Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4820/2022 16.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuiryev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin X2 qarşı “maddi ziyanın ödənilməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3800.00 AZN (üç min səkkiz yüz manat 00 qəpik) məbləğində əsas borcun və 58 (əlli səkkiz) manat məbləğində məhkəmə xərclərinin Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ə.Ə.İsayev iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı “MAC" MMC şirkəti ilə və Cavabdeh, aralarında əldə olunmuş razılığa əsasən, cavabdeh dəyərini ödəmək şərtilə iddiaçı “MAC" MMC-dən istehlak məhsullarını qəbul etmiş, onları paylamışdır, lakin əvəzi olaraq, iddiaçıya etməli olduğu ödənişi gecikdirərək öz öhdəliklərini lazımınca icra etməmişdir, buna görə cavabdehin iddiaçı "xxxx" MMC qarşısında 3800.00 AZN məbləğində ümumi debitor borcu yaranmışdır, bundan əlavə tərəflər arasında imzalanmış 2127 saylı “27” fevral 2021-ci il tarixli Mövcud borcun etirafı və öhdəliyi öz üzərinə götürmək haqqında Müqaviləyə əsasən cavabdehin iddiaçıya 3800 AZN məbləğində olan borc məbləğinin 5 ay ərzində tam olaraq İddiaçı MMC-yə ödəniləcəyi göstərilmişdir, borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə əlaqə saxlanılaraq danışıqların aparılmasına baxmayaraq, mövcud borcun qaytarılmasında heç bir irəliləyiş olmamışdır və borc məbləği hazırki tarixə qədər ödənilməmişdir, petenziya məktubu ilə cavabdehə, sonuncu dəfə xəbərdarlıq edilməklə borcun tam məbləğinin iddiaçının heasabına 3 iş günü ərzində könüllü şəkildə ödəməsi təklif olunmuşdur, lakin cavabdeh lazımi qaydada xəbərdar edilsədə borc məbləği ödənilməmişdir, iddiaçı tərəfindən məsələnin məhkəmədən kənar həll olunması və cavabdeh tərəfindən borcun ödənilməsi üçün bütün cəhdləri heç bir nəticə verməmişdir, bu səbəbdən də borcun və vurulmuş zərərin əvəzinin, məhkəmə qaydasında cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi zəruridir. Sonda iddiaçının nümayəndəsi Ə.Ə.İsayev iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, malları iddiaçıdan almışdır, lakin pul malı kimə vermişdirsə onlardadır, işlədiyi yerdən 1 manat da olsun mənimsəməmişdir, bir şəxsdə ona 900 manat, başqa şəxsdə 1200 manat, 800 manat başqa şəxsdədir, 800 manat borc onun deyildir, pullar müştərilərdədir, bununla bağlı Əliyar müəllimin yanında da müştəri ilə danışmışdır, müştəri pulun onda olduğunu qəbul etmişdir, dükanlar bağlanmışdır, bu borc onunla bağlı deyildir, həmin müqavilədəki qol onundur, müqaviləni özü imzalamışdır, qəbul etmişdir. Sonda Cavabdeh iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan tələbkar İddiaçı MMC və borclu Cavabdeh “Mövcud borcun etirafı və öhdəliyi öz üzərinə götürmək haqqında” 2127 saylı “27” fevral 2021-ci il tarixli müqavilənin 1-ci bəndinə əsasən, Borclu etiraf etmişdir ki, tələbkardan istehlak məhsullarını qəbul etmişdir, lakin əvəzi olaraq tələbkara etməli olduğu ödənişi gecikdirərək öz öhdəliklərini lazımınca icra etməmişdir və bununla da Tələbkara maddi ziyan vurmuşdur. Buna görə Borclunun tələbkar qarşısında hazırki tarixə ümumi 3800 manat borcu yaranmışdır. Həmin Müqavilənin 2-ci bəndinə əsasən, borclu öz öhdəsinə götürmüşdür ki, 3800 manat olan borc məbləğini bu müqavilənin 3-cü bəndi ilə müəyyən olunmuş qaydada ödəyəcəkdir və hazırki müqavilə müddəti ərzində götürülmüş öhdəliklərin yerinə yetirilməsinə bütün gücünü sərf edəcəkdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən borclu tələbkarın hesabına hissə-hissə ödəmək şərtilə borcun tam məbləğini hazırki müqavilə imzalandığı andan 5 ay müddətinə tam ödənilməsini öz öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 21 sentyabr 2021ci il tarixli 146 №-li Pretenziya Məktubu göndərilmiş, sonuncudan 3800 manat ödənişini pretenziya məktubunu aldığı gündən etibarən 3 təqvim günü ərzində satıcının hesabına köçürülməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı Mədaxil Qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 58 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, cavabdeh istehlak məhsullarını dəyərini ödəmək şərtilə iddiaçıdan qəbul edərək götürmüşdür, lakin malların əvəzi olaraq tələbkara etməli olduğu ödənişi gecikdirərək öz öhdəliklərini lazımınca icra etməmişdir, tərəflər arasında bağlanmış “Mövcud borcun etirafı və öhdəliyi öz üzərinə götürmək haqqında” 2127 saylı 27 fevral 2021-ci il tarixli müqaviləyə əsasən, cavabdeh, tələbkardan istehlak məhsullarını qəbul etdiyini, onların əvəzi olaraq tələbkara etməli olduğu ödənişi gecikdirərək öz öhdəliklərini lazımınca icra etmədiyini və 3800 manat olan borc məbləğini hissə-hissə ödəmək şərtilə müqavilə imzalandığı andan 5 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixədək tam ödənilməsini öz öhdəsinə götürmüşdür, hazırki iddia tələbi cavabdehin öz üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirmədiyi səbəbindən iddiaçıya olan 3800 manat pulun qaytarılması barədədir. Bununla belə, 3800 manat məbləğin iddiaçıya qaytarılmasını təsdiq edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, əvvəla, cavabdeh 2127 saylı 27 fevral 2021-ci il tarixli “Mövcud borcun etirafı və öhdəliyi öz üzərinə götürmək haqqında” müqavilə ilə, iddiaçıya 3800 manat borcu olduğunu təsdiq etdiyindən və həmin borcun iddiaçıya xx.xx.2021-ci il tarixədək tam ödəyəcəyi barədə öhdəlik götürdüyündən, həmin məbləğin iddiaçıya qaytarılmasına dair sübutetmə vəzifəsi daşıyır, lakin iş materiallarına belə sübutlar əlavə edilməmiş, belə hallar cavabdehin izahatı ilə də müəyyən olunmamışdır, ikincisi, iş materialları və tərəflərin izahatları əsasında müəyyən olunmuş hallar iddia tələbinin təmin olunması üçün yetərlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və ona görə də məhkəmə tərəfindən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3800 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan və iddia tələbi təmin olunduğundan ödənilmiş dövlət rüsumunun əvəzi qismində 58 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3800 (üç min səkkiz yüz) manat məbləğində pul vəsaiti və dövlət rüsumu qismində ödənilmiş 58 (əlli səkkiz) manat alınaraq İddiaçınə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-4820/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4820/2022
16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver