Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-390/2023 27.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X12 qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının və 20 iyun 2010-cu il təvəllüdlü X7 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana Maştağa, X16 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüququnun tanınması və köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 10 iyun 2010-cu il tarixdə cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Ailə qurduqdan sonra Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X17 ünvanında yerləşən birgə nikah dövründə aldıqları evdə yaşamışlar. Onlar həmin evdə birgə təsərrüfat aparmışlar, təmir-tikinti işləri etmişlər. Birgə nikahdan 20 iyun 2010-cu il təvəllüdlü X13 anadan olmuşdur. Tərəflərin arasında olan mübahisə nəticəsində cavabdeh iddiaçını və oğlunu birgə yaşadıqları evdən məcburi şəkildə çıxarmışdır. Bundan sonra iddiaçı və uşağı valideynlərinin müvəqqəti yaşadığı Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamışdır. Uşaq Bakı şəhəri, Sabunçu rayonu, F.Bayramov adına 22 nömrəli məktəbdə təhsil alır. Hər gün məktəbə gedib-gəlmək ona çətinlik yaradır. İddiaçı cavabdehə dəfələrlə bu barədə məlumat versə də, cavabdeh onların həmin evə köçmələrinə imkan vermir. İddiaçının hazırda yaşamağa yeri yoxdur. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddianın məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı şahid qismində çıxış edən X8 öz izahatında bildirmişdir ki, o, 2019-cu ildən Bakı şəhəri, Sabunçu rayonu, X9 yaşayır. İddiaçıla qonşu olmuşdur. Təxminən eyni vaxtda oraya köçmüşlər. Reyhun arvadı və oğlu ilə orada yaşamışdır. Reyhun evi tikili vəziyyətdə almışdır. Sonuncu dəfə o, evdə 6-7 ay öncə olmuşdur. Reyhunun evdən nə üçün getməsi barədə onun məlumatı yoxdur. Onların yaşadığı ərazinin çıxarışı yoxdur. Hazırda Reyhunun evində heç kim yaşamır. Onlar köçəndən sonra əlaqələri qalmamışdır. Məhkəmə araşdırması zamanı şahid qismində çıxış edən X4 öz izahatında bildirmişdir ki, Reyhun və Zivər onun qonşuları olmuşdur. Onlar 2019-cu ildən orada yaşayırlar. Onların evinin damı olmuşdur, tikilmiş formada alıb təmir etdirmişlər. Reyhun orada arvadı, oğlu və qayınanası ilə birlikdə yaşamışdır. Hazırda həmin ünvanda yaşayış yoxdur. Reyhun və ailəsi 7-8 ay olar ki, orada yaşamırlar. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan 20 iyun 2010-cu il təvəllüdlü X13 anadan olmuşdur. Tərəflər 2019-cu ildən etibarən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X17 ünvanında yerləşən evdə yaşamışlar. İddiaçı və cavabdeh arasında münasibətlər pisləşdiyi üçün onlar arasındakı nikah məhkəmə qərarı ilə pozulmuşdur. İddiaçı yaşadıqları evin nikah dövründə alınmasına istinad edərək evə dair istifadə hüquqlarının tanınmasını xahiş etmişdir. Cavabdeh evin birgə vəsait hesabına alınmadığını, evin bacısının mülkiyyəti olduğunu və hal-hazırda satıldığını bildirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolu: 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə baxan məhkəmənin mövqeyi: Hazırkı mübahisə üzrə istinad olunan evin hüquqi statusunu müəyyən etmək üçün məhkəmə tərəfindən aidiyyəti dövlət qurumlarına sorğular verilmiş və sorğular üzrə gələn cavablara əsasən Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0.03 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq olması, icarə hüququ əsasında X10 məxsus olması, 15 may 2015-ci il tarixli icarə hüququnun alğı-satqı müqaviləsi əsasında Şabanova X2, daha sonra X5 tərəfindən 13 oktyabr 2022-ci il tarixli icarə hüququnun alğısatqı müqaviləsi əsasında X1 müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş sübutlardan görünür ki, torpaq sahəsinin üzərində yerləşən evin statusu qanunsuz tikilidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, mübahisəli ünvan iddia ərizəsində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X17 kimi göstərilsə də, iş materiallarında olan sənədlərdə Abşeron rayonu, Maştağa subtropik sovxozu olaraq qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən tərəflərin və şahidlərin verdiyi izahatlardan həmin ünvanların eynilik təşkil etməsi müəyyən edilmişdir. Yuxarıda istinad olunanlardan görünür ki, qeyd olunan evin yerləşdiyi torpaq sahəsi, eyni zamanda da evin özü xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməməklə nə iddiaçıya, nə cavabdehə məxsus olmamışdır. Qanunvericiliyin tələbinə əsasən istifadə hüququ mülkiyyət hüququnun tərkib hissəsidir və əmlaka dair istifadə hüququnun yaranması üçün əmlak dövlət qeydiyyatına alınmış olmalıdır. Məhkəmə qeyd edir ki, nə qədər ki, istinad edilən fərdi yaşayış evi dövlət qeydiyyatına alınmamışdır, iddiaçının həmin evə dair istifadə hüquqları tanına bilməz. Məhkəmə iddianın evə köçürülmə ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə də əsassızdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 02 noyabr 2022-ci il tarixli Çıxarışdan görünür ki, Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0.03 ha torpaq sahəsi başqa şəxsə satılmış və onun xeyrinə yüklü edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, nə qədər ki, mübahisəli torpaq sahəsi üçüncü şəxsin istifadəsindədir, işin bu cür halında iddiaçının oraya köçürülməsi mümkün deyildir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı - iddiaçının və 20 iyun 2010-cu il təvəllüdlü X7 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana Maştağa, X16 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüququnun tanınması və köçürülməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-390/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-390/2023
27.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver