Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3914/2021 16.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Cavabdeh1 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “müddət bərpa edilməklə əmrdə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müddət bərpa edilməklə Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktor müavini, icraçı direktor vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayevin iddiaçı barəsində imzaladığı 21 dekabr 2018-ci il tarixli, 27/20 saylı əmrdə dəyişiklik edilərək, Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən işdən azad olunmasına dair düzəlişin aparılması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1987-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. 17/8 saylı, 22 avqust 2008-ci il tarixli əmrlə 01 sentyabr 2008-ci ildən etibarən Cavabdeh1 ASC-də “Sumqayıt” filialının mühasibat uçotu və əməliyyat şöbəsinə iqtisadçı təyin edilmişdir. O, 13 noyabr 2008-ci il tarixli, 17/11 saylı əmrlə bankın 3 saylı şöbəsinin uçot və əməliyyat şöbəsinə iqtisadçı keçirilmişdir. 02 noyabr 2009-cu il tarixli, 1811 saylı əmrlə öz xahişi ilə işdən azad edilmişdir. 30 iyun 2010cu il tarixdə iddiaçı Cavabdeh1 ASC-nin ümumi yığıncağının 29 iyun 2010-cu il tarixdə keçirilmiş iclasının qərarına əsasən audit komitəsinin üzvü seçilmişdir. O, 17 sentyabr 2012-ci il tarixdə bankın əməliyyat departamentinin fiziki şəxslərə xidmət və depozitlərin qəbulu şöbəsinin rəisi vəzifəsinə keçirilmişdir. İddiaçı 2018-ci ilin dekabr ayında işdən öz könüllü istəyi ilə azad edilməsinə dair ərizə ilə Cavabdeh1 ASC-nin rəhbərliyinə müraciət etmişdir. 21 dekabr 2018-ci il tarixli, 27/20 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin e bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) tutduğu vəzifədən azad edilmişdir. İşdən azad olunma barədə əmri Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktor müavini, icraçı direktor vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayev imzalamışdır. İddiaçı özü işdən azad edilmə barədə ərizə ilə müraciət etsə də, onu ərizə əsasında deyil, başqa əsasla işdən azad etmişlər. İddiaçının məhkəməyə müəyyən edilmiş vaxtda müraciət etməməsinin səbəbi uzun müddət xəstə olması olmuşdur. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbinə etiraz edərək onun rədd edilməməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı 17/8 saylı, 22 avqust 2008-ci il tarixli əmrlə 01 sentyabr 2008-ci ildən etibarən Cavabdeh1 ASC-də “Sumqayıt” filialının mühasibat uçotu və əməliyyat şöbəsinə iqtisadçı təyin edilmişdir. O, 13 noyabr 2008-ci il tarixli, 17/11 saylı əmrlə bankın 3 saylı şöbəsinin uçot və əməliyyat şöbəsinə iqtisadçı keçirilmişdir. 02 noyabr 2009-cu il tarixli, 1811 saylı əmrlə öz xahişi ilə işdən azad edilmişdir. 30 iyun 2010cu il tarixdə iddiaçı Cavabdeh1 ASC-nin ümumi yığıncağının 29 iyun 2010-cu il tarixdə keçirilmiş iclasının qərarına əsasən audit komitəsinin üzvü seçilmişdir. O, 17 sentyabr 2012-ci il tarixdə bankın əməliyyat departamentinin fiziki şəxslərə xidmət və depozitlərin qəbulu şöbəsinin rəisi vəzifəsinə keçirilmişdir. 21 dekabr 2018-ci il tarixli, 27/20 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin e bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə əsasən əmək müqaviləsinin işəgötürən tərəfindən birtərəfli qaydada ləğvinə aşağıdakı hallarda yol verilir: Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. ƏM-nin 70-ci maddəsinin ç) bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin iki dispozitiv şərti nəzərdə tutulmuşdur: 1) işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi; 2) Məcəllənin 72-ci maddəsində sadalanan işçi tərəfindən əmək vəzifələrindən birinin kobud şəkildə pozulması. Qeyd edilən müddəalardan da göründüyü kimi, ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin hüquqi əsasları Məcəllənin 71-ci maddəsinin 2-ci bəndi ilə məhdudlaşdırılmaqla daha da konkretləşdirilmişdir. Belə ki, işçinin əmək müqaviləsi ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə o halda ləğv edilə bilər ki, Məcəllənin 71-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş nəticələr baş vermiş olsun. Bu halda, işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi üçün 3 vacib şərt də nəzərə alınmalıdır: 1) işçinin təqsiri (işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi); 2) işçinin təqsirli hərəkətlərindən doğan nəticə (müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulması; 3) işçinin təqsirli hərəkətləri ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin olması. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsində cavabdeh bank tərəfindən onu işdən azad edərkən heç bir qanunvericilik normasına əsaslanmadığına, formal olaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin e bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə və bununla da onun hüquqlarının pozulmasına istinad etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının işdən azad edilməsi prosesində əmək qanunvericiliyinin təsbit etdiyi müddəalara hərfi mənada riayət edilməmişdir. Belə ki, işçinin işdən azad olunması ilə bağlı əmr qəbul edilməmişdən öncə işçinin ərizəsi alınmamışdır. Daha sonra işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi üçün yuxarıda istinad edilən 3 vacib şərtin mövcudluğu da yoxlanılmamış, əmr kifayət qədər əsaslandırılmamışdır. İşin araşdırılan halları məhkəməyə belə qənaətə gəlməyə imkan verir ki, iddiaçı işdən azad olunarkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin normalarına riayət edilməmişdir. Belə ki, İddiaçı tərəfindən işəgötürənə vurulmuş maddi ziyan ödənilmiş, onun barəsində cinayət işi açılmamış, eyni zamanda barəsində inzibati və ya cinayət məsuliyyətinə cəlb edilmə ilə bağlı hər hansı qanuni tədbir görülməmişdir. Məhkəmə qeyd edir ki, şəxs öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hüquqlarının bırpa olunması üçün məhkəməyə müraciət edə bilər. Əmək qanunvericiliyinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. ( Əmək Məcəlləsinin 296-cı maddəsi) Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddia tələbinin özündən də görünür ki, iddiaçı qanunvericiliklə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilən müddəti ötürdüyündən məhkəmədən buraxılmış müddətin bərpa edilməsi ilə iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İş materialları ilə sübut olunmuşdur ki, iddiaçı cavabdeh bank tərəfindən onun barəsində çıxarılmış 21 dekabr 2018-ci il tarixli əmrdən elə həmin tarixdə məlumatlı olmuş, işdən azad edildiyini həmin vaxtdan bilmişdir. O, əmr verilən tarixdən işdən azad olunmuş, həmin tarixdən işə gəlməmişdir. Bu fakt iddiaçının özü tərəfindən də verilmiş iddia ərizəsində etiraf edilmişdir. İddiaçı 21 dekabr 2018-ci il tarixdə işdən azad olunduğunu bildiyi (hüququnun pozulduğunu güman etdiyini aşkar etdiyi) halda, 13 aprel 2021-ci il tarixdə, yəni xeyli müddət keçdikdən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Qanunvericiliyin tələblərinə əsasən buraxılmış müddətlərin bərpası üzrlü səbəb olduqda mümkündür. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzrlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzrlü səbəblər kimi qəbul edilir. Məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, qanunvericilikdə müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi halları öz əksini tapmışdır. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş arayışlardan görünür ki, İddiaçı 21 sentyabr 2018-ci il tarixdən 31 avqust 2020-ci il tarixədək müxtəlif vaxtlarda ambulator müalicələr təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş arayışlar iddiaçının məhkəməyə müraciət etmək imkanının olmamasına dəlalət edən subut kimi qəbul edilə bilməz. Belə ki, iddiaçı tərəfindən iki ilə yaxın bir müddət buraxılmışdır. Belə olan halda məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutu oturulmuş müddətin üzrlü səbəbdən ötürülməsi üçün qənaətə gəlmək üçün kifayət hesab etmir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddiaçı əmri mübahisələndirmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin üzrlü səbəblərdən buraxılması halını sübuta yetirə bilmədiyinidən, müddət bərpa edilə bilməz. Odur ki, hazırkı iddia tələbi rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə vaxtında müraciət etmiş olsaydı belə, məhkəmə işəgötürənlə işçinin arasında müqaviləyə xitam verilməsi əsasını dəyişməkdə səlahiyyətli deyildir. İddiaçı tərəfindən iddia tələbi vaxtında verilmiş olsaydı, məhkəmə yalnız əmri ləğv edib işçini tutduğu vəzifəyə bərpa edə bilərdi. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada rüsum ödəməkdən azad edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Cavabdeh1 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı-müddət bərpa edilməklə Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktor müavini, icraçı direktor vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayevin iddiaçı barəsində imzaladığı 21 dekabr 2018-ci il tarixli, 27/20 saylı əmrdə dəyişiklik edilərək, Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən işdən azad olunmasına dair düzəlişin aparılması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-3914/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3914/2021
16.09.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver