Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4746/2023 20.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-ə və Cavabdeh2 qarşı “mənzil münasibətləri üzrə sair mübahisələr” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 iddiaçıya məxsus ünvan 1 ünvanlı Yeni tikili binanın 76 kvm.olan iki otaqlı mənzildən məcburi qaydada çıxarılması və mənzilin cavabdehin qeyri-qanuni sahibliyindən götürülərək iddiaçıya təhvil verilməsi; mənzildə yaşadığı 1 il 8 ay müddət ərzində yaranmış maddi zərər (borc) üzrə 6000 (altı min) manat məbləğin və vurulmuş mənəvi ziyana görə 3000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, "xxxx" MMC-nin cavabdehlər sırasından çıxarılmasını, Cavabdeh2 ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus ünvan 1 ünvanlı Yeni tikili binanın 76 kv.m olan iki otaqlı mənzildən məcburi qaydada çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi, Cavabdeh2 mənzildə yaşadığı müddət ərzində, yəni xx.xx.2022-ci il tarixindən hər ay 300 manat olmaqla məhkəmə qərarının icra olunduğu günə hesablanmış məbləğin və vurulmuş mənəvi ziyana görə 3000 manat məbləğində pulun Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı 15 sentyabr 2021-ci ilin tarixində ünvan 1 ünvanlı Yeni tikili binanın 76 kvm. olan iki otaqlı mənzili "xxxx" MMC-dən 95000 (doxsan beş min) manat məbləği ödəyərək tam tamirli mənzil qiymətinə satın almışdır. Bununla bağlı müqavilə bağlanılmış və icraçı "xxxx" MMC payçı olaraq ona həmin mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərimi tam şəkildə yerinə yetirərək mənzilin dəyərini icraçıya ödəsə də, mənzilin təhvil verilməsi məsələsi indiyədək öz həllini tapmamışdır. Belə ki, iddiaçı mənzili alarkən mənzildə Cavabdeh2 öz ailəsi ilə birlikdə yaşamışdır. İcraçı ilə bağlanılmış müqavilənin şərtləri iddiaçı tərəfidən yerinə yetirildikdən sonra o cavabdehdən mənzili boşaldaraq təhvil verməsini tələb etsə də, cavabdeh ondan 10 gün möhlət istəmiş, iddiaçı da cavabdehin ailəli olduğunu nəzərə alaraq ona 10 gün möhlət vermişdir. Daha sonra cavabdeh ev tapa bilmədiyini bəhanə edərək iddiaçıdan vaxtı bir ayadək uzatmağını xahiş edib. İddiaçı narazılığını bildirsə də yenidən ona vaxt vermiş, nəhayət bir ayın tamamında mənzilin boşaldılmasını tələb etdiyi zaman cavabdeh ona binanın tikintisi ilə məşğul olan "xxxx" MMC- nin ona borcunun olduğunu bildirərək həmin borc ödənilməyəcəyi təqdirdə evi boşaltmayacağını bildirdi. Şirkətin rəhbərliyinə müraciət edildikdə ona məsələnin qaydaya qoyulduğu bildirilsə də indiyədək iddiaçı satın aldığı mənzili təhvil ala bilməmişdir. 1 ildə artıq müddət hər iki tərəflə ancaq danışıqlar aparmış, lakin bu nəticə verməmişdir. Mütəmadi təkidlər etdikdən sonra 05 aprel 2022-ci il tarixində cavabdehlə kirayə müqaviləsi bağlayaraq notarial təsdiq etdirmişdir ki, münasibətləri rəsmi qaydasına düşsün. Kirayə müqaviləsi üzrə cavabdeh evdə qaldığı müddətdə hər ay üçün iddiaçıya 300 (üç yüz) manat məbləğində pul ödəməlidir. Lakin yenə də cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliklərdən yayınaraq müqavilə müddətinin bitməsindən sonrakı müddətdə belə kirayə pulunu iddiaçıya ödəməmişdir. Hazırda iddiaçı cavabdehin ünvan 1 ünvanlı Yeni tikili binanın 76 kv.m olan iki otaqlı mənzildən məcburi qaydada çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi, Cavabdeh2 mənzildə yaşadığı müddət ərzində, yəni xx.xx.2022-ci il tarixindən hər ay 300 manat olmaqla məhkəmə qərarının icra olunduğu günə hesablanmış məbləğin və vurulmuş mənəvi ziyana görə 3000 manat məbləğində pulun Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi xahiş edir. Sonda İddiaçı nümayəndəsi və vəkili X4 iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, 15 sentyabr 2021-ci ilin tarixində ünvan 1 ünvanlı Yeni tikili binanın 76 kv.m olan iki otaqlı mənzilini "xxxx" MMC-dən 95000 (doxsan beş min) manat məbləği ödəyərək tam tamirli mənzil qiymətinə satın almışdır. O, mənzili alarkən mənzildə cavabdeh öz ailəsi ilə birlikdə yaşayırdı. Mənzil MTK tərəfindən ona təhvil verilmədən mənzili cavabdehə vermişdir. Bundan sonra cavabdeh evdən çıxmadığı üçün münasibətləri rəsmiləşdirmək məqsədilə Cavabdeh2 ilə aralarında kirayə müqaviləsi bağlanmışdır, kirayə müqaviləsinin müddəti bir ildən çoxdur bitməsinə baxmayaraq Cavabdeh2 onun mənzilindən çıxmır, həmçinin kirayə müqaviləsi üzrə razılaşdırılmış kirayə haqını da verməmişdir, bununla da onun hüquqları pozulmuşdur. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 008 nömrəli Müqavilədən görünür ki, "xxxx" MMC və İddiaçı arasında Bakı şəhər İH başısının 582 №-li sərəncamına əsasən Yaşayış binasının tikintisi haqqında Sərəncamına əsasən, Sarayeva küçəsi 13 T ünvanında yerləşən 6 mərtəbəli mansardlı binanın blok 1, mərtəbə 3, ümumi sahəsi 76 kv.m olan 8 №-li mənzil, izoləolunmuş 2 otaqdan ibarət bir pay kimi İddiaçı verməyi, İddiaçı müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürür. Müqavilə üzrə mənzilin dəyəri 1 kv.m sahə üçünn 1250 manat təşkil edir, sahəsi 76 kv.m olan mənzil üçün cəmi 95000 (doxsan beş min) manat ödənilmişdir. İş materiallarında olan Maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış binası Hüquqi şəxs X3 məxsusdur. Bu binanın blok 1, mərtəbə 3, ümumi sahəsi 76 kv.m olan, izoləolunmuş 2 otaqdan ibarət 8 №-li mənzilin pay dəyəri 95000 (doxsan beş min) manat təşkil edir. İddiaçı tərəfindən 95000 (doxsan beş min) manat ödənilmişdir, borcu yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə imzalanmış kirayə müqaviləsindən görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 76 kv.m olan 2 otaqlı mənzili Cavabdeh2 kirayə verməyə, kirayəçi Cavabdeh2 bunun əvəzində hər ay 300 (üç yüz) manat məbləğində kirayə haqqını İddiaçı ödəməyi öhdəsinə götürmüş, kirayə müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmiş, həmçinin müqavilənin bitməsinə bir ay qalmış tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsi üçün müraciət etməzsə, müqavilənin daha bir ay müddətinə uzadılmış hesab edilməsi razılaşdırılmışdır. Müqavilənin 15-ci bəndinə əsasən, kirayəçi kirayəyə götürdüyü mənzili kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra təhvil verməyə borcludur. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 110 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 3 ünvanın yerləşən 2 otaqlı mənzilin dəyəri İddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmişdir, onun mənzilə dair hər hansı bir borcu yoxdur, həmin mənzilə dair iddiaçının istifadə və sahiblik hüququ vardır, tərəflər İddiaçı və Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə kirayə müqaviləsi bağlanmış, kirayə müqaviləsinin müddəti xx.xx.2022-ci ilə qədər müəyyən edilmiş, həmin müqavilə əsasında aylıq kirayə haqqı 300 manat nəzərdə tutulmuşdur. Bağlanmış kirayə müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitməsinə və iddiaçının tələbinə baxmayaraq kiyayəçi Cavabdeh2 həmin ünvanda yaşamağa davam edir. Bununla belə, cavabdehin həmin mənzildən istifadəsinə və sahibliyinə əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, iddia tələbinin “cavabdehin mənzildən çıxarılması” hissəsinə münasibətdə qeyd edir ki, mübahisəli mənzil iddiaçıya məxsus olduğundan və kirayə müqaviləsinin müddəti bitdiyindən, cavabdehin isə mənzilə dair hər hansı bir hüququ məhkəmə tərəfindən müəyyən olunmadığından Cavabdeh2 ailə üzvləri ilə bilikdə həmin mənzildən çıxarılmalı və mənzil onun tərəfindən iddiaçıya təhvil verilməlidir. Məhkəmə, iddia tələbinin “vurulmuş maddi ziyanın ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, mənzil xx.xx.2022-ci il tarixdən cavabdehin qanunsuz istifadəsində olduğundan və bu müddət ərzində iddiaçı öz əmlakına istifadə və sahiblik hüququnu həyata keçirə bilmədiyindən, bununla da adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olduğundan xx.xx.2022-ci il tarixdən məhkəmə qətnaməsinin icra olunduğu tarixədək hər ay üçün 300 manat məbləğində pul hesablanmaqla iddiaçıya ödənilməldir. Məhkəmə, iddia tələbinin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçı öz mənzilinə köçə bilməmiş, həmin mənzildən istifadə edə bilməmiş, mənzilinin qanunsuz istifadədən azad olunması üçün müəyyən hərəkətlər etməli olmuşdur ki, bu da mənəvi zərərin yaranması üçün əsasdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində kompensasiya tələb etməkdə haqlı olmuşdur. Məhkəmə, mənəvi zərərə görə tutulmalı olmalı kompensasiya məbləğinə münasibətdə isə zərərin qəsdən törədilmiş əməl nəticəsində yaranmasını və cavabdehin yaranmış problemi həll etməklə bağlı hər hansı tədbir görməməsini, iddiaçıya məxsus mənzildən qəsdən çıxmamasını və digər diqqətəlayiq halları nəzərə alaraq, həmin məbləği 200 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcələnin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcələnin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcələnin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcələnin 165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 689.1-ci maddəsinə əsasən, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Həmin Məcəllənin 697.1-ci maddəsinə əsasən, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Həmin Məcəllənin 697.2-ci maddəsinə əsasən, əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqqədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. ...Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. ...Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə, dövlət rüsumuna münasibətdə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 110 manat məbləğində dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə 82 manat məbləğində cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanındakı mənzildən çıxarılsın və mənzil onun tərəfindən İddiaçı təhvil verilsin. Cavabdeh2, xx.xx.2022-ci il tarixdən məhkəmə qətnaməsi icra olunduğu tarixədək vurulmuş maddi ziyana görə hər ay üçün 300 (üç yüz) manat, vurulmuş mənəvi zərərə görə 200 (iki yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 82 (səksən iki) manat alınaraq İddiaçı verilsin. Dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrilk edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-4746/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4746/2023
20.09.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver