Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4610/2025 11.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, iddiaçının vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh 30 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı işə bərpa və məcburi buraxılmış iş günləri üçün əmək haqqı tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh 30 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli attestasiya komissiyasının qərarının iddiaçıya münasibətdə qanunsuz hesab edilməsi, 02 aprel 2025-ci il tarixli, 41 №-li əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1997-ci ildən musiqi müəlliməsi vəzifəsində işləmişdir, xx.xx.2003 il tarxdə 30 nömrəli Uşaq Musiqi Məktəbinin Fortepiano şöbəsinin müəllimi vəzifəsinə təyin olunmuş, 28 ildir ki,işləyir və İşlədiyi müddətdə üzərinə düşən vəzifəni layiqıncə yerinə yetirmiş və bir dəfə də olsa rəhbərlik tərəfindən ona irad da olsa tutulmamışdır. 30 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2025 il tarixli,41 saylı əmri ilə onunla cavabdeh təşkilat arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.Əmrin verilməsinə əsas səbəb kimi 30 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasını xx.xx.2025 il tarixli qərarı göstərilmişdir. Həmin əmrlə, həm də attestasiya Komissiyasının qərarı ilə razılaşmır və məlumat üçün bildirir ki,hələ Attestasiya Komissiyası işə başlamamışdan əvvəl müəllimlərə məlum olmuşdur ki, Attestasiya Komissiyasının təşkil olunmasının əsas məqsədi komissiyanın qərarı əldə rəhbər tutulmaqla bir çox müəllimlərin tutduğu vəzifədən kənarlaşdırılmasıdır. O, attestasiya Komissiyasının imtahan iclasında iştirak etmiş və orada ona verilən sualların demək olar ki, çox hissəsinə düzgün cavab vermişdir. Orada elə suallar olmuşdur ki,həmin suallar onun vəzifəsinə və ixtisasına uyğun olmamış və o, nəticə etibarı ilə həmin suallara cavab verməmiş və bu barədə öz iradını bildirmişdir. Nəhayət əmrlə birlikdə ona attestasiya vərəqi təqdim olunduqdan və onunla tanış olduqdan sonra o, deyilənlərin həqiqət olduğuna bir daha əmin olmuşdur ki, attestasiya komissiyasının təşkil olunmasının əsas məqsədi bir çox muəllimlərin haqsız olaraq tutduğu vəzifələrindən kənarlaşdırması olmuşdur və həmin müəllimlərdən biri də o, olmuşdur. Ona görə bu qənaətə gəlmişdir ki, attestasiya vərəqində göstərilənlərdən belə məlum olmuşdur ki, imtahan ərzində ona ünvanlanan sualların heç birinə cavab verə bilməmişdir. Onlardan götürülən imtahan video çəkiliş vasitəsilə qeydə alınıb və ya alınmadığı onaməlum deyildir. Əgər video çəkilişlə qeydə alınıbsa onda həmin video çəkilişə baxılarsa onun haqlı olduğu təsdiq olunar. Orada onun neçə suala dəqiq,düzgün və əhatəli cavab verməyi öz təsdiqini tapar. Təbiidir ki, o, əmrlə razılaşmamış və xx.xx.2025 il tarixdə cavabdeh təşkilata qanunvericiliyə müvafiq olaraq təkilf göndərmiş və cavab almadığından xx.xx.2025 il tarixdə isə 6 saylı Mediasiya təşkilatına müracət etmişdir. xx.xx.2025 tarixdə keçirilmiş mediasiya içlasında cavabdeh təşkilat mübahisənin sülh yolu ilə həllinə razılıq vermədiyindən məcbur olub hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı, iddiaçının vəkili-nümayəndəsi izahatlarında attestasiya zamanı iddiaçıya qarşı qərəzli münasibət göstərildiyini, sualların bəzilərinin onun ixtisasına aid olmadığını, sualların çoxuna düzgün cavab versə də, səhv cavab kimi qeydə alındığını bildirərək, imtahanda çox həyacanlı olduğunu, bu işə çox ehtiyacı olduğunu, həmçinin əmək stajını, təcrübəsini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh 30 nömrəli Uşaq Musiqi Məktəbi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Səlahiyyətlərin verilməsinə dair bildirişdən görünür ki, 30 saylı uşaq musiqi məktəbində bütün işəgötürən səlahiyyətləri Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən X1 verilmişdir. 30 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2024-cü il tarixli 79 nömrəli əmrindən görünür ki, 30 nömrəli Uşaq Musiqi Məktəbi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsini rəhbər tutaraq 2025-ci ilin fevralın 5-dən iyunun 5-dək müəllimlərin attestasiyasını keçirməyi qərara almışdır. xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı attestasiyanın keçiriləcəyi ilə bağlı xəbərdarlıq bildirişini imzalayıb təhvil almaqdan imtina etmişdir. xx.xx.2025-ci il tarixli attestasiya vərəqəsində İddiaçı attestasiya zamanı verilən suallar və cavablar, eləcə də komissiya üzvlərinin səsləri (lehinə 0, əleyhinə 5 səs) əks olunmuşdur. Bakı şəhər 30 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. 30 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2025-ci il tarixli, 41 №-li əmrindən görünür ki, Bakı şəhər 30 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsinə əsas Bakı şəhər 30 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya komissiyasının xx.xx.2025-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və xx.xx.2025-ci il tarixli 1 nömrəli protokol olmuşdur. CD diskdə xx.xx.2025-ci il tarixində keçirilmiş İddiaçı attestasiyası zamanı çəkilmiş videogörüntü əks olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
11. 1.Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; 12.1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; 65.1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65.2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. 65.3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, əxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 67.1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 2003-2025-ci il tarixlərində 30 nömrəlu Uşaq Musiqi Məktəbində fortepiano müəllimi vəzifəsində çalışmışdır. xx.xx.2025-ci il tarixində keçirilmiş attestasiyanın nəticəsi olaraq həmin vəzifəyə uyğun hesab edilməmiş, 30 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2025-ci il tarixli əmri ilə xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmk müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı komissiyanın düzgün qiymətləndirmə aparmadığına istinad edərək, attestasiya komissiyasının qərarının ləğv edilməsini və işə bərpa edilməsini, məcburi işburaxmaya görə əmək haqqı ödənilməsini məhkəmədən tələb edir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən attestasiya işçinin əmək müqaviləsi əsasında üzərinə düşən işinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə, peşəyə uyğun olubolmadığını müəyyən etmək məqsədilə keçirilir. Məhkəməyə təqdim edilmiş attestasiya vərəqəsindən görünür ki, iddiaçıya tutduğu vəzifəyə uyğun olaraq suallar verilmiş, lakin iddiaçı tərəfindən suallara verilən cavablar, eləcə də, iddiaçının ifası komissiya üzvlərini qane etməmiş, bu səbəbdən attestasiya komissiyasının üzvlərinin səsverməsi nəticəsində iddiaçının tutduğu vəzifəyə uyğun olmaması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, attestasiya vərəqi stenoqram olmamaqla bütün iclası əks etdirə bilməz, lakin, məhkəmə araşdırması zamanı xx.xx.2025-ci il tarixində keçirilmiş İddiaçı attestasiyası zamanı çəkilmiş videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, attestasiya vərəqəsində iddiaçıya verilmiş suallar və iddiaçının cavabları düzgün qeyd edilmişdir. Eyni zamanda videogörüntüdən görünür ki, İddiaçı ifasında müəyyən nöqsanlar olmuş, iddiaçının üzdən oxuması çox zəif olmuşdur. Məhkəmə araşdırması zamanı həmçinin müəyən olunmuşdur ki, İddiaçı Əmək Məcəlləsinin 66-cı maddəsində sadalanan attestasiyadan keçirilməyən işçilər kateqoriyasına daxil olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının tutduğu vəzifəyə uyğunluğunun yoxlanılması ilə bağlı yaradılmış attestasiya komissiyası və həyata keçirilmiş attestasiya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun olduğundan və attestasiya keçirilərkən qanunun göstərilən tələblərinin pozulması halları aşkar olunmadığından, cavabdeh attestasiya komissiyasının qiymətləndirilməsi barədə tövsiyyəsini nəzərə alaraq iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsində tam səlahiyyətli olmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən attestasiya komissiyasının qərarı əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsi əsaslardan biri olduğundan, cavabdehin iddiaçının işdən azad olunması barədə xx.xx.2025-ci il tarixli əmri tam qanuni olmuşdur. Odur ki, attestasiya komissiyasının qərarının iddiaçıya münasibətdə qanunsuz hesab edilməsi, iddiaçının işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələbi təmin edilməməlidir. Məhkəmə iddiaçının məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının işə bərpa edilməsi barədə iddiasının əsassız olması öz təsdiqini tapdığından, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
qətetdi:
İddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli