Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4863/2024 02.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “əmrin ləğvi, işə bərpa və digər” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2024-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh Cəmiyyətdə 6 ay müddətinə, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ofis meneceri vəzifəsinə işə qəbul edilmişdir (əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2024cü il tarixdə elektron qqaydada sistemə daxil edilmişdir). Əmək müqaviləsinin 2.5-ci bəndinə əsasən işə başladıqdan ilk 3 ay sınaq müddəti hesab olunur. Sınaq müddəti ərzində hər iki tərəf 3 iş günü əvvəlcədən yazılı surətdə bildirməklə, müqaviləni ləğv edə bilər.
2. xx.xx.2024-cü il tarixdə iddiaçıya əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş təqdim edilmiş (bildirişdə iddiaçının sınaq müddətini keçmədiyindən onunla əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsi qeyd edilir), iddiaçı bildirişi almaqdan imtina etmiş, bu barədə cavabdehin ofis meneceri Leyla Əkbərova bildirişin üzərində qeydiyyat aparmışdır.
3. xx.xx.2024-cü il tarixdə cavabdehlə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70ci maddəsinin d) bəndinə (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əsasən xitam verilərək, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi eyni tarixdə elektron qaydada sistemə daxil edilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
4. İddiaçı cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı və digər ödənişlərin cavabdeh tərəfindən ödənilməsi, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin sınaq müddəti ilə bağlı 2.5-ci bəndinin etibarsız hesab edilməsi ilə müqavilənin sınaq müddəti müəyyən edilmədən bağlanmış hesab edilməsi, iddiaçının çəkdiyi mediasiya və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı idda ərizəsində qeyd etmişdir ki, əmək Müqaviləsinin 2.5-ci bəndinə əsasən, sınaq müddəti 3 ay olaraq müəyyən edilmişdir. Lakin AR Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən, altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir. Əmək müqaviləsinin sınaq müddəti ilə bağlı 2.5-ci bəndi qanunaziddir. Qanunvericiliyə əsasən 6 aylıq bağlanmış əmək müqaviləsinə münasibətdə işəgötürən ən çoxu iki həftə olmaqla sınaq müddəti müəyyən edə bilər. Lakin işəgötürən tərəfindən qanunazidd olmaqla sözügedən bənd müqaviləyə əlavə edilmişdir. Bu əsasla da, həmin bənd etibarsız hesab edilməlidir. Həmin bəndin qanuna zidd olması, ümumiyyətlə əmək müqaviləsinin sınaq müddətsiz bağlanmış hesab edilməsi üçün bir başa əsasdır. İddiaçı, hətta sınaq müddəti qanunvericilikdə nəzərdə tutulmuş iki həftəlik maksimal müddətdən də artıq – 4 həftə işləmiş, bununla da qanunla müəyyən edilmiş sınaq müddətini də keçmişdir. Əmrdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “d” bəndi ilə xitam verildiyi göstərilsə də, işçinin özün doğrultmaması, yəni peşəkarlıq səviyyəsinin, müvafiq əmək funksiyasını icra etmək bacarığının mövcud olmaması əsaslandırılmamışdır. Ümumiyyətlə, işəgötürən tərəfindən işçinin özünü dorultmamasının necə qiymətləndirildiyi, hansı meyarlara əsasən onun peşəkarlıq səviyyəsinin ölçüldüyü, əmək funksiyalarının hansı hansını icra etmək bacarığının olmaması barədə məsələlərə toxunulmamışdır. Bütün bunlar iddiaçının ısaslandırılmamış əmrlə işdən çıxarılmasına səbəb olmuşdur. Cavabdeh tərəfindən iddiaçının əmək hüquqlarının kobud şəkildə pozulması işindən və əldə edəcəyi gəlirlərindən məhrum etmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçı əmrin qanunsuz hesab edilməsini iki dəlil üzərində qurmuşdur: əmək müqaviləsi guya müddətinə bağlandığı səbəbindən 3 ay sınaq müddətinin təyin edilməsi; AR ƏM-nin “d” bəndi əsasında verilmiş əmrin əsaslandırılmaması. Hər iki dəlil əsassızdır. Əmək müqaviləsinin 2.3-cü bəndində aşkar mətnlə qeyd edilmişdir ki, müddət 6 ay 1 gündür. Sözügedən əmrin məzmununda göstərilmişdir ki, AR ƏM-nin 51-ci maddəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “d” bəndinin tətbiq edilməsi konkret hansı hallarla əsaslandırılıb.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
8. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
9. Maddə 51.1. Bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir.
10. Maddə 51.2. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir.
11. Maddə 51.3. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.
12. Maddə 70 “d” bəndi sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
16. Məhkəmə tərəflərin izahatlarını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
17. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
18. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə 3 ay sınaq müddəti müəyyən edilməklə 6 ay müddətinə əmək müqaviləsi bağlanılmışdır. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsini iki əsasla tələb edir: birincisi, 6 ay müddətinə bağlanılmış əmək müqaviləsində 3 ay sınaq müddətinin müəyyən edilməsinin qanun pozuntusu olması ilə, ikincisi, sınaq müddəti ərzində iddiaçının əmək fəaliyyətinin düzgün qiymətləndirilməməsi ilə.
19. Məhkəmə iddiaçının birinci dəlili ilə razılaşmayaraq qeyd edir ki, AR ƏM-nin 51ci maddəsinin məzmunundan da aydın olur ki, 6 ay müddətinədək bağlanılmış əmək müqavilələrində sınaq müddətinin ən çoxu iki həftə müəyyən edilməsi nəzərdə tutulmuşdur. Həmin normada digər əmək müqavilələr dedikdə 6 ay və daha çox müddətə bağlanılmış əmək müqavilələrin nəzərdə tutur. Hazırkı mübahisədə tərəflər arasında əmək müqaviləsi 6 ay müddətinədək deyil, 6 ay müddətinə bağlanmışdır. Belə ki, əmək müqaviləsinin 2.3-cü bəndində əmək müqaviləsinin qüvvədə olma müddətinin xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək olması müəyyən edilmişdir. Daha dəqiq desək, hazırki iş üzrə iddiaçının qeyd etdiyi kimi, sınaq müddətininin 3 ay deyil, ən çoxu iki həftə müəyyən edilməsi üçün əmək müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən edilməli idi.
20. Digər bir tərəfdən, məhkəmə hesab edir ki, hüquq münasibətlərində tərəflər öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan hüquq və mənafelərin pozuntusu kimi istinad edə bilməzlər. Məhkəmənin mövqeyinə görə tərəf müqavilənin şərtlərini qəbul etdiyi və onun məzmunu ilə razılaşdığı halda, əgər müqavilə bağlanan zaman onun (yaxud hər hansı bir şərtiunin) mübahisələndirilməsi üçün əsasların olduğunu bilirdisə, müqavilə münasibətlrində olduğu vaxt deyil, bu münasibətə xitam verildikdən sonra onu (yaxud hər hansı bir şərtiuni) mübahisələndirirsə, bu hüquqdan sui-istifadəyə və müqavilə münasibətlərinin sabitliyini pozilmasına səbəb olmuş olardı. Ona görə də, ƏM-nin 9-cu maddəsinin b) bəndində əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin hüququ kimi təsbit edilmişdir.
21. Tərəflər arasında bağlanılmış əmək müqaviləsinin 2.3-ci bəndi müqavilənin 6 ay müddətinə bağlanılmasını, həmin müqqavilənin 2.5-ci bəndi isə 3 ay sınaq müddətinin tətbiq edildiyini nəzərdə tutur. İddiaçı əmək müqaviləsini imzalamaqla bütövlükdə və həmin bəndi qəbul etmiş, cavabdehlə əmək münasibətlərində olduğu müddətdə hər hansı formada buna etirazını bildirməmişdir. Odur ki, əmək müqaviləsi tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanıldığından, beləliklə də müqavilənin göstərilən sınaq müddəti ilə müddətli bağlanılmasına tərəflərin qarşılıqlı razılığının mövcud olması məhkəmə tərəfindən müəyyən edildiyindən, məhkəmə hesab edir ki, həmin əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanılmış, iddiaçı əmək müqaviləsinə imza etməklə onun mahiyyəti və şərtləri ilə razılaşdığını nümayiş etdirmişdir. Həmçinin, iddiaçı əmək müqaviləsi bağlandıqdan sonra da həmin müqavilədə sınaq müddəti ilə bağlı etirazlarını nə işəgötürənə, nə də müvafiq orqanlara bildirməmiş, əmək müqaviləsinin 3 ay sınaq müddəti tətbiq edilməklə bağlanılmasına etirazını bildirməmişdir.
22. Şərh edilənlərdən əlavə o da nəzərə alınmalıdır ki, iddiaçı ilə cavabdeh arasında (müddətli) əmək müqaviləsi bağlanılarkən, eləcə də müqavilədə 3 ay sınaq müddətinin tətbiq edilməsi nəzərdə tutularkən iddiaçının işəgötürəndən bir asılılığı olmamış, iddiaçı cavabdehə əmək müqaviləsi bağlanması üçün ilk dəfə müraciət etmişdir. Bu halda, əvvəldə də şərh edildiyi kimi, əmək qanunvericiliyinə uyğun olaraq sözügedən əmək müqaviləsi bağlananadək iddiaçının həmin müqaviləni, ümumiyyətlə bağlamamaq imkanı və seçimi, müqavilə rəsmiləşdirildikdən sonra hüququnun pozulmasına istinadən iddiaçının müqavilənin həmin bəndinin dəyişdirilməsini tələb etmək hüququ olmuşdur. Lakin, bu hal onları, xüsusilə də iddiaçını sözügedən əmək müqaviləsinin bağlanmasından çəkindirməmişdir.
23. Məhkəmə iddiaçının əmək fəaliyyətinin düzgün qiymətləndirilməməsi ilə bağlı qeyd edir ki, iddiaçının həmin dəlili də əsaslı deyil. Belə ki, əmək qanunvericiliyində sınaq müddəti işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, həmin müddət ərzində işçinin fəaliyyətinin qiymətləndirilməsi meyarları işəgötürən tərəfindən müstəqil şəkildə müəyyən edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sınaq müddətində işçinin iş planının forması”nın surətindən göründüyü kimi iddiaçinın əmək fəaliyyəti cavabdehin direktoru tərəfindən qiymətləndirilmişdir. Eyni zamanda iş materiallarında olan cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli aktın surətindən də görünür ki, iddiaçı sınaq müddətində işçinin iş planının forması ilə tanış olmaqdan imtina etmişdir. Göründüyü kimi, iddiaçı hazırda onun fəaliyyətinin qiymətləndirilməsi ilə razı olmasa da, vaxtilə onun fəaliyyətinin qiymətləndirilməsi barədə “sınaq müddətində işçinin iş planının forması” ilə tanış olmaqda maraqlı olmamışdır.
24. Məhkəmə qeyd edir ki, iddiaçının vəkili və nümayəndəsi məhkəmə iclası zamanı bildirmişdir ki, iddiaçının əmək fəaliyyəti qiymətləndirilərkən onun vəzifə səlahiyyətlərinə, daha dəqiq desək vəzifə təlimatlarında qeyd edilmiş işlərə aid olmayan sahələr üzrə də qiymətləndirilmə aparılmışdır. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin bu dəlili ilə də razılaşmır. Belə ki, sınaq müddətində işçinin iş planının formasından görünür ki, iddiaçının planlaşdırılan işlərin dairəsi konkret göstərilmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixli ofis menecerinin vəzifə təlimatı tərtib edilmiş və həmin vəzifə təlimatı ilə iddiaçı tanış olaraq bu barədə xx.xx.2024-cü il tarixdə onu imzalamışdır. İddiaçının tanış olaraq, qəbul etdiyi ofis menecerinin vəzifə təlimatları ilə sınaq müddətində işçinin iş planının formasında planlaşdırılan işləri müqayisə edildikdə görünür ki, sınaq müddətində işçinin iş planının formasında qeyd edilən bazaya əsasən şirkətlərlə əlaqə saxlanılması işi, onun müvafiq olaraq vəzifə təlimatlarında iş danışıqlarını aparmaq vəzifəsinə aiddir. Daha sonra, sınaq müddətində işçinin iş planının formasında qeyd edilən sərgi, araşdırma, məlumat bazasının yığılması işi, onun müvafiq olaraq vəzifə təlimatlarında məlumat bazalarının yenilənməsi, məlumatların komputer sisteminə, uçot və idaretmə sistemlərinə daxil edilməsi və sərgilər üçün sənədləşdirmənin təşkili vəzifələrinə aiddir.
25. Həmçinin də, əmək müqaviləsinin 2.6-cı bəndində də görünür ki, işçi sınaq müddəti ərzində öz öhdəliklərini işəgötürəni qane edəcək şəkildə effektiv və lazimi diqqətlə yerinə yetirmirsə, işəgötürən sınaq müddəti ərzində istənilən zaman bu müqaviləni ləğv edı bilər. Cavabdehə də qanunvericilikdə müəyyən edilmiş müddətdə, sınaq müddəti bitməzdən 3 gün əvvəl xx.xx.2024-cü il tarixdə sınaq müddətini keçmədiyi barədə xəbərdarlıq göndərilmişdir.
26. Məhkəmə iddiaçının “məcburi iş buraxma ilə bağlı ödənilməmiş əmək haqqının ödənilməsi” barədə iddiası ilə bağlı qeyd edir ki, iddiaçının hazırkı tələbləri onun əsas “əmrin ləğv edilməsi və işə bərpa” iddiası ilə birbaşa bağlı olduğundan, iddiaçının isə “əmrin ləğv edilməsi və işə bərpa” barədə iddiası əsassız olduğundan, bununla da iddiaçının məcburi iş buraxması müəyyən edilmədiyindən, iddia qeyd edilən hissədə də əsassızdır və təmin edilməməlidir.
27. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 maddələrini rəhbər tutaraq,
QƏTETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bak şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı