Məhkəmə qərarları › İş №e-2(011)-4613/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4613/2025

10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4613/2025 10.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Mənzil-Tikinti Kooperativinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil-Tikinti Kooperativi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2864,68 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 48,65 manat pulun tutulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK Cavabdeh arasında “K Residence Baku” yaşayış kompleksində yerləşən Kortyard 1 saylı binanın 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 84,5 kv.m. olan 2304 saylı mənzilin alqı-satqısına dair xx.xx.2021-ci il tarixli, CY1-011/21 saylı müqavilə imzalamışdır. Eyni zamanda cavabdeh ilə iddiaçı arasında həmin mənzilə dair çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli CY1-011/21 saylı müqavilə imzalanmışdır. İddiaçı qeyd olunan mənzili cavabdehə təhvil vermiş, bununla bağlı cavabdeh ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixində CY1-2304 saylıtəhvil-təslim aktı imzalanmışdır. Odur ki, mənzil üzrə xidmət haqqı 2022-ci ilin yanvar ayından etibarən hesablanmağa başlanmışdır. Cavabdeh bir müddət xidmət haqqını ödəsə də, hazırda cavabdehin 2024-cü ilin aprel ayından başlayaraq, 2025-ci ilin aprel ayı da daxil olmaqla 13 aylıq dövr üçün ödənilməmiş borcu yaranmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, 2025-ci ilin aprel ayı da daxil olmaqla, cavabdehin 2304 saylı mənzilə görə xidmət haqqı borcu üzrə əsas borcu 2492,76 AZN, gecikməyə görə hesablanmış ümumidəbbə pulu 371,93 AZN olmaqla, cəmi borc 2864,68 AZN təşkil edir. İddiaçı daha sonra məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, qeyd etmişdir ki, iş ürə Cavabdeh iddia ərizəsində göstərilmiş xidmət haqqı borclarının bir qismini, yəni 1140,75 manat ödəmişdir Hazırda cavabdehin qalıq əsas borcu 2025-ci ilin yanvar-iyun ayları üçün 2028 manat, həmin borcun gecikdirilməsinə görə hesablanmış cərimə borcu 187,25 manat olmaqla, cəmi borcu 2215,25 manat təşkil edir. Həmçinin, vəkilə göstərilmiş xidmətlərə görə 120 manat ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən Cavabdeh 2028 manat xidmət haqqı borcunun, 187,25 manat dəbbə pulunun, 48,65 manat dövlət rüsumunun və 120 manat vəkilə ödənilmiş haqqın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış CY1-011/21 saylı müqavilədən və təhvil-təslim aktından görünür ki, “K Residence Baku” yaşayış kompleksində yerləşən Kortyard 1 saylı binanın 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 84,5 kv.m. olan 2304 saylı mənzil Cavabdeh satılmış və mənzil ona təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında CY1-011/21 saylı müqavilədən görünür ki, İddiaçı MTK öz üzərinə xidmətlərin göstərilməsi ilə bağlı öhdəlik götürmüş, MTK-dan mənzil almış və həmin xidmətlərdən istifadə edən mənzil sahibləri göstərilmiş xidmətlərə görə xidmət haqqının ödənilməsi öhdəliyini götürmüşlər. Müqavilənin 3-cü bəndinə əsasən mənzillərin hər kv.metri üçün xidmət haqqı hər ay 1,5 manat olmuş, hər gecikdirilmiş gün üçün 24 faiz cərimə müəyyən edilmişdir. İddiaçı MTK tərəfindən Cavabdeh göndərilmiş bildirişlərdən görünür ki, cavabdehə MTK-ya olan borc məbləğini ödəmək təklif olunmuş, əks təqdirdə qanunvericiliyə əsasən tərəflərindən lazımi tədbir görüləcəyi bildirilmiş, həmçinin cavabdehə xidmət haqqının xx.xx.2025-ci il tarixindən başlayaraq 4 manat təyin ediləcəyi bildirilmişdir. xx.xx.2025-ci il tarixli borc cədvəlindən görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixdən 07.0562025-ci il tarixədək İddiaçı MTK-ya 2028 manat əsas, 187,25 manat cərimə borcu vardır. Hüquqi yardım göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı MTK tərəfindən 120 manat hüquqi xidmət haqqı ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqaviləilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxilolan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Məhkəmənin mövqeyi: İşin mübahisəsiz hallarından görünür ki, cavabdeh İddiaçı MTK-da mənzil sahibidir və MTK ilə bağlanmış müqaviləyə əsasən xidmətlərə görə müqavilə ilə müəyyən edilmiş qaydada haqq ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. İş materialları ilə həmçinin müəyyən edilmişdir ki, cavabdeh ilə iddiaçı arasında çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında müqavilədə mənzillərin hər kv.metri üçün xidmət haqqı hər ay 1,5 manat razılaşdırılmışdır. 2025-ci ilin yanvar ayına qədər xidmət haqqı həmin tarifə və cavabdehin mənzlinin sahəsinə uyğun olaraq aylıq 126,75 manatla hesablanmışdır. 2025-ci ilin yanvar ayından isə xidmət haqqı mənzilin hər kv.metri üçün 4 manatla hesablanmaqla, aylıq borc 338 manat hesablanmışdır. İddiaçı borcun yeni tariflə hesablanaraq cavabdehdən tələb edilməsini onunla əsaslandırmışdır ki, müqavilənin 4 saylı əlavəsinin 6-cı bəndində əsasən müştəriyə ən azı 30 gün öncədən yazılı bildiriş təqdim etdikdən sonra şirkət müqaviləyə uyğun olaraq xidmət haqqlarına və digər haqqlara düzəliş edə bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, aylıq xidmət haqqının mənzillərin hər kv.metri üçün 1,5 manatdan 4 manata artırılması ilə bağlı MTK-nın qərarı iş materiallarında aşkar olunmamış, eləcə də, qiymət artımı ilə bağlı bildirişin cavabdehə çatdırılması (bildiriş Bağırov soyadlı şəxs tərəfindən qəbul edilmişdir) və ya yeni qiymətin razılaşdırılmasına dair tərəflər arasında müqavilə bağlanması sübut olunmur. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, analoji işlərdə MTK-nın digər mənzil sahiblərindən 2025-ci ilin yanvar ayından sonra da xidmət haqqları mənzillərin hər kv.metri üçün 1,5 manat tariflə hesablanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xidmət haqqı mənzilin hər kv.metri üçün 1,5 manat tariflə hesablanmaqla 2025-ci ilin yanvar ayından 2025-ci ilin iyun ayı daxil olmaqla, 6 ay üzrə ödənilməmiş xidmət haqqı borcu, 6 X 126,75 = 760,5 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cərimə borcunun tutulmasına münasibətdə məhkəmə hesab edir ki, 187,25 manat cərimə borcu tənasübsüz surətdə yüksək olduğu üçün azaldılmalıdır. 40 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Məhkəmə həmçinin qeyd edir ki, borcun ödənilməsi tələbi ilə bağlı iddia əsaslı olduğundan və göstərilmiş hüquqi yardıma görə tələb edilən 120 manat haqq ağlabatan məbləğdə müəyyən olunduğundan iddia tələbi həmin hissədə də təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 760,5 manat əsas borc, 40 manat cərimə borcu olmaqla, cəmi 800,5 manat tutularaq İddiaçı MTK-ya ödənilsin. 30 manat dövlət rüsumu və 120 manat vəkil xərci Cavabdeh tutularaq İddiaçı MTK-ya ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar