Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4597/2023 20.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “əsassız varlanmaya görə pul vəsaitinin tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanmaya görə 102.28 ABŞ dolları məbləğində əsas borc, 0.00 ABŞ dolları məbləğində faiz borcu, cəmi 102.28 ABŞ dolları məbləğində pul vəsatinin, həmçinin 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıSC ilə Cavabdeh arasında bağlanmış ******* nömrəli 29 iyun 2015-ci il tarixli “Kompleks bank xidməti” müqaviləsinə əsasən sonuncuya debet (VİSA Gold) kartı verilmişdir. Cavabdeh “Kompleks bank xidməti” müqaviləsi əsasında yaradılmış **********501817001 saylı kartı hesabına həmin müqavilə şərtlərinə uyğun olaraq müxtəlif tarixlərdə öz pul vəsaitinin daxil edərək istifadə etmişdir. Lakin 19 iyul 2016-cı il tarixdə yaranan texniki xəta səbəbindən həmin vaxt hesabında yetərli pul vəsaiti olmadığı təqdirdə o, 102.28 ABŞ dolları məbləğində pul vəsaitini istifadə etmişdir. Bununla da Cavabdeh tərəfindən banka məxsus 102.28 ABŞ dolları məbləğində pul vəsaiti əsassız olaraq mənimsənilmişdir. Bank tərəfindən müvafiq düzəlişlər aparılaraq qanunsuz istifadə edilmiş vəsaitin geri qaytarılması istiqamətində işlər görülmüş, lakin banka məxsus qeyd olunan 102.28 ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh tərəfindən istifadə olunduğundan həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. Həmin pul vəsaitinin Cavabdeh tərəfindən istifadə olunması nəticəsində isə hal-hazırda onun banka 102.28 ABŞ dolları məbləğində əsas, 0.00 ABŞ dolları məbləğində faiz olmaqla, cəmi 102.28 ABŞ dolları məbləğində borcu yaranmışdır. Qeyd olunan fakt 2023cü il üzrə bankda aparılan daxili audit yoxlaması nəticəsində “Kompleks bank xidməti üzrə əməliyyatlara nəzarət prosesinin auditi” zamanı aşkar edilmişdir. ******* nömrəli 29 iyun 2015-ci il tarixli “Kompleks bank xidməti” müqaviləsinin 3.3.6-cı maddəsinə əsasən yaranmış “Texniki overdraft”a görə bankın müştəridən istifadə etdiyi pulməbləğlərinin faizləri ilə birlikdə (faiz hesablanarsa) geri tələb etmək hüququ vardir. Həmin müqavilənin 3.4.5-ci maddəsinə əsasən yaranmış “Texniki overdraft”a görə pul vəsaitlərini hesablanmış faizləri ilə birlikdə (illik 42% olmaqla) geri qaytarmaq müştərinin vəzifəsidir. ******* nömrəli 29 iyun 2015-ci il tarixli “Kompleks bank xidməti” müqaviləsinə və Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən yaranmış borcun ödənilməsi barədə cavabdehə edilmiş şifahi və yazılı müraciətlər nəticəsiz qalmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını istəmişdir. O, təqdim etdiyi ərizədə iddia tələbini qəbul etmədiyini bildirərək iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, cavabdeh 29 iyun 2015-ci il tarixdə iddiaçı banka ərizə ilə müraciət edərək ona Visa Gold plastik kartının verilməsini xahiş etmişdir. Bundan sonra 29 iyun 2015-ci il tarixdə tərəflər arasında kompleks bank xidməti müqaviləsi bağlanmışdır. Müqavilənin 3.1.6-cı bəndində qeyd edilmişdir ki, hesabdakı vəsaitdən artıq vəsaitin istifadə edilməsi (Limitin aşılması) “texniki overdraft” hesab olunur (bu maddə debet kartlarına aiddir, kredit kartındakı vəsaitin istifadə qaydaları müştəri ilə bank arasında bağlanmış müvafiq müqavilə ilə tənzimlənir). İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, cavabdehə məxsus kart hesabının 19 iyul 2016-cı il tarixdə qalıq qrafasında 102.28 ABŞ dolları qalıq olduğu qeyd edilmişdir. İş materiallarında olan arayışdan görünür ki, cavabdehin 10 may 2023-cü il tarixinə iddiaçı banka 102.28 ABŞ dolları məbləğində borcu mövcuddur. Cavabdeh iddiaya etiraz mövqeyində olmuş, iddia müddətinin tətbiq edilərək onun rədd edilməsini xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 372.1-ci maddəsinin tələbinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 374.1-ci maddəsinin tələbinə görə əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Mülki iş üzrə iş materiallarının tədqiqi nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında bank hesabı müqaviləsi bağlanmış, bank hesabı müqaviləsindən də texniki overdraft olması ilə bağlı şərt müəyyənləşdirilmiş, tərəf də müqaviləyə imza ataraq həmin şərti qəbul etmişdir. Odur ki, 29 iyun 2015-ci il tarixli müqavilə üzrə cavabdeh öhdəliklərin daşıyıcısı olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, plastik kart cavabdehin istifadəsinə 1 illik müddətə verilmişdir. Bu borcun yaranması da 19 iyul 2016-cı il tarixə təsadüf etmişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliklərin daşıyıcısı olsa da ona qarşı iddia qanunvericiliklə nəzərdə tutulmuş 3 illik müddətdə verilməli idi. Plastik kartın istifadə müddəti 2016-cı ildə bitdiyindən iddia müddətinin axımı da bu müddətdən başlamalı idi. İddiaçı tərəf 2023-cü ildə aparılmış audit yoxlaması zamanı bunun aşkar edildiyini bildirsə də məhkəmə müddətin axımının məhz 2016-cı ildən başladığı qənaətindədir. Odur ki, cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi əsaslı olduğundan iddia müddəti tətbiq edilərək iddiaçının iddiası rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı - Cavabdeh əsassız varlanmaya görə 102.28 ABŞ dolları məbləğində əsas borc, 0.00 ABŞ dolları məbləğində faiz borcu, cəmi 102.28 ABŞ dolları məbləğində pul vəsatinin, həmçinin 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı ASC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-4597/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4597/2023
20.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver