Məhkəmə qərarları › İş №e-2(011)-487/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-487/2025

08.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-487/2025 08.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh “servitut haqqının ödənilməsi” tələbinə dair ilkin; İddiaçı Cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “zəbt edilən torpaq sahəsinin boşaldılaraq hasarın öz hesablarına sökülməsi və məhəllədaxili yolun bərpa edilməsi” barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İlkin iddia tələbi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 6200 manat servitut haqının tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 0,0368 ha ölçüdə 103R saylısahəyə dair İddiaçı2 mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 446 nömrəli reyestr kitabının 26912 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bundan başqa Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 0,0305 ölçüdə 103K saylısahə tam paylımülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 443 nömrəli reyestr kitabının 41923 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Məhəllədaxili keçid yolunun ayrılması nəzərdə tutulmadığından cavabdeh iddiaçılara məxsus olan torpaq sahəsindən istifadə etməkdədir. Digər qonşulara qarşı servitut haqqının ödənilməsinə dair iddia qaldırılmış və məhkəmə qərarı çıxmışdır. Belə ki, əvvəlki qonşular mənə 15000 manat və çıxarılmış məhkəmə qərarına əsasən 900 manat və 2300 manat olmaqla pullar ödəmişlər. Hazırda cavabdehə düşən məbləğ 6200 manat edir və cavabdeh dəfələrlə mənə bildirib ki, ən qısa zamanda həmin pulu ödəyəcək lakin vədinə əməl etmir. Əvvəlki məhkəmə iclaslarında ekspertizalar keçirilmiş və həmin ekspert qiymətləndirilməsi belə olmuşdur. "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hesabata əsasən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən İddiaçı2 103X saylı torpaq sahəsinin 30 kv.m. hissəsi 12.000 manat, İddiaçı1 mülkiyyətində olan 103K saylı torpaq sahəsinin 78 kv.m. hissəsi təqribən 32.504 manat qiymətləndirilmişdir. Əmlak Ekspert Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hesabata əsasən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən İddiaçı2 103X saylı torpaq sahəsinin 30 kv.m. hissəsi 6.552 manat, İddiaçı1 mülkiyyətində olan 103K saylı torpaq sahəsinin 78 kv.m. hissəsi təqribən 17.035,2 manat qiymətləndirilmişdir. Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2022-ci il tarixli, 10/6687 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən İddiaçı2 103X saylı torpaq sahəsinin 30 kv.m. sahəsi 12.270 manat (30 kv.m.x 409 manat), Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən İddiaçı1 103K saylı torpaq sahəsinin 78 kv.m. hissəsi təqribən 31.902 manat (78 kv.m. x 409 manat) məbləğində müəyyən olunur. Qarşılıqlı iddia tələbləri: İddiaçı Cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən İddiaçı2 və İddiaçı1 Cəlal qızı tərəfindən zəbt edilən torpaq sahəsinin boşaldılaraq hasarın öz hesablarına sökülməsi və məhəllədaxili yolun bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı2 tərəfindən zəbt edilən (44,8+28,6) 73.4 kvadrat və İddiaçı1 Cəlal qızı tərəfindən zəbt edilən (21,7+85.7) 107,4 kvadrat ümumilikdə 180,8 kvadrat metr torpaq sahəsinin boşaldılaraq tikililərin öz hesablarına sökülməsi və məhəllədaxili yolun bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələblərinin dəlilləri: Qarşılıqlı iddia tələbləri onunla əsaslandırılmışdır ki, əmək müqaviləsinin şərtlərinə əsasən hər gün səhər işə gedən vətəndaşları olduğu kimi 1947-ci il təvəllüdlü 77 yaşlı İddiaçı2 dövri olaraq qonşularla yeni mübahisələr yaradıb, həmin mübahisələri məhkəməyə çıxartmaqdan ibarətdir. Bu ilin iş planına hazırkı iddia əlavə edilmşdir. İddiaçının ərsəyə gətirdiyi bir çox işlərdə iştirak edən vəkil olaraq bir çox iddialar barədə kifayət qədər məlumatlıdır. Elektron məhkəmə sistemindən çıxarış olarsa iddiaçıların məhkəmədə olan fəaliyyəti barədə kifayət qədər məlumat vardır. İddiaçılar torpaq əldə edikləri şəxslərlə, əldə etdikdən sonra onlarla birgə yaşayan qonşulara, köçüb canını qurtaran qonşuların yerinə gələn qonşularla, hətta hələ də köçüb gedən qonşulara qarşı işlərə çıxır. İddiaçıların 2024-cü ilin iş planına uyğun olaraq hədəf olaraq yeni qonşu olan hazırkı cavabdehdir. İddiaçı2 71 yaşında olarkən 2018-ci ilin 2018-ci il iş planına uyğun olaraq xx.xx.2018-ci il tarixli qonşular arasında məhəllədaxili yolun verilməsi ilə bağlı razılaşma müqaviləsinə əsasən Vüqar İsmayılov, Etibar Kərimov, Elşən Bayramov, Şahmil Yadigarov, Xəqani Kazımov Bakı şəhəri, Xətai rayonu, Mehmandarov 103 R ünvanında İddiaçı2 məxsus olan torpaq sahəsində eni 5 m, uzunluğu 40 m olan sahəni (200 kvadrat) məhəllədaxili yola verilməsinə razılaşaraq sonuncuya 15.000 manat pul verilməsi və həmin dövrdə 71 yaşlı İddiaçı2 isə həmin ünvana aid olan köhnə kadastrın yerinə yenisi ilə əvəz edərək layihədə dəyişiklik edilməsini, yeni məhəllə daxili yolun eni 5 m, uzunu 40 m qanuniləşdirməyi üzərinə götürmüşdür. Lakin mübahisəni peşə edən İddiaçı2 71 yaşında verdiyi vədi 75 yaışna kimi yerinə yetirməmiş, qonşuların 15000 manatını 5 il qanunusuz olaraq özündə saxlamışdır. 5 il müddətinə qonşuların 15000 mamnatını özündə saxlayaraq dövriyyədən çıxararaq 75 yaşına kimi qonşulara nə verdiyi vədi yerinə yetrimiş, nə də ki, pullarını qaytarmışdır. 75 yaşında qonşularla İddiaçı2 arasında olan məhkəmə mübahisəsi zamanı məlum olmuşdur ki, İddiaçı2 öz qonşularnı düzgün olmayan məlumat verərək 108 kvadrat əvəzinə 200 kvadratın torpaq sahəsinin pulun almışdır. 5 il bu kvadratı qonşulardan gizlətmişdir. Hazırda yeni iş planına əsasən işə çıxan İddiaçı2 digər iddiaçı ilə birgə artıq məhkəmə qətnaməsinə əsasən qiyməti 44.172 manat və ölüçüsü 108 kvadrat metr olan torpaq sahəsinə görə haqq aldığı halda yendə haqq tələb edir. Halbuki torpağın kvadratı və qiyməti dəyişməmişdir. Belə çıxır hər dəfə qonşular torpaq satarkən, yaxud torpağı bölüb satarkən İddiaçı2 və İddiaçı1 haqq verməlidirlər. İddiaçı2 və İddiaçı1 haqq tələb etdikləri kvadrata görə 2018- ci il tarixdə 71 yaşında olarkən 15000 manat aldığı pula görə vədini yerinə yetirməyərək 2022-ci ildə qonşulara qarşı iddia qaldıraraq haqq tələb etsə də, 2018-ci il razılaşmasının digər hissəsi olan “köhnə kadastrın yerinə yenisi ilə əvəz edərək layihədə dəyişiklik edilməsini” hissəsini 77 yaşı olmasına baxmayaraq icra etməkdən yayınmaqdadır. Bunun əvəzində 77 yaşlı İddiaçı2 2018-ci il tarixdə rəsmiləşdirilməli olduğu sahələri qanunsuz olaraq hasarlayaraq zəbt etmişdir. Faktiki olaraq İddiaçı2 məxsus torpaq sahəsinin ölçüsü artıqlması ilə olduğu halda, razılaşmanı pozaraq bu gün həm haq tələb etdiyi yola olan hissəsindən imtina etməmiş, həm də əlavə torpaq sahələri zəbt edərək əvvəldən olan yol sahəsini zəbt edərək hasarın içərisinə salmışdır. Bunun nəticəsində mülkiyyətçi olaraq məcbur qalıb qonşuların İddiaçı2 aldığı yoldan istifadə edir, qanuni olan məhəllə daxili yolu isə İddiaçı2 zəbt etmişdir. Zəbt etməni onunla əsaslandırmışdır ki, ona məxsus torpaq sahəsi qonşuların istifadəsindədir, bu əsasla da əlavə torpaq sahələrini zəbt etmişdir. Hesab edir ki, İddiaçı2 və İddiaçı1 tərəfindən zəbt edilən torpaq sahəsi müəyyən edilərək sökülərək əvvəlki vəziyyətə qaytarılmalı, əraziyə giriş çıxış bərpa edilməli, qonşular arasında normativə uyğun ara məsafəsi gözlənilməklə hasarlanma işi aparılmalıdır. Beləliklə İddiaçı2 qanuni məhəllə daxili yolu zəbt etmiş, əlavə istifadədə olan yolu öz ərazisinə salaraq qonşulardan haqq alır. Zəbtin nəticəsində bu gün cavabdehin torpaq sahəsinə giriş-çıxış yolu bağlanılmış, məcbur evin içərisindən həyətə keçir. Tərəflərin izahatları: Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında izahat vermiş ilkin iddia üzrə iddiaçıların, qarşılıqlı iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələblərinin təmin, qarşılıqlı iddia tələbəlrinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında izahat vermiş İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələblərinin rədd, qarşılıqlı iddia tələblərinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan: Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 xüsusi mülkiyyəti olaraq dövlət reyestrində qeydə alınmışdır. Daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsidir, torpaq sahəsinin ölçüsü 0.0305 ha-dır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı2 xüsusi mülkiyyəti olaraq dövlət reyestrində qeydə alınmışdır. Daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsidir, torpaq sahəsinin ölçüsü 0.0368 ha-dır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(011)- 32/2021 nömrəli qətnaməsi ilə ilk və qarşılıqlı iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən İddiaçı2 103X saylı torpaq sahəsinin 30 kv.m sahəsinin və Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən İddiaçı1 103K saylı torpaq sahəsinin 78 kv.m sahəsinin servitutla yüklü edilməsi, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən İddiaçı2 103X saylı torpaq sahəsinin məhəllədaxili keçid hissəsi kimi servitutla yüklü edilməsinə görə, X6, İddiaçı1, X8, X10, X3, X13 və X1 ayrı-arılıqda 1.843 manat olmaqla, cəmi 12.900 manat tutularaq İddiaçı2 verilməsi, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən İddiaçı1 103K saylı torpaq sahəsinin məhəllədaxili keçid hissəsi kimi servitutla yüklü edilməsinə görə, X6, X10, X3, X1, X8, X13 ayrı-ayrılıqda 5.590 manat olmaqla, cəmi 33.540 manat tutularaq İddiaçı1 verilməsi, ilk və qarşılıqlı iddianın qalan hissələrdə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun tərəflərin özlərinə aid edilməsi, torpaq sahələrinin qiymətləndirilməsi barədə ekspertiza tədqiqatının dəyəri kimi 200 manat məbləğində pulun tərəflərdən müştərək qaydada tutularaq Hüquq Əmlak Məsələləri Ekspertizası” MMC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-129/2023 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X15, X17 və X18, habelə qarşılıqlı iddia üzrə cavabdehlər X11 və X7 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(011)- 32/2021 nömrəli qətnaməsi servitutla yüklü edilmiş sahədən istifadə üçün X6, X8, X10, X3 və X1 tutulan haqqın məbləği hissəsində dəyişdirilsin. İddiaçı2 mülkiyyətində olmaqla Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 103X saylı torpaq sahəsinin 30 kv.m. hissəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək üçün X9, X12, X14, X4 və X2 xeyrinə servitutla yüklü edilməsinə görə onların hər birindən 900 (doqquz yüz) manat olmaqla, cəmi 4.500 (dörd min beş yüz) manat məbləğində haqq tutularaq İddiaçı2 verilməsi, İddiaçı1 mülkiyyətində olmaqla Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 103K saylı torpaq sahəsinin 78 kv.m. hissəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək üçün X9, X12, X14, X4 və X2 xeyrinə servitutla yüklü edilməsinə görə onların hər birindən 2.300 (iki min üç yüz) manat olmaqla, cəmi 11.500 (on bir min beş yüz) manat məbləğində haqq tutularaq İddiaçı1 verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-7606/2024 saylı qərardadı ilə iş üzrə rəy verilməsi üçün mütəxəssis cəlb edilmiş və tədqiqatın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə tapşırılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 305.0 kv.m olsa da, faktiki olaraq 326.7 kv.m təşkil edir. Digər göstərilən sahə isə sənəd üzrə 368.0 kv.m olsa da, faktiki olaraq 412.8 kv.m təşkil edir. Sahələr iki tərəfdən mişar daş hasarla, iki tərəfdən isə metal torla sərhədlənib. İddiaçı2 və İddiaçı1 mülkiyyətində olan torpaq sahələrində ikimərtəbəli fərdi yaşayış evləri inşa edilmişdir. Qeyd olunan 305.0 kv.m torpaq sahəsi və üzərində mövcud olan ümumi sahəsi 276.8 kv.m olan fərdi yaşayış evi **********55-10301 reyesrt nömrəsi ilə İddiaçı1 xüsusi mülkiyyətindədir. Həmçinin 368.0 kv.m torpaq sahəsi və üzərində mövcud olan ümumi sahəsi 276.8 kv.m fərdi yaşayış evi **********56-10301 reyestr nömrəsi ilə İddiaçı2 xüsusi mülkiyyətindədir. Faktiki olaraq İddiaçı2 xüsusi mülkiyyətində olan torpaq sahəsinin 28.6 kv.m hissəsi, İddiaçı1 xüsusi mülkiyyətində olan torpaq sahəsinin isə 85.7 kv.m hissəsi ümumi istifadədə olunan yola düşür. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 103L saylı sənaye, nəqliyyat, rabitə, müdafiəvə digər təyinatlı 0.0220 ha torpaq sahəsi Cavabdeh adına qeydə alınmışdır.(reyestr nömrəsi – **********91, qeydiyyat nömrəsi -**********). Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1.3-cü maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı servitutlar da əmlak hüquqları sayılır; Həmin Məcəllənin 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Həmin Məcəllənin 255.2-ci maddəsinə əsasən daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Həmin Məcəllənin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Həmin Məcəllənin 255.6-cı maddəsinə əsasən servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. Həmin Məcəllənin 255.8-ci maddəsinə əsasən daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. Həmin Məcəllənin 261.1-ci maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər. Həmin Məcəllənin 261.2-ci maddəsinə əsasən haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54.1-ci maddəsinə əsasən servitut bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən servitut - torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Həmin Məcəlləsinin 54.4-cü maddəsinə əsasən torpaq sahəsinə torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək üçün servitutlar müəyyən edilə bilər. Həmin Məcəlləsinin 54.6-cı maddəsinə əsasən, qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, üzərində servitut müəyyən edilən torpaq sahəsinin mülkiyyətçisinin həmin servitutdan istifadə edən şəxsdən müvafiq ödəniş tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia tələbləri isə təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı və mübahisəli ünvana tərəflərin iştirakı ilə aparılmış yerli müayinə zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.0305 ha torpaq sahəsi İddiaçı1, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin ölçüsü 0.0368 ha torpaq sahəsi İddiaçı2 adına dövlət reyestrində qeydə alınmışdır. Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 103L saylı saylı sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0.0220 ha torpaq sahəsi isə Cavabdeh adına dövlət reyestrində qeydə alınmışdır. Həmin torpaq sahəsi İddiaçı1 mülkiyyətində olan sahə ilə yanbayan yerləşir. Hazırda qeyd edilən ünvanda cavabdeh tərəfindən fərdi yaşayış evi inşa edilməkdədir. Həmin məhəlləyə daxil olmaq üçün ilkin iddiaçıların mülkiyyətində olan ümumi istifadə edilən (digər qonşuların istifadə etməsi üçün servitut haqqı tutulan yol) yoldan keçilməlidir. Belə ki, faktiki şəkildə məhəlləyə daxil olmaq üçün digər yol mövcud deyildir. Məhəlləyə daxil olduqda ardıcıllıqla İddiaçı2, İddiaçı1, daha sonra isə Cavabdeh mülkiyyətində yerləşən fərdi yaşayış evi yerləşir. Hər birinin əmlakı xeyli hündürlükdə yerləşir və həmin əmlaklardan sonra ünvan bitir. İddiaçıların və cavabdehin fərdi yaşayış evinin arxasından magistral yol keçir və yol boyu borular (qaz xətləri) çəkilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh torpaq sahəsini X5 almışdır hansı ki, həmin şəxs bundan əvvəl servitut haqqının verilməsi ilə bağlı iddiaçılarla digər qonşular arasında olan məhkəmə mübahisəsində tərəf olmamışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 103X saylı torpaq sahəsinin 30 kv.m. hissəsi ümumi istifadədə olan yola, İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 103K saylı torpaq sahəsinin 78 kv.m hissəsi isə ümumi istifadədə olan yola düşür. Hazırkı məhkəmə araşdırması zamanı da Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən aydın olur ki, İddiaçı2 xüsusi mülkiyyətində olan torpaq sahəsinin 28.6 kv.m hissəsi, İddiaçı1 xüsusi mülkiyyətində olan torpaq sahəsinin isə 85.7 kv.m ümumi istifadədə olunan yola düşür. Göründüyü kimi faktiki şəkildə ümumi istifadədə olan yol iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən keçir. Bu da Mülki Məcəllənin 261.1-ci maddəsinə əsasən daşınmaz əşyanın mülkiyyətçisinə, yəni iddiaçılara həmin sahədən istifadə üçün haqq tələb etmək hüququ verir. Həmçinin bundan əvvəl eyni torpaq sahəsinin servitutla yüklənməsi haqqında məhkəmə mübahisəsinə baxılarkən də mübahisəli məhəlləyə alternativ hər hansı məhəllədaxili keçid yolunun mümkünsüzlüyü müəyyən edilmişdir. Həmin tarixdən bu yana qeyd edilən ünvanda dəyişiklik sadəcə ilkin iddia üzrə cavabdehin həmin məhəllədən torpaq sahəsi alması və fərdi yaşayış inşa etməsi olmuşdur (davam etməkdədir). Buna görə də ilkin iddiaçıların torpaq sahələrinin bir hissəsi servitutla yüklü elan edilmişdir. Odur ki, qətnamə ilə müəyyən edilmiş hallar mübahisələndirilməməli və eyni yanaşma hazırkı məsələyə də tətbiq edilməli və cavabdehdən həmin yoldan istifadə üçün iddiaçıların xeyrinə pul tutulmalıdır. Servitut haqqının məbləği ilə bağlı məhkəmə bundan əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləği əsas götürür və hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 103X saylı torpaq sahəsinin bir hissəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək üçün Cavabdeh 900 manat məbləğində, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 103K saylı torpaq sahəsinin bir hissəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək üçün Cavabdeh 2300 manat məbləğində haqq tutulmalıdır. Məhkəmə cavabdeh tərəfindən iddiaçıların ümumi istifadədə olan torpaq sahəsinin servitutla yüklü edilməsinin dövlət reyestrində qeydə alınmaması dəlilinə münasibətdə qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən İddiaçı2 103X saylı torpaq sahəsinin 30 kv.m sahəsinin və Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən İddiaçı1 103K saylı torpaq sahəsinin 78 kv.m sahəsinin servitutla yüklü edilməsi qərara alınmışdır. Belə olduğu təqdirdə servititunun reyestrdə qeydə alınmaması qətnamənin icrasından irəli gələn məsələ olmaqla, hazırkı mübahisəyə aidiyyəti yoxdur. Məhkəmə qarşılıqlı iddia tələblərinə münasibətdə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində çıxarışla iddiaçıların mülkiyyətində verilmiş torpaq sahəsindən daha çox sahənin iddiaçıların faktiki istifadə olunduğu qeyd edilsə də, həmin torpaq sahəsi cavabdehin mülkiyyətində olmadığından, o, iddiaçılardan həmin sahəni boşaldılmasını tələb etmək hüququna malik deyildir. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür. Neqator iddia sahiblikdən məhrum edilməklə əlaqədar olmayan pozuntuların aradan qaldırılması barədə iddiadır. Neqator iddia mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı irəli sürdüyü müqavilədən kənar tələbdən ibarətdir. Neqator iddia habelə mülkiyyət hüququnun həyata keçirilməsinə yönələn maneə təhlükəsinin olması imkanları olduqda da qaldırıla bilər. Neqator iddianın anlayışı Mülki Məcəllənin 157.4-cü maddəsində verilmişdir. Neqator iddianın məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrumetmə ilə bağlı olmayan digər səlahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə, pozulmuş hüquqları bərpa etməkdən ibarətdir. Bu iddiadan üç məqsəd güdülür: birincisi,hüququ pozulmuş hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını qabaqcadan almaq (preventiv məqsəd); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək. Neqator iddia təmin edildikdə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir. Qeyd etmək lazımdır ki, hər bir şəxsin mülkiyyətində daşınar və daşınmaz əmlakı olar. Mülkiyyət hüququ şəxsin mülkiyyətində olan əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüququnun realizəsi ilə həyata keçirilir. Bu hüququnun həyata keçirilməsinə hər hansı bir müdaxilənin edilməsi qadağandır və belə bir qadağa mülkiyyət hüququna müdaxilə kimi dəyərləndirilir. Həmçinin o da nəzərə alınmalıdır ki, bu əşyanı mülkiyyətçinin sahibliyindən götürmədən mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr törədən hərəkətlərdən müdafiə üsuludur. Bu halda mülkiyyətçinin belə hərəkətlərə son qoyulmasını tələb etmək hüququ yaranır. Adətən belə maneələr mülkiyyətçinin öz əmlakından istifadə etmək səlahiyyəti pozulur. Çünki, əmlak onun sahibliyindən çıxmır və onu həmin əmlak barəsində sərəncam vermək hüququndan məhrum etmir. Məhkəmə yuxarıda qeyd edilənləri istinad edərək, iddiaçıların hərəkətlərinə haqq qazandırmır, lakin cavabdehin də nəzərinə çatdırır ki, iddiaçıların əlavə olaraq torpaq sahəsini hasara alması ilə cavabdehin mülkiyyət hüququna qarşı qəsd edilməmişdir.Belə ki, cavabdeh məhz özünə məxsus torpaq sahəsindən maneəsiz şəkildə istifadə edir, ona sahiblik edir və sərəncam hüququndan məhrum edilməmişdir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddia tələbləri üzrə ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması barədə tələb olmadığından ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İlkin iddia qismən təmin edilsin. İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 103X saylı torpaq sahəsinin 30 kv.m. hissəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək üçün Cavabdeh xeyrinə servitutla yüklü edilməsinə görə 900 (doqquz yüz) manat məbləğində haqq tutularaq İddiaçı2 verilsin. İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 103K saylı torpaq sahəsinin 78 kv.m. hissəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək üçün Cavabdeh xeyrinə servitutla yüklü edilməsinə görə 2300 (iki min üç yüz) manat məbləğində haqq tutularaq İddiaçı1 verilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “zəbt edilən torpaq sahəsinin boşaldılaraq hasarın öz hesablarına sökülməsi və məhəllədaxili yolun bərpa edilməsi” barədə qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar