Məhkəmə qərarları › İş №e-2(011)-4461/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4461/2023

21.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4461/2023 21.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı hüquqi əsas olmadan əldə edilən vəsaitə görə “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı hüquqi əsas olmadan əldə edilən vəsaitə görə “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin halları: 1.Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq həmin kart hesabından (borcluya məxsus kart hesabının №********************) xx.xx.2022-xx.xx.2022-ci il tarixləri aralığında ödəniş əməliyyatları icra etmişdir. Nəticədə cavabdeh banka cəmi 3169,54 (üç min yüz əlli doqquz manat əlli dörd qəpik) manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. İddiaçının tələbi: 2.Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsassız varlanma nəticəsində əldə etdiyi 3169,54 manat və ödənilmiş 51,70 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin etirazı: 4.Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər:

5. xx.xx.2023-cü il tarixli Cavabdeh məxsus X1 kartı 4169********1978 kart hesabından xx.xx.2022-xx.xx.2023-cü il tarixi aralığında Çıxarışa əsasən, xx.xx.2022-ci il tarixə olan ilkin qalıq 2862,01 manat şəxsin özünə məxsus olan pul vəsaiti, mövcud balans isə - 3169,54 manat olmuşdur. Çıxarışa əsasən, yekun olaraq məxaric olunan məbləğ 6290 manat, mədaxil olunan məbləğ isə 258,45 manat olmuşdur.

6. xx.xx.2023-cü il tarixli Xəbərdarlıq məktubuna (Bildirişə) əsasən, Cavabdeh istifadəsində olan İddiaçı ASC-yə məxsus ******************** nömrəli plastik kart hesabından istifadə zamanı balansda faktiki olaraq kifayət qədər vəsait olmadığından hesabın kreditləşməsi baş vermiş və 3169,54 manat məbləğində borc yaranmışdır. Qeyd edilən vəsaitin 5 (beş) təqvim günü ərzində karta mədaxil edilməsi xahiş olunmuşdur.

7. 22 may 2023-cü il tarixli Poçt reyestrinə əsasən, bildiriş Cavabdeh ünvan 1 ünvanına göndərilmişdir.

Tətbiq edilən hüquq: 8.Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

9.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

Məhkəmənin mövqeyi: 10.Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.

11. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

12. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Cavabdeh məxsus X1 kartı 4169********1978 kart hesabından xx.xx.2022-xx.xx.2023-cü il tarixi aralığında Çıxarışa əsasən, xx.xx.2022-ci il tarixə olan ilkin qalıq 2862,01 manat şəxsin özünə məxsus olan pul vəsaiti, mövcud balans isə -3169,54 manat olmuşdur. Çıxarışa əsasən, yekun olaraq məxaric olunan məbləğ 6290 manat, mədaxil olunan məbləğ isə 258,45 manat olmuşdur. Beləliklə, cavabdeh qeyd edilən tarixlər aralığında kart hesabına yalnız 258,45 manat pul vəsaiti mədaxil etmişdir. Şəxsin özünə məxsus 2862,01 manat və karta mədaxil etdiyi 258,45 manat pul vəsaitini çıxdıqdan sonra Cavabdeh kart hesabından məxaric etdiyi, yəni əsassız varlanma nəticəsində əldə etdiyi məbləğ 3169,54 manat təşkil etmişdir.

13. Qeyd edilənlərə əsasən, Cavabdeh hüquqi əsas olmadan əldə edilən 3169,54 manat borc və 51,70 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 3221,24 (üç min iki yüz iyirmi bir manat iyirmi dörd qəpik) manat pul məbləği İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51,70 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh hüquqi əsas olmadan əldə edilən (əsassız varlanmaya görə) 3169,54 manat borc pul məbləği tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51,70 (əlli bir manat yetmiş qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar