Məhkəmə qərarları › İş №e-2(011)-390/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-390/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-390/2025 28.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, İddiaçının nümayəndələri X2 və X1 iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstəmişdir ki, ”Azər-Türk Bank” ASC ilə cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” dair 27 oktyabr 2021-ci il tarixli, ******************** saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, bank, ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, Müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2022-ci il tarixli məxaric əməliyyatı kartda öz əksini tapmamışdır. Müştəri balansın azalmamasından yararlanaraq vəsaiti yenidən istifadə etmişdir. Bununla əlaqədar olaraq banka 633,13 manat həcmində ziyan dəymişdir. Yuxarıda qeyd edilən əsasdan Cavabdeh bankın hesabına 633,13 manat məbləğində əsassız varlanmışdır. Müqavilənin 2.7-ci bəndinə əsasən, müştərinin ödəniş kartı vasitəsilə apardığı əməliyyata görə bank rəsmi internet səhifəsində yaxud bunun üçün xüsusi yaradılmış digər elektron vasitələrdə əvvəlcədən müəyyən edilmiş şərtlərə uyğun həcmdə və ya məbləğdə geri ödəniş (cashback) həyata keçirə bilər. Müştəri xidmət/satış nöqtələrində alış zamanı alınan mal və ya xidmət geri qaytarıldıqda, ödənilmiş geri ödəniş məbləği (cashback) bank tərəfindən geri qaytarılır. Geri qaytarılan zaman müştərinin hesabında kifayət qədər vəsait olmadığı halda müştərinin ödəniş kartında (hesabında) borc məbləği (overdraft) yaradılır və müştəri tərəfindən qeyd-şərtsiz ödənilməlidir. Bank tərəfindən geri ödənişin (cashback) həyata keçirilməsi birtərəfli qaydada dayandırıla və ya şərtləri dəyişdirilə bilər. Fiziki şəxslərə ödəniş kartinin (debet, kredit) verilməsi üzrə Xidmətlərin göstərilməsi müqaviləsinin standart şərtlərinin 3.1.8 və 3.1.9-cu bəndlərinə əsasən kart hesabına artıq səhvən mədaxil olunmuş vəsait (və ya texniki overdraft) barədə dərhal bankı məlumatlandırmaq, əlavə mədaxil olunmuş vəsaitdən istifadə etməmək,vəsaitin geri qaytarılmasını təmin etmək, əlavə mədaxil olunmuş vəsaitin bank tərəfindən silinməsinə etiraz etməmək, əməliyyatın aparıldığı tarixdən vəsaitin silinməsi həyata keçirilən tarixədək olan dövr ərzində baş verən valyuta kursu dəyişikliyi nəticəsində və yaxud “offline” terminallarda aparılan əməliyyatlar nəticəsində kart hesabındakı vəsaitdən artıq istifadə halı qeydə alındığı təqdirdə bu vəsaiti qeyd-şərtsiz geri qaytarmaq müştərinin vəzifəsidir. Göründüyü kimi, cavabdeh ilə Bank arasında olan 27 oktyabr 2021-ci il tarixli, ******************** saylı müqavilə ödəniş kartının verilməsi və ondan istifadə münasibətlərini tənzimləyir. Borcun yaranmasına səbəb olan hadisə zamanı cavabdehin əldə etdiyi vəsait onun müqaviləyə əsasən əldə etməli olduğu əmlak (vəsait) deyildir və cavabdehin əsassız varlanması kimi şərh edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə borcluya dəfələrlə müraciət оlunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh onun istifadəsində olan ödəniş kartına bağlı olan hesabına köçürülən vəsaitin qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Borcluya göndərilmiş 29 iyul 2024-cü il tarixli, 6-3/xx/xx-6760 saylı pretenziya (хəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Hаl-hаzırdа borclunun, Müqaviləyə əsаsən İddiaçı ASC-yə оlаn bоrcu 633,13 manat təşkil еdir ki, bu bоrcun dа cavabdeh tərəfindən ödənilməsi təmin еdilməlidir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh əsassız varlanması nəticəsində yaranmış və İddiaçı ASC-yə olan 633,13 manat borcunun, həmçinin ərizəyə görə ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının X2 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Cavabdeh həmçinin bildirmişdir ki, cavabdehin bankda debet kartı mövcud olmuşdur. Müştəri ikinci kartı almaq üçün müraciət etdikdə birinci kartındakı vəsaiti birbaşa kartdan yox, kartın bağlı olduğu hesabdan çəkmək istəmiş, bunun üçün də bankın filialına yaxınlaşıb məxaric əməliyyatı icra etmişdir. Hesabdan çəkilən pul 24 saat ərzində kartdan silinir. Bu müddət ərzində müştəri gözləməli olduğu halda, kartda olan vəsaiti də məxaric etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndələrinin çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27 oktyabr 2021-ci il tarixli, ******************** saylı “Fiziki şəxslərə ödəni kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” müqaviləsindən məlum olur ki, bank, ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, Müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. İş materialında olan İddiaçı ASC tərəfindən verilmiş 03 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh məxsus debet kart hesabı üzrə 11 may 2022-ci il tarixli məxaric əməliyyatı kartda öz əksini tapmamışdır. Müştəri balansın azalmamasından yararlanaraq vəsaiti yenidən istifadə etmişdir. Bununla əlaqədar olaraq banka 633,13 manat həcmində ziyan dəymişdir. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı bildirişə əsasən məlum olur ki, bank, cavabdehə borcunun ödənilməsini təklif etmiş, borcu ödəməsə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. (maddə 427.3) Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. (maddə 429.1.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449.1) İqtisati lüğətdən çıxarışdan görünür ki, overdraft – müştəri tərəfindən bankda olan özünəməxsus kredit qalığından artıq həcmdə vəsait göstərməklə kredit həddini aşması vəziyyəti. Overdraft elə bir kredit vermə prosesidir ki, bu zaman insan müəyyən məbləğdə vəsait alır, lakin bu məbləğdən bir qədər artıq xərcləyə bilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, Cavabdeh “Fiziki şəxslərə ödəni kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” müqaviləsi üzrə həmin karta yerləşdirdiyi məbləğdən artıq məbləğin xərclənməsinə yol verdiyi iş materialları ilə təsdiqini tapdığından, iddia əsaslı olduğundan təmin edilməli və 633,13 manat pul vəsaiti (overdraft) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh “Fiziki şəxslərə ödəni kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” müqaviləsi üzrə 633,13 manat pul vəsaiti (overdraft) və 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar