Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4903/2025 18.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüquqlarının itirilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh, azyaşlı övladları xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 ünvan 1 ünvanda yerləşən 72 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, öz əmlakları ilə birlikdə mülkiyyətində olan mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 2 ünvanda yerləşən 72 saylı mənzili iddiaçı həyat yoldaşı X5 ilə 1982-ci il tarixdə əldə etmişdir. Sonradan həmin mənzil xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, Seriya MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının adına tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Həmin evdə iddiaçı, onun həyat yoldaşı və iki övladı ilə birlikdə yaşamışlar. X3 25 may 2013-cü il tarixdə Cavabdeh ilə ailə həyatı qurmuşdur. Cavabdeh həmin tarixdən iddiaçının mülkiyyətində olan 2 otaqlı 72 saylı mənzilə gəlin köçmüş və birlikdə həmin mənzildə yaşamışlar. Nikaha daxil olduqdan sonra oğlunun cavabdehlə ailə münasibətləri heç də normal olmamışdır. Cavabdeh evə gəlin gəldiyi gündən qaynatasına və həyat yoldaşına qarşı həmişə laqeyid münasibət bəsləmiş və daim mübahisələr yaratmışdır. Bir sözlə, neçə illər öncə halal zəhmətləri ilə qazanıb əldə etdikləri mənzildən onun və həyat yoldaşının çıxması üçün əlindən gələni etmişdir. Nəticədə iddiaçı öz mülkiyyətindən məhrum olmuşdur. İddiaçı və həyat yoldaşı cavabdehin bu haqsızlıqları nəticəsində məcbur qalıb öz halalca evlərini tərk etmək məcburiyyətində qalmışlar. Digər qız övladı və onun həyat yoldaşı X2 onu və həyat yoldaşını ünvan 3 ünvanda yerləşən 16 saylı mənzilə apardılar və bü günədək onlarla birlikdə həmin mənzildə yaşayırlar. Oğlu Tural onların evdən çıxmaqlarına razı deyildi və bunu qəbul edə bilmirdi. Aradan bir müddət keçdikdən sonra oğlu Tural baş verənləri qəbul edə bilmədi və heç bir xəstəliyi olmadığı halda 36 yaşında ürək tutmasından dünyasını dəyişdi. Oğlu dünyasını dəyişdikdən sonra da cavabdehin ona və həyat yoldaşına qarşı münasibəti dəyişmədi, xüsusi mülkiyyətində olan halalca evlərinə buraxmadı. Dəfələrlə cavabdehə mülkiyyətində olan mənzili boşaldıb təhvil verməsini bildirsələr də buna razılıq verməmişdir. İddiaçı öz mülkiyyətindən məhrum olmuşdur. Onun və həyat yoldaşının yaşamağa başqa yeri yoxdur. O da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. ünvan 1 evin 72 saylı mənzili mülkiyyətində olsa belə, mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ayrıca sərəncam vermək hüquqları məhdudlaşdırılıb, çünki cavabdeh iki azyaşlı övladı ilə onun mənzilindən çıxmayaraq iddiaçını evə buraxmırlar, bu da onun mülkiyyətçi kimi hüquqlarımı pozur. İddiaçı 2021-ci ilin aprel ayında cavabdehi mülkiyyətində olan mənzilə sadəcə pasport qeydiyyatına düşməsinə razılıq vermişdir və bununla bağlı cavabdehlə aralarında istifadə hüququnun tanınmasına dair heç bir notarial qaydada razılaşma olmamışdır. Sonda Nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, iddia tələbi qismən əsassızdır, İddiaçı onun qaynatasıdır. Həyat yoldaşı ölüb. Əri ilə birgə nikahdan 2 (iki) azyaşlı uşaqları doğulub. Əri öldüyü üçün aralarında olan nikaha xitam verilib. O azyaşlı uşaqları ilə birgə gəlin köçdüyü mənzildə cehiz əşyaları ilə birlikdə 2011-ci il tarixdən ünvan 4 ünvanda qeydiyyatda olmaqla yaşayır. Uşaqları bu mənzildə doğulublar. Mərhum əri qaynatanın, yəni İddiaçı ailə üzvü olub. O, qaynana və qaynatası ilə həmin mənzildə yaşamağı təklif edir, lakin onlar bunu qəbul etmir. Onlar həyat yoldaşının hüquq varisləridirlər. Onun bütün hüquqlarından tam istifadə etməklə mərhum ərinin hüquqları onlara keçib. Əgər əri sağ olsa idi yəqin ki, hazırkı iddiaçı müvafiq kompensasiya verməklə onların mənzildən çıxarılmağı barədə iddia qaldırmalı olmuş olardı. Bunlara əsasən də iddia tələbi əsassızdır və belə olan halda onların mənzil hüquqları pozulmuş olur. Mərhum ərinin varisləri (uşaqları) və o yaşayış hüququndan və mənzil hüququndan əsassız olaraq məhrum olmuş olurlar. Belə olan halda qanunun analoji münasibətləri mənzilə olan hüquqi rejimi müəyyən etmək və tənzimləmək üçün tətbiq edilməlidir. Sonda Cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət reyestri Xidmətinin MN seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 50, 72 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 501 nömrəli reyestr kitabının 46250 nömrəli vərəqində xx.xx.2007-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2022-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci ildə 629№ ilə qeyd edilmişdir. İş materiallarında olan Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, X11 ilə X6 xx.xx.2013-cü il tarixdə nikahları bağlanıb, nikah bağlandıqdan sonra ərə Abasov, arvada Abasova soyadı verilmişdir. İş materiallarında olan Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1986-cı ildə doğulmuşdur. Onun atası X16, anası X1r. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in xx.xx.2025-ci il tarixli ******* nömrəli arayışından görünür ki, İddiaçı, X4, Cavabdeh, X12, X13 ünvan 5 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 50, 72 nömrəli mənzil xx.xx.2007-ci il tarixdə tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır, Cavabdeh iddiaçının keçmiş gəlinidir, o, iddiaçının oğlu (Tural Abasov) ilə 2013-cü il tarixdə nikaha daxil olmuş və həmin mənzilə köçərək yaşamışdır, xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X13 cavabdeh ilə iddiaçının oğlunun birgə nikahdan olan uşaqlarıdır, iddiaçının oğlu Tural Abasov 2022-ci ildə vəfat etmişdir, hazırda iddiaçı həyat yoldaşı ilə birgə başqa evdə yaşayır, cavabdehlər hazırda həmin mübahisəli evdə qeydiyyatda olmaqla orada yaşayırlar. Bununla belə, cavabdehlərin mübahisəli mənzilə istifadə hüququna əsas verən, habelə cavabdehlərin həmin mənzildən çıxarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə dair istifadə hüququ yaranmadığından və iddiaçı həmin mənzilin mülkiyyətçisi olduğundan, iddia tələbi qismən təmin edilməli, Cavabdeh azyaşlı övladları ilə mübahisəli mənzildən çıxarılmalı və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Cavabdeh, X12 və X8 Bakı şəhəri, Xətai rayonu General Mehmandarov küçəsi, ev 50, 72 saylı mənzildən istifadə hüququnun olmaması onların həmin ünvandan qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (29-cu maddənin İ, İİ,İİİ hissələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən, istifadə hüququna əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı kimi anlayış verilmişdir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin göstərilən maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh, azyaşlı övladları X12 və X13 ilə birgə ünvan 1 ünvanda yerləşən 72 saylı mənzildən öz əmlakları ilə birlikdə çıxarılmalı və mənzil boşaldılaraq İddiaçı təhvil verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh, X12, X13 Bakı şəhəri, Xətai rayonu General Mehmandarov küçəsi ev 50, 72 saylı mənzildən öz əmlakları ilə birlikdə çıxarılsınlar və mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə, Cavabdeh, X12 və X8 Bakı şəhəri, Xətai rayonu General Mehmandarov küçəsi, ev 50, 72 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-4903/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4903/2025
18.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver