Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4410/2022 29.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh SOCAR-ın “Qaz İxrac” İdarəsinin etibarnamə üzrə nümayəndəsi və vəkili X2, etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakları ilə İddiaçı cavabdehlər SOCAR-ın “Qaz İxrac” İdarəsinə və SOCAR-ın “Qaz İxrac” İdarəsinin Astara X1rşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, müavinətin, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdeh SOCAR-ın “Qaz İxrac” İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın “Qaz İxrac” İdarəsinin Astara Magistral X10 30 mart 2022-ci il tarixli 024 K saylı əmrinin ləğv edilməsi, işə bərpa, cavabdehdən iddiaçının xeyrinə 15 mart 2022-ci il tarixdən 17 aprel 2022-ci il tarixə qədər məcburi işburaxmaya görə əmək haqqının, atasının vəfatı ilə əlaqədar 3 aylıq müavinətin, 10.000 manat maddi və 15.000 manat mənəvi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Astara şəhərində yaşayır. O, 2020-ci ildə başlayan və 44 günlük müharibədə zəfər qazanan Azərbaycan Ordusunda Qarabağın azadlığı uğrunda döyüşmüşdür, İkinci Qarabağ müharibəsi iştirakçısıdır. Onun atası X7 uzunmüddətli əmək stajına malik olmuşdur. O, uzun illər SOCAR-ın “Qaz İxrac” İdarəsinin Astara Magistral X11 kompressor stansiyasında “nasos qurğularının maşinisti” peşəsində işləmişdir. 2019-cu ilin oktyabr ayında atası xəstələnmiş və onkoloji xəstəliklə əlaqədar 2 il 7 ay müalicə almışdır. Bu müalicə uzun müddət davam etmiş, işləyə-işləyə X4 ambulator, Onkoloji Mərkəzdə kimya terapiyası və sair müalicə və müayinələr almışdır. 2021-ci ilin sentyabr ayından isə artıq ümumiyyətlə işə çıxa bilməmiş, 6 ay ərzində intensiv müayinə, müalicə və kimya terapiya qəbul etmişdir. İddiaçının atası 6 ay müddətində əmək qabiliyyətinin itirilməsi barədə xəstəlik vərəqələri almış və müvafiq qaydada işlədiyi müəssisəyə təqdim etmişdir. Xəstəliyi dövründə nə SOCAR-ın “Qaz İxrac” İdarəsi, nə “Qaz İxrac” İdarəsinin Astara Magistral X14 tərəfindən, nə də Həmkarlar Təşkilatı tərəfindən iddiaçının atasına heç bir maddi və mənəvi kömək göstərilməmişdir. 2022-ci ilin mart ayının 14-də iddiaçının atasına xəstəlik vərəqəsi verilməsi qanunvericiliyə əsasən dayandırılmışdır. Bu 6 ay tamam olandan sonra digər xəstələr kimi atasının da sənədləri müalicə aldığı və eyni zamanda xəstəlik vərəqi verilən X6 tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Müvafiq araşdırmalardan sonra Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının atasına vəfatından əvvəl 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Atasının sonuncu xəstəlik vərəqələri 14 mart 2022-ci il tarixdə bağlanmış və sənədləri X6 tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. 15 mart 2022- 18 mart 2022-ci il tarixli iş günləri üçün iddiaçının atasına X6 tərəfindən işə çıxa bilməməsinin xəstə olması və üzrlü səbəblərdən işə çıxmaması ilə əlaqədar Tibbi Arayış verilmiş və həmin arayış işlədiyi müəssisəyə təqdim edilmişdir. 19 mart 2022- 28 mart 2022-ci il tarixləri bayram və qeyri-iş günləri olmuşdur. İddiaçının atası bu tarixdən sonra yalnız xəstəliyi ilə əlaqədar 2 gün olmaqla, 28 mart və 29 mart tarixlərində işə çıxa bilməmişdir. SOCAR-ın “Qaz İxrac” İdarəsinin Astara Magistral X10 30 mart 2022-ci il tarixli 024 K saylı əmri ilə iddiaçının atası ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçinin öz təşəbbüsü ilə 30 mart 2022-ci il tarixdə ləğv edilmişdir. Bundan 17 gün sonra, 17 aprel 2022-ci il tarixdə iddiaçının atası rəhmətə getmişdir. SOCAR-ın “Qaz İxrac” İdarəsinin Astara Magistral X14 həyatının son günlərində iddiaçının atasına maddi və mənəvi ziyan vurmuşdur, təzyiq yolu ilə ona ərizə yazdırmışdır, həm də onun ailəsini ölümlə əlaqədar ən azı 3 aylıq müavinət alma hüququndan mərhum etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, SOCAR-ın “Qaz İxrac” İdarəsinin Astara Magistral X10 cavabdeh qismində işə cəlb olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, SOCAR-ın “Qaz İxrac” İdarəsinin Astara Magistral X10 30 mart 2022-ci il tarixli 024 K saylı əmrinin ləğv edilməsi, işə bərpa, cavabdehdən iddiaçının xeyrinə 15 mart 2022-ci il tarixdən 17 aprel 2022-ci il tarixə qədər məcburi işburaxmaya görə əmək haqqının, atasının vəfatı ilə əlaqədar 3 aylıq müavinətin, minimum əmək haqqının 20 misli həcmində maddi yardımın, 10.000 manat maddi və 15.000 manat mənəvi ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh SOCAR-ın “Qaz İxrac” İdarəsinin etibarnamə üzrə nümayəndəsi və vəkili X3, etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia tələbinə etiraz edərək onun təmin olunmamasını xahiş etdilər. Cavabdeh SOCAR-ın “Qaz İxrac” İdarəsinin Astara Magistral X12 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Neftçilərin Hüquqlarını Müdafiə X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən Şahid öz izahatında bildirmişdir ki, o, Astara X11 Kadrlar üzrə mütəxəssisdir. 14 sentyabr 2021-ci ildən o, işə qəbul edilmişdir. İddiaçının atası həmin vaxt işə çıxmırdı. Onun bülleteni həm mühasibatlıq, həm kadrlara təqdim olunurdu. Mart ayında xəstənin yoldaşı onlara müraciət edərək yoldaşına bülleten verilmədiyini bildirmişdir. Ona xəstənin 4 gün işə çıxmadığı bildirilmişdir. Onlar 15-18 mart arası 4 günü üzrlü hesab etmişlər. Xəstənin oğlu onlara bildirmişdir ki, daha arayış təqdim olunmur. Daha sonra 2 gün də stansiya rəisi tərəfindən Həmkarların Protokolu əsasında üzrlü hesab edilmiş və əmək münasibətlərinə xitam verilmişdir. İddiaçı onlara müraciət edib atasının işdən çıxmaq istədiyini bildirmişdir. Onlar 29 mart 2022-ci il tarixdə Vüqar Abbasovu görmüşlər. O, xəstə olduğu üçün onlar yaşadığı evə getmiş və ona ərizə yazdırmışlar. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. İlkin olaraq məhkəmə qeyd edir ki, hazırkı iddia iki cavabdehə qarşı yönəlmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, əmək münasibətləri SOCAR-ın “Qaz İxrac” İdarəsinin Astara Magistral X14 ilə vətəndaş X7 arasında yaranmış, eyni zamanda SOCAR-ın “Qaz İxrac” İdarəsinin hazırkı tələb üzrə iddiaçının hüquqlarını hansı hissədə pozması və ya maraqlarına toxunması halı da iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Belə olan halda hazırkı iş üzrə SOCAR-ın “Qaz İxrac” İdarəsi iddiaya cavab verməli olan şəxs deyildir. Məhkəmə tərəfindən prosesin gedişatında iddiaçıya tərəfin əsl cavabdeh ilə əvəz edilməsi təklif olunsa da o, imtina etmişdir. Bu səbəbdən məhkəmə qeyd edir ki, iddia tələbi SOCAR-ın “Qaz İxrac” İdarəsinə müasibətdə iddiaya cavab verməli olan təşkilatın o olmadığı əsası ilə rədd edilməlidir. Məhkəmə araşdırması zamanı digər cavabdehə münasibətdə müəyyən edilmişdir ki, iddiaçının atası cavabdeh SOCAR-ın “Qaz İxrac” İdarəsinin Astara Magistral X11 əmək müqaviləsi əsasında Astara KS-nın nasos qurğularının maşinisti vəzifəsində çalışmışdır. X7 15 sentyabr 2021-ci il tarixdən 6 ay müddətinə xəstəlik səbəbindən işə çıxmamış və bu müddət ərzində əmək qabiliyyətinin olmaması haqqında onkoloji xəstə olmasına dair xəstəlik vərəqələrini təqdim etmişdir. Son olaraq 15-18 mart 2022-ci il tarixlərdə ambulator müalicə olunması ilə əlaqədar arayış təqdim etmişdir. Lakin 28 və 29 mart 2022-ci il tarixlərində iş davamiyyəti olmamışdır. İşçi səhhətində yaranmış ağır xəstəlik səbəbindən 28 mart 2022-ci il tarixdən etibarən işə çıxa bilmədiyini nəzərə alaraq öz təşəbbüsü ilə 29 mart 2022-ci il tarixdə ərizə ilə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. SOCAR-ın “Qaz İxrac” İdarəsinin Astara Magistral X10 30 mart 2022-ci il tarixli 024 K saylı əmri ilə iddiaçının atası X7 ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçinin öz təşəbbüsü ilə 30 mart 2022-ci il tarixdə ləğv edilmişdir. Bundan 17 gün sonra, 17 aprel 2022-ci il tarixdə iddiaçının atası rəhmətə getmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, mərhum Vüqar Abbasov özü könüllü iradə ifadəsini əks etdirərək 29 mart 2022-ci ildə ərizə ilə işlədiyi müəssisənin rəhbərliyinə müraciət edərək, xəstəliyi ilə əlaqədar 30 mart 2022-ci il tarixdən işdən azad olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə görə, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür. Həmin Məcəllənin 69-cu maddəsinin 3-cü hissəsinə görə, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. İddiaçı iddia ərizəsində AR Əmək Məcəlləsinin 69.7-ci maddəsinin pozulmasını, atasına yazdırılan ərizənin onun iradəsi ziddinə, hədə-qorxu tətbiq edilməklə yazıldığını bildirmiş və bu səbəbdən SOCAR-ın “Qaz İxrac” İdarəsinin Astara Magistral X10 30 mart 2022-ci il tarixli 024 K saylı əmrinin ləğv edilməsi, işə bərpa barədə iddia tələbinin təmin edilməsinin zəruri olduğunu bildirmişdir. Eyni zamanda iddiaçının vəkili məhkəmədə çıxış edərək cavabdeh təşkilatın nümayəndələrinin mərhumun evinə gələrək ondan izahatı evdə almasının birbaşa ona təzyiq göstərilməsinin təzahürü kimi qiymət verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.7-ci maddəsinə görə, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Məhkəmə istinad edilən halı araşdırmaq üçün məhkəmə iclasında ifadəsi dinlənilmiş şahiddən bununla bağlı izahat verməsini tələb etmiş, sonuncu isə öz izahatında bildirmişdir ki, mərhumun oğlu kadrlar idarəsinə zəng edərək atasının belə bir niyyətinin olduğunu bildirdikdən sonra o, öz rəhbərliyinə hazırkı məsələni məruzə etmiş və işçinin uzun müddətli həmin təşkilatda çalışmasını, sonuncu tarixə qədər xəstə olmasının nəzərə alınaraq ona ərizə verilməsi üçün şərait yaradılmış və cavabdehin işçiləri həmçinin də şahidin özü mərhumun yaşadığı evə getmiş və ona ərizənin yazılmasında forma baxımından köməklik göstərmişdir. Ərizənin yazılma vaxtı günün sonu olduğundan işdən çıxarılma vaxtı kimi növbəti gün nəzərdə tutulmuşdur. Şahid ifadəsində qeyd etmişdir ki, onların həmin evə getmələrinin səbəbkarı məhz mərhumun oğlu olan iddiaçı olmudşur və ərizə yazılan zaman da mərhumun ailə üzvləri də orada iştirak etmişlər. Məhkəmə qeyd edir ki, cavabdeh SOCAR-ın “Qaz İxrac” İdarəsinin Astara Magistral X10 mərhumun ərizəsinin evində alınması faktı birbaşa özlüyündə sonuncuya təsir göstərilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, mərhum uzun müddətdir ki, xəstə olmuş, 15-18 mart tarixlərində ambulator qaydada müalicə almışdır və xəstəlik səbəbindən cavabdeh təşkilata gedib bilavasitə özünün ərizə yaza bilməməsi nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, mərhum Vüqar Abbasov vəfat etdiyi günədək ərizənin geri götürülməsi ilə bağlı işəgötürənə müraciət etməmiş, eyni zamanda ona təzyiq göstərilməsi ilə bağlı hər hansı orqana şikayət etməmişdir. Beləliklə, iddiaçı iddia tələbinin əsasını təşkil edən halları məhkəmə iclasında sübuta yetirə bilməmiş, mərhum atasına göstərilən təzyiqin nədən ibarət olması və nədə ifadə olunması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə 15 mart 2022-ci il tarixdən 17 aprel 2022-ci il tarixə qədər məcburi işburaxmaya görə əmək haqqının, atasının vəfatı ilə əlaqədar 3 aylıq müavinətin, minimum əmək haqqının 20 misli həcmində maddi yardımın alınıb ona verilməsi ilə bağlı hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissələrdə də əsassızdır. Məhkəmə qeyd edir ki, nə qədər ki, işdən çıxarılma ilə bağlı əmr məhkəmə tərəfindən qanunsuz hesab edilməmiş və iddia həmin hissədə təmin edilməmişdir, iddianın bu hissədə də təmin edilməsi mümkün deyildir. Belə ki, sonrakı tələblər məhz iddianın ilk hissəsi təmin olunduğu halda aktual ola bilərdi. Beləliklə məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi əsassız olmaqla rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada rüsum ödəməkdən azad edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər SOCAR-ın “Qaz İxrac” İdarəsinə və SOCAR-ın “Qaz İxrac” İdarəsinin Astara X1rşı - SOCAR-ın “Qaz İxrac” İdarəsinin Astara Magistral X10 30 mart 2022-ci il tarixli 024 K saylı əmrinin ləğv edilməsi, işə bərpa, cavabdehdən iddiaçının xeyrinə 15 mart 2022-ci il tarixdən 17 aprel 2022-ci il tarixə qədər məcburi işburaxmaya görə əmək haqqının, atasının vəfatı ilə əlaqədar 3 aylıq müavinətin, minimum əmək haqqının 20 misli həcmində maddi yardımın, 10.000 manat maddi və 15.000 manat mənəvi ziyanın tutulması barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-4410/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4410/2022
29.09.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver