Məhkəmə qərarları › İş №e-2(011)-4720/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4720/2023

12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4720/2023 12.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı MMCyə 7078 (Yeddi min yetmiş səkkiz) manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə İddiaçı MMC-yə yekun olaraq 6988,91 (Altı min doqquz yüz səksən səkkiz) manat 91 (doxsan bir) qəpik borcu qalmaqdadır.

İddiaçının tələbi:

2. Cavabdeh 6988,91 manat pul və ödənilmiş 90 manat dövlət rüsumunun əvəzinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

Cavabdehin iddiaya münasibəti:

3. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh İddiaçı MMC-də çalışan zaman müəssisəyə maddi ziyan vurmuş, bununla əlaqədar olaraq İddiaçı MMC ilə cavabdeh arasında borcun etirafı və ödəniş qaydası haqqında müqavilə bağlanıb. Belə ki, cavabdehlə İddiaçı MMC-yə maddi ziyan dəyəcəyi təqdirdə bu ziyan cavabdeh tərəfindən MMC-yə ödənilməsi razılaşdırılmışdır. Həmçinin iddiaçının nümayəndəsi bildirmişdir ki, cavabdeh hazırda İddiaçı MMC-də işləməyə davam edir və iddiaçı borc məbləğinin cavabdehin əmək haqqına məhkəmə qaydasına yönəldilməsini istəyir. Cavabdeh daha öncə ödənişlər etməsinə baxmayaraq, daha sonra ödənişləri həyata keçirməmişdir.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

6. xx.xx.2023-cü il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında müqavilə”yə əsasən borclu (zərər vuran) Cavabdeh 7078 manat məbləğində Cəmiyyətə zərər vurduğunu tam etiraf edir və xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 589 manat olmaqla 12 ay ərzində tam olaraq borcu ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən ödəniş 2 dəfə gecikdirildiyi təqdirdə hər gecikdirilən gün üçün ümumi məbləğin 0.5%-i həcmində dəbbə pulu əsas borc məbləğinin üzərinə əlavə ediləcəkdir.

7. xx.xx.2023-cü il tarixli izahata əsasən Cavabdeh borc öhdəliyini etiraf edir, borcu ödəmədiyi təqdirdə hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət edilməsinə etiraz etmədiyini bildirmişdir.

8. xx.xx.2023-cü il tarixli Borclu barədə məlumat blankı.

9. xx.xx.2023-cü il tarixli arayışa əsasən Cavabdeh İddiaçı MMC-yə ümumi borcu 6988.91 manat təşkil edir.

10. xx.xx.2023-cü il tarixli pretenziya məktubuna əsasən Cavabdeh 6989 manat məbləğində borcun 3 iş günü ərzində İddiaçı MMC-yə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

11. xx.xx.2023-cü il tarixli dəqiqləşmə ərizəsinə əsasən cavabdehin adı texniki yanlışlıq nəticəsində “Hüseyn” əvəzinə “Hüseyin” kimi qeyd edildiyindən “Hüseyin” sözünün “Hüseyn” sözü ilə əvəz edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikasının Konstitutsiyası:

12. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

16. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

35. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

14. Azərbaycan Respublikasnın Əmək Məcəlləsi: 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 3.4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.

7. 2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 7.2-3. Aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 7.2-3.8. müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda. 7.3 Kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər. Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir.

10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; 14.1. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. 14.2. Dövlət, iş qüvvəsindən səmərəli istifadə olunmasını təmin etmək, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİİİ hissəsinə müvafiq olaraq işsizliyin aradan qaldırılması məqsədi ilə vətəndaşların peşəkarlıq səviyyəsini, əmək vərdişlərini, çoxillik təcrübəsini nəzərə almaqla müvafiq ixtisaslar, sənətlər, peşələr üzrə ölkədə mövcud olan işçi qüvvəsindən istifadə olunmadan xarici ölkələrdən əsassız olaraq mütəxəssislərin işə cəlb olunmasının qarşısının alınmasını, işsizlik, əhalinin məşğulluğu və miqrasiyası məsələlərini tənzimləyir.

14. 3. Əmək münasibətləri sahəsində dövlət siyasətinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir. Həmin icra hakimiyyəti orqanı: səlahiyyətləri çərçivəsində müəyyən edilmiş hallarda əmək münasibətlərinin tənzim edilməsinin təmin olunması üçün müvafiq normativ hüquqi aktlar qəbul edir; əməyin ödənilməsi, əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əmək miqrasiyası, əhalinin sosial müdafiəsi, əlilliyi olan; əmək münasibətləri sahəsində elektron xidmətləri elektron informasiya sistemi vasitəsilə həyata keçirir. 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191.2. 2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192.2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194.2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.

195. İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: a) əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; b) əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə; c) işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə; ç) əmək funksiyasını yerinə yetirərkən işçinin şəxsi əşyalarının və ya digər əmlakının işəgötürən tərəfindən mühafizəsi, saxlanılması lazımi qaydada təşkil olunmadığına görə onların korlanması, oğurlanması nəticəsində ziyan vurulduqda, həmçinin bu əşyaların fiziki aşınması ilə əlaqədar ziyan dəydikdə; d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; e) əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən daxil edilməsi nəticəsində işçilərə maddi, mənəvi ziyan dəydikdə; ə) əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda; f) əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə; g) işçi seksual qısnamaya məruz qaldıqda.

198. Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır.

199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.

199. 2. Ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar. 200.1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. 200.2. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. 200.3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. 200.4. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır. 200.5. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. 203.1. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. 203.2. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. 205.2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.1. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

16. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2023-cü Qərarı.

Məhkəmənin mövqeyi:

18. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.

19. Belə ki, Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi Əmək Məcəlləsindən, Azərbaycan Respublikasının müvafiq qanunlarından, müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlardan, əmək, sosialiqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir (Əmək Məcəlləsinin 1-ci maddəsi). Mülki Məcəllənin 2.3cü maddəsinə müvafiq olaraq, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Maddənin məzmunundan göründüyü kimi, mülki qanunvericilik əmək münasibətlərində yalnız subsidiar olaraq tətbiq edilə bilər. Qeyd edilməlidir ki, əmək hüququ xüsusi hüququn bir sahəsi olsa da, dövlətin bu hüquq münasibətlərində xüsusi publik marağı mövcuddur ki, bu da onun həmin münasibətlərə müdaxiləsini labüd edir.

19. Belə ki, əmək münasibətlərinin prinsipləri, işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsi, əməyin mühafizə edilməsi qaydaları, məşğulluq məsələləri və s. dövlət tərəfindən tənzimlənir. Əmək Məcəlləsinin 14-cü maddəsi ilə əmək münasibətləri sahəsində dövlət hakimiyyəti orqanlarının vəzifələri də qanunverici tərəfindən müəyyən edilmişdir. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə deyillər. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, intizam sanksiyalarının yalnız işçiyə münasibətdə tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Belə ki, mülki hüququn təməl prinsipini hüquq subyektlərinin tam bərabərliyi təşkil edir. Bu baxımdan, işçinin işəgötürənə münasibətdə tabeli vəziyyətdə olması, habelə hüquqi və maddi imkanlarına görə adətən daha zəif tərəf olduğu nəzərə alınmaqla, dövlət tərəfindən işçilərin hüquqlarını və sosial müdafiəsini təmin etmək, onları işəgötürənin mümkün suiistifadələrindən qorumaq məqsədilə əmək qanunvericiliyində xüsusi imperativ qaydalar müəyyən edilir.

20. Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, Məcəllə işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

21. Həmin Məcəllənin 3-cü maddəsinin 4-1-ci hissəsinə uyğun olaraq, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.

22. Məcəllənin 2-ci maddəsinin 3-cü hissəsində əmək hüququnun prinsiplərindən biri kimi əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi müəyyən edilmişdir. Qeyd edilməlidir ki, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipi həm əmək münasibətlərinin yaranması, həm dəyişdirilməsi, həm də xitamı ilə əlaqədar bütün mərhələlərinə eyni dərəcədə şamil edilir. Həmin prinsipdən irəli gələrək qanunverici tərəfindən bir sıra münasibətlərin bilavasitə əmək münasibəti hesab edilməsi və həmin münasibətlərin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi müəyyən edilmişdir (Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsi). Xüsusilə də Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.8-ci hissəsinə görə, müqavilədə bu Məcəllənin 10, 77, 112, 179 və 186-cı maddələrində göstərilən məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda, belə müqavilə (münasibətlər) mülki hüquqi müqavilə qaydasında rəsmiləşdirilə bilməz.

23. Mülki iş materiallarında görünür ki, mübahisə işçinini işəgötürənə vurduğu ziyana görə baş vermişdir. Əmək Məcəlləsinin 10-cu maddəsinin 1-ci hissəsinin (ç) bəndinə əsasən isə işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir. Əmək Məcəlləsinin “İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti” adlanan Vİİİ bölməsinin normaları işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyətini, habelə işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyətini tənzimləyir. Hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin (işçinin və ya işəgötürənin) digər tərəfə əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurduğu ziyanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə ödəmək vəzifəsini nəzərdə tutur.

24. Məhkəmə qeyd edir k, maddi ziyan əmək münasibətləri çərçivəsində baş verməsinə baxmayaraq, maddi ziyanın mövcudluğu borcun etirafı müqaviəsi ilə rəsmiləşdirilmiş, iddiaçı borcun etirafı müqaviləsinə istinad edərək borcun ödənilməsini cavabdehdə tələ edir. Qeyd edilməlidir ki, əmək münasibətlərində maddi məsuliyyət məqsəd və vəzifələrinə, subyektlərinə, maddi məsuliyyətin həddi və onun müəyyən edilməsi şərtlərinə və qaydasına görə mülki hüquqi məsuliyyətdən fərqlənir. Belə ki, əmək hüququnda yalnız vurulmuş faktiki (həqiqi) ziyanın ödənilməsi nəzərdə tutulur, işçi yalnız qanunda nəzərdə tutulmuş hallarda tam maddi məsuliyyətə cəlb olunur. Bir qayda olaraq, işçi bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Mülki hüquq münasibətlərində isə vurulmuş ziyan tam həcmdə ödənilir, habelə əldən çıxmış fayda da ödənilə bilər və s.

25. Göründüyü kimi, istər işəgötürən, istərsə də işçi əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə mülki qanunvericilik normaları əsasında deyil, əmək qanunvericiliyi normaları əsasında maddi məsuliyyət daşıyır və vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı mülki hüquqi müqavilənin bağlanması tələb olunmur.

26. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyətin yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərar §16).

27. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü tərəflər arasında bölünür. İşəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir.

28. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər (Əmək Məcəlləsinin 203 və 205-ci maddələri). Lakin mülki iş materiallarında sadalanan ardıcıllığa riayət edilməsini sübut etən hər hansı sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

29. 17 iyul 2023-cü tarixli Konstitusiya Məhkəməsinin Plenum qərarında qeyd edilmişdir ki, , Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbləri baxımından işçinin işəgötürənə vurduğu ziyan həmin Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - tam maddi məsuliyyət götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.

30. Beləliklə, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir.

31. Məhkəmə izah edir ki, Əmək Məcəlləsinin 194-cü maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmədiyindən, işəgötürən həmin Məcəllənin 203-cü maddəsi və 205-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş qaydada ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edə bilər.

32. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Məhkəmə xərcləri:

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

34. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia tələbi rədd edilsin.

2. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

3. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar