Məhkəmə qərarları › İş №e-2(011)-4163/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4163/2024

01.11.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4163/2024 01.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. İddiaçı Cavabdeh İB-nin X10 İstismar İdarəsi ilə aralarında bağlanmış 27 yanvar 2015-ci il tarixli, 344 nömrəli əmək müqaviləsinə əsasən həmin idarənin Ağcabədi rayonu üzrə sayğacların qəbulu və istismarı xidməti idarəsinə nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə təyin edilmişdir. İşə təyin edildiyi vaxtdan 05 iyul 2023-cü il tarixə kimi də həmin xidmətdə əmək funksiyasını lazımi şəkildə icra etmiş, heç bir nöqsana yol verməmişdir.

2. Lakin Cavabdeh İB-nin X10 İstismar idarəsinin xx.xx.2023-cü il tarixli, 14-2-2-11/3- 1K-168/2023 nömrəli əmri ilə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsini əsas göstərməklə əmək müqaviləsinə xitam vermiş və əmrin verilməsinin əsası kimi TSEK-də sonuncu müayinəyə dair məlumatı göstərmişdir.

İddiaçının tələbi:

3. Cavabdeh İB-nin X10 İstismar İdarəsinin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 14-2-2-11/3 1K-168/2023 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının Cavabdeh İB-nin X11 İstismar İdarəsinin Ağcabədi rayonu üzrə sayğacların qəbulu və istismarı xidməti idarəsinə nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə bərpa edilməyi və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesanblanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir.

Cavabdehin etirazı:

4. Cavabdeh İB-nin nümayəndəsi X5 xx.xx.2024-cü il tarixində məhkəməyə etirazla müraciət edərək, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. xx.xx.2024-cü il tarixində Cavabdeh İB-nin nümayəndəsi X7 məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 14-2-2-11/3-1K-168/2023 nömrəli əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi tələbi barədə iddia ərizəsinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

6. Cavabdehin nümayəndəsi X7 xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət edərək bildirmişdir ki, Əmək Məcəllsəinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, işçi hüququnun pozulduğu gündən 1 ay müddətində məhkəməyə müraciət edə bilər, lakin iddiaçı tərəfindən müddət ötürülmüşdür. Müddətin tətbiq edilməsini xahiş etmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil öz izahatında bildirmişdir ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi səbəbindən xitam verilmişdir. Ona 2023-cü ilin mart aprel ayında Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatında əmək qabiliyyətsizdir diaqnozu qoyulduğu və onun düzəldilməsini bildirmişdirlər. 2023-cü ilin 24 iyul tarixli məlumatda isə yüngül işlərdə işləyə bilər diaqnozu qoyulmuşdur. Əmrdə iddiaçının 6 ay işdən dayanması qeyd edilmişdir, lakin iddiaçı bir gün də olsa işdən dayanmamışdır. İddiaçı əmək müqaviləsinə xitam verildiyini əvvəlcədən bilmiş, lakin mübahisənin sülh yolu ilə həll olunmasını istəmişdir. Həmçinin iddiaçının iddia müddətini ötürməsinin digər bir səbəbinin onun ailəsində baş verən problemlər olduğunu bildirmişdir. Bununla bağlı iş materiallarına iddiaçı tərəfindən müddətin bərpa edilməsi ilə bağlı ərizə də yüklənmişdir. Ekspert rəyi ilə razı olmadığını, həmin imzanın iddiaçı tərəfindən çəkilmədiyini bildirmişdir. İddiaçı heç bir əsas olmadan işdən çıxarılmışdır. Məhkəmə iclasında iddiasını müdafiə etmiş, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 öz izahatında bildirmişdir ki, Cavabdeh İB-nin X10 İstismar idarəsinin xx.xx.2023-cü il tarixli, 14-2-2-11/3- 1K-168/2023 nömrəli əmri ilə iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəllsəinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, işçi hüququnun pozulduğu gündən 1 ay müddətində məhkəməyə müraciət edə bilər, lakin iddiaçı tərəfindən müddət ötürülmüşdür. Müddətin tətbiq edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

9. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək bidlirmişdir ki, iddiaçı özü xx.xx.2024-cü il tarixində Cavabdeh İB-nin X10 İstismar idarəsinə getdikdən sonra əmri əldə etmişdir. Lakin əmrin sürətinin ona verilməsi ilə bağlı heç bir akt və qəbzləşmə aparılmamışdır. Ona görə də o, qanunla müəyyən edilmiş 1 aylıq müddəti üzrlü səbəbdən ötürmüşdür. Məhkəmədən iddia ərizəsinin mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh İB-nin X10 İstismar İdarəsinin rəisi X4 ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsi.

11. Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən, İddiaçı mediassiya sessiyasında iştirak etmiş, Cavabdeh İB-nin X10 İstismar İdarəsinin rəisi Ayaz Muxtarov mediassiya sessiyasında iştirak etməmişdir. İddiaçı 60 manat mediasiya xərci ödəmişdir.

12. 13 mart 2023-cü il tarixli pretenziya məktubuna əsasən, Mİddiaçı Cavabdeh İBnin X10 İstismar İdarəsinin 05 iyul 2023-cü il tarixli 14-2-2-11/3-1K-168/2023 nömrəli əmrinin ləğv edilərək onun yenidən əvvəlki çilingər işinə bərpa edilməsini xahiş etmişdir.

13. Cavabdeh İB-nin X10 İstismar İdarəsinin rəisi Ayaz Muxatarovun 05 iyul 2023-cü il tarixli, 14-2-2-11/3-1K-168/2023 №-li əmrinə əsasən, xx.xx.2023-cü il tarixində işçi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi səbəbindən əmək müqaviləsinə xitam verilmişdir.

14. Cavabdeh İB tərəfindən verilmiş əmək kitabçasının və onun içliyinin hərəkətinin uçotu Kitabı.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş, 4/1000 №-li, 13 avqust 2024-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizasına əsasən, 1. ekspertizaya təqdim edilmiş, Cavabdehnə aid Əmək kitabçasının və onun içliyinin hərəkətinin uçotu Kitabının 344-cü sıranın qarşısında “Əmək kitabçasını alan fəhlə və ya qulluqçunun imzası” qrafasındakı imza və “14.07.23” rəqəmləri İddiaçı tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim edilmiş, Cavabdehnə aid Əmək kitabçasının və onun içliyinin hərəkətinin uçotu Kitabının 344-cü sıranın qarşısında “İşdən azad olmanın əsası və əmək kitabçasının verilməsi tarixi” qrafasındakı “05.07.23” rəqəmləri-İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

16. Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi tərəfindən verilmiş “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair” xx.xx.2023cü il tarixli çıxarışa əsasən, İddiaçı ilinci dərəcəli əlillik ilə əmək qabiliyyətsizdir diaqnozu qoyulmuşdur.

17. Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi tərəfindən verilmiş “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair” xx.xx.2023cü il tarixli çıxarışa əsasən, İddiaçı ilinci dərəcəli əlillik ilə yüngül işlərdə işləyə bilər diaqnozu qoyulmuşdur.

18. “X2” ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, İddiaçı (Hesab №:********************) adına hesabdan çıxarış.

19. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikasının Konstitusiyası: 36.İİİ. Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir.

21. 1996-cı il 3 may tarixli Dəyişdirilmiş Avropa Sosial Xartiyası:

24. İşçilərin əmək münasibətlərinə xitam verilməsi hallarında müdafiə hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər aşağıdakıları tanımaq öhdəliyini götürürlər: a) bütün işçilərin, onların vəzifəsi və ya davranışı, yaxud müəssisənin, idarənin və ya xidmətin istehsal tələbləri əsasında əmək münasibətlərinə xitam verilməsi üçün qanuni səbəblər olmadan əmək münasibətlərinə xitam verilməməsi hüququ; b) qanuni səbəblər olmadan əmək münasibətlərinə xitam verilmiş işçilərin adekvat kompensasiya və ya digər müvafiq müavinətlər almaq hüququ. Bu məqsədlə Tərəflər əmək münasibətlərinə əsassız xitam verildiyini hesab edən işçinin qərəzsiz orqana şikayət etmək hüququnu təmin etmək öhdəliyini götürürlər. 26.2. iş yerində və yaxud işlə bağlı ayrı-ayrı işçilərə qarşı yönəldilmiş daimi çirkin və ya xüsusilə mənfi və təhqiredici hərəkətlər barədə izahatı, məlumatlandırmanı və onun qarşısının alınmasını dəstəkləmək və işçiləri bu cür davranışdan qorumaq üçün bütün lazımi tədbirləri görmək.

22. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (AR ƏM): 2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 3.3. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. 3.9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. 10.Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

11. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;

12. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; ç) kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək; d) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək.

14. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 74.1. Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: c) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə; 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.

24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi (AR MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.1. Əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar.

26. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair 30 iyul 2021-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.

Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir.

Məhkəmənin mövqeyi:

27. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, məhkəmə iştirakçılarının izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

28. Belə ki, AR ƏM-nin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən AR ƏM əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu isə onu ehtiva edir ki, Əmək Məcəlləsi işəgötürən və işçi arasında olan əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsiplərinə əsaslanır və hər hansı fərqli yanaşmaya yol vermir.

29. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.

30. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2015-ci il tarixli əmək müqaviləsi əsasında Ağcabədi rayonu üzrə sayğacların qəbulu və istismarı xidməti idarəsinə nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinda işləmiş, Cavabdeh İB-nin X10 İstismar İdarəsinin rəisi Ayaz Muxatarovun 05 iyul 2023-cü il tarixli, 14-2-2- 11/3-1K-168/2023 №-li əmrinə əsasən isə, xx.xx.2023-cü il tarixində işçi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndi ilə xitam verilmişdir (§13).

31. İddiaçının iddia tələbində hüquqi qiymət verilməli olan növbəti hüquqi əsas isə mübahisələndirilən əmrin qanuniliyi ilə bağlı olan məsələdir.

32. Lakin məhkəmə hesab edir ki, növbəti addım kimi ikinci hüquqi əsası (əmrin qanuniliyi məsələsini) araşdırmağa ehtiyac qalmır, çünki iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.

33. Qanunvericiliyin verdiyi anlayışa əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyən edilən müddətdir. Hüququ pozulmuş tərəf həmin müddət çərçivəsində hüququnu müdafiə etmək üçün iddia qaldırmırsa, iddia tələbi əsaslı olsa da belə, qarşı tərəfin bu barədə verdiyi ərizə əsasında onun iddiasının təmin edilmə imkanı aradan qalxmış olur və bu hal məhkəmə tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi ilə yekunlaşır.

34. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair 30 iyul 2021-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. (§26).

35. İşin mübahisəsiz hallarından da görünür ki, iddiaçı 05 iyul 2023-cü il tarixli, 14-2- 2-11/3-1K-168/2023 №-li əmrin ləğvi barədə iddia ərizəsini xx.xx.2024-cü il tarixdə, yəni əmək mübahisələri üzrə qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürməklə məhkəməyə təqdim etmişdir.

36. Lakin, iddiaçı həm öz izahatlarında(§7), həm də xx.xx.2024-cü il tarixli ərizəsində(§9) xx.xx.2024-cü il tarixində əmrin sürətini əldə etdiyini və iddia müddətini üzrlü səbəbdən ötürdüyünü bildirmişdir.

37. Lakin məhkəmə araşdırması zamanı təyin edilmiş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş, 4/1000 №-li, 13 avqust 2024-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizasına əsasən, ekspertizaya təqdim edilmiş, Cavabdehnə aid Əmək kitabçasının və onun içliyinin hərəkətinin uçotu Kitabının 344-cü sıranın qarşısında “Əmək kitabçasını alan fəhlə və ya qulluqçunun imzası” qrafasındakı imza və “14.07.23” rəqəmləri İddiaçı tərəfindən icra olunmuşdur. (§15). Deməli, İddiaçı xx.xx.2023-cü il tarixində sözügedən əmrin qəbul edildiyini bilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. (§23).

38. Məhkəmə hesab edir ki, iddia tələbi “05 iyul 2023-cü il tarixli, 14-2-2-11/3-1K- 168/2023 №-li əmrin ləğv edilməsi və işə bərpa” hissəsində əsassız olduğundan digər hissələrdə də əsasızdır və rədd edilməlidir.

Məhkəmə xərcləri:

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində işə baxılması ilə əlaqədar məsrəflərin siyahısına həmçinin ekspertlərə verilməli olan məbləğlər aid edilmişdir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən mülki iş üzrə keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizaları üzrə 110 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq dövlət gəlirlərinə alınmalıdır.

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

1. İddia rədd edilsin.

2. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 110 (yüz on) manat İddiaçı tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.

3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar