Məhkəmə qərarları › İş №e-2(011)-4471/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4471/2025

17.02.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4471/2025 17.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, İmayılov Emin Əli oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş ziyana görə 1628,46 manatın, mediasiya xərci üçün ödənilmiş 61 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC-i arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi Cəmiyyətdə satış təmsilçisi vəzifəsində işləyib. Cavabdeh Cəmiyyətdə satış təmsilçisi kimi işləyən zaman şəbəkə marketlər üzrə satışı həyata keçirmişdir. Belə ki, İddiaçı MMC-nin şəbəkə mağazalara malların satış mexanizmi ondan ibarətdir ki, Cəmiyyət ilə bir sıra iri supermarket şəbəkələri aralarında alqı-satqı müqavilələr bağlanılır, həmin müqaviləyə əsasən Cəmiyyətin satış təmsilçiləri onların təhkim edildiyi ərazilərdə yerləşən həmin supermarket şəbəkələrin mağazalarına ehtiyac olduğu qədər mallar təhvil verilir, verilmiş malların qaimələri satış təmsilçiləri tərəfindən şirkətin ümumi sistem bazasına daxil edilir. Bununla da Cəmiyyət hər bir satış təmsilçisinin hansı şəbəkə mağazasına hansı miqdarda və məbləğdə malların verilməsini izləyir, daha sonra həmin şirkətdən köçürmə yolu ilə daxil olan məbləğdən bütün satış təmsilçiləri tərəfindən verilmiş malların borcundan hissə-hissə məbləğlər silinir. Şəbəkə mağazalara təhvil verilmiş malların iadəsi Cəmiyyət tərəfindən qəbul edilir. İşlədiyi dövr ərzində cavabdehin ümumi borc qalığının müəyyən edilməsi məqsədi ilə hər 3 aydan bir yoxlamalar keçirilmiş və sonuncu yoxlama zamanı cavabdehin ümumi 1628.46 AZN məbləğində borcunun olduğu müəyyən edimişdir. Belə ki, cavabdehə şəbəkə marketə çatdırılması məqsədi ilə anbardan akt ilə məhsullar təhvil verilmiş və marketə çatdırılması həvalə edilmişdir. Market tərəfindən təqdim olunmuş qaimələr ilə cavabdehə anbardan təhvil verilmiş malların çəkiləri üzləşdirilən zaman isə uyğunsuzluqlar müəyyən olunmuş, qalıq mallar isə anbara geri təhvil verilməmişdir. Nəticədə isə yaranmış qalıq məbləğ cavabdehə 1628.46 AZN məbləğində borc olaraq hesablanmışdır. Cavabdeh işdən azad edildikdən sonra ona qalıq borcun ödənilməsi üçün pretenziya göndərilmişdir, lakin cavabdeh bununla bağlı iddiaçıya heç bir fikrini bildirməmişdir. İşə qəbul edilən zaman cavabdeh ilə iddiaçı arasında “X1 haqqında Müqavilə” bağlanmış və cavabdehə onun vəzifələri izah edildikdən sonra o, öz vəzifələri ilə tanış olmasına dair “Vəzifə Təlimatı” imzalamışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddiaya etiraz edərək, iddiaçı tərəfindən əksik gələn mallara görə ziyanın məbləğinin şişirdildiyini, yalnız 470 manat məbləğində ziyanı ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş iddiaçının nümayəndələri iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq, iddiaçı baxış iclasında iştirak etməmişdir, məhkəmə baxış iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: Əmək müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-də satış təmsilçisi vəzifəsində çalışmışdır. xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında X1 haqqında müqavilə bağlanmışdır. Yerdəyişmə qaimələrində anbardan satış təmsilçisi Cavabdeh təhvil verilə mallar qeyd edilmişdir. Qiymət cədvəlində İddiaçı MMC-nin ət məhsullarının qiymətləri əks olunmuşdur. Mühasibatlıq hesabatlarında İddiaçı MMC-nin anbarından Cavabdeh təhvil verilmiş və Cavabdeh tərəfindən mağazalara təhvil verilmiş və qalıq qalmış malların mühasibatlıq hesabatları əks olunmuşdur. Maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 1308 manat bort kəsiri, 320,46 manat barkodsuz mallara görə cərimə olmaqla, cəmi 1628,46 manat borcu qalmışdır. İşdən azad dövriyyə vərəqində işdən azad olan satış təmsilçisi Cavabdeh 1308 manat brocunun olduğu qeyd edilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli siyahıda ekspertizaya təqdim edilmiş sənədlərin siyahısı göstərilmişdir. Ədliyyə Nazirliinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli məlumatından görünür ki, mühasibatlıq ekspertizasının keçirilməsi üçün İddiaçı MMC tərəfindən təqdim edilməsi tələb olunan sənədlər tam şəkildə təqdim olunmadığından ekspertizasının keçirilməsi mümkün olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 194.1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 194.2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199.1. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda;

202. 1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərindən görünür ki, işəgötürən və işçi arasında X1 müqaviləsi bağlandığı hallarda işçi işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Lakin, bu zaman ziyanın həqiqətən vurulduğu; təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyinin qanuna zidd olduğu; təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduğu sübut olunmalıdır. Hazırda iddiaçı-işəgötürən cavabdeh-işçi tərəfindən ona 1628,46 manat məbləğində maddi ziyan vurulduğunu iddia edərək cavabdehdən həmin məbləğin tutulmasını tələb edir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, işçi tərəfindən işəgötürənə 1628,46 manat məbləğində maddi ziyan vurulduğu sübut olunmadığından, iddia qismən cavabdehin etiraf etdiyi 470 manat ziyan həddində təmin edilməlidir. Belə ki, işəgötürənə vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən mühasibatlıq ekpsertizası təyin edilmiş, lakin işəgötürən tərəfindən ekspertin vəsatətində tələb edilən sənədlər tam təqdim edilmədiyindən ekspertizanın keçirilməsi mümkün olmamış, bu səbəblə də ziyanın məbləğinin 1628,46 manat olması sübut olunmamışdır. Bundan başqa, iddia ərizəsində tələb edilən 1628,46 manat ziyan məbləğinin hamısı anbara təhvil verilməmiş mallar, əksikgəlmələr üzrə hesablanmış borc kimi əsaslandırılsa da, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında 1628,46 manat borcdan yalnız 1308 manat əksikgəlmələr üzrə borc kimi qeyd edilmiş, yerdə qalan 320,46 manat isə barkodsuz mallara görə cərimə kimi qeyd edilmişdir. Həmçinin, işdən azad olunan işçinin işəgötürənə qalıq borc məbləğini göstərən dövriyyə vərəqində də cavabdehin borcu 1308 manat qeyd edilmişdir. Qeyd edilən halları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki maddi ziyanın məbləği ilə bağlı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə ziddiyyət olduğundan və ekspertiza keçirilərək ziyanın dəqiq məbləğinin müəyyən edilməsi mümkün olmadığından, iddia qismən cavabdehin etiraf etdiyi 470 manat ziyan həddində təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 470 manat və 30 manat mediasiya xərcinin əvəzi tutularaq iddaçı İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar