Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-487/2023 31.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı (Bakı şəhər Xətai rayon Bələdiyyəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “kommunal xidmətə görə haqqın ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Cavabdehin ünvan 1 ünvanında yerləşən mənzilə (yeni qaydalarla: ünvan 2 sonra – Mənzil) dair mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla ona bu barədə Çıxarış verilmişdir.
2. İddiaçı ilə cavabdeh arasında xx.xx.2016-cı ildə Mənzilə kommunal xidmətlərin göstərilməsi barədə 25A/107 saylı müqavilə bağlanmışdır. Sonradan 29 yanvar 2018-ci il tarixdə iddiaçı tərəfindən Çoxmənzilli binaya xidmətlərin göstərilməsinə dair 25 saylı müqavilə tərtib edilmiş lakin, cavabdeh həmin müqaviləni imzalamaqdan imtina etmişdir. İddiaçının müqaviləni imzalamaqdan imtinası kommunal xidmətlərin göstərilməsi barədə xidmət haqqının artırılmış məbləğlə razılaşmaması ilə bağlı olmuşdur.
3. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri.
4. İddiaçı cavabdehdən Mənzilə dair kommunal xərclərə görə yaranmış 2453 manat, məhkəmə xərcləri üçün 44,53 manat, ümumilikdə 2497.53 manat pulun iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə aralarında 2009-cu ildə Mənzilin iddiaçıdan alınmasına dair alqı-satqı müqaviləsi bağlanmışdır. 07 may 2016-cı il tarixdə cavabdehlə aralarında Çoxmənzilli binaya xidmətlərin göstərilməsinə dair 25A/107-103 saylı müqavilə bağlanmışdır. 29 yanvar 2018-ci il tarixdə iddiaçı tərəfindən Çoxmənzilli binaya xidmətlərin göstərilməsinə dair 25 saylı müqavilə tərtib edilmiş, lakin cavabdeh həmin müqaviləni imzalamaqdan imtina etmişdir. Buna baxmayaraq cavabdeh kommunal ödənişləri, mütəmadi olmasa da, ödəmişdir. Cavabdeh sonuncu dəfə 16 aprel 2020-ci ildə kommunal xidmətlərə görə yığılmış borcundan 100 manat ödəniş etmişdir. Həmin tarixədək cavabdehin 761 manat borcu var idi. Bundan sonra, cavabdeh bu günə qədər bir dəfə də olsun borcundan qalan borcu ödəməmiş və ona müəyyən məbləğdə ziyan vurmuşdur. Kommunal ödənişlərdən bütün təminatlara (su, kanalizasiya, işıq təhcizatı, lift təmiri, məişət tullantıların daşınması, binada digər təmir işləri, təmizlik, mühafizə) ödənişlər olunur, eyni zamanda həmin yığılan puldan işçilərə əmək haqqı ödənilir. Bununla bağlı hər rübdə müvafiq qaydada sakinlər üçün hesabat lövhəyə vurulur. Cavabdeh və digər investorların ödəmələrində gecikmələr olması nəticəsində iddiaçının Bank qarşısında, həmçinin vergi borclarının vaxtında ödənilməməsi nəticəsində faiz borcları yaranmışdır. Hal-hazırda yaranmış borclar üzrə müxtəlif məhkəmə instasiyalarında işlərə baxılmaqdadır. Cavabdeh uzun müddət kommunal xərclərini ödəməmişdir, nəticədə onun 2453 manat borcu yaranmışdır. Bununla bağlı cavabdeh və digər sakinlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi yazılı etirazında qeyd etmişdir ki, iddiaçı on il ərzində bu ünvanda yaşayan Mənzil Mülkiyyətçılərin Müştərək Cəmiyyətini (MMMC) yaratmağa cəhd etməyib. Bu dövrdə qanunsuz olaraq qeyri-yaşayış sahəsi adı altında, birdən çox mənzilə xidmət edən, sakinlərin binaya giriş-çıxışı üşün nəzərdə tutulmuş yol, zirzəmi sahəsi, onların köməyilə özgəninkiləşdirilib. Onlar həmişə sakinlərdən, qeyri yaşayış sahələrindən nəğd şəkildə yığdıqları pulların və xərclərin hesabatını verməkdən boyun qaçırmışlar. İddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmədiyindən sakinlər kütləvi olaraq ödənişləri etməkdən imtina edirlər
7. Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
9. Cavabdeh məhkəmə baxışı zamanı yazılı etiraza uyğun izahat verərək bildirdi ki, iddiaçı edilmiş ödənişlərin nəyə xərclənməsini sübut edə bilmir. Həmçinin iddiaçı ilə cavabdeh arasında müqavilə də yoxdur. Buna görə də, iddia tələbinin təmin edilməməsini xahiş etdi.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
10. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
11. Maddə 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir
12. Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.
13. Maddə 135.2.4. Yaşayış sahəsinin mülkiyyətçisi üçün yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir
14. Maddə 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
19. Məhkəmə tərəflərin izahatlarını, iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
20. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
21. İş materialları ilə müəyyən olunur ki, Mənzil xx.xx.2018-ci il tarixdə mülkiyyət hüququ üzrə cavabdehin adına qeydiyyata alınmış, onunla "xxxx" MMC arasında ilk dəfə xx.xx.2016-cı il tarixdə “Çoxmənzilli binaya xidmətlərin göstərilməsi” barədə müqavilə bağlanmış, sonradan xx.xx.2018-ci il tarixdə “Çoxmənzilli binaya xidmətlərin göstərilməsi” barədə müqavilə tərtib edilmiş, lakin cavabdeh tərəfindən imzalanmaqdan imtina edilmişdir. Tərəflər arasında mübahisə göstərilən kommunal xidmətlərə görə hesablanmış haqqın məbləği ilə bağlıdır. Cavabdehin nümayəndəsi ödənişlərdən imtinalarını həm tərəflər arasında müqavilənin bağlanmaması, həm də MMMC-ni yaratmaqla iddiaçı tərəfindən idarəciliyin Cəmiyyətə verilməməsi ilə əsaslandırır.
22. Məhkəmə cavabdehin tərəflər arasında müqavilənin olmaması barədə dəlili ilə bağlı bildirir ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə öhdəliyin yaranması əsasları və ümumi şəkildə dairəsi müəyyən edilmişdir. Adı çəkilən müddəanın məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün ilk növbədə onun iştirakçıları (tərəfləri) arasında hüquq münasibətləri yaranmalı və bu münasibətlər qanunla müəyyən edilmiş qeyd edilən əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər (deliktlər) və qanundan irəli gələn öhdəliklərə (əsassız varlanma) bölünür.
23. Mənzil Məcəlləsinin 135.2.4-cü maddəsində isə çoxmənzilli yaşayış evlərində yaşayış sahəsi mülkiyyətçlərinin kommunal xidmətlərə görə haqqın ödənilməsi öhdəlyinin yaranmasını qanun mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququnun yaranması ilə müəyyən etmişdir. İşin isə mübahisəsiz halıdır ki, cavabdeh yaşadığı Mənzilə mülkiyyət hüququnu xx.xx.2018-ci il tarixdə əldə etmişdir.
24. Göründüyü kimi, adı çəkilən müddəaların mənasından belə bir nəticə əldə olunur ki, Mənzilə mülkiyyət hüququ əldə etdiyi andan cavabdehlə iddiaçı arasında kommunal xidmətlərin göstərilməsi ilə bağlı hüquq münasibələri yaranmış olur. Mənzil Məcəlləsinin 135.2.4-cü maddəsi isə belə münasibətlərin yaranması üçün müqavilənin mütləq bağlanmasını tələb etmir, bunun üçün hər bir mülkiyyətçinin çoxmənzilli yaşayış evində yaşaması və mənzilə mülkiyyət hüququ əldə etməsi onu kommunal xidmətlərlə bağlı münasibətlərin subyektinə çevirir. İşin faktiki hallarından da bəlli olur ki, cavabdeh yenidən müqavilə bağlanmadan xx.xx.2020-ci il tarixdə istifadə etdiyi komunal xidmətlərə görə 100 manat ödəməklə özünün bu nünasibətlərin subyekti olmasını bir daha təsdiq etmişdir.
25. Həmçinin, “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir”.
26. Eləcə də, V.Ələsgərovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 29 dekabr tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə isə, “...yuxarıda göstərilən vəzifə çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu, xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsinə əsasən, müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir. Nəzərə almaq lazımdır ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri). Həmin Məcəllənin 125.2.4-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir”.
27. Məhkəmə iddiaçı tərəfindən MMMC-nin yaradaraq idarəcilin həmin Cəmiyyətə ötürülməməsi barədə cavabdehin dəlilinə münasibətdə bildirir ki, Mənzil Məcəlləsinin 120.1-ci maddəsində MMMC-nin yaradılması qaydası nəzərdə tutulmuşdur. Həmin müddəaya əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir. Göründüyü kimi, MMMC-nin yaradılması vəzifəsi bina mülkiyyətçisinin deyil, binadakı mənzillərin mülkiyyətçilərinə aiddir.
28. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçı ilə aralarında müqavilənin olmaması, habelə iddiaçı tərəfindən MMMC-nin yaradılmaması əsas gətirilərək kommunal ödənişləri etməkdən boyun qaçırması qeyd edilən qanunvericilik müddəalarına ziddir.
29. Lakin məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olsa da, həcminə görə qismən təmin edilməlidir.
30. Belə ki, “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli Qərarına əsasən ödənişin məbləği yaşayış sahəsinə uyğun olaraq ödənilir.
31. Həmçinin tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin 6.1ci maddəsində, eləcə də, iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 13 nömrəli məktubda kommunal xidmətə görə ödənişin hər kvadrat metrə görə müəyyən edildiyi qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdə cavabdehin mülkiyyətçisi olduğu Mənzilin ümumi sahəsi 129.1 kv.m qeyd edilsə də, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışda Mənzilin ümumi sahəsinin 121.4 kv.m olduğu qeyd edilmişdir. Ona görə də, məhkəmə qeyd edir ki, kommunal xidmətlərə görə ödəniş Mənzilin reyestr xidməti tərəfindən müəyyən edilmiş ümumi sahəsinə uyğun olaraq hesablanmalıdır. Bu ahlda, cavabdehin hər ay 60,70 (0.50 x 121.4 kv.m = 60,70) manat məbləğində kommunal xidmətlərə görə ödəniş etməli olması nəzərə alındıqda, onun kommunal xidmətlərə görə ödənilməmiş 2306,60 (38 ay x 60,70 = 2306,60) manat kommunal borcunun olması müəyyən olunur.
32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2306,60 manat məbləğində borc tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Pərviz Zamanlı