Məhkəmə qərarları › İş №e-2(011)-4366/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4366/2023

29.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4366/2023 29.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı "mənzildən çıxarılma" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 456/5 nömrəli “X5 iş yerindən mənzil verilməsi haqqında” Sərəncamına əsasən mübahisəli Bakı şəhəri, Xətai rayonu, General Şixlinski küçəsi, məhəllə 2942, ev 1, mənzil 71 atama ayrılmış və xx.xx.1992-ci il tarixdə mənzilə dair ona order verilmişdir. Lakin 1992-ci ildə cavabdehlər tərəfindən qanunsuz olaraq mənzil zəbt edilmişdir və onlar bu günədək mənzildən çıxmırlar. Həmin səbəbdən də iddiaçı ailəisi ilə birgə ora köçüb yaşaya bilməmişdir. İddiaçıya və onun ailə üzvlərinə məxsus başqa mənzil olmadığından başqa-başqa yerlərdə kirayələrdə yaşamaq məcburiyyətində qalmışlar.

2. İddiaçının atası xx.xx.2018-ci ildə vəfat etmişdir və iddiaçı vərəsəlik qaydasında mənzili iddiaçı miras olaraq qəbul etmişdir. Buna dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə xx.xx.2022-ci il tarixdə qeydiyyat aparılmışdır.

3. Azərbaycan Respublikası Qaçqınlar və X4 Üzrə Dövlət Komitəsinin Xətai rayon Sektorundan verilmiş 10 fevral 2023-cü il tarixli arayışla bildirilib ki, ünvan 1 ünvanında Şuşa rayonundan məcburi köçkün Cavabdeh3, oğlu Cavabdeh2, məcburi köçkün olmayan gəlini Cavabdeh1 ilə birgə müvəqqəti məskunlaşmışlar. Cavabdehlərin mənzili xoşluqla boşaltmaları üçün iddiaçı günün müxtəlif vaxtlarında mənzilə dəfələrlə getmişdir, lakin hər dəfə onlar mənzildə olmamışdır. Sonradan iddiaçı öyrənmişdir ki, cavabdehlər Quba rayonuna köçüb orada yaşamağa başlayıblar. Hətta cavabdehlərdən Cavabdeh2 Quba rayon Polis Şöbəsində xidmət edir. İddiaçı hesab edir ki, onun yaşamağa özünə məxsus başqa yaşayış yerim olmadığından, cavabdehlər mübahisəli manzildən daimi yaşayış yeri kimi istifadə etmədiklərindən və daimi olaraq Quba şəhərində yaşadıqlarından onlar mübahisəli mənzildən çıxarılmalıdırlar.

İddiaçının tələbi:

4. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 azyaşlı uşaqları ilə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi məhəllə 2942, 1 saylı evin, 71 saylı mənzilindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

5. Cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz və əlavə sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil öz izahatında qeyd etmişdir ki, mübahisəli mənzil iddiaçının atasına məxsus olmuşdur. Binanın tikintisi başa çatmamışdan da əvvəl cavabdehlər həmin mənzili zəbt etmişlər və bu günə qədər də oranı tərk etməmişdirlər. İddiaçının başqa yaşayış yeri olmadığından öz ailə üzvləri ilə birlikdə uzun müddət kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Həmçinin iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, cavabdehlər hal-hazırda sözügedən mənzildə yaşamırlar. Cavabdehlərdən biri Cavabdeh2 Quba şəhərində polis kimi xidmət etməkdədir. Cavabdehlərdən yalnız biri- Cavabdeh3 həmin mənzildə yaşasa da, o daha çox öz oğlu ilə birgə də yaşayır. Bu isə cavabdehlərin başqa yaşayış yeri olmasını sübut edir. Cavabdeh3 qız övladı ailə həyatı qurub köçdükdən sonra həmin mənzildə yaşamamışdır, lakin hal-hazırda mübahisəli mənzildə yaşamaları ilə bağlı məlumatları var. Həmin şəxsin həyat yoldaşı məcburi köçkün deyil, ev boş qaldığından gəlib həmin mənzildə yaşayırlar.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 öz izahatında qeyd etmişdir ki, mülki iş materialları ilə tanış olmuşdur və sorğu kommunal ödənişlərin edilib- edilməməsi ilə bağlı deyil, qaz, işıq və sudan istifadə edilib-edilməməsi ilə bağlı verilməlidir. Cavabdeh bildirmişdir ki, sudan istifadə etmişdir, lakin bununla bağlı ödəniş etməmişdir, həmin mənzildə tək yaşadığından təbii qazdan limit həcmində istifadə etmişdir. İddiaçı bildirmişdir ki, Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə müraciət etmişdir, birinci və ya ikinci köçlə Şuşaya köçəcəkdir. İddia tələbi ilə bağlı cavabdeh qeyd etmişdir ki, o, Şuşa şəhərinə köçürülənədək sözügedən mənzildə yaşamasına icazə verildiyi halda iddia tələbi ilə razılaşa bilər.

8. Cavabdeh2 öz izahatında qeyd etmişdir ki, o hal-hazırda Quba rayonunda işləyir, ailəsi ilə orda kirayədə qalır. Mübahisəli mənzildən hal-hazırda çıxmaq istəmir, belə ki, istirahət günlərində Bakıya gəldikdə həmin mənzildə qalır. Şuşa şəhərinə köçürüləndə o mənzildən çıxacaq.

9. Cavabdeh1 öz izahatında qeyd etmişdir ki, o, mübahisəli mənzilə gəlin köçmüşdür, həyat yoldaşı ilə bir yerdə yaşayır, həmin evdə də qalır. Mübahisəli mənzildən ailəsi ilə birlikdə Şuşa şəhərinə köçürüləcəyi təqdirdə çıxa bilər.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

10. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Xətai Rayon Sektoru tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Kredo” Vəkil Bürosuna ünvanlanmış 10 fevral 2023-cü il tarixli 16 nömrəli məktuba əsasən, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Xətai rayonu üzrə siyahısında ünvan 3 ünvanında Şuşa rayonundan məcburi köçkün Cavabdeh3, oğlu Cavabdeh2 və məcburi köçkün olmayan gəlini Cavabdeh1 ilə birgə müvəqqəti məskunlaşmışlar. Ünvanda məskunlaşan şəxslərin sayında X6 yoxdur.

11. xx.xx.2022-ci il tarixli tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi ünvan 4 ünvanında qeydiyyatda olan qızı İddiaçıdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X5 verilmiş **********80-05101-093004 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi məhəllə 2942, ev 1, mənzil 71 yeni qaydalarla: AZ1016, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 51.54 kv.m olan mənzildən ibarətdir.

12. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi məhəllə 2942, ev 1, mənzil 71 yeni qaydalarla: AZ1016, ünvan 5 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.

13. 13 iyul 2023-cü il tarixli “Azəriqaz” İstehsalat Birliyi tərəfindən göndərilmiş cavaba əsasən, **********30710 nömrəli istehlakçı hesabı X1 adına rəsmiləşdirilmişdir. 2013-2019cu illər ərzində cəmi ödəniş 630 manat, cəmi sərfiyyat isə 6330 m3 olmuşdur.

14. 19 iyul 2023-cü il tarixli "xxxx" ASC tərəfindən göndərilmiş cavaba əsasən, həmin ünvanda 2019-2022-ci illər arasında sudan istifadə edilməmiş və heç bir ödəniş həyata keçirilməmişdir. Yalnız 2022-ci ilin oktyabr ayı üçün 17,3 m3 və noyabr ayı üçün 10 m3 sərfiyyat olmuş və 27,3 manat ödəniş edilmişdir. 2022-ci ilin dekabr ayı üçün 8 m3 sərfiyyat və 8 manat ödəniş edilmişdir. 2023-cü ilin yanvar-iyun ayları arasında sudan istifadə edilmiş və müvafiq ödənişlər həyata keçirilmişdir.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikasının Konstitusiyası: 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. 43.İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 43.İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

16. Avropa Konvensiyasına 1 saylı əlavə Protokol

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

19. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu:

5. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

Məhkəmənin mövqeyi:

21. Məhkəmə tərəflərin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

22. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi məhəllə 2942, 1 saylı evin, 71 saylı mənzilinin İddiaçı mülkiyyətində olması, cavabdehlərin məcburi köçkün olduqdan sonra iddiaçıya məxsus mənzildə məskunlaşmaları işin mübahisəsiz hallarıdır.

23. Qeyd edilən Konstitusiya müddəaları (§15) və beynəlxalq hüquq normaları (§16) mülkiyyət hüququnun ən üstün hüquq olaraq qorunmasını tələb edir. Yalnız xüsusi hallarda və qanunla müəyyən edilmiş qaydada, habelə dövlətin təhlükəsizliyi və ya cəmiyyətin maraqlarının qorunması, dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququ ilə bağlı mülkiyyət hüququ məhdudlaşdırıla, yaxud müsadirə edilə bilər. Hazırki mübahisə üzrə qeyd edilən halların hər hansı biri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bu halda iddiaçı mülkiyyətində olan mənzilini cavabdehlərdən geri tələb etməkdə haqlıdır.

24. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsinin hüquqi əsasları göstərilmişdir. Qeyd edilən müddəanın mənasından göründüyü kimi, mülkiyyətçinin (əmlak hüquqlarına malik olan sahibin) öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) həmin şəxsin sahibliyinin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçiyə (qanuni sahibə) MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməsyə imkan verir. (§17) . İşin şərh edilən halları MM-nin 157.2-ci maddəsində əks olunmuş hər üç dispozitiv şərtin mövcud olmasını təsdiq edir. Odur ki, iddiaçının ona məxsus Mənzil üzərində mülkiyyət hüququ təmin edilməli və cavabdehlər həmin Mənzildən çıxarılmalı, Mənzil iddiaçıya təhvil verilməklə iddia təmin edilməlidir.

25. Mənzilin mülkiyyətçisinin iddiaçı olması işin yuxarıda da qeyd edildiyi kimi işin mübahisəsiz halıdır (§12). Mənzilin cavabdehlərin sahibliyində olması da iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. (§10) Mənzilin cavabdehlərin sahibliyində qanunsuz olması ilə bağlı məhkəmə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, cavabdehlərin Mənzilə dair hər hansı məzmunda hüquqmüəyyənedici sənədləri mövcud deyil. Cavabdehlərin- Cavabdeh3, Cavabdeh2 daimi yaşadıqları evlərindən və doğma torpaqlarından məcburi köçkün düşdükləri, Cavabdeh1 gəlin köçdükdən sonra iddiaçıya məxsus Mənzildə yaşamağa başlamışlar. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və azyaşlı uşaqları faktiki həmin mənzildə yaşamırlar. (§8, §9) Hər iki cavabdehin azyaşlı övladlarının yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. (§17) Cavabdeh3 isə müəyyən müddət həmin məzildə yaşamamış, oğlunun yanında yaşamışdır. (§13, §14).

26. Məhkəmə qeyd edir ki, cavabdehlərin məcburi köçkün kimi Mənzildə yaşamaları qanuni əsas hesab edilə bilməz. Belə ki, «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. (§19) Cavabdehlərin məcburi köçkün kimi iddiaçıya məxsus mənzildə məskunlaşmaları iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozmaqdadır.

27. Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) ayrı-ayrı presedentlərində mülkiyyət hüququnun müdafiəsi ilə bağlı qəbul olunmuş ümumi mövqe, təcrübə mövcuddur. AİHM –in Marks Belçikaya qarşı iş (Case of Marckx v. Belgıum, 1979) üzrə qərarında qeyd edilmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə (Case of Sporrong and Lönnroth v. Sweden, 1984) isə AİHM göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. AİHM-in Radanoviç Xorvatiyaya qarşı (Case of Radanovıć v. Croatıa, 2006) işində qeyd edilir ki, hazırkı işdəki vəziyyət sosial və maliyyə yükünün ədalətli bölüşdürülməsini tələb edir. Bu yük digər qrupun və ya bütövlükdə cəmiyyətin maraqlarının nə qədər əhəmiyyətli olmasından asılı olmayaraq, tək bir sosial qrupun və ya fərdi şəxsin üzərinə qoyula bilməz (Hutten-Czapska Polşaya qarşı, 1997). Müvəqqəti sakinə (məcburi köçkünə) qalmaq üçün yerlə təmin etmək yükü - Dövlət tərəfindən daşınmalı idi. AİHM hesab etmişdir ki, Xorvatiya hakimiyyət orqanları mülkiyyət hüququ ilə bağlı cəmiyyətin ümumi maraqları ilə ərizəçinin hüquqlarının müdafiəsi arasında lazımi ədalətli tarazlığı saxlaya bilməmişdir. Bunun nəticəsində ərizəçi həddindən artıq fərdi yük götürməli olmuş, nəticədə onun mülkiyyət hüququna edilən müdaxilə qarşıya qoyulan qanuni məqsədlə mütənasib hesab edilməmişdir.

28. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslıdır və iddiaçının pozulmuş mülkiyyət hüquqlarının bərpa olunması üçün iddia tələbi təmin edilməlidir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 azyaşlı uşaqları ilə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi məhəllə 2942, 1 saylı evin, 71 saylı mənzilindən çıxarılmalıdırlar.

Məhkəmə xərcləri:

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Dövlət rüsumunun ödənilməsi ilə bağlı tələb olmadığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ:

1. İddia tələbi təmin edilsin.

2. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 və onların yetkinlik yaşına çatmayan övladı Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi məhəllə 2942, 1 saylı evin, 71 saylı mənzilindən çıxarılsınlar.

3. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

4. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar