Məhkəmə qərarları › İş №e-2(011)-4938/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4938/2023

11.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4938/2023 11.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “pul” tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddia ərizəsinin və ona etirazın dəlilləri: İddia ərizəsinin dəlilləri İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 472 manat əsas borc, gecikdirilmiş dövr üçün 13 manat, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş haqq olaraq 150 manat, 30 manat dövlət rüsumunun, cəmi 665 manatın İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında borc verən tərəfindən borc alana tərəflər arasında müəyyən edilmiş borc məbləğinin faizsiz olaraq verilməsini və borc alan tərəfindən borc məbləğinin borc verənə müəyyən edilmiş dövr ərzində geri qaytarılmalı olduğunu nəzərdə tutan 18 yanvar 2022-ci il tarixli **********72 saylı və 06 sentyabr 2022-ci il tarixli **********34 saylı 12 aylıq ödəmə müddəti ilə borc müqavilələri bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə əsasən, müvafiq müqavilələr borcun borc verən tərəfindən borc alana verildiyi gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirdiyi günə qədər qüvvədə qalır. Belə ki, müvafiq müqavilələr üzrə 1.050 manat məbləğində cavabdehə borc verilmişdir və ödənilməli olan ödənişlərin sayı, məbləği və ödəniş tarixləri, o cümlədən, borc alanın götürdüyü məbləği hissələrlə 12 ay ərzində borc verənə ödəməli olduğuna dair müddəalar ödəniş qrafikində əks olunmuşdur. Lakin ödənişlər borc alan tərəfindən ödəniş qrafikinə əsasən həyata keçirilməmiş və buna görə də borc alanın borc verən qarşısında borc öhdəliyi yaranmışdır. Belə ki, 12 may 2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdeh tərəfindən mövcud borcdan ümumilikdə 578 manat ödənilmiş, lakin geriyə qalan 472 manat hələ də ödənilməmişdir. Cavabdeh tərəfindən sonuncu ödənniş 10 dekabr 2022-ci il tarixində həyata keçirilmişdir. Beləliklə, Cavabdeh İddiaçı QSC ilə bağladığı 18 yanvar 2022-ci il tarixli **********72 saylı və 06 sentyabr 2022-ci il tarixli **********34 saylı müqavilələr üzrə götürmüş olduğu 1.050 manat məbləğində borcdan 578 manat məbləğində ödəniş etdikdən sonra əsas borc 472 manat təşkil etmişdir. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsasdan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Borclu tərəfindən edilmiş sonuncu ödəniş 10 dekabr 2022-ci il tarixində edildiyindən, gecikmə üzrə borc məbləği 13.76 manat təşkil edir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin faktiki halları: Tərəflər arasında bağlanmış 12 aylıq ödəmə müddəti müəyyən edilmiş 18 yanvar 2022-ci il tarixli **********72 saylı və 06 sentyabr 2022-ci il tarixli **********34 saylı borc müqavilələrinə əsasən cavabdehə ümumilikdə 1.050 manat məbləğində borc verilmişdir. Həmin müqavilələrin şərtlərinə əsasən, müvafiq müqavilələr borcun borc verən tərəfindən borc alana verildiyi gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirdiyi günə qədər qüvvədə qalır. Borc alan tərəfindən ödənişlər ödəniş qrafikinə əsasən həyata keçirilməmiş və buna görə də borc alanın borc verən qarşısında borc öhdəliyi yaranmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhdəliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında kredit (borc) müqavilələri bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş pul vəsaitini cavabdehə verməklə öhdəliyini icra etmişdir. Lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir. İddiaçının verdiyi maliyyə arayışında cavabdehin hər iki müqavilə üzrə ümumilikdə 472 manat borcunun olması qeyd edilir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini yerinə yetirməmişdir. Məhkəmə iddia tələbinin gecikdirilmiş dövr üçün 13 manat pulun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrdən birinin icrası müddəti 2023-cü ilin yanvar ayında başa çatmış, digər müqavilənin icrası müddəti isə hələ başa çatmamışdır. İddiaçı iddia ərizəsində hansı müqavilə üzrə hansı məbləği tələb etdiyini əsaslandırmadığından iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 472 (dörd yüz yetmiş iki) manat əsas borc, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş haqq olaraq 150 (bir yüz əlli) manat, 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 652 (altı yüz əlli iki) manat pul alınaraq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar