Məhkəmə qərarları › İş №e-2(011)-4700/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4700/2024

24.06.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4700/2024 24.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi İddiaçı Qanuni nümayəndə iştirakı ilə İddiaçı Qanuni nümayəndə Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC-yə (AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X2 müstəqil tələb irəli sürməyən üçünücü şəxs qismində cəlb edilməklə) qarşı “əmrin ləğv edilməsi, işə bərpa, buraxılmış iş günlərinə görə işə bərpa olunanadək orta aylıq əmək haqqının, məzuniyyət pulunun, əmək haqqının gecikdirilməsinə görə pulun və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. İddiaçı 18 fevral 2024-cü il tarixində 16K saylı əmrlə PSG FİNANS BOKT MMCdə baş hüquqşünas vəzifəsində işə qəbul edilmiş və əmək haqqı 1700 (min yeddi yüz) manat təşkil etmişdir.

2. 18 martda işəgötürənin təhdidi ilə işdənçıxma ərizəsi yazmış və 1 saat sonra Royal expres poçt daşıyıcısı vasitəsilə yenidən işə bərpa olunması üçün müraciət etmişdir, lakin cavabdeh işçiyə xəbərdarlıq etmədən əmək müqaviləsinə xitam vermiş və iddiaçının ərizəsinə məhəl qoymamışdır. Cavabdehin əmək müqaviləsinə xitam verilməsi haqqında 18 mart 2024-cü il tarixli 23K saylı əmri ilə iddiaçı işdən azad olunmuşdur. Əmək müqaviləsinə xitam verilərkən nə əmr, nə də əmək kitabçası iddiaçıya təqdim edilməmişdir. 02 aprel 2024-cü il tarixində iddiaçının cavabdehə yazılı müraciətindən sonra (iş materiallarına əlavə edilmişdir) onu baş ofisinə dəvət edərək yalnızca əmək kitabçasını təqdim etmişdir, lakin cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə əmri yenə də iddiaçıya təqdim etməmişdir.

İddiaçının tələbi:

3. Cavabdeh PSG Finans BOKT MMC-nin əmək müqaviləsinə xitam verilməsi haqqında 18 mart 2024-cü il tarixli 23K saylı əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə- PSG Finans BOKT MMc-də baş hüquqşünas vəzifəsinə işə bərpa edilməsi, cavabdehdən xx.xx.2024-cü il tarixdən işə bərpa olunan günədək 1700 manat aylıq əmək haqqı hesabı ilə məcburi iş buraxma müddəti üçün əmək haqqının tutularaq iddiaçıya ödənilməsi, istifadə olunmamış məzuniyyətə görə məzuniyyət pulunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən iddiaçının əmək haqqının gecikdirilməsinə görə xx.xx.2024-cü il tarixdən işə bərpa olunan günədək 1700 manat aylıq əmək haqqının 1 faizini yəni 17 manatın hər gün üçün hesablanaraq iddiaçıya ödənilməsi, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə 1000 manat tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin etirazı:

4. Məhkəməyə cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

5. Məhkəmə iclasında iştirak edən iddiaçı Qanuni nümayəndə öz izahatında qeyd etmişdir ki, X2 Xidmətinə yenidən müraciət etmiş və bununla bağlı rəsmi cavabı məhkəməyə təqdim etmişdir. Məhkəmənin barışıq təklifi ilə bağlı bildirmişdir ki, mediasiya sessiyasında onun niyyəti məhz barışıq əldə etmək və işinə bərpa edilmək olmuş, lakin cavabdeh bununla razılaşmamış və mediasiya sessiyasında iştirak etməmişdir. Həmin işə qəbul olunmamışdan öncə başqa iş təklifləri də olmuş, lakin o, məhz PSG Finans BOKTda işə girmişdir. Lakin sonradan bütün bu mənfi hadisələr baş vermişdir. İşlədiyi şirkətdə müddətlər günlə hesablanmışdır, odur ki, işdən çıxmaqla bağlı ərizəsini vermişdir. O öz hesabına məzuniyyətdən qayıtdıqdan sonra otağa çağırılmış, ona deyilmişdir ki, artıq yollar ayrılmalıdır və o, ərizə yazmalıdır. O otaqdan çıxdıqdan sonra ərizə yazaraq işdən ayrılmaq istədiyini bildirmiş, iş yerini tərk etmiş, lakin daha sonra fikrini dəyişərəq işdə qalmaq istədiyini başa düşmüşdür. Elə həmin gün ərizə yazaraq işdən çıxma ərizəsini geri götürdüyünü yazmış, həm poçtla, həm də mail vasitəsilə ərizəsini göndərmişdir. Təcili poçtla bağlı qəbzi iş materiallarına əlavə etmişdir. Ərizə də şirkətin öz işçisi-HR tərəfindən qəbul edilmişdir. Eyni gündə Əmək Müfəttişliyinə müraciət etmiş və şirkətə də barışıq təklif etmişdir. Lakin bunlar heç biri müsbət nəticə verməmişdir. Məhkəmədən pozulmuş hüquqlarının və işə bərpa edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdeh PSG Finans BOKT MMC-nin nümayəndəsi X1 öz izahatında qeyd etmişdir ki, iddiaçı Əmək Məcəlləsinin 69-cu maddəsinə istinad edərək bildirmişdir ki, onun əmək müqaviləsinə xitam verilmə barədə ərizəsi olsa da xəbərdarlıq müddətini gözləmədən istədiyi vaxt ərizəni geri götürə və onu etibarsız hesab edərək işəgötürənə yeni ərizə verə bilər. Əmək müqaviləsi artıq ləğv edildikdən sonra işçinin ərizəsini geri götürmək barədə müraciət hüququnun qüvvəsi yoxdur. Burada qeyd edilən xəbərdarlıq müddəti həm işçinin, həm də işəgötürənin xəbərdar etməsi ilə bağlıdır. İşçi əgər ərizəsində işdən çıxma tarixi göstərməyibsə işəgötürənin ixtiyarı var ki, 30 gün ərzində işçini işdə saxlasın. Hazırki işdə işçi ərizəni verdiyi tarix üçün imzalamış, həmin xəbərdarlıq müddəti isə 1 gündən az ola bilməz. Xəbərdarlıq müddəti ən az 1 gün olmalıdır. Əmr imzalanmış və əmr elektron sistemə yerləşdirilmiş və son haqq-hesab aparılmışdır. Əmək Müfəttişliyi Xidməti də qeyd edir ki, işəgötürənin atdığı addımlar tamamilə qanuni olmuşdur. İşəgötürən işə qəbul prosesi zamanı əmək müqaviləsini vaxtında elektron sistemə daxil etmədiyindən barəsində inzibati protokol tərtib edilmişdir, lakin orada da inzibati xəta tərkibi yoxdur. İşə bərpa, kompensasiya və digər tələblərlə bağlı Əmək Müfəttişliyi də öz münasibətini bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçıya iddiadan imtina etməsi barədə xahiş etmişdir. Məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X2 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə AR MPM-nin 185.6-cı maddəsinə əsasən mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

8. xx.xx.2024-cü ildə Qanuni nümayəndə ilə PSG Finans BOKT MMC arasında bağlanmış əmək müqaviləsinə əsasən o, baş hüquqşünas vəzifəsinə işə qəbul edilmiş, müddətli əmək müqaviləsi 1 il müddətinə-xx.xx.2025-ci il tarixədək bağlanmışdır. İşçi xx.xx.2024-cü il tarixindən işə başlayır.

9. PSG Finans BOKT MMC tərəfindən 16 fevral 2024-cü il tarixli əmək müqaviləsinin rəsmiləşdirilməsi haqqında 14K nömrəli əmrə əsasən Qanuni nümayəndə xx.xx.2024-cü il tarixdən PSG Finans BOKT MMC-yə hüquqşünas vəzifəsinə təyin edilmişdir.

10. İddiaçı Qanuni nümayəndə məxsus əmək kitabçasına əsasən Qanuni nümayəndə xx.xx.2024-cü il tarixdə PSG Finans BOKT MMC-yə hüquqşünas vəzifəsinə işə qəbul edilmişdir.

11. xx.xx.2024-cü il tarixli Məzuniyyət tələb formasına əsasən məzuniyyətin başlama müddəti xx.xx.2024-cü il, məzuniyyətin bitmə və işə çıxma müddəti xx.xx.2024-cü ildir.

12. xx.xx.2024-cü il tarixli №5-M əmrə əsasən Baş hüquqşünas vəzifəsində çalışan Qanuni nümayəndə xx.xx.2024-cü il tarixdən 7 (yeddi) gün müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır.

13. xx.xx.2023-cü il tarixli ərizəyə əsasən Qanuni nümayəndə 18 mart 2024-cü il tarixdən baş hüquqşünas vəzifəsindən öz xahişi ilə azad edilməsini istəmişdir.

14. xx.xx.2024-cü il tarixli №23K əmrə əsasən Qanuni nümayəndə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xx.xx.2024-cü il tarixdən (işçinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir.

15. xx.xx.2024-cü il tarixli SP240318002 nömrəli ödəniş tapşırığına əsasən Qanuni nümayəndə son haqq-hesab olaraq 656,63 manat ödəniş edilmişdir.

16. xx.xx.2024-cü il tarixli Qanuni nümayəndə tərəfindən PSG Finans BOKT MMC-nin direktoruna ünvanlanmış ərizəyə əsasən xx.xx.2024-cü il tarixdən etibarən PSG Finans BOKT MMC-yə baş hüquqşünas vəzifəsinə geri qayıtması xahiş edilmişdir.

17. Qanuni nümayəndə tərəfindən PSG Finans BOKT MMC-nin direktoruna ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəyə əsasən əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin rəsmi qaydada təqdim edilməsi xahiş edilmişdir.

18. xx.xx.2024-cü il tarixli PSG Finans BOKT MMC tərəfindən Qanuni nümayəndə ünvanlanmış məktuba əsasən qeyd edilən sənədləri ünvan 1 ünvanında yerləşən baş ofisə yaxınlaşaraq əldə edilə biləcəyi bildirilmişdir.

19. xx.xx.2024-cü il tarixdə imzalanmış, xx.xx.2024-cü il tarixdə çap edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən Qanuni nümayəndə PSG Finans BOKT MMC-də tutduğu vəzifədən xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68.2a bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü ilə azad edilmişdir.

20. Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən Qanuni nümayəndə mediasiya sessiyasında iştirak etmiş, PSG Finans BOKT MMC isə mediasiya sessiyasında iştirak etməmişdir.

21. AR ƏƏSMN yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən təqdim edilmiş 06 aprel 2024-cü il tarixli məktuba əsasən müəyyən edilir ki, əmək müqaviləsinə tərəflərin birinin təşəbbüsü ilə xitam verilmişdir. Göstərilən halların araşdırılması və müvafiq tədbirlərin aparılması mümkün olmamışdır, PSG Finans BOKT MMC tərəfindən sənədlər və Qanuni nümayəndə tərəfindən sübutlar təqdim ediləcəyi təqdirdə müraciətə yenidən baxılaraq cavablandırılacaqdır. Məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah edilmişdir.

22. 27 may 2024-cü il tarixdə AR ƏƏSMN yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən təqdim edilmiş məktuba əsasən müəyyən edilmişdir ki, əmək müqaviləsi əmək məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən PSG Finans BOKT MMC tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmaqla bağlı PSG Finans BOKT MMC barəsində AR İXM-nin 192.1-ci (AR ƏM-də nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və xx.xx.2024-cü il tarixli MN0048594 nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad və işin materialları AR İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbehin yalnız hakim tərəfindən tətbiq edildiyi nəzərə alınaraq aidiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Eyni zamanda PSG Finans BOKT MMC-nin işəgötürəni barəsində AR İXM-nin 192.1-ci maddəsinə əsasən tərəflərindən xx.xx.2024-cü il tarixli MN1932543 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

23. Gmail vasitəsilə Qanuni nümayəndə tərəfindən göndərilmiş mesajlar və mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikasının Konstitusiyası: 36.İİİ. Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir.

25. 1996-cı il 3 may tarixli Dəyişdirilmiş Avropa Sosial Xartiyası:

24. İşçilərin əmək münasibətlərinə xitam verilməsi hallarında müdafiə hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər aşağıdakıları tanımaq öhdəliyini götürürlər: a) bütün işçilərin, onların vəzifəsi və ya davranışı, yaxud müəssisənin, idarənin və ya xidmətin istehsal tələbləri əsasında əmək münasibətlərinə xitam verilməsi üçün qanuni səbəblər olmadan əmək münasibətlərinə xitam verilməməsi hüququ; b) qanuni səbəblər olmadan əmək münasibətlərinə xitam verilmiş işçilərin adekvat kompensasiya və ya digər müvafiq müavinətlər almaq hüququ. Bu məqsədlə Tərəflər əmək münasibətlərinə əsassız xitam verildiyini hesab edən işçinin qərəzsiz orqana şikayət etmək hüququnu təmin etmək öhdəliyini götürürlər. 26.2. iş yerində və yaxud işlə bağlı ayrı-ayrı işçilərə qarşı yönəldilmiş daimi çirkin və ya xüsusilə mənfi və təhqiredici hərəkətlər barədə izahatı, məlumatlandırmanı və onun qarşısının alınmasını dəstəkləmək və işçiləri bu cür davranışdan qorumaq üçün bütün lazımi tədbirləri görmək.

26. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (AR ƏM): 2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 3.3. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. 3.9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. 10.Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

11. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;

12. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; ç) kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək; d) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək.

14. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;

69. 1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

69. 2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

69. 3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

69. 4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 69.5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

27. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi (AR MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.1. Əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar.

Məhkəmənin mövqeyi:

29. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, məhkəmə iştirakçılarının izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

30. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.

31. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Qanuni nümayəndə ilə cavabdeh PSG Finans BOKT MMC arasında xx.xx.2024-cü ildə bağlanmış əmək müqaviləsinə və PSG Finans BOKT MMC tərəfindən 16 fevral 2024-cü il tarixli əmək müqaviləsinin rəsmiləşdirilməsi haqqında 14K nömrəli əmrə əsasən iddiaçı baş hüquqşünas vəzifəsinə işə qəbul edilmiş, müddətli əmək müqaviləsi 1 il müddətinə -xx.xx.2025-ci il tarixədək bağlanmışdır. İşçi xx.xx.2024-cü il tarixindən işə başlamışdır. (§8, §9) xx.xx.2023cü il tarixli ərizəyə əsasən Qanuni nümayəndə 18 mart 2024-cü il tarixdən baş hüquqşünas vəzifəsindən öz xahişi ilə azad edilməsini istəmiş (§13), xx.xx.2024-cü il tarixli №23K əmrə əsasən Qanuni nümayəndə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xx.xx.2024-cü il tarixdən (işçinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir (§14).

32. Qeyd olunmalıdır ki, AR ƏM-nin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən AR ƏM əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu isə onu ehtiva edir ki, Əmək Məcəlləsi işəgötürən və işçi arasında olan əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsiplərinə əsaslanır və hər hansı fərqli yanaşmaya yol vermir.

33. Əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsi əmək müqaviləsinə xitam verilməsi üçün ən ümumi əsaslardan və əmək azadlığının konstitusiya prinsipinin praktiki həyata keçirilməsi formalarından biridir. Bu əsas tərəflərin razılığı ilə əmək müqaviləsinə xitam verilməsinə çox oxşayır. Fərq ondadır ki, bu əsasda əmək müqaviləsinə xitam vermək üçün əmək müqaviləsinin bir tərəfinin, yəni işçinin iradəsi kifayətdir ki, əmək müqaviləsinin digər tərəfi, yəni işəgötürənin bu iradəni qəbul etməsi qanunla onun üzərinə vəzifə kimi qoyulur və o, müvafiq əmr vermək, əmək kitabçası və hesablamalar aparıb son haqq-hesab üçün qanunla müəyyən edilmiş tədbirləri yerinə yetirmək öhdəliyi daşıyır.

34. İddiaçı tərəf cavabdehin xəbərdarlıq müddətini gözləmədən əmək müqaviləsinə xitam verilməsini düzgün hesab etmədiyini və eyni gün ərizəsini geri götürdüyünə görə işə bərpa edilməli olduğunu qeyd etmişdir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi işçinin tək tərəfli iradəsi əsasında ləğv edildikdə qanunvericilik işəgötürəni xəbərdarlıq müddəti ilə bir növ qoruyur və ona işçinini işdən getdiyi zaman müəyyən tədbirlər görmək üçün zaman verilir. Xəbərdarlıq müddəti bir tərəfdən işəgötürənə əvəzedici mütəxəssis tapmağa və istehsal prosesinin adi axımını pozmamağa imkan verir, digər tərəfdən isə işçiyə qərarını dəyişdirmək və əvvəllər verilmiş olduğu ərizəni geri götürmək hüququ verən dövrdür. Bu müddət tərəflərin razılığı ilə azaldıla bilər. AR ƏM-nin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

35. Göründüyü kimi xəbərdarlıq müddət işçi işdən konkret vaxt, tarix göstərmədiyi zaman kəsimi üçün nəzərdə tutulub və xəbərdarlıq müddəti daha çox işəgötünənin hüququnu qorumaq məqsədi daşıyır. Əmək qanunvericiliyi işdən çıxmaqla bağlı işçiyə xəbərdarlıq müddətinə riayət etməklə bağlı öhdəlik qoyur, yalnız istisna hallarda xəbərdarlıq müddətinə riayət edilməməsinə icazə verilir.

36. Bununla yanaşı əmək qanunvericliyində işçinin xəbərdarlıq müddətini gözləmədən dərhal və ya onun müəyyən etdiyi müddətdə əmək münasibətlərinə xitam vermək hüququ vardır. Belə ki, AR ƏM-nini 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi əmək qanunvericiliyi bu halların dairəsini açıq saxlamış, digər hallarda da işçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsinin ləğv edilməsini mümkün hesab etmişdir.

37. Eyni zamanda ƏM-nin 69-cu maddəsinin 5-ci hissəsində qeyd edilmişdir ki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Hazırki iş üzrə işçi öz ərizəsində xx.xx.2024-cü il tarixini qeyd etmiş, işəgötürən isə həmin gün işdən çıxma əmrini qəbul etmişdir. Göründüyü kimi əksər hallarda xəbərdarlıq müddətinə əməl etmək işçinin vəzifəsi, müəyyən hallar istisna olmaqla işəgötürənin hüququdur.

38. Məhkəmə qeyd edir ki, iddia tələbi əsas tələb və onadan törəyən digər tələblərdən ibarətdir. Məhkımə hesab edir ki, iddia tələbi PSG Finans BOKT MMC-nin əmək müqaviləsinə xitam verilməsi haqqında 18 mart 2024-cü il tarixli 23K saylı əmrinin ləğv edilməsi hissəsində əsassız olduğundan digər hissələrdə də əsassızdır və rədd edilməlidir.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia rədd edilsin.

2. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar