Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4586/2023 18.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması və xüsusi qərardadın çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 yanvar 2008-ci ildə 18 saylı notariat ofisində reyestrdə 2V-01-13 nömrə ilə qeydiyyata alınmış X4 tərəfindən Cavabdeh verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, 14 noyabr 2008ci ildə Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən verilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70,04 kv.m. olan 4 otaqdan ibarət mənzilə verilmiş, reyestrdə 2V-133 nömrəsilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək həmin mənzil üzərində iddiaçının ¼ hissədə qanun üzrə vərəsəlik hüququnun tanınması, 14 noyabr 2008-ci ildə Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən verilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 59,1 kv.m., yaşayış sahəsi 27,9 kv.m., köməkçi sahəsi 31,2 kv.m. olan 2 otaqdan ibarət fərdi yaşayış evinə verilmiş, reyestrdə 2V-134 nömrəsilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək həmin mənzil üzərində iddiaçının ¼ hissədə qanun üzrə vərəsəlik hüququnun tanınması, miras əmlakın qəbul edilməsi haqqında 6 saylı notariat ofisinə yalan məlumat vermiş Cavabdeh Sadıx qızının əməllərində AR CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayət əməlinin əlamətləri olduğundan bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1955-ci ildə doğulmuşdur. X5, X1 olmuşdur. Ata və anası 29 oktyabr 1949-cu ildə rəsmi nikah bağlamışlar. Onların nikahından 4 övlad doğulmuşdur: qardaşı X7 (doğum tarixi xx.xx.1949), X15 (doğum tarixi xx.xx.1957), özü İddiaçı (doğum tarixi xx.xx.1955), bacısı Cavabdeh Sadıx qızı (doğum tarixi xx.xx.1960). X5 28 dekabr 1988-ci ildə vəfat etmişdir. X1 12 may 2008-ci ildə vəfat etmişdir. Anasının ölümündən sonra onun xüsusi mülkiyyətində olan 2 daşınmaz əmlak miras qalmışdır: 1950-ci ildə tikilmiş, ümumi sahəsi 59,1 kv.m olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Qəsəbə küçəsi, 34 nömrəli fərdi yaşayış evi və ümumi sahəsi 70,04 kv.m olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, ev 2-də yerləşən 41 nömrəli mənzil. Anasının 12 may 2008-ci ildə vəfatından sonra qanun üzrə birinci növbəli vərəsələr 2 bacı və 2 qardaş olmuşdur. 12 may 2008-ci ildə vəfat etmiş X1nın ölümü ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin 6 saylı notariat ofisində 2V-133 və 2 V134 saylı vərəsəlik işi açılmışdır. İddiaçının doğma bacısı Cavabdeh anası ölən zaman iddiaçını aldatmış, guya anasının vəsiyyət qoyduğunu və əmlakın 2 bacı və 2 qardaş arasında bərabər bölünəcəyini, iddiaçının heç yerə getməyinə ehtiyac olmadığını bildirmişdi. Cavabdeh onu narahat olmamağa, nə lazımsa qanunla hər şeyi özü həll edəcəyinə inandırmışdır. Bu günədək iddiaçı cavabdehin onu aldatdığını bilməmiş və qardaşının ölümü ilə bağlı bir təsadüf olmasaydı iddiaçı ona yenə də öz varlığı qədər inanacaqmış. Bacısına inanmamağa heç bir əsası olmamışdır, çünki həmişə bacısı ilə xoş münasibətdə olmuşdur, bacısı ailə qurmadığından iddiaçının övladları ona həmişə hörmətlə yanaşmışlar, nə problemi olubsa heç bir sorgu sualsız maddi, mənəvi və s. köməklik ediblər. Nə zaman bacısından anasının miras əmlakı haqqında şəhadətnaməni soruşanda özünü incimiş kimi göstərərək mənə inanmırsınızmı? kimi cavab vermişdir, iddiaçı və övladları da pis vəziyyətdə qalmışlar ki, onlar öz inamsızlığı ilə bacısının qəlbinə dəymişdir. 15 dekabr 2023-cü il tarixində qardaşı X7 vəfat edən zaman anasının ölüm vaxtında olduğu kimi yenə də bacısı ona bildirmişdir ki, heç yerə getməyə ehtiyac yoxdu, özü hər şeyi həll edəcək və 6 aydan sonra iddiaçının da adı olan şəhadətnaməni alacaqdır. Lakin iddiaçının övladları ona irad bildirdilər ki, anasının ölümündən sonra da bacısı hər şeyi özü həll edəcəyini desə də, bu günədək miras əmlak haqqında şəhadətnamələri onlara göstərməkdən yayınır, hər dəfə narahat olmamağı bildirir. İddiaçı qanunlardan xəbərsiz olduğundan bilmirdi ki, miras əmlakı necə əldə etmək olar və cavabdehin anasının vəsiyyətnamə qoymasını bildirməsi iddiaçını tam arxayın etmişdi. 14 mart 2023-cü ildə övladları ilə 6 saylı Asan Xidmət Mərkəzində Notariat ofisinə müraciət edərək qardaşının varislik işi ilə maraqlananda məlum oldu ki, bacısı orada yalan məlumat verib ki, o, ölən qardaşının yeganə varisidir. Bundan sonra iddiaçı başa düşmüşdür ki, bacısı notariat ofisinə yalan məlumat verməklə miras əmlakı tək əldə etmək və onu aldatmaq istəmişdir. Yalnız bundan sonra, yəni 14 mart 2023-cü ildə cavabdehdən şübhələndi ki, yəqin o, anasından qalan miras əmlaklarla da bağlı onu aldatmışdır. Cavabdehin onu aldadıb-aldatmamasını bilmək üçün iddiaçı vəkillə müqavilə bağlamış və vəkil sorğusu ilə 6 saylı notariat ofisində açılmış vərəsəlik işinin təsdiq edilmiş surətini əldə edəndən sonra məlum olmuşdur ki, doğma bacısı onu o zaman da aldatmış və notariusa yalan məlumat verərək onun vərəsə kimi mövcudluğunu bildirməmiş, iddiaçını aldatmaqla anasından qalan miras əmlaka qanunsuz olaraq təkbaşına sahiblənmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 110-cu bəndinə əsasən Vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında vərəsənin ərizəsində digər vərəsələrin miras açılanadək yaşayış yeri sadalanmalı olması tələb olunsa da, cavabdeh öz ərizəsində iddiaçını qanunsuz olaraq vərəsə kimi göstərməmişdir. Anasının ölümü ilə bağlı əldə edilmiş vərəsəlik işini nəzərdən keçirən zaman məlum olmuşdur ki, cavabdeh 09 iyul 2008-ci ildə və 06 sentyabr 2008-ci ildə 6 saylı notariat ofisinə ərizə ilə müraciət edərək Mülki Məcəllənin 1159-cu maddəsinin tələbinə zidd olaraq iddiaçının mövcudluğu haqqında notariusa məlumat verməmiş, ondan başqa yalnız 2 vərəsənin – qardaşları X7 və X9 olduğu haqda məlumat vermişdir. Həmçinin məlum olmuşdur ki, hər iki qardaşı öz vərəsəlik paylarından cavabdehin xeyrinə imtina etmişlər. Cavabdehin bir bacı kimi onu aldatmaqla miras əmlak üçün ərizə verməməyisinə nail olması ilə əlaqədar iddiaçının haqqında vərəsə kimi notariusda heç bir məlumat olmadığından cavabdeh təkbaşına olaraq anasından qalan hər iki daşınmaz əmlaka təkbaşına vərəsəlik şəhadətnaməsi almışdır. Cavabdeh öz hərəkətlərinin mənasını anlayan, yalnız kəskin ürək qan damar çatışmamazlığından vəfat edən anasının adından saxta yolla 30 yanvar 2008ci il tarixli vəsiyyətnamə əldə etmişdir. Bu vəsiyyətnamə 30 yanvar 2008-ci ildə 18 saylı notariat ofisində tərtib edilmişdir. Bu vəsiyyətnamə tam surətdə öz hərəkətlərinin mənasını anlayan, özü hərəkət edən, əl qolu salamat olan anasının adından tərtib olunmuş, lakin guya vəsiyyətnaməni anası xəstə olduğu üçün onun əvəzinə qardaşı X15 imza etmişdir. Lakin vəsiyyətnamənin arxa tərəfində notarius təsdiq etmişdir ki, vəsiyyətnaməni anası Məmmədova G.H. şəxsən özü imza etmişdir. Bu vəsiyyətnamə tam qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Belə ki, notariat hərəkətlərinin aparılması qaydaları haqqında yuxarıda istinad edilən Təlimatın 64-cü bəndinin tələbinə görə “Vəsiyyət edən fiziki qüsurlarına, xəstəliyinə və ya başqa səbəblərə görə vəsiyyətnaməni şəxsən imzalaya bilmirsə, vəsiyyətnaməni onun xahişi və iştirakı ilə digər şəxs imzalaya bilər. Bu zaman təsdiq qeydində vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir”. Bundan başqa, həmin təlimatın 67-ci bəndinə əsasən notarius vəsiyyətnamənin təsdiqi barədə xahişlə müraciət edən şəxsi qanun üzrə vərəsələrin Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunmuş dairəsi ilə tanış etməli və vəsiyyət edənə onun hüquqlarını izah etməlidir, lakin vəsiyyətnamədə bu barədə qeyd də mövcud deyildir. Göründüyü kimi, anasının sağlam olmasına baxmayaraq 30 yanvar 2008-ci il tarixli vəsiyyətnamədə onun yalnız xəstə olduğu səbəbindən vəsiyyətnaməyə imza edə bilməməsi göstərilmişdir, lakin bu xəstəliyi təsdiq edən heç bir sübut-sənəd mövcud deyildir. Ona görə də hesab edir ki, 18 saylı notariat ofisində cavabdehin adına verilmiş 30 yanvar 2008-ci il tarixli vəsiyyətnamə qanunsuz olduğundan etibarsız hesab edilməlidir, çünki belə bir vəsiyyətnamənin başqa şəxs tərəfindən imzalanması üçün vəsiyyət verən şəxsin fiziki qüsurlarının və ya sənədi imzalamağa imkan verməyən xəstəliyinin olmasını təsdiq edən heç bir sübut mövcud deyildir. Digər tərəfdən əgər anası doğrudan da öz miras əmlaklarını cavabdehə vəsiyyət etmək fikrində olsaydı o, yalnız bir əmlaka yox, ona məxsus hər iki əmlaka vəsiyyətnamə verərdi. Lakin digər əmlaka cavabdeh üçün vəsiyyətnamə tərtib etdirmək mümkün deyildi, ona görə ki, orada 5 nəfər qeydiyyatda olmuşdur və yuxarıda istinad edilən Təlimatın 71-ci bəndinə görə bu əmlaka vəsiyyətnamə verilməsi üçün orada qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin yazılı razılığı tələb edilirdi. Göründüyü kimi, miras əmlaklardan ikincisi üçün vəsiyyətnamə tərtib edilməməyinin səbəbi vəsiyyətnamədən iddiaçının xəbərinin olmaması üçün edilmişdir, əks halda qeydiyyatda olan şəxslər bacısının bu hərəkəti haqqında ona məlumat verə bilərdilər. Bu faktın özü sübut edir ki, vəsiyyətnamə qanunsuz olaraq, anasının iradəsindən kənar tərtib edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində, onu aldatması və vərəsə kimi mövcud olmamağı haqqında notariusa yalan məlumat verməsi nəticəsində o, qanunsuz olaraq anasından qalan hər iki daşınmaz əmlaklar - ümumi sahəsi 59,1 kv.m olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Qəsəbə küçəsi, 34 nömrəli fərdi yaşayış evi və ümumi sahəsi 70,04 kv.m olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, bina 2-də yerləşən 41 nömrəli mənzil üçün təkbaşına vərəsəlik şəhadətnaməsi almağa nail olmuşdur. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında yuxarıda istinad olunan təlimatın 103-cü bəndinin son abzasına görə notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. İndiki halda isə 6 saylı notariat ofisinin notariusu cavabdehin təqdim etdiyi və iddiaçının varis kimi adı göstərilməyən ərizəni qəbul etməklə kifayətlənmiş və bununla da iddiaçı qanun üzrə miras əmlakdan pay almaq hüququndan ondan asılı olmayan səbəbdən məhrum olmuşdur. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında yuxarıda istinad olunan təlimatın 104-cü bəndinə görə notarius vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən mirasda məcburi paya hüququ olan şəxslər olub-olmadığını aydınlaşdırmalıdır. Lakin 6 saylı notariat ofisi və 18 saylı notariat ofisi göstərilən təlimatın tələbinə riayət etməmiş, iddiaçının qanun üzrə vərəsəlik hüququnu pozmuşlar, nəticədə iddiaçı miras əmlakdan məcburi pay almaq hüququndan ondan asılı olmayan səbəbdən məhrum olmuşdur. Cavabdehin və maraqlı şəxslərin qanunsuz hərəkətləri olmasaydı göstərilən əmlaklarda iddiaçı birinci növbəli varislərdən biri kimi məcburi miras payı almalı idi. Bu miras payı hər bir əmlakın ¼ hissəsini əhatə etməli idi. 28 may 2023-cü il tarixində iddiaçı pozulmuş hüququnun bərpası üçün 6 saylı notariat ofisinə miras əmlakdan qanun üzrə məcburi payının müəyyənləşdirilməsi və müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmiş, lakin 6 saylı notariat ofisi 01 iyun 2023 tarixli 945 saylı məktubla iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Hesab edir ki, 30 yanvar 2008-ci ildə 18 saylı notariat ofisində reyestrdə 2V-01-13 nömrə ilə qeydiyyata alınmış X4 tərəfindən Cavabdeh verilmiş vəsiyyətnamə etibarsız hesab edilməlidir. 14 noyabr 2008-ci ildə Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən verilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70,04 kv.m. olan 4 otaqdan ibarət mənzilə verilmiş, reyestrdə 2V-133 nömrəsilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilməlidir. 14 noyabr 2008-ci ildə Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən verilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 59,1 kv.m., yaşayış sahəsi 27,9 kv.m., köməkçi sahəsi 31,2 kv.m. olan 2 otaqdan ibarət fərdi yaşayış evinə verilmiş, reyestrdə 2V-134 nömrəsilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilməlidir. Hesab edir ki, iddiaçı vəfat etmiş X1nın miras qalmış əmlaklarından qanun üzrə iddiaçıya düşən vərəsəlik payını almalıdır. Yəni X1na məxsus olmuş olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70,04 kv.m. olan 4 otaqdan ibarət olan mənzilin ¼ hissəsi üzərində, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 59,1 kv.m., yaşayış sahəsi 27,9 kv.m., köməkçi sahəsi 31,2 kv.m. olan 2 otaqdan ibarət fərdi yaşayış evinin ¼ hissəsi üzərində iddiaçının qanun üzrə - məcburi vərəsəlik hüququ tanınmalıdır. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. İşin faktiki halları: İşin mübahisə olunmayan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh bacıdırlar. Tərəflərin anası 2008-ci ildə vəfat etmişdir. Sonuncu adına olan əmlaklardan birini – Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Qəsəbə küçəsi, 34 nömrəli fərdi yaşayış evini vəsiyyətnamə əsasında cavabdehə vəsiyyət etmiş, digər əmlak isə qanun üzrə vərəsəlik əsasında cavabdehin adına keçmişdir. Tərəflərin qardaşı X8 15 dekabr 2022-ci il tarixdə vəfat etmiş, iddiaçı qardaşından qalmış ünvan 3 ünvanında yerləşən evi miras olaraq qəbul etmək üçün notariusa müraciət etmişdir. Bu zaman ona məlum olmuşdur ki, həmin əmlakla bağlı bacısı Cavabdeh notariusa müraciət etmiş, sözügedən mirası qəbul edərək ərizədə özündən başqa vərəsə olmadığını bildirmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf qardaşının ölümündən sonra anası vəfat edən vaxtla bağlı da tərəfin şübhələrinin yaranmasını, bu səbəbdən 2008-ci ildə anasının vəfatından sonra əmlaklarla bağlı araşdırma aparmağa başladığını və bu əsnada 2008-ci ildə 6 saylı notariat kontorunda verilmiş vərəsəlik işinin materiallarını əldə etdikdən sonra ona məlum olmuşdur ki, vəsiyyətnamə verilərkən vərəsələr sırasında iddiaçının adı qeyd edilməmişdir. Halbuki iddiaçı anasında qalmış əmlakları faktiki olaraq istifadəsinə qəbul etmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında mövcud olan notariat işindəki vəsiyyətnamənin birinci vərəqində vəsiyyətnaməni Məmmədova G.H. qızının xəstə olduğu üçün ərizəni oğlu X10 imza etdiyi, vəsiyyətnamənin ikinci vərəqində isə Məmmədova G.Hnın şəxsən özünün notarius Məlikov C.B.-nın iştirakı ilə imza etdiyi qeyd edilmişdir. Notariat işində maraqlı şəxslər qismində Cavabdeh və onun qardaşları Məmmədov Faxrəddin və Məmmədov Asif qeyd edilmişdir. Tərəflərin qardaşları Məmmədov Faxrəddin və Məmmədov Asif 09 iyul 2008-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat kontoruna ərizə ilə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Qəsəbə küçəsi, 34 nömrəli fərdi yaşayış evindən onlara düşən məcburi paydan Cavabdeh xeyrinə imtina etdiklərini bildirmişdirlər. X2 ölümündən sonra mülkiyyətində olmuş Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Qəsəbə küçəsi, 34 nömrəli fərdi yaşayış evi və ümumi sahəsi 70,04 kv.m olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, ev 2-də yerləşən 41 nömrəli mənzilə dair cavabdehə 14 noyabr 2008-ci il tarixdə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Hazırda istinad olunan əmlaklar Cavabdeh mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı Cavabdeh anasından qalan qab-qacaqları bacısı olan iddiaçıya verdiyini etiraf etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 15.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 19-cu maddəsinə görə, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının aktının etibarsız sayılması dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə - iddia müddəti şamil edilmir. 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1182-ci maddəsinə görə əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. 1191-ci maddəsinə görə vəsiyyət edən öldükdən sonra notarius gün təyin edərək maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış edir. Bu barədə müvafiq protokol tərtib edilməlidir. Əgər vəsiyyətnamənin qoyulduğu zərf möhürlənmişdirsə, möhürün salamatlığı qeyd edilməlidir. 1230-cu maddəsinə görə, qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin vəsiyyətnamənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, verilmiş vəsiyyətnamədən görünür ki, vəsiyyətnaməni tərəflərin anası olan Məmmədova G.H. əvəzinə onun oğlu imzalamışdır. Mülki Məcəlləyə əsasən vəsiyyətnaməni vəsiyyət edənin adından başqa şəxs imzalaya bilər. Lakin şəxsin özünün imzalaya bilməməsinin səbəbləri əsaslandırılmalı, vəsiyyətnamə vəsiyyət edənin iştirakı ilə imza edilməlidir. Hazırkı işdə oğlu X16 xəstə olduğu üçün anasının əvəzindən imza etmiş, lakin anasının xəstəliyi ilə bağlı şəxsən özünün imza edə bilməməsinin səbəbləri ilə bağlı hər hansı qeydlər göstərilməmişdir. Eyni zamanda vəsiyyətnamənin ikinci vərəqində notarius tərəfindən vəsiyyətnamənin şəxsən Məmmədova G.H. tərəfindən imza edildiyi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, istinad olunan hallar verilmiş şəhadətnamənin etibarlılığı ilə bağlı kifayət qədər şübhələr yaradır. Daha sonra məhkəmə qeyd edir ki, vəsiyyət edənin ölümündən sonra vəsiyyətnamə maraqlı şəxslərin iştirakı ilə elan edilməlidir. Hazırkı iş materiallarından görünür ki, iddiaçı vəsiyyətnamədən məlumatsız olmaqla yanaşı elan etmə proseduruna da cəlb edilməmişdir. Yalnız cavabdeh və onun 2 qardaşı vəsiyyətnamədən məlumatlandırılmış və nəticə olaraq 2 qardaş vəsiyyət edilən əmlakdan cavabdehin xeyrinə məcburi paylarından imtina etməkləri ilə bağlı ərizə təqdim etmişlər. Odur ki, verilmiş vəsiyyətnamə etibarsız hesab edilməlidir. Belə olan halda cavabdehin adına verilmiş vəsiyyətnamə etibarsız hesab edilməli və iddiaçının ¼ hissədə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Qəsəbə küçəsi, 34 nömrəli fərdi yaşayış evinə dair vərəsəlik hüququ tanınmalıdır. Məhkəmə iddia tələbinin qanun üzrə vərəsəlik hüququ əsasında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, ev 2-də yerləşən 41 nömrəli mənzilə dair şəhadətnamənin etibarsız hesab edilməsinə dair tələbə qiymət verərək hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, sözügedən şəhadətnamənin verilməsi zamanı iddiaçının adı vərəsələr siyahısında qeyd edilməmiş, onun qanunla qorunan mənafeləri nəzərə alınmamışdır. Notariat işinə əlavə edilmiş sənədlərdən görünür ki, həmin sənədlərin heç birində iddiaçının varlığı ilə bağlı məlumatlar əks edilməmişdir. Odur ki, cavabdehin adına qanun üzrə vərəsəlik əsasında verilmiş şəhadətnamə qismən etibarsız hesab edilərək iddiaçının Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, ev 2-də yerləşən 41 nömrəli mənzil üzərində ¼ hissədə vərəsəlik hüququ tanınmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçı mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. Məhkəmə istinad olunan hala münasibətdə qeyd edir ki, iddiaçı cavabdehlə etibarlı ailə münasibətlərində olmuşdur. Məhkəmə araşdırması zamanı cavabdeh özü də bacısı ilə münasibətlərinin məhkəməyə müraciət edənə qədər yaxşı olduğunu, aralarında hər hansı narazılığın olmadığını bildirmişdir. Miras əmlakın qəbulu ilə bağlı iddiaçı notariusa müraciə etməməsini bacısına olan inamı ilə əsaslandırmışdır. Bacısı iddiaçıya əmlakla bağlı vəsiyyətnamə olduğunu və əmlakın 4 övlad arasında bərabər bölündüyünə onu inandırmışdır. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən qardaşının ölümündən sonra 10 mart 2023-cü il tarixdə notariusa ünvanlanmış ərizədən görünür ki, o, özündən başqa vərəsinin olmadığını qeyd etmişdir. Bu halı biləndən sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Odur ki, istinad olunanlar nəzərə alınaraq iddiaçının yuxarıda adı çəkilən əmlakları miras olaraq qəbul etməsi üçün buraxılmış müddət üzrlü hesab edilməlidir. Məhkəmə araşdırması zamanı cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə istinad olunan hala münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı tərəflərin verdiyi izahatlarla müəyyən edilmişdir ki, iddiaçı anasından qalan əmlakları istifadəsinə qəbul etmişdir. Məhkəməyə iddiaçı fotoşəkillər təqdim edərək anasından qalmış qızıl-zinət əşyaları olan 3 ədəd üzüyün qəbul edilməsini göstərmiş, istinad olunan zinət əşyaları məhkəmədə tədqiq edilmişdir. Cavabdeh üzüklərin anasına deyil, xalasına aid olduğunu, xalasından anasına qaldığını bildirmişdir. Eyni zamanda cavabdeh izahatlarında anasından qalmış dəyərli qab-qacaqları iddiaçıya verdiyini etiraf etmişdir. Bu, o deməkdir ki, iddiaçı anasından qalmış miras əmlakın bir hissəsini faktiki olaraq istifadəsinə qəbul etmişdir. Belə olan halda müddətin tətbiq edilməsi ilə bağlı hallar aradan qalxmış olur. Belə ki, qanunvericiliyin tələblərinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir. Məhkəmə iddia tələbinin Cavabdeh əməllərində AR CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin olmasının müəyyən edilməklə barəsində xüsusi qərardad çıxarmaqla prokurora məlumat verilməsi hissəsi ilə bağlı qeyd edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının öz izahatında xüsusi qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən bu məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 300 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən 300 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 30 yanvar 2008-ci ildə 18 saylı notariat ofisində reyestrdə 2V-01-13 nömrə ilə qeydiyyata alınmış X4 tərəfindən Cavabdeh verilmiş vəsiyyətnamə etibarsız hesab edilsin. 14 noyabr 2008-ci ildə Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən verilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70,04 kv.m. olan 4 otaqdan ibarət mənzilə verilmiş, reyestrdə 2V-133 nömrəsilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilsin və mirasın qəbul edilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək həmin mənzil üzərində İddiaçı ¼ hissədə qanun üzrə vərəsəlik hüququ tanınsın. 14 noyabr 2008-ci ildə Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən verilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 59,1 kv.m., yaşayış sahəsi 27,9 kv.m., köməkçi sahəsi 31,2 kv.m. olan 2 otaqdan ibarət fərdi yaşayış evinə verilmiş, reyestrdə 2V-134 nömrəsilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilsin və mirasın qəbul edilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək həmin mənzil üzərində İddiaçı ¼ hissədə qanun üzrə vərəsəlik hüququ tanınsın. İddiaçı tərəfindən ödənilmiş 300 (üç yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-4586/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4586/2023
18.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver