Məhkəmə qərarları › İş №e-2(011)-4555/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4555/2022

22.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4555/2022 22.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Bayramova Nərmin Nizami qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin mənzildən çıxarılaraq mənzilin təhvil verilməsi iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı – İddiaçı mülkiyyət hüquqlarının müdafiəsi edilməsi, Cavabdeh və digərlərinin Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156, korpus 4, 108 saylı mənzildən çıxarılması və əmlakın iddiaçıya təhvil verilməsi barədə müvafiq məhkəmə aktının qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanına qanunsuz müdaxilələrə son qoyulmasını, təmir işlərinin aparılmasına maneələr törətməməsi və cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5988/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilkin İddiaçı ilkin iddiası təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156, korpus 4, 108 saylı mənzilə qanunsuz müdaxilələrə son qoyulması, təmir işlərinin aparılmasına maneə törədilməməsi və yaradılmış maneələrin aradan qaldırılması vəzifəsi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmuşdur. Xətai rayon Məhkəməsinin 2(011)- 5988/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Lakin məhkəmə qətnaməsi Xətai rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Rəhimov tərəfindən icra edilərkən məlum olmuşdur ki, Rəhimova Dülifərə aid Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156, korpus 4, 103 saylı mənzil qanunsuz olaraq Cavabdeh tərəfindən zəbt edilmişdir. Məhkəmənin diqqətinə çatdırırıq ki, Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156, korpus 4, 108 saylı mənzil "xxxx" MMC-dən satın alaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınaraq xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarış verilmişdir. Lakin qanunsuz əməlləri ilə tanınan "xxxx" MMC qeyd olunan mənzilin təmir olunmasına mane törətdiyindən iddia ərizəsi ilə Xətai rayon məhkəməsində iddia qaldırılmış və "xxxx" MMC isə qarşılıqlı iddia verərək alğı-satqı müqaviləsinin ləğvini tələb etmişdir. Xətai rayon Məhkəməsinin 2(011)-5988/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-198/2021 nömrəli qətnaməsi ilə həmin qətnamə qüvvədə saxlanılmış və icraya yönəlmişdir. Göründüyü kimi "xxxx" MMC süni şəkildə mülkiyyət hüquqlarından istifadəyə mane olmuşdur. Hətta qətnamə icraya yönəlməsinə baxmayaraq qətnamənin icrasını təmin etməyərək süni maneələr törətmişdir. Məhkəmənin diqqətinə çatdırırq ki, mülkiyyət hüquqlarının qeydiyyatı aparılan zaman, hətta məhkəmə mübahisəsi keçirilən zaman mənzil İddiaçı tərəfindən qoyulmuş seyf qapı ilə kilidli olmuşdur. Lakin "xxxx" MMC təmir etməyə imkan vermirdi. Blok qapıları kodla, lift kodla işlədiyindən, yük daşıyıcı lipoçkadan istifadəyə imkan verilmədiyindən təmir üçün lazımı materialları (qum, sement, alçı və sair) mənzilə daşımaq mümkün olmamışdır. Elektrik xəttini belə kəsmişdir. İndi aydın olur ki, "xxxx" MMC-nin mane olmaqda məqsədi həmin mənzili zəbt etmək idi. "xxxx" MMC-nin rəhbərinin Xətai rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Rəhimova verdiyi məktubda Cavabdeh yaşadığı qeyd edilsə də, biz buna şübhə edirik. Belə ki, əldə etdiyimiz digər məhkəmə işlərindən məlum olur ki, "xxxx" MMC tərəfindən çoxlu sayda mənzillər bir neçə şəxsin adına sənədləşdirilirmiş. Hər dəfə bir şəxsi ortaya çıxarırlar. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia ərizəsi əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5988/2022 nömrəli xx.xx.2019-cu il tarixli qətnamənin surətindən görünür ki, ikin İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması” tələbinə dair ilkin iddianın təmin edilməsi; Bakı şəhəri, Xətai rayonu, Fazil Bayramov küçəsi 1156, korpus 4, 108 saylı mənzilə və Bakı şəhəri, Xətai raonu, Fəzail Bayramov küçəsi 1156, korpus 4, 108 saylı mənzilə qanunsuz müdaxilələrə son qoyulması, təmir işlərinin aparılmasına maneə törədilməməsi və yaradılmış maneələrin aradan qaldırılması vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması; qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinin təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, "xxxx" MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə mübahisəli mənzil barəsində bağlanılmış müqavilənin ləğv edilməsini xahiş etmiş, müqavilənin etibarsızlığı ilə bağlı halların mövcud olduğuna istinad etməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 198/2021 nömrəli Qətnaməsinin surətindən görünür ki, məhkəmə "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2009-cu il tarixli 2(011)-5988/2019 saylı qətnaməsi "xxxx" MMC-nin apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması, apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilməsi qət edilmişdir. Həmin qətnamədə müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 108 saylı mənzil İddiaçı mülkiyyətində olduğuna görə, "xxxx" MMC tərəfindən həmin mənzillərdə təmir işlərinin aparılmasına maneçilik törədilməsi və mülkiyyətə hər hansı müdaxilə edilməsi qanunsuzdur. Etirazı qəbul etmirəm. Etirazda göstərilənlər Əhmədlidə yerləşən evə aiddir. O evlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilib. Digər iş isə Konstitusiya Məhkəməsində baxılmaqdadır. İş materiallarına olan xx.xx.2021-ci il tarixli Xətai rayon İcra Şöbəsinin “İcraata başlamaq haqqında” Qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5988/2019-009 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan “Sahil-D” Kompani” MMC ilə Cavabdeh Məzahir oğlu arasında xx.xx.2010-cu il tarixində bağlanılmış Müqavilənin surətindən görünür ki, tərəflər aşağıda göstərilən şərtlər barəsində razılığa gəlmişdirlər: - satıcı ünvan 3 ünvanında inşa edlmiş 4 saylı yaşayış binasının 24-cü mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.m-dən ibarət olan 3 otaqlı mənzili 108 alıcıya təhvil verir; - alıcı yuxarıda göstərilən yaşayış binasını ümumi sahəsi 157,6 kv.m. olan yaşayış sahəsinin hər kv. m. üçün 750 manat Azərbaycan Respublikası Mərkəzi Bankının kursuna ekvalent olaraq manatla ödəməyi öhdəsinə götürür; - Müqavilənin ümumi məbləği 118200 manat təşkil edir; - alıcı ümumi məbləğin 118200 manatın satıcıya əvvəlcədən ödəyir. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş maliyyə arayışının surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 4 saylı yaşayış kompleksi "xxxx" MMC-yə məxsusdur. Bu kompleksin 24-cü mərtəbəsində ümumi tikinti sahəsi 157,6 m2 olan 3 otaqlı 108 saylı mənzilin pay dəyəri Cavabdeh tərəfindən tam ödənilmişdir, onun "xxxx" MMC-yə borcu yoxdur. İş materiallarında olan “xx.xx.2010-ci il tarixli mədaxil orderinin qəbzindən görünür ki, Cavabdeh tərəfindən "xxxx" MMC-nin kassasına 118200 manat məbləğində pul mədaxil edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən ünvan 3 ünvanında inşa edlmiş 4 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.m-dən ibarət olan 3 otaqlı mənzili 103 saylı mənzil ilə bağlı "xxxx" MMC ilə İddiaçı arasında bağlanılmış müqavilə iddia tələbini müəyyən edən hallarla əlaqədar olmadığından məhkəmə tərəfindən nəzərə alınmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təminç edilməsinə yönəlmişdir. Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. Göründüyü kimi, ünvan 3 ünvanında inşa edilmiş 4 saylı yaşayış binasının 24-cü mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.m-dən ibarət olan 3 otaqlı mənzili 108 ilə bağlı işə mülki qaydada baxılmış, araşdırma aparılmış və nəticədə yekun qərar qəbul edilmişdir. Həmin məhkəmə araşdırması zamanı, "xxxx" MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə mübahisəli mənzil barəsində bağlanılmış müqavilənin ləğv edilməsini xahiş etmiş, müqavilənin etibarsızlığı ilə bağlı hər hansı hallara istinad edilməmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iş üzrə iddia tələbi mübahisəli mənzillə bağlı olduğundan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5988/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-198/2021 nömrəli Qətnaməsinin ilə müəyyən edilmiş hallar hazırkı mülk iş üçün preyudisial əhəmiyyət kəsb edir. Bunun əksinin iddia edilməsi mübahisənin həllinin əsassız uzadılması kimi qiymətləndirilməli, məhkəmələrin fəaliyyətində prosessual qanunvericiliyin tələblərinə zidd təcrübənin formalaşmasının əsasını qoyur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı X1 mülkiyyət hüquqlarının müdafiə edilməsi və Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156, korpus 4, 108 saylı mənzildən çıxarılması, əmlakın iddiaçıya təhvil verilməsi hissəsində əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Yenə Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə iddianın digər şəxslərin mübahisəli mənzildən çıxarılması hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbinin göstərilən hissəsi qeyri-müəyyən olduğundan, yəni iddia tələbi kimə qarşı yönəldiyi göstərilmədiyinə görə iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh və digərlərinin Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156, korpus 4, 108 saylı mənzildən çıxarılaraq həmin mənzil İddiaçı təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar