Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4624/2025 19.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Mənzil-Tikinti Kooperativinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil-Tikinti Kooperativi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3035,68 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 50,36 manat pulun tutulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK Cavabdeh arasında “K Residence Baku” yaşayış kompleksində yerləşən Kortyard 1 saylı binanın 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 83 kv.m. olan 4304 saylı mənzilin alqı-satqısına dair xx.xx.2022-ci il tarixli, CY1-156/22 saylı müqavilə imzalamışdır. Eyni zamanda cavabdeh ilə iddiaçı arasında həmin mənzilə dair çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli CY1-156/22 saylı müqavilə imzalanmışdır. İddiaçı qeyd olunan mənzili cavabdehə xx.xx.2022-ci il tarixində təhvil vermişdir. Odur ki, mənzil üzrə xidmət haqqı 2022-ci ilin avqust ayından etibarən hesablanmağa başlanmışdır. Hazırda cavabdehin 2023-cü ilin oktyabr ayından başlayaraq, 2025-ci ilin aprel ayı da daxil olmaqla 19 aylıq dövr üçün ödənilməmiş borcu yaranmışdır. Cavabdehin 4304 saylı mənzil üzrə əlavələrdəki cədvəldə göstərildiyi kimi 2025-ci ilin aprel ayı da daxil olmaqla, xidmət haqqı üzrə ümumi əsas borcu 2365,50 AZN, gecikməyə görə xx.xx.2025ci il tarixinə hesablanmış ümumi dəbbə pulu 670,18 AZN olmaqla, cəmi borc 3035,68 AZN təşkil edir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə göndərərək, qeyd etmişdir ki, iş ürə Cavabdeh tərəfindən iddia ərizəsində göstərilmiş xidmət haqqı borclarının bir qismini, yəni 1245 manat məbləğində 10 aylıq dövr üçün borcu xx.xx.2025-ci il tarixində ödəmişdir, bununla belə cavabdehin 2024-cü ilin avqust ayından 2025-ci ilin may ayı daxil olmaqla (iyun ayı hesablanmayıb) 10 aylıq dövr üçün 1245 manat xidmət haqqı borcu qalmaqdadır. Ümumilikdə cavabdehin xidmət haqqıları üzrə 1245 manat əsas borcu, borcun gecikdirilməsinə görə xx.xx.2025-ci il tarixinidək hesablanmış 221,11 manat cərimə borcu, ümumilikdə 1466,11 manat borcu mövcuddur.Cavabdeh CY1 4304 saylı mənzil üzrə 1245 manat əsas borcun, borcun gecikdirilməsinə görə xx.xx.2025-ci il tarixinədək hesablanmış 221,11 manat cərimə borcunun, iddia ərizəsinin verilməsinə görə MTK tərəfindən ödənilmiş 50,36 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 120 manat xərcin, ümumilikdə 1636,47 manat vəsaitin tutularaq İddiaçı MTK-ya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini dəyişdirilmiş hissədə müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 binanın istismara qəbul edilməməsi və özlərinin bir müddətdir ki, həmin mənzildə yaşadıqlarını əsas gətirərək iddiaya etiraz etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış CY1-156/22 saylı müqavilədən görünür ki, “K Residence Baku” yaşayış kompleksində yerləşən Kortyard 1 saylı binanın 3cü mərtəbəsində yerləşən, ümumi sahəsi 83 kv.m. olan 4304 saylı mənzil Cavabdeh satılmışdır. xx.xx.2022-ci il tarixli çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında CY1-156/22 saylı müqavilədən görünür ki, İddiaçı MTK öz üzərinə xidmətlərin göstərilməsi ilə bağlı öhdəlik götürmüş, MTK-dan mənzil almış və həmin xidmətlərdən istifadə edən mənzil sahibləri göstərilmiş xidmətlərə görə xidmət haqqının ödənilməsi öhdəliyini götürmüşlər. Müqavilənin 3-cü bəndinə əsasən mənzillərin hər kv.metri üçün xidmət haqqı hər ay 1,5 manat olmuş, hər gecikdirilmiş gün üçün 24 faiz cərimə müəyyən edilmişdir. İddiaçı MTK tərəfindən Cavabdeh göndərilmiş bildirişlərdən görünür ki, cavabdehə MTK-ya olan borc məbləğini ödəmək təklif olunmuş, əks təqdirdə qanunvericiliyə əsasən tərəflərindən lazımi tədbir görüləcəyi bildirilmişdir. xx.xx.2025-ci il tarixli borc cədvəlindən görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək İddiaçı MTK-ya 1245 manat əsas, 221,11 manat cərimə borcu vardır. Hüquqi yardım göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı MTK tərəfindən 120 manat hüquqi xidmət haqqı ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqaviləilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxilolan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Məhkəmənin mövqeyi: İşin mübahisəsiz hallarından görünür ki, cavabdeh İddiaçı MTK-da mənzil sahibidir və MTK ilə bağlanmış müqaviləyə əsasən xidmətlərə görə müqavilə ilə müəyyən edilmiş qaydada haqq ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. İş materialları ilə cavabdehin müqavilə üzrə öhdəliyini tam icra etmədiyi təsdiq olunduğundan, yuxarıda qeyd edilən qanunvericilik normalarını nəzərə alaraq, məhkəmə hesab edir ki, MTK ödənilməmiş aylara görə hesablanmış 1245 manat borcu tələb etməkdə haqlı olmuşdur. Cavabdehin iddiaya etirazının dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, binanın istismara qəbul edilməməsi və ya mənzil sahibinin mənzildə yaşamaması yaşayış üçün sakinlərə təhvil verilmiş mənzil sahiblərini MTK ilə bağlanmış müqaviləyə əsasən xidmətlərə görə müqaviləyə ilə müəyyən edilmiş qaydada haqq ödənilməsi öhdəliyindən azad etmir. Cərimə borcunun tutulmasına münasibətdə məhkəmə hesab edir ki, 221,11 manat cərimə borcu tənasübsüz surətdə yüksək olduğu üçün azaldılmalıdır. 40 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Məhkəmə həmçinin qeyd edir ki, borcun ödənilməsi tələbi təmin edildiyindən və göstərilmiş hüquqi yardıma görə tələb edilən 120 manat haqq ağlabatan məbləğdə müəyyən olunduğundan iddia tələbi həmin hissədə də təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 1245 manat əsas borc, 40 manat cərimə borcu olmaqla, cəmi 1285 manat tutularaq İddiaçı MTK-ya ödənilsin. 32,85 manat dövlət rüsumu və 120 manat vəkil xərci Cavabdeh tutularaq İddiaçı MTK-ya ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli