Məhkəmə qərarları › İş №e-2(011)-4549/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4549/2023

02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4549/2023 02.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. Tərəflər arasında broker Şahid vasitəçiliyi ilə xx.xx.2023-cü il tarixdə 1066 nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən onlar cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin (Bundan sonra – Mənzil) 76 000 manata satılması barədə alqı-satqı müqaviləsi bağlamaq öhdəliyi götürmüşlər.

2. Müqaviləyə əsasən xx.xx.2023-cü il tarixədək Mənzilə dair alqı-satqı müqaviləsi bağlanılaraq notarial qaydada təsdiq olunmalı idi. İddiaçı gələcəkdə bağlanacaq daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təminatı kimi cavabdehə 2000 manat “beh” ödəməyi öhdəsinə götürmüş və 2000 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir.

3. Sonradan tərəflər arasında mübahisə yaranmış, lakin iddiaçı xx.xx.2023-cü il tarixdə Mənzilə dair alqı-satqı müqaviləsinin bağlanması cavabdehə təklif göndərsə də, sonuncu tərəfindən bu təklifə münasibət bildirilməmiş və müqavilədə nəzərdə tutulmuş müddətdə tərəflər arasında Mənzilə alqı-satqı müqaviləsi bağlanmamışdır.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı cavabdehdən beh məbləğinin 2 misli kimi 4000 manat pulun və ödənilmiş 60 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində qeyd etmişdır ki, aralarında Mənzilin alqı-satqısı məqsədilə broker Şahid iştirakı ilə xx.xx.2023-cü il tarixli, 1066 nömrəli beh müqaviləsi bağlanmış və iddiaçı tərəfindən 2000 manat beh məbləği iddiaçıya ödənilmişdir. Müqavilənin 2.6-cı bəndinə əsasən cavabdeh Mənzili alqı-satqı müqaviləsi notarius tərəfindən təsdiq olunduğu vaxtdan 1 ay müddətində iddiaçının faktiki sahibliyinə və istifadəsinə verməlidir. Müqavilənin 2.11-ci bəndinə görə beh müqaviləsinin qarşılıqlı razılaşdırılmış son günü xx.xx.2023-cü ildir. Lakin göstərilən müddət ötsə də, cavabdeh tərəfindən alqı-satqının notarial qaydada rəsmiləşdirilməsi üçün heç bir addım atılmamış, üstəlik iddiaçı tərəfindən müqavilənin icrası ilə bağlı dəfələrlə telefon və whatsapp vasitəsilə əlaqə saxlanılsa da, cavabdeh öhdəliyinin icrasından yayınmışdır. xx.xx.2023-cü il tarixində pretenziya ilə cavabdehə müraciət olunmuş və müqavilənin icrası ilə bağlı üzərinə düşən öhdəliyin icrası tələb olunsa da, heç bir addım atılmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.7-ci bəndinə görə cavabdeh müqavilə ödəliyini icra etməzsə, o behin 2 mislini alıcıya qaytarmalıdır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, alqı-satqı müqaviləsinin baş tutmamasmın səbəbi iddiaçının alqı-satqının həyata keçirilməsindən imtina etməsidir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Cavabdehə məhkəmə iclasında iddiaya etiraz edərək təmin edilməməsini xahiş etdi.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirdi ki, o, hər ikii tərəfi eyni vaxtda tanıyıb, xx.xx.2023-cü il tarixdə iddiaçı mobil telefon vasitəsilə əlaqə saxlayaraq bildirdi ki, mənzili bəyənib və almaq istəyir. Mənzilə sonra gedi baxdı və 2000 manat beh verdi, lakin Novruz bayramə ərəfəsi idi deyə alqı-satqı müqaviləsini bağlamaq üçün notariusa gedə bilmədilər. Sonra iddiaçı Naxçıvana getmiş və 1 həftə sonra ona zəng vuraraq bildirmişdir ki, ailə vəziyyəti ilə bağlı alqı-satqı edə bilməyəcək, lakin cavabdeh behi qaytarsın. O da cavabdehə zəng edərək iddiaçının dediklərini bildirmişdir. Cavabdeh isə ona bildirib ki, o artıq hazırlaşırdı ki həyət evi alsın və həmin evə də beh qoymuşdur.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

10. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

11. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

12. Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.

13. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.

14. Maddə 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

19. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

İşə baxan məhkəmənin mövqeyi:

20. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

21. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

22. Məhkəmə tərəflər arasındakı mübahisə ilə bağlı ilk növbədə qeyd edir ki, tərəflər bağlayacaqları müqavilələrin formasını müəyyən etməkdə sərbəstdirlər, onlar istənilən formada müqavilə bağlaya bilərlər. Belə ki, qanunvericilik bununla bağlı tərəflərin müqavilənin bağlanması və onun formasının müəyyən edilməsində iradə azadlığı prinsipini müəyyən etmişdir. Lakin, buna baxmayaraq mülki qanunvericilik bir sıra müqavilələrin, xüsusilə də, daşınmaz əmlaklara dair müqavilələrin xüsusi formasını – yazılı formada və notarial qaydada təsdiq edilməsini müəyyən etməklə, qeyd edilən qəbildən olan əmlakların mülki dövriyyədə iqtisadi dəyərinin daha yüksək olmasını, daşıdığı riskləri, eyni zamanda dövlətin də bu qəbildən olan əmlakları xüsusi qeydiyyata almasını nəzərə alır.

23. Digər bir tərəfdən, qanunvericilik daşınmaz əmlaklarla bağlı qeyd edilən xüsusi qaydanı müəyyənləşdirməklə, eləcə də, müqavilənin bağlanmasının vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə (notariusun) həyata keçirilməsini müəyyənləşdirməklə həm də, müqavilə tərəflərinin müqavilə şərtlərini əvvəlcədən daha ətraflı düşünməsinə, nəticələrini əvvəlcədən görməsinə və daha qəti qərara gəlməsinə imkan yaratmaq məqsədi güdür və müqavilə bağlayan tərəflərin mənafelərinə xidmət edir.

24. Hazırki mübahisəyə gəldikdə isə, iddiaçı cavabdehlə bağlanmış müqavilənin Mənzilə dair bağlanmış beh müqaviləsi hesab edir. Lakin məhkəmə qeyd edir ki, iddiaçının dəlili o zaman əsaslı sayıla bilərdi ki, xx.xx.2023-cü il tarixdə bağlanmış müqavilə notarial qaydada təsdiq edilmiş olsun. Çünki qanunvericilik daşınmaz əmlaka sərəncam verilməsi ilə əlaqədar bağlanmalı olan beh müqaviləsinə dair daha bir imperativ şərt irəli sürür ki, bu da bu tipli müqavələrin notarial qaydada təsdiq edilməsi ilə bağlıdır. Lakin işin mübahisəsiz halıdır ki, xx.xx.2023-cü il tarixli müqavilə daşınmaz əmlak olan mənzilə sərəncam verilməsinə aid olsa da, notarial qaydada təsdiq edilməmişdir. Beləliklə, tərəflər beh müqaviləsini qanunvericilikdə nəzərdə tutulmuş formaya uyğun bağlamamaqla, həmin müqavilənin bağlanmasına aid tələbləri pozmuşlar.

25. Lakin məhkəmə qeyd edir ki, sözügedən müqavilə qanunvericilikdə müəyyən edilmiş forma tələblərinə uyğun bağlanmasa da, müqavilənin əhəmiyyətsizliyinə səbəb olmur. Belə ki, tərəflər arasında pul məbləğinin iddiaçı tərəfindən cavabdehə məhz, Mənzilin alınmasına dair gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasının təminatı məqsədilə verilməsi ilə bağlı mübahisə yoxdur. Məhkəmə qeyd edir ki, hazırki mübahisəyə baxılarkən yalnız müqavilənin bağlanma formasına dair şərtlərin pozulması ilə kifayətlənməməli, eyni zamanda tərəflərin müqavilənin bağlanması ilə bağlı niyyətləri, sonrakı hərəkətləri və onların iradə ifadəsinin həqiqi məzmunu da nəzərə alınmalıdır.

26. İşin mübahisəsiz halıdır ki, iddiaçı cavabdehin mülkiyyətində olan Mənzili almaq istəmiş, bu məqsədlə gələcəkdə aralarında alqı-satqı müqaviləsinin bağlanması üçün 2000 manat məbləğində pul vəsaiti vermişdir. Eyni zamanda, məhkəmə iclasında izahatı alınmış şahidlər də, pul vəsaitinin məhz Mənzilə dair gələcəkdə alqı-satqı müqaviləsinin bağlanılması öhdəliyinin icrası məqsədilə verildiyini təsdiq etmişlər.

27. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı beh müqaviləsinin bağlanma şərtinə uyğun olaraq notarial qaydada təsdiq edilmədiyindən, eyni zamanda, tərəflər də bunun əksini sübuta yetirə bilmədiklərindən mübahisəyə Mülki Məcəllənin 491.3-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qeyd edilən müddəanın mənasına görə əgər, beh müqaviləsinin notarial qaydada təsdiq edilməməsi nəticəsində verilmiş pul məbləğinin beh olub-olmamasına şübhə yarandıqda və əksi sübuta yetirilmədikdə pul məbləği avans kimi verilmiş sayılır. Avans sözünün izahlı lüğətdə mənası “müəyyən xərclər üçün qabaqcadan verilən pul” kimi ifadə edilmişdir. Başqa sözlə, avans əvvəlcədən ödənilmiş xərclər kimi başa düşülür. Yəni, alınmış hər hansı bir əşyanın ödənilməsi öhdəliyi olan tərəfin öhdəliyinin icrasına başlamazdan əvvəl ödəməli olduğu xərcin bir hissəsini hələ əşyanı əldə etmədən ödədiyi xərcidir. Behlə avansın əsas fərqi isə ondan ibarətdir ki, beh öhdəliyin təminatı kimi çıxış etdiyi halda, avansın belə bir xüsusiyyəti yoxdur. Məhz buna görə də, qanun öhdəliyin kim tərəfindən pozulmasından asılı olaraq, behin qaytarılması şərtlərini fərqləndirmişdir.

28. Bundan başqa, mülki qanunvericilikdə behdən fərqli olaraq, avansın qaytarılması müqavilənin icra edilməməsinə görə kimin məsuliyyət daşımasından asılı edilməmişdir. Bu halda məhkəmə hesab edir ki, mübahisə ümumi qaydada, yəni Mülki Məcəllənin 443.1-ci maddəsinin müəddəası nəzərə alınmaqla həll edilməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinin dispozisiyası yuxarıda göstərilmişdir. Həmin müddəada kreditora dəymiş zərərin ödənilməsinin şərti borclu tərəfindən öhdəliyin icra edilməməsi ilə bağlıdır. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında mənzil alqı-satıqısına dair öhdəlik münasibtətləri yaranmışdır. Öhdəliyin qarşılıqlı icrası baxımından (cavabdehin mənzili iddiaçıya satmaq, iddiaçının mənzilin dəyərini ödəmək) tərəflər bir-birinə münasibətdə kreditor və borcludurlar.

29. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin öhdəliklərinin son müddəti kimi xx.xx.2023-cü il tarixi müəyyən edilmişdir (müqavilənin 2.11-ci bəndi). Bu müddət ərzində tərəflər Mənzilə dair alqı-satqı müqaviləsi bağlanmasını öhdələrinə götürmüşlər. Cavabdeh iddiaçının müqavilə bağlandıqdan 10 gün sonra Mənzili almaqdan imtina etdiyini bildirsə də, işin mübahisəsiz halıdır ki, müqavilə qanunla müəyyən edilmiş qaydada ləğv edilməmişdir. İşin faktiki hallarından da göründüyü kimi, iddiaçı müqavilə müddəti bitməmiş, yəni xx.xx.2023-cü il tarixdə cavabdehə onun müəyyən etdiyi notariusda Mənzilə dair alqı-satqı müqaviləsinin bağlanması barədə təklifini göndərməklə öhdəliyini yerinə yetirməyə hazır olduğunu nümayiş etdirsə də, cavabdeh bu təklifə cavab verməməklə hərəkətsizlik etmiş, bununla da müqavilənin bağlanmasına dair öhdəliyini pozmuşdur. Başqa sözlə cavabdeh Mənzilə dair alqı-satqı müqaviləsini bağlamağa borclu olduğu halda, bu öhdəliyinin icrasından yayınmış, iddiaçının ödədiyi 2000 manat pulu qaytarmamaqla ona maddi zərər vurmuşdur.

30. Beləliklə, iddia qismən edilməklə iddiaçı tərəfindən ödənilmiş 2000 manat pul cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır.

31. Məhkəmə hesab edir ki, 60 manat məbləğində dövlət rüsumu iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 50%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir.

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 2000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar