Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-408/2025 15.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X1 iştirakı ilə, ilkin iddia üzrə iddiaçı "xxxx" MMC-nin ilkin iddia üzrə Cavabdeh qarşı müqavilə üzrə borcun ödənilməsi və kommunal xidmətlərə görə yaranmış borcun ödənilməsi tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılılı iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı kommunal xidmətin göstərilməsinə dair müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia tələbi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi 40, bina 2, 122 saylı mənzilə dair kommunal xərclərinə görə 31 iyul 2024cü il tarixə 2947 (iki min doqquz yüz qırx yeddi) manat xidmət haqqının, 49,47 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddianın dəlilləri: İlkin iddianın dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 16 iyun 2022-ci il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40, bina 2, 122 saylı mənzilə dair kommunal, istismar və xidməti xərclərin vaxtında ödənilməsini cavabdeh öhdəsinə götürüb. Ümumi yığıncağın 01 iyul 2020-ci il tarixli qərarına əsasən 1 kv.m sahə üçün kommunal xərcinin dəyəri 0,40 qəpik müəyyən edilmişdir. Cavabdeh mənzilin 1 kv.m sahəsi üçün 0,40 qəpik hesablamaqla hər ay 360 kv.m sahə üçün komunal xidmətlərə görə 144 manat 0 qəpik haqq ödəməlidir. Müqaviləyə əsasən Cavabdeh mənzildə yaşayıb-yaşamamasından asılı olmayaraq xidmət xərcləriniaylıq ödəməlidir. Belə ki, Mənzil Məcəlləsinin 135.2.3-cü maddəsinə əsasən yaşayış sahəsi təhvil verildiyindan cavabdehin kommunal xidmətlərə görə haqq ödəməsi vəzifəsi yaranmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 2024-cü ilin iyul ayı da daxil olmaqla komunal borcu 2947 (iki min doqquz yüz qırx yeddi) manat təşkil edir. Bununla bağlı cavabdehə bildiriş göndərilməsinə baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməmişdir. Qarşılıqlı iddia üzrə iddia tələbi: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı ilkin iddia üzrə iddiaçı "xxxx" MMC-nin ona qarşı irəli sürülmüş iddia tələnlərinin tam həcmdə təmin olunmaması haqqında qətnamə qəbul edilərək, əvəzində isə cavabdehlə bağladıqları xx.xx.2022-ci il tarixli “Komunal xidmətin göstərilməsinə dair” müqavilənin etibarsız hesab olunması, eləcə də dövlət rüsumuna görə ödədiyi 100 manat pul cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddianın dəlilləri: Qarşılıqlı iddianın dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı Cavabdeh "Rahatlığın Məkanı” MMC ilə müqavilə bağlayaraq ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın 7ci mərtəbə, 122 nömrəli ümumlikdə 3 otaqdan ibarət olan mənzil alıb. Cavabdehlə alqısatqı müqaviləsi imzalandıqda əlavə olaraq bir neçə sənədi də ona imzalatmışdır. Açığı həmin sənədlərin nədən ibarət olmasından ona cavabdeh aydınlıq gətirməmiş və ümumiyyətlə onların mahiyyətini izah etməmişdir. Beləliklə də hüquqları kobud surətdə pozulmuş və hər bir müqavilənin imzalanmasında öz iradəsini ifadə etmək hüququnu realizə etməyinə şərait yaradılmamışdır. Əksinə, onun mənafelərinə, eləcə də qanunvericiliyə zidd olan xx.xx.2022-ci il tarixli "Kommunal xidmətin göstərilməsinə dair” müqavilə imzalanmışdır. Müqavilə özü-özlüyündə etibarsızdır. Belə ki, müqavilənin predmet hissəsinin 1.1-ci maddəsində göstərilir ki, özünü "idarəedici təşkilat" adlandıran cavabdeh aldığı mənzilin yerləşdiyi 2 saylı binada kommunal xidmətlərin göstərilməsini həyata keçirir. Xidmət xərci aylıq hər kv.m. üçün 0.30 manat, fasad liftinin istismarına görə 50 manat təşkil etdiyi, yaşayıb-yaşamamasından asılı olmayaraq aylıq kommunal ödənişi "sakin" yəni o, iddiaçı, ödəməlidir. Daha sonra müqavilənin 1.2-ci bəndində qeyd olunur ki, “sakin" AR Mənzil Məcəlləsinin 135-140-cı maddələrinə əsasən kommunal xidmətlərin xərclərinin ödəyicisi sayılır və həmin xərcləri ödəyir, 1.1-ci bənd zamana görə dəyişdirilə bilər. Bundan başqa həmin müqavilənin 2.1.1-ci yarımbəndində çoxmənzilli yaşayış binasında həyata keçirilən kommunal xidmətlər qeyd edilmişdir. Cavabdeh tərəfindən müqavilə ilə üzərinə götürülən işlərin (xidmətlərin) həyata keçirilməsi heç də kommunal xidmətlər hesab olunmur. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın idarəetmə üsulunu seçmək səlahiyyətinə malikdir. Lakin həmin müqavilə ilə vaxtılə binanın sifarişçisi olan cavabdeh özünü “idarəedici təşkilat" adlandıraraq ona idarəetmə üsulunu məcburən təklif edir. Halbuki, binalarının idarəetmə üsulunun seçmə hüququ onlara (yəni sakinlərə) məxsusdur. Beləliklə, cavabdeh qanunsuz olaraq aldatma yolu ilə sahə mülkiyyətçilərlə bu cür müqavilə bağlamaqla yalnız mənfəət güdmək məqsədi olmuşdur. Tərəflərin izahatları: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yaşayan mənzil mülkiyyətçilərinin ümumi yığıncağının 01 iyul 2020-ci il tarixli qərarına əsasən, ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında kommunal xidmətlətinin ödəniş məbləği yaşayış sahəsinin hər kvadratmetri üçün 40 (qırx) qəpik müəyyən edilmişdir. ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında binada məskunlaşan hər bir mənzil mülkiyyətçisi ilə müvafiq qaydada müqavilə bağlamaq vəzifəsi binada idarəedici təşkilat kimi fəaliyyət göstərən "xxxx" MMC-nin rəhbərliyinə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi 40, bina 2, mənzil 122-də yaşayan Cavabdeh göndərilmiş 89 saylı, xx.xx.2024-cü il tarixli bildirişə əsasən, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 30 aprel 2022-ci il tarixli müqavilənin 2.2.4 bəndinə əsasən Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi 40 ünvanında yerləşən bina 2, mənzil 122 nömrəli mənzilə dair kommunal, istismar, və xidməti xərclərin vaxtlı-vaxtında ödənilməsini Cavabdeh öhdəliyinə götürmüşdür. Müqaviləyə əsasən mənzildə yaşayıb-yaşamamağından asılı olmayaraq xidmət xərcləri onun tərəfindın aylıq ödənilməlidir. "xxxx" MMC-nin direktoru tərəfindən təqdim edilmiş 134 saylı, xx.xx.2024-cü il tarixli arayışa əsasən, "xxxx" MMC ilə bağlanılmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi 40, bina 2, 122 nömrəli mənzilə dair kommunal xidmətlərə görə borcu iyul ayı daxil 2024-cü il tarixə 2947 (iki min doqquz yüz qırx yeddi) manat təşkil edir. xx.xx.2022-ci il tarixli “Kommunal xidmətlərin göstərilməsinə dair” müqaviləyə əsasən, "xxxx" MMC Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi 40 ünvanında yerləşən 2 saylı binada kommunal xidmətlərin göstərilməsini həyata keçirir. Xidmət xərci aylıq hər kv.m. üçün 0.30 manat, fasad liftinin istismarına görə 50 manat təşkil edir, yaşayıb-yaşamamağından aslı olmayaraq aylıq kommunal ödənişi ödənilməlidir. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi 40 ünvanında yerləşən bina 2, 122 nömrəli mənzil üzrə 2947 manat məbləğində borcu var. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 29. Yaşayış sahəsi mülkiyyətçisinin hüquq və vəzifələri 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır Maddə 135. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. 135.3. Dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələrinə müəyyən edilmiş qaydada vətəndaşlar köçürülənədək, yaşayış sahələrinin saxlanmasına və kommunal xidmətlərə görə xərcləri müvafiq olaraq dövlət orqanları və bələdiyyələr çəkir. Maddə 136. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın tərkibi 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Maddə 137. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 354. Etibarsız əqdlər üzrə müddətlər 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər.
3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır.
4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir.
5. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir.
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir.
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
Məhkəmə tərəflərin izahatları və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, ilkin iddia əsaslıdır və təmin edilməlidir, qarşılıqlı iddia isə əsassızdır və təmin edilməməlidir. Belə ki, məhkəmə ilkin iddiaya qiymət verərək qeyd edir ki, ilkin iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, ilkin iddia üzrə iddiaçı "xxxx" MMC və ilkin iddia üzrə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-nin direktoru Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi 40, bina 2, 122 nömrəli mənzilin sahibi Cavabdeh yaşayış binasının ümumi əmlakının saxlanması yükünü daşıyır və o, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməli olduğu halda, bu xidmətləri həyata keçirən "xxxx" MMC-yə bununla bağlı hər hansı ödəniş etməmiş və, onun binada göstərilən kommunal xidmət haqqına görə 2947 manat məbləğində borcu yaranmışdır. Odur ki, iddia əsaslı hesab edilərək təmin edilməlidir və 2947 manat məbləğində borc Cavabdeh tutulmalıdır. Məhkəmə ilkin iddianın 49.47 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu ilkin iddia üzrə cavabdehə aid edilməli və ilkin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə cavabdehdən alınaraq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Məhkəmə Cavabdeh ilə "xxxx" MMC arasında olan xx.xx.2022-ci il tarixli “Kommunal xidmətlərin göstərilməsinə dair” müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasına münasibətdə qeyd edir ki, qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarına istinadən qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Beləliklə, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Beləliklə, əqdlərin etibarlı olması üçün qanunda nəzərədə tutulmuş 4 şərtin mövcudluğu vacibdir. Əqdin subyektiv tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqdə iradə və iradənin ifadə edilməsinə aid edilən şərt, əqdin formasina aid edilən şərt. Bu şərtlərin hər biri olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd etdikləri və istədikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Məhkəmə yuxarıda istinad etdiyi qanunvericilik normalarının müddəalarını və işin faktiki hallarını təhlil edərək belə qənaətə gəlir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 16 iyun 2022-ci il tarixli kommunal xidmətin göstərilməsinə dair müqavilə hər bir tərəf öz iradə ifadəsini bildirməklə, kommunal xidmətin göstərilməsinə dair müqaviləsinin şərtlərinə uyğun tərtib edilmişdir. Həmin müqavilənin etibarlılığını şübhə altına alan halların mövcud olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, qarşılıqlı iddiaçı cavabdehlə alqı-satqı müqaviləsi imzalandıqda əlavə olaraq bir neçə sənədin də ona imzalatdırıldığını, imzaladığı həmin sənədlərin nədən ibarət olmasını ona cavabdeh tərəfindən aydınlıq gətirilmədiyini, beləliklə də hüquqları kobud surətdə pozularaq hər bir müqavilənin imzalanmasında öz iradəsini ifadə etmək hüququnu realizə etməyinə şərait yaradılmamasını, eyni zamanda cavabdehin özünü “idarəedici təşkilat" adlandıraraq ona idarəetmə üsulunu məcburən təklif etdiyini və beləliklə, cavabdehin qanunsuz olaraq aldatma və məcburetmə yolu ilə sahə mülkiyyətçilərlə bu cür müqavilə bağladığını iddia etsə də, müqavilə tərəfi olan Cavabdeh yetkinlik yaşına matmış tam fəaliyyət qabiliyyətli şəxs olduğunu nəzərə alaraq məhkəmə bu dəlilləri ağlabatan hesab etmir. Eyni zamanda qarşılıqlı iddiaçı qeyd etdiyi dəlillərə dair məhkəməyə hər hansı sübut da təqdim etməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı sözü gedən müqavilənin aldatma və məcburetmə nəticəsində bağlandığını iddia etsə, bu əsasla müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddianı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə nəzərdə tutulmuş kəsici müddəti ötürməklə vermişdir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında kommunal xidmətin göstərilməsinə dair müqavilə 16 iyun 2022-ci il tarixində bağlanmış və beləliklə müqavilə öhdəlikləri həmin tarixdən yaranmışdır. Qarşılıqlı iddiaçı tərəfindən bunun əksini təsdiq edəcək hər hansı dəlil və ya sübut məhkəməyə təqdim edilməmişdir. Yəni müqavilənin etibarsızlığı üçün əsas hesab etdiyi hallar Cavabdeh artıq 2022-ci ildə məlum olmuşdur, buna baxmayaraq o hazırkı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə 2024-cü ilin oktyabr ayında, yəni qanunvericiliklə müəyyən edilmiş bir illik kəsici müddəti ötürməklə, müraciət etmişdir. Məhkəmə qeyd edir ki, kəsici müddət şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Kəsici müddətin ötürülməsi, subyektiv hüququnun həyata keçirilməməsi və ya lazımı qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtında əvvəl xitamına səbəb olur. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış 16 iyun 2022-ci il tarixli kommunal xidmətin göstərilməsinə dair müqaviləni mübahisələndirmək hüququna, tərəfindən qanunvericiliklə müəyyən edilmiş kəsici müddət ötürüldüyünə görə xitam verilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16 iyun 2022-ci il tarixli kommunal xidmətin göstərilməsinə dair müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası əsassız hesab edilərək rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İlkin iddia təmin edilsin. Kommunal xidmət haqqı borcuna görə 2947 (iki min doqquz yüz qırx yeddi) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 49,47 (qırx doqquz manat qırx yeddi qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16 iyun 2022-ci il tarixli kommunal xidmətin göstərilməsinə dair müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova