Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-48/2024 16.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İlkin iddia tələbi üzrə iddiaçının nümayəndəsi X3, İlkin iddia tələbi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilkin və iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, onunla cavabdeh arasında 04 noyabr 2019-cu il tarixli İcarə müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 390 kv.m olan ona məxsus qeyri-yaşayış sahəsini Cavabdeh MMC-yə icarəyə verməyi, cavabdeh isə aylıq 4050 manat məbləğində icarə haqqını ona ödəməyi öhdəsinə götürmüşdür. Aralarında imzalanmış 04 noyabr 2019-cu il tarixli İcarə müqaviləsinin bir neçə şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 4.2ci və 7.1.2-ci bəndləri pozularaq 12 aydır ki, icarə haqqı ödənilmir. Halbuki, müqavilənin 4.2-ci bəndinə görə icarə haqqı hər aya görə cari ayın 5-dən gec olmamaq şərtilə icarəyə verənə, yəni İddiaçı ödənilməlidir. Hazırki günə qədər Cavabdeh MMC tərəfindən 48600 manat məbləğində vəsait bank hesabına köçürülməmişdir. Eyni zamanda müqavilənin 7.1.4 və 7.1.6-cı bəndləri pozulmuş, qeyri-yaşayış sahəsi Cəmiyyət tərəfindən təmir edilməmişdir. İcarə haqqının ödənilməməsi, eyni zamanda müqavilənin digər şərtlərinin pozulması səbəbilə dəfələrlə telefon vasitəsilə, eyni zamanda rəsmi qaydada cavabdehə müraciət etmişdir. İddiaçı müraciətində hər dəfə ödənilməyən icarə haqqının ödənilməsini və müqaviləyə xitam verilərək qeyri-yaşayış sahəsinin geri təhvil verilməsini tələb etmişdir. Lakin hər müraciətində nəticəsi olmayan vədlər vermişdir. Sonuncu dəfə iddiaçı tərəfindən 11 avqust 2022-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərilmişdir. Məktubda icarə müqaviləsinin 10.2.2-ci bəndini rəhbər tutularaq, 11 sentyabr 2022-ci il tarixdən müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi, eyni zamanda 48600 manat məbləğində vəsaitin 30 gün ərzində 04 noyabr 2019-cu il tarixli icarə müqaviləsinə edilmiş 01 saylı Əlavədə qeyd olunan bank hesabına köçürülməsinin həyata keçirilməsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi bildirilmişdir. Lakin pretenziya məktubu heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən əmlak təhvil verilməmiş, borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, onunla cavabdeh arasında bağlanmış 04 noyabr 2019-cu il tarixli İcarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, 10 ay müddətində ödənilməyən 48600 manat məbləğində icarə haqqının Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 390 kv.m olan ona məxsus qeyriyaşayış sahəsinin boşaldılması və Cavabdeh MMC-nin qeyri-yaşayış sahəsindən çıxarılaraq, əmlakın iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 360517 manat, dövlət rüsumu kimi ödənilmiş 638 manat pulun tutularaq, Cavabdeh MMC-nin timsalında X1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 04 noyabr 2019-cu il tarixli icarə müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 390 kv/m olan qeyri yaşayış sahəsi icarəyə verən (cavabdeh) İddiaçı tərəfindən 10 il müddətinə - 04 noyabr 2029-cu ilə qədər icarəçi (iddiaçı) X2 şəxsində Cavabdehnə aylıq icarə haqqı 4050 manat olmaqla icarəyə verilmişdir. Həmin müqavilənin şərtlərinə və aralarında olan razılığa görə qeyri-yaşayış sahəsində icarəçi tərəfindən təmir-abadlaşdırma işlərinə başlanılmış və mütəmadi olaraq icarə haqqı icarəyə verənin Bank hesabına hər ay ödənilmişdir. Məlum Covid-19 pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayından Bakı şəhərində tətbiq edilən məhdudiyyətlərlə bağlı obyektin təmir işlərində ləngimələr olmuşdur. Belə ki, təmir işləri aparmaq istədikdə nəzarət orqanları bunun qarşısını almışdır. Digər tərəfdən iddia tələbində qeyd edilmiş təmir işlərinin aparılmamasının iddiaçıya aidiyyəti yoxdur. Belə ki, cavabdeh öz biznesini aparmaq məqsədilə həmin obyektdə təmir işləri aparmışdır. İcarəyə verənlə icarəçi arasında olan razılığa əsasən qeyri-yaşayış sahəsində iddiaçı Cavabdeh MMC tərəfindən qeyd olunan materiallar alınmış, təmir-abadlıq işləri aparılmışdır. Şorum l mərtəbəsini təmirinə alınaraq istifadə olunan materiallar - dizayn-memarlıq işlərinə 15.600 manat, atsep -45kb/m.x25 manat, cəmi 1.125 manat, sement-655 ədəd x8,5 manat cəmi 5.568 manat, kərpic 1.200 ədəd x0.6 manat cəmi 720 manat, qum-18 kb/m.x30 manat cəmi 540 manat, alçipan profil C 90 m.x2,3 manat cəmi 2.074 manat, alçipan profil U 92 m.x1,7 manat cəmi 156 manat, alçipan 16 ədəd x12 manat cəmi 192 manat, ağ dağ (astar) 850 ədəd x6.5 manat cəmi 5.525 manat, ağ dağ (üzlük) 85 ədəd x6.5 manat cəmi 553 manat, mata (mətanət) 140 ədəd x7 manat cəmi 980 manat, alçipan şrup və xamutları cəmi 100 manat, santexnika materialları cəmi 450 manat olmaqla, ümumi məbləğ 31.716 manat təşkil etmişdir. l mərtəbədə təmir işləri aparan işçilərin iş pulları - yerin betonlanması 395 kv/m.x16 manat cəmi 6.320 manat, mərtəbələr arası pilləkənin material qarışıq yığılması 3.300 manat, betonun dağıdılması 2.500 manat, santexnika işləri 400 manat, sanitar qovşağın beton işləri material qarışıq 600 manat, hörgü kərpic işləri 40kv/m.x5 manat cəmi 200 manat, alçipan işi 45 kv/m.x8 manat cəmi 360 manat, 8. Tavanın yonulması və mata vurulması 390 kv/m.x12 manat cəmi 4.680 manat 9. Tavan rigerlərinin yonulması və mata vurulması 238kv/m.x12 manat cəmi 2856 manat. divarların astar və üzlüklərinin vurulması 588kv/m.x12 manat, cəmi 7.056 manat, kalon və rigerlərə astar və üzlük vurulması 300kv/m.x12 manat, cəmi 3.960 manat, pəncərə otkoslarına astar və üzluk vurulması 155 kv/m.x12 manat, cəmi 1860 manat olmaqla 34.092 manat təşkil etmişdir. zirzəminin təmirinə alınaraq istifadə olunan materiallar kərpic 1695 ədəd x0.6 manat, cəmi 1.017 manat, atsep 28 kb/m.x25 manat, cəmi 700 manat, sement 280 ədəd x8.5 manat, cəmi 2.380 manat, alçipan 14 ədədx12 manat, cəmi 168 manat, alçipan profil C 90 m.x2.3 manat, cəmi 207 manat, alçipan profil U 92 m.x1.7 manat, cəmi 156 manat, ağ dağ (astar) 630 ədədx6.5 manat, cəmi 4.095 manat, ağ dağ (üzlük) 63 ədədx6.5 manat, cəmi 410 manat, emusya 10 ədədx130 manat, cəmi 1.300 manat olmaqla 10.433 manat təşkil edir. Zirzəmidə təmir işləri aparan işçilərin iş pulları yerin betonlanması 270 kv/m.x 16 manat, cəmi 4.320 manat, hörgü işi 113 kv/m.x5 manat, cəmi 565 manat, alçipan işi 40 kv/m.x8 manat, cəmi 320 manat, divarlara astar və üzlük vurulması 416 kv/m.x12 manat, cəmi 4.992 manat, kolon və rigerlərə astar və üzlük vurulması 203kv/m.x12 manat, cəmi 2.436 manat, emusiya vurulması 510 kv/m.x3manat, cəmi 1.530 manat, elektrik işi materialla birlikdə cəmi 16.000 manat havalandırma və kondisioner (beh verilmişdir) 20.000 manat, boru və qutu profillərə 7.866 manat, qaynaq işinə görə ustalara 4.000 manat beh verilməklə, 62029 manat təşkil etmişdir. Beləliklə, hər iki mərtəbədə təmir işləri üçün alınan materiallara və işçilərə verilən iş pullarının ümumi məbləği 138270 manat təşkil etmişdir. Bu barədə sənədlər məhkəməyə təqdim edilmişdir. Bundan başqa, iddiaçının etibarnamə üzrə nümayəndəsi olan əri Eldar Şirinov tərəfindən Cavabdeh MMC-dən dekor Avario 1200*600 qiyməti 5.875,2 manat, X7 LLR 1200*600 qiyməti 4320 manat, X7 LLR 600*600 qiyməti 5.587,2 manat, X8 Beige 1200*295 qiyməti 3.964,8 manat olmaqla, ümumi məbləğ 19.747 manat təşkil etməklə məmulatlar MMC-dən götürülmüş və hazıra kimi həmin məbləğ ödənilməmişdir. Beləliklə, İddiaçı bu günə Cavabdeh MMC-yə 158017 manat pulu ödəməməklə ziyan vurmuşdur. 04 noyabr 2019-cu il tarixli “İcarə Müqaviləsi”nin 3.1.6 bəndində qeyd edilmişdir ki, icarəyə verən 10 il ərzində icarəçini obyektdən çıxarmaq hüququna malik deyil, əks halda icarəyə verən icarə haqqının 50 mislini ödəməlidir. Bu da 50x4050=202.500 manat təşkil edir. Beləliklə, icarə müqaviləsində nəzərdə tutulmuş şərtlər pozulduqda 202.500 manat Cavabdeh MMC-yə ödəmə öhdəliyini iddiaçı öz üzərinə götürmüşdür. İcarə haqqının ödənilməsində yaranmış fasilə ilə bağlı 08 iyul 2022- ci il tarixdə əsassız olaraq Cavabdeh MMC-yə 2021-ci ilin mənfəət vergisi üzrə Kameral qaydada əlavə vergi hesablanmış və həmin məbləğin dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi məqsədiylə vergi orqanı tərəfindən mövcud bank hesablarında pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında müvafiq bank idarəsinə sərəncam göndərilmişdir. Qeyd olunan sərəncamlar əsasında bank hesablarda olan pul vəsaitlərinin dondurulması nəticəsində heç bir məxaric əməliyyatlarının aparılması mümkün olmamışdır. Həmin hesablama ilə əlaqədar vergi orqanları ilə uzunmüddətli yazışmalar nəticəsində hesablama barədə qərarın ləğv edilməsi ilə əlaqədar bank hesablarına göndərilən sərəncamlar 26 sentyabr 2022-ci ildə geri çağrılmışdır. Bunun məntiqi nəticəsi olaraq icarə müqaviləsində göstərilən məbləğlərin ödənilməsində fasilə yaranmışdır. Bu barədə iddiaçiya dəfələrlə məlumat verilmişdir. İddiaçının nümayəndəsi Eldar Şirinov daha artıq icarə haqqı ödəyə biləcək şirkət taparaq müqaviləni pozmağa çalışmışdır. Cavabdeh MMC bir Cəmiyyət olaraq müqavilə öhdəliklərinə həmişə sadiq qalmaqla öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Lakin iddiaçının etibarnamə üzrə nümayəndəsi X5 heç bir əsas və səbəb olmadan qeyd olunan obyektin qıfılını qanunsuz olaraq qıraraq, ora daxil olmuş və qapının qıfıllarını dəyişməklə başqa bir şirkəti ora yerləşdirmək qərarına gəlmişdir. Bunu obyektin şüşələrinə vurulmuş elanlar təsdiq edir. Cavabdeh tərəfindən obyektdə aparılan təmir işlərinə süni surətdə yaradılmış maneələr cavabdehi başqa yer icarəyə götürərək orada təmir işlərinə başlamağa məcbur etmiş və bunun nəticəsi olaraq əlavə vəsaitlər xərclənmiş və hazırdada xərclənir. Qeyd olunanlara əsasən ilkin iş üzrə iddiaçı, hazırki qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ünvan 4 ünvanda yerləşən ümumı sahəsi 390 kv.m olan ona məxsus qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 138.270 manat, Eldar Şirinov tərəfindən Cavabdeh MMC-dən götürülərək pulu ödənilməmiş məmulatlara görə 19.747 manat, İcarə müqaviləsində nəzərdə tutulmuş şərtləri pozduğuna görə 202.500 manat manat, cəmi 360517 manat tutularaq Cavabdeh MMC-nin timsalında X1 qaytarılması üçün qarşılıqlı iddia verilməsinə bütün əsaslar vardır. Məhkəmənin baxış iclasında ilkin iddia tələbi üzrə iddiaçının nümayəndəsi X5 hər iki iddia ərizələrinin geri götürülməsini təklif etsə də, cavabdehin nümayəndəsi bu təkliflə razılaşmamış, işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Nümayəndə izahatında cavabdeh tərəfindən ödənişlər gecikdirildiyi üçün icarə müqaviləsini 2022-ci ilin sentyabr ayında vaxtından əvvəl birtərəfli qaydada ləğv edildiyini və qeyri-yaşayış sahəsinin başqa hüquqi şəxsə “Bravo” marketinin yerləşdirilməsi üçün icarəyə verildiyini təsdiq etmişdir. Nümayəndə həmçinin etiraf etmişdir ki, cavabdeh tərəfindən 19747 manatlıq materiallar göndərilmişdir, icarə borcuna görə materialların ödənişini etməmişdir. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbinə etiraz, qarşılıqlı iddia tələbini müdafiə edərək, məhkəmədən ilkin iddianın rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Nümayəndə izahatında bildirmişdir ki, 04 noyabr 2019-cu il tarixli İcarə müqaviləsi bağlanarkən iddiaçı müqavilənin notarial qaydada təsdiq edilməsinə ehtiyacın olmadığını bildirdiyi üçün müqavilə notarial qaydada təsdiq edilməmişdir. Bununla yanaşı qeyri-yaşayış sahəsi 10 il müddətinə icarəyə verilsə də, 2022-ci ilin sentyabr ayında icarə müqaviləsinin şərtləri iddiaçı tərəfindən kobud şəkildə pozulmuş, müqavilə birtərəfli qaydada ləğv edilmiş, cavabdeh tərəfindən qeyriyaşayış sahəsinin təmirinə iddiaçının razılığı ilə külli miqdarda vəsaitin qoyulmasına baxmayaraq, qeyri-yaşayış sahəsi “Bravo” marketinə icarəyə verilmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh MMC arasında bağlanan 04 noyabr 2019-cu il tarixli İcarə müqaviləsindən müəyyən edilir ki, tərəflər arasında ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 390 kv/m olan qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlanaraq, iddiaçı İcarəyəverən Cavabdeh MMC-yə 10 il müddətinə icarəyə verməyi, cavabdeh isə aylıq 4050 manat məbləğində icarə haqqını cari ayın 5-dən gec olmamaq şərtilə ona ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7-ci maddəsində icarəçinin aşağıdakı vəzifələri müəyyən edilmişdir: 7.1.1. Sahədən bu müqavilənin şərtlərinə uyğun olaraq istifadə etmək; 7.1.2. Bu müqavilənin qüvvədə olduğu müddət ərzində və onun uzadıldığı istənilən dövrdə icarə haqqını İcarəyə verənə ödəmək, habelə sahə ilə bağlı və müqavilənin 3.1.5 bəndində göstərilən bütün xərcləri vaxtlı-vaxtına ödəmək; 7.1.3. Təbii köhnəlmə nəzərə alınmaqla, sahəni yararlı vəziyyətdə saxlamaq; 7.1.4. Sahənin təmiri və ona xidmətlə bağlı aparılacaq bütün işlər barədə icarəyə verəni qabaqcadan xəbərdar etmək və onun yazılı razılığını almaq; 7.1.5. Sahəni sanitariya gigiyena, yanğına qarşı təhlükəsizlik normalarına uyğun istifadə etmək; 7.1.6. Obyekt icarəçi tərəfindən təmir edilir. 7.1.7. Həmin normalara icarəçinin işçiləri və sahəyə daxil olan digər şəxslər tərəfindən riayət edilməsini təmin etmək; 7.1.8. Bu müqaviləyə xitam verildikdə və ya onun qüvvədə olma müddəti tam bitdikdə Sahəni təbii köhnəlmə nəzərə alınmaqla istifadəyə yararlı vəziyyətdə icarəyə verənə təhvil vermək. İş materiallarında olan 04 noyabr 2019-cu il tarixli İcarə müqaviləsinə 01 saylı Əlavədən görünür ki, 16 iyun 2021-ci il tarixdən etibarən İddiaçı adından 17 noyabr 2017-ci il tarixli 7E-17290 saylı etibarnamə ilə çıxış edən X5 adına bank rekvizitəri digər rekvizitlərlə əvəz olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2026-9/2215 saylı, 15 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 390 kv.m olan qeyri-yaşayış sahəsində Cavabdeh MMC-nin faktiki sahibliyində və istifadəsində olduğu müddətdə çəkilmiş təmir-tikinti işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 133250,44 manat məbləğində müəyyən olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən və iş materiallarında olan sənədlərə əsasən İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 04 noyabr 2019-cu il tarixli icarə müqaviləsi üzrə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 390 kv.m olan qeyri-yaşayış sahəsi üçün Cavabdeh MMC tərəfindən 68.540,00 manat məbləğində icarə haqqı ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən verilmiş 12 oktyabr 2023-cü il tarixli 109 saylı mütəxəssis rəyindən görünür ki Vəkil2 03 oktyabr 2023-cü il tarixsli ərizəsində qeyd olunan suallara əsasən mütəxəssis o nəticəyə gəlmişdir ki, bina layihə üzrə 6 mərtəbəli + mansard tipli inşa edilmişdir. Binada zərurət yaranarsa, ancaq layihəçinin və konstruktorun icazəsi ilə layihədə dəyişiklik edilə bilər. Səthdə ağıllı şarpın verilməsi o deməkdir ki, ağıllı şarp hamarlayıcı qat kimi nəzərdə tutulur. Lakin təqdim edilmiş smeta sənədlərində döşəmədə hamarlayıcı qatı göstərildiyi üçün mütəxəssis smeta tərtib edərkən ağıllı şarp hamarlayıcı qatı nəzərə almamışdır. Qeyri-yaşayış sahəsində aparılmış təmir-tikintiyə çəkilmiş xərcin real bazar qiyməti – 56237,76 manat müəyyənləşdirilmişdir. İş materiallarında olan sübutlardan və tərəflərin izahatlarından müəyyən edilir ki, tərəflər arasında 04 noyabr 2019-cu il tarixli İcarə müqaviləsi bağlanmış, həmin müqavilə ilə İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 390 kv.m olan ona məxsus qeyriyaşayış sahəsini Cavabdeh MMC-yə icarəyə verməyi, cavabdeh isə aylıq 4050 manat məbləğində icarə haqqını ona ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə sadə yazılı formada bağlanmaqla, notarial qaydada təsdiq edilməmiş, daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınmamışdır. İlk növbədə məhkəmə həm ilkin, həm qarşılıqlı iddianın hüquqi əsasını təşkil edən 04 noyabr 2019-cu il tarixli İcarə müqaviləsinin etibarlılığı məsələsinə münasibət bildilrməyi zəruri hesab edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 144-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 146.1-ci maddəsinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 393-cü maddəsinə görə tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir, amma müqavilənin hazırda olan əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar istisna təşkil edir. Göründüyü kimi, daşınmaz əmlaka sərəncam (alqı-satqı, icarə, bağışlama, dəyişdirmə, ipoteka, renta və s.) verilməsinə dair müqavilələrin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur və heç bir hüquqi nəticə yaratmır. Qeyd olunmalıdır ki, notarial formaya riayət edilməsi müqavilələrin etibarlılığını təmin edir, tərəflərin onun məzmunu barəsində qarşılıqlı razılaşmalarını aydınlaşdırır, dəqiqləşdirir və müqavilənin bağlanması faktını təsdiq edir. Məhkəmə belə qənaətə gəlir ki, 04 noyabr 2019-cu il tarixli İcarə müqaviləsi daşınmaz əmlakla bağlı bağlansa da, notariat qaydasında təsdiqləndmədiyindən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığına görə etibarsız əqd kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə mülki məcəllənin əqdlərin etibarlılığı ilə nəzərdə tutduğu tələbləri nəzərə alaraq belə qənaətə gəlir ki, 04 noyabr 2019-cu il tarixli İcarə müqaviləsinin etibarlılığı tərəflər tərəfindən mübahisələndirilməsə də, notariat qaydasında təsdiq edilmədiyindən etibarsız olduğundan həmin müqavilə əsasında irəli sürülmüş iddia tələbləri təmin edilməməlidir. Bununla yanaşı məhkəmə tərəflər arasında yaranmış münasibətlərə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə görə bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə görə icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-ci maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Həmin Məcəllənin 439.4-cu maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. (maddə 1091.2) Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: (maddə 1092.1.) bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. (maddə 1092.2.) Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. (maddə 1092.3.) Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. (maddə 1093.2.) Tərəflər arasında bağlanmış müqavilənin məzmunundan, tərəflərin hərəkətlərindən, məhkəmə iclasında verdikləri izahatlarından və işdə olan sübutlardan müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh MMC arasında 04 noyabr 2019-cu il tarixli İcarə müqaviləsi bağlanaraq, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 390 kv.m olan qeyri yaşayış sahəsini aylıq 4050 manat məbləğində icarəyə götürmüşdür. Həmin qeyriyaşayış sahəsi Cavabdeh MMC-nin faktiki sahibliyində və istifadəsində olduğu müddətdə çəkilmiş təmir-tikinti işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 133250,44 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı tərəf təmir-tikinti xərclərinin daha az olduğunu iddia etsə də, bunu mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Həmçinin İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 04 noyabr 2019-cu il tarixli icarə müqaviləsi üzrə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 390 kv.m olan qeyriyaşayış sahəsi üçün Cavabdeh MMC tərəfindən 68.540,00 manat məbləğində icarə haqqının ödənilməsi müəyyən edilmişdir. Bir neçə ay icarə haqqı ödənilmədiyinə görə iddiaçı tərəfindən cavabdehə 11 sentyabr 2022-ci il tarixdən müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi barədə məktub göndərilərək, müqaviləyə bir tərəfli qaydada xitam verilmiş və qeyri-yaşayış sahəsi başqa hüquqi şəxsə verilmişdir və hazırda da həmin hüquqi şəxsin faktiki sahibliyində və istifadəsindədir. Həmçinin iş materialları ilə təsdiq edilir ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi olan əri Eldar Şirinov tərəfindən Cavabdeh MMC-dən dekor metlax Avario 1200*600 qiyməti 5.875,2 manat, X7 LLR 1200*600 qiyməti 4320 manat, X7 LLR 600*600 qiyməti 5.587,2 manat, X8 Beige 1200*295 qiyməti 3.964,8 manat olmaqla, ümumi məbləğ 19.747 manat təşkil etməklə məmulatlar MMC-dən götürülmüş və hazıra kimi həmin məbləğ ödənilməmiş, nümayəndənin bildirdiyinə görə icarə haqqı borcuna silinmişdir. Bu fakt iddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclasında etiraf edilmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, mülki işdə olan sübutları və işin faktiki hallarını qiymətləndirərək, belə qənaətə gəlir ki, 04 noyabr 2019-cu il tarixli İcarə müqaviləsi daşınmaz əmlakla bağlı bağlansa da, notariat qaydasında təsdiqləndmədiyindən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığına görə etibarsız olduğu üçün ilkin iddia tələbi əsassız oduğu üçün təmin edilməməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, eyni əsasa görə qarşılıqlı iddia tələbləri də “icarə müqaviləsində nəzərdə tutulmuş şərtləri pozduğuna görə 202.500 manatın tutulması” hissəsində əsassız olduğu üçün təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, 04 noyabr 2019-cu il tarixli İcarə müqaviləsi əsasında icarəyə götürdüyü qeyri-yaşayış sahəsindən məhrum olunduğundan onun tərəfindən həmin qeyri-yaşayış sahəsinin təmir-tikintisinə sərf edilmiş pul vəsaiti iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2026-9/2215 saylı, 15 avqust 2023-cü il tarixli ekspert rəyinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 390 kv.m olan qeyri-yaşayış sahəsində Cavabdeh MMC-nin faktiki sahibliyində və istifadəsində olduğu müddətdə çəkilmiş təmir-tikinti işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 133250,44 manat məbləğində müəyyən edilmişdir. Həmçinin Cavabdeh MMC-nin göndərdiyi dekor metlaxa görə 19.747 manat məbləğində pul vəsaitinin 04 noyabr 2019-cu il tarixli İcarə müqaviləsi üzrə borca görə silinməsi təsdiq edilmiş və iddiaçının nümayəndəsi tərəfindən etiraf edilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən pul vəsaitlərinin İddiaçı tutulmaması iddiaçının əsassız varlanmasına səbəb ola biləcəyindən 133250,44 manat və 19.747 manat pul vəsaitlərinin İddiaçı ilə Cavabdeh MMC xeyrinə tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. İş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. Qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı 133250,44 manat və 19.747 manat pul vəsaitləri Cavabdeh MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-48/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-48/2024
16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver