dəyişiklik edilməsi qeyri-mümkündür. İşçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin bütün tələblərinə işəgötürən tərəfindən tam şəkildə riayət edilmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçının vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təminn edilməsini xahiş etmişdir.
9. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
10. Cavabdeh2 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək bildirdi ki, heç bir əməkdaş zor tətbiq etməklə ərizə yazmağa məcbur edilməyib. İddiaçının dedikləri həqiqəti əks etdirmir. İşçilərin hərkətində uyğunsuzluq, yaxud bir hadisə olduqda bu barədə şirkətin üst rəhbərliyinə məlumat verilir, işçi izahat yazır və onun izahatı üst rəhbərliyə göndərilir. Son qərarı mağaza müdiri yox, İnsan Resursları verir. Mağazanın əməkdaş hər hansı bir ərizə və ya izahat yazmalı olduqda həmin ərizə və izahatın məzmunu və nümunəsi İnsan Resursları tərəfindən elektron poçt ünvanına göndərilir. Ümumiyyətlə, hər hansı bir işçi işdən çıxmaq istədikdə mağazanın müavininə müraciət edir və hansı səbəbdən (başqa işə getməsi və sair hər hansı bir “x” səbəbdən) işdən çıxmaq istədiyini bildirir. Bu halda, mağaza müdirinin müavini İnsan Resurslarına “e-mail” vasitəsilə məlumat verir, onlar da ərizə formasını göndərir. İddiaçı işdən çıxmaq üçün onlara müraciət etməyib. Onun işdən çıxması barədə təklif işində uyğunsuzluq olduğuna görə İnsan Resursları tərəfindən verilib, ərizə forması “e-mail” vasitəsilə hazır formada göndərilmiş, bildirilmişdir ki, iddiaçının çıxış əriəzsi əlavədə göndərilib, yazılı formada yazsın, surətini indi, əslini isə ən qısa zamanda göndərilsin. İddaçı barədə heç bir təhqiredici ifadə işlədilməyib. Mağazada işləyən əməkdaşlar tərəfindən bir sıra uyğunsuzluqlara yol verildikdə həmin uyğunsuzluqların qəsdən və ya ehtiyyatsızlıqdan baş verməsindən asılı olaraq onların bəzilərinə töhmət, bəzilərinə şiddətli töhmət verilmiş, bəziləri isə işdən azad edilmişdir.
11. Məhkəmə iclasında şahid X2 bildirdi ki, cavabdehin Sabirabad filialındakı mağazada kassir vəzifəsində işləyib. Günorta vaxtı işə yeni gəlmişdi. İddiaçı kassaya gələrək iki ədəd siqret aldı, qiyməti 7,60 manat edirdi, pulun 7 manatın verdi, çek vuruldu, siqaretin alınması sistemə düşdü, 0,60 manat hissəsini isə kartı avtomobildə olduğundan dərhal götürüb kartla ödəyəciyini bildirdi. Bunu kimsə gördüyündən müdir Cavabdeh2 demişdir. Cavabdeh2 onu yanına kiminsə ona qəpik “atdığını” soruşduqda, bildirmişdir ki, belə hal olmayıb. Cavabdeh2 iddiaçıya pulun qalıq hissəsini də gətirməyə icazə vermədi. Onları yanına çağırıb hədələyərək dedi ki, ya öz xoşunuzla ərizə yazın, ya 72-ci maddənin ç) bəndi ilə işdən çıxaracam, ya da polis şöbəsinə deyəcəm sizi tutsunlar. Ərizədə işdən çıxma tarixini də Cavabdeh2 dedi. Bəzi hallarda Cavabdeh2 da siqaret alıb, sonradan da pulun göndərib. Elə hallar olur ki, kənar müştəri də, məsələn çörək alır, 10-20 qəpiyi çatmır, dərhal gedib gətirir. Əli Sadqov hədələmkdən başqa digər sözlər demədi.
12. Məhkəmə iclasında şahid X3 bildirdi ki, cavabdehin Sabirabad filialındakı mağazada nəzarətçi vəzifəsində işləyib. Kameralar onun nəzarəti altında olub. İddiaçı mal qəbul edib, o da nəzarəti həyata keçirib. Həmin gün günorta növbəsi olduğu üçün iddiaçı gəlmiş və ona demişdir ki, qapını açsın aldğı siqaretin qalığını ödəmək üçün maşından kart ödəyəcək. Demişdir ki, yeməkdədir, iki dəqiqəyə gəlir. Lakin o, düşənə qədər iddiaçı ilə Seyidhüsynin siqaret alı-verişini çəkib atmışlar. Sonra Cavabdeh2 onları otağa çağırdı, maddə ilə işdən çıxarmaqla, polislə hədələdi, onlar da məcbur qalıb işdən çıxma barədə ərizələrini yazdılar. Həmin gündən sonra iddiaçını işə buraxmadılar. Səhərisi günü Bakıdan müdür zəhg edib dedi ki, o işçiləri (iddiaçı və Seyidhüseyni) işə buraxmayın. Əli Sadöqov iddiaçı ilə otaqda və mal qəbul edilən yerdə danışdır. Mal qəbul edilən yerdə damışdıqlarını eşitməmişdir. Siqaretin qalan pulunu ödəməyə iddiaçıya imkan vermədilər. İddiaçı işdən 10 gün sonra o da işdən çıxmışdır. İşdən çıxma ərizəsini öz təşəbbüsü ilə yazmışdır.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
13. Maddə 2, 3-cü bənd. Əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.
14. Maddə 12, 1-ci bənd. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək və.s.
15. Maddə 68, 1-ci bənd. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
16. Maddə 68, 2-ci bənd. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
17. Maddə 69, 1-ci bənd. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
18. Maddə 69, 2-ci bənd. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
19. Maddə 69, 3-cü bənd. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
20. Maddə 186, 1-ci bənd. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
21. Maddə 186, 2-ci bənd. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
22. Maddə 186, 3-cü bənd. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
23. Maddə 290, 3-cü bənd. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.
24. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
28. Məhkəmə tərəflərin izahatlarını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
29. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
30. İddia tələbini şərti olaraq iki hissəyə ayırmaq olar: Tələbin birinci hissəsi üzrə mübahisə iddiaçının qanuni əsaslarla işdən çıxarılıb-çıxarılmaması (tələbin bu hissəsi Cavabdeh1 MMC-yə yönəlib), ikinci hissə isə mağaza müdirinin onu təhqir etməsi səbəbindən mənəvi zərər çəkməsi ilə (tələbin bu hissəsi cavabdeh cəmiyyətin Sabirabad filialının müdiri Cavabdeh2 yönəlib) bağlıdır. İddiaçı ona işdən çıxması barədə xx.xx.2023-cü il tarixli ərizənin ona məcbur yazdırıldığını və onun əsasında qəbul edilmiş işdən azad olunması barədə xx.xx.2023-cü il tarixli 1457 K saylı əmrin qanunsuz olduğunu iddia edir.
31. Məhkəmə tələbin birinci hissəsi ilə bağlı qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsinin əsasları ƏM-nin 68-ci maddəsində təsnifləşdirilmişdir. Məcəllədən də göründüyü kimi, əmək müqaviləsinə xitam verilmisinin birinci əsası işə götürənin, yaxud işçinin bu barədə təşəbbüsünün olmasıdır. Təşəbbüs sözünün başlıca mənası “bir işə bağlama” deməkdir və onu icra etməli olan şəxsin istəyindən, iradəsindən irəli gələn aktiv hərəkətlərinin təzahürü formasında ola bilər. ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndində əmək müqaviləsinə xitam verilməsi üçün nəzərdə tutulmuş “tərəflərdən birinin təşəbbüsü” ifadəsi də bununla bağlı ərizə verən tərəfin istəyini, arzusunu və iradəsini ehtiva edir.
32. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixdə yazdığı ərizə onun öz təşəbbüsü ilə baş verməmişdir. Belə ki, məhkəmə iclasında iddiaçı ilə bir yerdə işləyən Cəmiyyətin Sabirabad şəhərində yerləşən mağazasının müdiri Cavabdeh2 bildirmişdir ki, iddiaçı işdən çıxmaq üçün onlara müraciət etməyib. Onun işdən çıxması barədə təklif, işində uyğunsuzluq olduğuna görə İnsan Resursları tərəfindən verilmiş, ərizə forması “email” vasitəsilə hazır formada göndərilmiş, bildirilmişdir ki, iddiaçının çıxış əriəzəsi əlavədə göndərilib, yazılı formada ərizəni yazsın, surəti dərhal, əsli isə ən qısa zamanda göndərilsin. Həmçinin, məhkəmə şahid qismində dindirilmiş həm Seyidhüseyn Axundov, həm də Təmkin Muradov izahatlarında bildirdilər ki, mağaza müdiri Cavabdeh2 iddiaçını otağa çağırıb hədələyərək öz ərizəsi ilə işdən çıxmasını, əks halda onun ya ƏM-nin 72-ci maddəsinin ç) bəndi ilə işdən çıxarılacağını, ya da onun barəsində polis orqanına müraciət edəcəklərini bildirmişdir.
33. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixdə yazdığı ərizəni işəgötürənin (onun rəhər işçsinin) məcbur etməsi nəticəsində yazmışdır. İddiaçının sözügedən ərizəni yazmağa məcbur edilməsi onun ƏM-nin 72-ci maddəsinin ç) bəndində nəzərdə tutulan və daha ağır nətiəcəyə səbəb ola biləcək əsasla işdən çıxarılması, yaxud barəsində polis orqanına müraciət edilməsi hədəsi ilə, ərizəni yamağa öz təşəbbüsünün olmaması isə yuxarı rəhbərlik tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə hazır formada ərizənin “e-mail” vasitəsi ilə göndərilməsi və iddiaçıya yazdırılması ilə bağlı hərəkətlərlə olmuşdur. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçının xx.xx.2023-cü il tarixdə yazdığı ərizə onun iradəsini (istəyini, arzusunu) ifadə etmədiyindən onunla əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməzdi, çünki həmin ərizə özlüyündə etibarsız olmuşdur.
34. Bundan başqa, iddiaçının xx.xx.2023-cü il tarixdə yazdığı ərizənin əsasları eyni zamanda da qanuna uyğun olmamışdır. Belə ki, həmin ərizənin məzmununu ƏM-nin 69-cu maddəsinin 3-bəndində göstərilən əsaslara uyğunlaşdırmağa cəhd edilmişdir. Lakin məhkəmə qeyd etməyi zəruri heab edir ki, ƏM-nin 69-cu maddəsində əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin iki qaydası nəzərdə tutulmuşdur. Birinci qaydaya görə, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur (ƏM-nin 69-cu maddəsinin 1 və 2ci bəndləri). Bu qaydaya əsasən işəgötürən işçinin əmək müqaviləsini xəbərdarlıq müddəti başa çatanadək ləğv edə bilməz. Çünki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir (işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir - ƏM-nin 69-cu maddəsinin 5-ci bəndi). İkinci qaydaya görə isə işçi onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini ƏM-nin 69-cu maddəsinin 3-cü bəndində göstərildiyi kimi, əmək müqaviləsinin ləğv edilməsini istədiyi günü və səbəblərini ərizəsində göstərməlidir. Bu halda işçi ilə bağlanmış əmək müqaviləsi ərizəsində göstərdiyi gün ləğv edilə bilər.
35. ƏM-nin 69-cu maddəsinin 3-cü bəndində göstərilən həmin qayda tərəfləri birbirlərinə münasibətdə hüquqlarından sui-istifadə hallarından qoruyur. Həmin normada işəgötürənin hüququ işçinin əmək müqaviləsinin ləğv edilməsi barədə verdiyi ərizəsində səbəblərini və gününü konkret göstərməsinə baxmayaraq, əmək müqaviləsinin işəgötürənin tərəfindən ləğv etmək hüququnun olması ilə (məsələn, istehsalın və işin normal ahənginin pozulmasının qarşısını almaqdan ötrü) təmin edilir. İşçinin hüququnun qorunması isə ərizədə konkret əsasların göstərilməsinin məcburiliyi ilə təmin edilmiş olur. Yəni, ƏM-nin 69-cu maddəsinin 3-cü bəndində göstərilən qayda işçiyə münasibətdə ona görə nəzərdə tutulmuşdur ki, işçi ərizəsində əmək müqaviləsinin ləğv edilməsi səbəblərini konkret göstərməmişdirsə, işəgötürən formal olaraq yalnız ərizədə göstərilən günü əsas tutub əmək müqaviləsini ləğv etməklə bağlı daha üstün mövqeyindən istifadə edə bilməsin.
36. İddiaçının xx.xx.2023-cü il tarixdə yazdığı ərizədən isə görünür ki, onun məzmununu yuxarıda şərh edilən ikinci qaydaya uyğunlaşdırılmağa çalışmışlar. Lakin əmək müqaviləsinin ləğv edilməsi günü dəqiq yazsa da, səbəbləri ərizədə göstərilməmişdir. Bu halda, iddiaçı ilə bağlanmış əmək müqaviləsi ƏM-nin 68-ci maddəsinin 2-ci bəndinin a) yarımbəndinə əsasən, əvvəldə şərh edilənlər baxımından, ləğv edilə bilməzdi.
37. Bundan başqa, işin faktiki hallarından görünür ki, əmək müqaviləsinin ləğv edilməsinə səbəb olmuş iddiaçının təqsiri aldığı iki paket siqaretin 0,60 manat qalıq dəyərinin ödənilməməsi fonunda baş vermişdir. Məhkəmə hesab edir ki, iddiaçıya əmək müqaviləsinin ləğv edilməsi barədə məcburi ərizə yazdırmaq formasında pərdələməklə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi iddiaçının yol verdiyi intizam xətasının (aldığı malın dəyərindən qalan 0,60 manat pulun dəhal ödənilməməsi ilə nəticələnən intizam xətasının törədilməsi) xarakterinə uyğun olmamışdır. Belə ki, ƏM-nin 186-cı maddəsində yol verilmiş intizam xətasına görə tətbiq edilməli olan tənbeh növləri ağırlıq dərəcəsinə görə azdan çoxa doğru sıralanmışdır. Tənbeh növlərinin bu qaydada müəyyən edilməsində məqsəd intizam xətası törədildikdə işəgötürəni ən ağırını deyil, törədilmiş xətanın xarakterinə azdan çoxa doğru uyğun (adekvat) olan tənbeh növünü seşməyə yönləndirməkdir (məcbur etməkdir). Məhkəmə hesab edir ki, cəmi dəyəri 7,60 manat olan iki paket siqaretin 0,60 manat hissəsinin ödənilməməsi ilə cavabdeh Cəmiyyətə əhəmiyyətli zərərin vrurulması, onun ticarət dövriyyəsinin həcmi ilə müqayisədə, ağlabatan görünmür. Bu halda işəgötürən ən ağır tənbeh növünü tətbiq etməklə ƏM-nin 186-cı naddəsinin 3-cü bəndinin tələblərini pozmuşdur.
38. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə yazılmış ərizə iddiaçının iradəsini əks etdirmədiyindən (etibarsız olduğundan) əmək müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilməzdi və bu səbəbdən də, həmin ərizə əsasında verilmiş xx.xx.2023-cü il tarixli əmr qanuni olmadığından ləğv edilməlidir.
39. Məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən məhkəmə qətnaməsi qanuni qüvvəsini alana qədər buraxdığı məcburi iş müddəti üçün əmək haqqı verilməsi hissəsində də iddia təmin edilməlidir. Belə bu halda əmək haqqının ödənilməsinin hüquqi əsasları Əmək Məcəlləsinin 300-cü maddəsində nəzərdə tutulmuşdur.
40. Məhkəmə iddiaçının iddiasının ikinci hissəsi ilə bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü bəndində işəgötürənin işçiyə vurduğu mənəvi ziyanın məsuliyyətinin əsasları və tələb edilməsi qaydası qeyd edilmişdir. Həmçinin, həmin maddənin qeyd hissəsində verilmiş işəgötürənin işçiyə vurduğu mənəvi ziyanın anlayışınada göstərilir ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.
41. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mağaza müdiri Cavabdeh2 onu təhqir edib, şəxsiyyətini və ləyaqətini alçaldıb, o, uzun müddət “oğru” damğasının təsiri altında yaşamış, bunlara görə sarsıntı və iztirab keçirmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçının göstrədiyi kimi onun Cavabdeh2 tərəfindən təhqir olunması, şərf və ləyaqətinin açaldılması ilə bağlı hallar sübuta yetirilməmiş, iddiaçı bununla bağlı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. İş üzrə şahid qismində dindirilmiş Seyidhüseyn Axundov və Təmkin Muradov izahatlarında bildirdilər ki, Cavabdeh2 iddiaçını təhqir etməsini eşitməyiblər, görməyiblər, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə səbəb olan məlum hadisə baş veddikdən sonra Cavabdeh2 onu otağa çağıraraq orada danışmışdır.
42. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mənəvi ziyanın ödəniməsi ilə bağlı iddiaçı təmin edilə ilməz.
43. Məhkəmə xərcləri ilə bağlı məhkəmə, həm Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinin tələbini (əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar övlət rüsumu ödəməkdən azad olunurlar), həm də 30 manat dövlət rüsumunun iddiaçı tərəfindən ödənilməsini nəzərə alaraq hesab edir ki, 30 manat dövlət rüsumu, eləcə də 50 manat mediasiya xərci Cəmiyyətdən tutularaq iddiaçıya ödənilməlidir.
44. Hüquqi xidmət xərcinin ödənilməsi barədə sübut təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir.
45. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220 maddələrini rəhbər tutaraq,
QƏTETDİ:
İddia qismən təmin edilsin. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə yazılmış əmək müqaviləsinin ləğv edilməsi barədə ərizə etibarsız hesab edilsin. Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixli, 1457K saylı əmri ləğv edilsin, İddiaçı Cavabdeh1 MMC-nin “Pərakəndə satış departamenti/Anbar bölməsi” bölməsinin Sabirabad rayon mağazasında (filialında) malı qəbul edən vəzifəsinə bərpa edilsin. Məcburi iş buraxma müddəti üçün əmək haqqı Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilsin. 30 manat dövlət rüsumu və 50 manat mediasiya xərci Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinetə” yerləşdirildiyi) gündən 1 ay müddətində Bak şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı