Məhkəmə qərarları › İş №e-2(011)-4553/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4553/2024

07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4553/2024 07.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “X5 Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı “X5 Kredit Təşkilatı” MMC Cavabdeh qarşı Cavabdeh dəymiş zərərə görə 1758.30 manat məbləğində vəsaitin və 38 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC–yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2019-cu il tarixli 2019/00528 nömrəli Kredit müqaviləsinə əsasən, 24 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 23000 (iyirmi üç min) manat məbləğində kredit verilmişdir. 04 fevral 2019-cu il tarixli 2019/00528 nömrəli Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən öhdəliklər icra olunmadığı səbəbindən, xx.xx.2021-ci il tarixində "xxxx" MMC aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2476/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində göstərilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə 17583,26 (on yeddi min beş yüz səksən üç manat, iyirmi altı qəpik) manat əsas borc, 6172,90 (altı min yüz yetmiş iki manat, doxsan qəpik) manat faiz borcu və 800 (səkkiz yüz) manat cərimə borcu olmaqla, cəmi 24556,16 (iyirmi dörd min beş yüz əlli altı manat, on altı qəpik) manat iddiaçı "xxxx" MMCnin xeyrinə tutulsun. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2476/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsində göstərilən borc məbləği cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində ödənilmişdir. Qeyd etmək istəyirik ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Pul məbləğinin ödənilməsi tərəfinizdən 2 (iki) il gecikdirildiyi nəticəsində "xxxx" MMC-yə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, pul məbləğinin ödənilməsinin gecikdirilmiş vaxtı üçün illik beş faiz hesablanır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2476/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində göstərilən 04 fevral 2019-cu il tarixli 2019/00528 nömrəli Kredit müqaviləsi üzrə əsas borc 17583,26 (on yeddi min beş yüz səksən üç manat, 26) manat məbləğinə gecikdirilmiş hər ilə görə beş faiz hesablanaraq (xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək-2 il)- 1758.30 (bir min yeddi yüz əlli səkkiz.30) manat (17583.26 X 5%=879.16 X 2=1758.30) manat məbləğində vəsait təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin etirazının dəlilləri Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2019-cu il tarixli 2019/00528 nömrəli Kredit müqaviləsinə əsasən, 24 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 23000 (iyirmi üç min) manat məbləğində kredit verilmişdir. 04 fevral 2019-cu il tarixli 2019/00528 nömrəli Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən öhdəliklər icra olunmadığı səbəbindən, xx.xx.2021-ci il tarixində "xxxx" MMC aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4472/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə iddiaçı "xxxx" BOKT MMC arasında bağlanmış 04 fevral 2019-cu il tarixli, 2019/00528 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh kredit müqaviləsi üzrə 18019.76 manat əsas borc, 15872.40 manat faiz borcu və 804 manat cərimə borcu olmaqla, cəmi 34696.16 manatın iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulması, tələbin Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyriyaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin ilkin (likvid) qiyməti 100000 manat olmaqla açıq hərracdan satılsın, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcu ödənilməsi, ipotekaya qoyulmuş Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyriyaşayış sahəsinə tutma yönəldikdən sonra əmlak satıldıqda ən geci 1 ay ərzində mənzildə qeydiyyatda olan Cavabdeh mənzildən çıxarılması və həmin mənzilin onun tərəfindən boşaldılması, iddia qismən təmin edildiyi üçün iddiaçı "xxxx" BOKT MMC-si tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50 %, yəni 15 manatın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qalan 50 %, yəni 15 manatın iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2463/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehin nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 4472/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsinin “04 fevral 2019-cu il tarixli, 2019/00528 nömrəli kredit müqaviləsi üzrə 18019.76 manat əsas borc, 15872.40 manat faiz borcunun tutulması” hissəsində dəyişdirilməklə, əsas borc 17583,26 (on yeddi min beş yüz səksən üç manat, iyirmi altı qəpik) manat, faiz borcu isə 6172,90 (altı min bir yüz yetmiş iki manat, doxsan qəpik) manat müəyyən edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat pul Cavabdeh tutularaq Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-97/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 2463/2022 nömrəli mülki iş üzrə 20 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2476/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4472/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh kredit müqaviləsi üzrə 17583,26 (on yeddi min beş yüz səksən üç manat, iyirmi altı qəpik) manat əsas borc, 6172,90 (altı min yüz yetmiş iki manat, doxsan qəpik) manat faiz borcu və 800 (səkkiz yüz) manat cərimə borcu olmaqla, cəmi 24556,16 (iyirmi dörd min beş əlli altı manat, on altı qəpik) manatın iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulması, tələbin Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin ilkin (likvid) qiyməti 100000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcun ödənilməsi,Cavabdeh ona məxsus olan ünvan 1 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması, iddianın qismən təmin edildiyi üçün iddiaçı "xxxx" BOKT MMC-si tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50 %, yəni 15 manatın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, qalan 50 %, yəni 15 manatın iddiaçıya aid edilməsi 300 manat qiymətləndirmə xərcinin 50%, yəni 150 manat Cavabdeh, 50%, yəni 150 manat iddiaçıdan tutularaq "xxxx" MMCyə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pulun 50 manatının Cavabdeh, 50 manatın isə "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə köçürülməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatorun özünə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023 il tarixli, 2(102)-3004/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2476/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və qətnamədə göstərilən borc məbləği cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində ödənilmişdir İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarı

1. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun.

2. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər.

3. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.

4. Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır.

Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarına istinadən qeyd edir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2019-cu il tarixli 2019/00528 nömrəli Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəflər arasında olan mülki mübahisə ilə əlaqədar məhkəmə araşdırması aparılmış, mülki iş üzrə yekun məhkəmə qərarı 2023-cü ilin aprel ayında qəbul edilmişdir. Kredit müqaviləsi üzrə borclu olan hazırkı mülki iş üzrə isə Cavabdeh isə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğini 2023-cü ilin aprel ayının 28-də ödəmişdir. İddiaçı tərəf cavabdehin kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb etsə belə, mülki iş materiallarından göründüyü kimi tələbin icrasının gecikdirilməsi borclunun təqsirli və qərəzli hərəkətləri nəticəsində deyil, tərəflər arasında yaranmış mübahisənin həllinə yönəldilmiş, davam edən məhkəmə çəkişməsi ilə bağlı olmuşdur. Belə olan halda isə, cavabdehin hərəkətləri təqsirli və qanuna zidd hərəkətlər kimi qiymətləndirilə bilməz, çünki cavabdeh Azərbaycan Respublikası Konstitusiyası və qanunvericiliyində müəyyən edilmiş məhkəmə müdafiəsi hüququndan istifadə edərək, qəbul edilmiş məhkəmə qətnamələrindən şikayət vermiş, son nəticədə isə kreditor tərəfindən tələb edilən borc məbləğinin düzgün olmadığı müəyyən edilmiş və qəbul edilmiş yekun məhkəmə qətnaməsinə əsasən borc məbləği azaldılmışdır. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərar). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə hər iki tərəfin hüquqlarının bərpasına yönəlmiş məhkəmə prosesinin davam edən müddəti üzrə iddiaçı “X5 Kredit Təşkilatı” MMC tərəfindən öhdəliyin gecikdirilməsinə görə əlavə faizlərin hesablanması yolverilməzdir. Odur ki, “X5 Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı Cavabdeh dəymiş zərərə görə 1758.30 məbləğində vəsaitin tutulması tələbinə dair iddiası əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı “X5 Kredit Təşkilatı” MMC Cavabdeh qarşı Cavabdeh dəymiş zərərə görə 1758.30 (bir min yeddi yüz əlli səkkiz.30) manat məbləğində vəsaitin tutulması tələbinə dair iddiası rədd edildiyinə görə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 38 manat məbləğində dövlət rüsuma da iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddiaçı “X5 Kredit Təşkilatı” MMC Cavabdeh qarşı Cavabdeh dəymiş zərərə görə 1758.30 (bir min yeddi yüz əlli səkkiz manat otuz qəpik) manat məbləğində vəsaitin və 38 (otuz səkkiz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC–yə ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar