Məhkəmə qərarları › İş №e-2(011)-5031/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5031/2024

05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5031/2024 05.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakarı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə üzrə ödənilməli olan pul tələbi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən ona vurulmuş maddi ziyana görə 2310 (iki min üç yüz on) manatın, onun tərəfindən ödənilmiş 47 (qırx yeddi) manat dövlət rüsumunun, mediasiya təşkilatına ödədiyi 60 (altmış) manat, xidmət haqqı olaraq vəkilə ödədiyi 700 (yeddi yüz) manatın, cəmi 3117 (üç min yüz on yeddi) manat pul vəsaitinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Real Əmlak” Daşınmaz Əmlak Agentliyinin rəsmi əməkdaşı olaraq çalışırdı. Onun işi öz əmlakını satışa çıxaran və daşınmaz əmlak almaq istəyən vətəndaşlara əmlak alqı-satqısında vasitəçi olaraq xidmət göstərmək idi. Göstərdikləri xidmət, əmlakını satmaq üçün onların agentliyinə müraciət edən, yaxud da müxtəlif satış saytları vasitəsi ilə əlaqə yaratdıqları və xidmətlərini təklif edilən satıcı ilə görüşüb mənzilə baxmaqdan, satılacaq əmlakın şəkillərini çəkib alıcılara təqdim etmək məqsədilə sayta yerləşdirməkdən başlayır və son olaraq notariat kontorunda alqı-satqı müqaviləsinin bağlanması, əmlakın alıcıya təhvil verilməsi ilə başa çatırdı. Bu xidmətə görə hər iki tərəf alqı-satqı barədə tam razılığa gəldikdən sonra, alıcı, satıcı və vasitəşi arasında üç tərəfli müqavilə bağlanır və xidmət haqqı olaraq müqavilədə göstərilən pul məbləği vasitəçiyə ödənilirdi. 2023-cü ilin mart ayının ilk günlərində ünvan 1 ünvanında yerləşən, 135 000 manat məbləğində qiymətləndirərək satışa çıxarılan mənzilin sahibi Cavabdeh1 ilə danışıb razılaşmışlar. İddiaçı müəyyən prosedurları həyata keçirəndən sonra evə baxmaq üçün ilk müştərini satışa çıxarılan mənzillə tanış etdi. Lakin həmin müştəri ilə razılıq əldə olunmadı. Alıcı olaraq ikinci müştəri Cavabdeh2 oldu. O mənzili çox bəyəndi, lakin qiymət barədə razılaşma bir az gec başa gəldi. Çünki satıcı qiyməti aşağı salmaq istəmirdi. Cavabdeh2 dəfələrlə, özü tək, sonra digər bir şəxslə gəldilər, təxminən 5 dəfə iddiaçının iştirakı ilə mənzilə baxdılar, sonra bir neçə dəfə satıcının ofisində onunla görüşdülər, lakin yenə də razılıq əldə olunmadı. Bundan sonra başqa variantlara baxdı, lakin son olaraq, yenə də əvvəlki mənzilin üzərinə qayıtdı. Cavabdeh2 iddiaçıdan xahiş etdi ki, mənzili 131 000 manata satmağa satıcını razılaşdırsın. İddiaçı da, satıcı Amid Ağayev ilə bir neçə dəfə görüşüb, danışdıqdan sonra, onu evin əşyalarının bir qisminin qalması şərti ilə Cavabdeh2 istədiyi qiymətə (131 000 manat) razılaşdırmışdır. Bundan sonra aralarında üç tərəfli “Beh haqqında razılaşma” müqaviləsi bağlanmış və alıcı Cavabdeh2, satıcı Amid Ağayevə 300 manat beh verdi. Razılaşmaya görə mart ayının 9-da satıcı mənzilə mülkiyyət hüquqlarına dair “Çıxarış” aldıqdan dərhal sonra notariusda alqı-satqı müqaviləsi bağlanmalıydı və bu hər üçünün iştirakı ilə olmalı idi. Lakin elə həmin gün Cavabdeh1 ona zəng edərək, həmin qiymətə evi satmadığını və artıq razılaşmanın pozulduğunu bildirdi. İddiaçı dərhal alıcı Cavabdeh2 zəng etdi və məsələni ona bildirdi. Lakin Xəqani heç təəssüflənmədən, həmin mənzili almağın heç ona da sərf etmədiyini bildirdi. Müqavilənin şərtlərinə görə “beh alan” alqısatqıdan imtina etdiyi halda alınan behin iki mislini beh verənə qaytarmalı idi. Buna görə də iddiaçı behin qaytarılması ilə bağlı satıcı ilə danışmaq istəyəndə Cavabdeh2 razı olmadı, dedi ki, özləri həll edəcəklər. Onun məsələyə bu cür münasibəti ona şübhəli göründü. Ayın 9-na kimi satıcı Cavabdeh1 mənzilin hələ də satışda olduğunu deyirdi. Həmin vaxta kimi müştəri olmadı. Ayın 9-dan sonra isə birdən-birə iddiaçının zənglərinə cavab vermədi. Bundan sonra iddiaçıların şübhələri daha da artdı və o, düşündü ki, onlar hər ikisi yalan danışır və bu iddiaçıya ödəyəcəkləri məbləği ödəməmək üçün söylənilən bir yalandır. Bu ona çox pis təsir etdi və iddiaçı bir neçə gündən sonra həmin mənzilə getdi. Qapını döydü və Cavabdeh2lə üz-üzə gəldi. Mənzildə bir neçə usta da var idi və artıq evin təmirinə başlanılmışdı. İddiaçı Xəqaniyə, bu yaxşı hərəkət deyil, siz mənim aqqımı ödəməmək üçün yalan danışırsınız dedikdə, o həqiqətən həmin mənzili aldığını və onun haqqını ödəyəcəyini bildirdi. Lakin sonradan nə satıcı, nə də alıcı onun haqqımı ödəmədilər və birmənalı olaraq, ödəməkdən boyun qaçırdılar. Tərəflərin izahatları: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın tam təmin edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, françayzinq müqaviləsi əsasında “Real Əmlak” əmtəə nişanı istifadə edərək, daşınmaz əmlakın alqı-satqısı sahəsində vasitəçilik xidməti göstərmişdir. İddiaçı da onunla birlikdə onun yanında işlədiyini, iddiaçının gördüyü xidmətlərdən əldə etdiyi gəlirlərin yarısının “Real Əmlak” Daşınmaz Əmlak Agentliyinə, digər yarısının isə onun aid olduğunu bildirmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, onlar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə xx.xx.2023-cü il tarixli beh haqqında razılaşmadan görünür ki, beh alan Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 77 kv.m olan daşınmaz əmlakı 131 000 manata beh verən Cavabdeh2 satmağı, beh verən Cavabdeh2 isə həmin əmlakı almağı öhdəsinə götürür. Həmin Razılaşmanın 2-ci bəndindən görünür ki, alqı-satqı müqaviləsi xx.xx.2023-cü il tarixdən gec olmayaraq rəsmiləşdirilməlidir. Alqı-satqı müqaviləsinin bağlanacağını təsdiq edən və icrasını təmin etmək məqsədi ilə beh verən beh alana AR Mülki Məcəlləsinin 491 və 492-ci maddələri əsasında 300 manat məbləğində beh verir, beh alan isə həmin məbləği qəbul edir. Həmin Razılaşmanın 5-ci bəndindən görünür ki, tərəflərdən hər birinə göstərdiyi vasitəçilik xidmətinə görə “vasitəçi”yə alqı-satqı müqaviləsi rəsmiləşdikdə bu razılaşmanın 1-ci bəndində göstərilən satış qiymətinin alıcı 1%-i, satıcı isə 1000 AZN məbləğində, alqısatqının baş tutmayacağı təqdirdə isə bu razılaşmanın 2-ci bəndində göstərilən behin __ % məbləğində xidmət haqqı ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2023-cüil tarixli AN-İ №1130337 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X5 Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942-ci məhəllə, korpus 3, ev 43C, mənzil 42, giriş 1 (Yeni qaydalarla: AZ1129, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 65.1 kv.m olan mənzili alıcı Cavabdeh2 mülkiyyətinə verir. Həmin müqavilədən görünür ki, satıcı daşınmaz əmlakı 131 000 manata satmış, alıcı isə həmin qiymətə almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 47 manat məbləğində dövlət rüsumu ödəmiş, 0.40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MŞB/13/2023-01602 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı mediasiya sessiyasında iştirak etmiş, cavabdehlər isə iştirak etməmiş, 60 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Nümayəndə məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, 4169****0577 nömrəli karta xx.xx.2023-cü ildə 500 manat məbləğində ödəniş edilmişdir. İş materiallarından görünür ki, françayz verən X3 ilə françayz alan X2 arasında xx.xx.2023-cü il tarixli 019 nömrəli françayinq müqaviləsi bağlanılmışdır. Müqavilənin 1.1-ci bəndindən görünür ki, Françayz və Mərkəzi bazadan istifadı hüququ verən standart formalı “Real Əmlak” əmtəə nişanı və müştərlərin əmlak siyahısını, əmlak növünü, xüsusiyyətlərini, yerləşmə mövqeyini, dəyərini, təqdim edilmə formasını özündə əks edən mərkəzi Serverdə yerləşdirilmiş informasiya bazasına girişi təmin etmək məqsədi konsepsiyasını özünün tətbiq etdiyi şəkildə Françayz alana verməyi, Françayz alan isə bunun əvəzində xidmət haqqı ödəməyi öhdəsinə götürür. Bu müqavilə Françayz alana həm “Real əmlak” əmtəə nişanında, həm də İnformasiya bazasından ayrı-ayrılıqda istifadə hüququnun verilməsini özündə əks etdirir. Həmin müqavilənin 1.4-cü bəndindən görünür ki, françayzinq verən və françayzinq alan tərəflər hər biri ayrıca şəxslər olmaqla sərbəst bazar iştirakçılarıdır və hüquq münasibətləri, dövlət orqanları, məhkəmə qarşısında ayrıca şəxs kimi çıxış edirlər və hər biri digərinin əmlakına və gəlirinə iddia edə bilməz. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 787.1-ci maddəsinə əsasən broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir. Həmin Məcəllənin 787.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir. Həmin Məcəllənin 788.1-ci maddəsinə əsasən brokerin öz vasitəçilik xidmətləri və ya köməyi nəticəsində müqavilə həyata keçirildikdən sonra muzd almaq hüququ vardır. Əgər müqavilə təxirəsalıcı şərtlə bağlanırsa, muzd yalnız həmin şərt baş verdikdə tələb edilə bilər. Həmin Məcəllənin 788.2-ci maddəsinə əsasən brokerin xərclərinin əvəzi yalnız ayrıca şərtləşdirildiyi halda ödənilir. Bu, müqavilənin bağlanmadığı hallara da tətbiq edilir. Həmin Məcəllənin 789.1-ci maddəsinə əsasən ticarət nümayəndəsi haqqında müqaviləyə görə, sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxsə (ticarət agentinə) alğı-satqı müqavilələrinin, habelə xidmətlər yaradılmasına dair müqavilələrin (ticarət əqdlərinin) bağlanmasında hər hansı istehsalçının, sənayeçinin və ya tacirin (tapşıranın) adından və hesabına vasitəçilik xidmətləri göstərmək və (və ya) bunları bağlamaq barəsində uzunmüddətli tapşırıq verilir. Həmin Məcəllənin 790.2-ci maddəsinə əsasən ticarət agentinin aşağıdakı vəzifələri vardır: 790.2.1. vasitəçilik qaydasında tapşıran üçün əqdləri bağlamağa çalışmaq və ya əqdləri bağlamaq, habelə tapşıranın müştərilərinin sayının optimal surətdə artmasına çalışmaq; Həmin Məcəllənin 791.1-ci maddəsinə əsasən ticarət agenti barəsində tapşıran vicdanlılıq prinsipinə uyğun hərəkət etməlidir. Tapşıran: 791.1.1. öz məhsulları və xidmətləri, işlərin aparılması qaydaları və qiymətləri barəsində ticarət agentinə lazımi informasiya verməlidir; 791.1.2. ticarət agentini ticarət nümayəndəsi haqqında müqavilənin yerinə yetirilməsi üçün zəruri informasiya ilə təmin etməli, o cümlədən bunu ehtimal etməyin mümkün olduğu hallarda ticarət agentini dərhal xəbərdar etməlidir ki, ticarət əqdlərinin həcmi ticarət nümayəndəsinin adi halda ümid bəsləyə biləcəyi həcmdən xeyli az olacaqdır; 791.1.3. ticarət nümayəndəsinin vasitəçilik qaydasında təklif etdiyi ticarət əqdinin qəbul olunması, rədd edilməsi və ya icra olunmaması barədə ticarət agentinə ağlabatan müddət ərzində bildiriş verməlidir; 791.1.4. ticarət agentinə muzd ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini və üçüncü şəxsin nümayəndəsini dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının şəxsi VÖEN-i vardır. “Elektron Məhkəmə” İnformasiya Sistemindən də görünür ki, onun VÖEN-nin əsas fəaliyyət istiqaməti daşınmaz əmlaklar aparılan əməliyyatlar üzrə agentlik fəaliyyəti qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili də, izahatında iddiaçının daşınmaz əmlakın alqı-satqısında vasitəçilik xidmətləri göstərdiyini və bu xidmətdən əldə etdiyi gəlirlərin yarısını (50 %-i) əməkdaşı olduğu “Real Əmlak” Daşınmaz Əmlak Agentliyinə, digər yarısını isə ona aid edildiyini bildirmişdir. Hazırda isə iddiaçı “Real Əmlak” Daşınmaz Əmlak Agentliyinin əməkdaşı deyildir, fərdi qaydada əməklə məşğul olur. Məhkəmə iclasında izahat vermiş X4 izahatında bildirmişdir ki, o, françayzinq müqaviləsi əsasında “Real Əmlak” əmtəə nişanı istifadə edərək, daşınmaz əmlakın alqısatqısı sahəsində vasitəçilik xidməti göstərmişdir. İddiaçı da onunla birlikdə onun yanında işlədiyini, iddiaçının gördüyü xidmətlərdən əldə etdiyi gəlirlərin yarısının “Real Əmlak” Daşınmaz Əmlak Agentliyinə, digər yarısının isə onun aid olduğunu bildirmişdir. Göründüyü kimi iddiaçı gördüyü işlərdən əldə etdiyi gəlirlərin yarısı rəsmi əməkdaşı olduğu “Real Əmlak” Daşınmaz Əmlak Agentliyinə məxsus olmuşdur. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixindən gec olmayaraq alqı-satqı müqaviləsinin bağlanması razılaşdırılmış, daşınmaz əmlakın qiyməti 133 000 manat müəyyən edilmiş, alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin icrası beh haqqında razılaşma ilə rəsmiləşdirilmiş, tərəflər razılaşmışlar ki, alqı-satqı müqaviləsi rəsmiləşdikdə bu razılaşmanın 1-ci bəndində göstərilən satış qiymətinin (133 000 manatın) alıcı 1%-ni, satıcı 1000 AZN məbləğində pulun vasitəçiyə ödənilməlidir. Həmin razılaşmadan həmçinin görünür ki, tərəflər alqı-satqı müqaviləsi baş tutmayacağı təqdirdə baş verəcəkləri öz aralarında razılaşdırmamışlar. İş materiallarında olan daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, xx.xx.2023-cü ildə satıcı X5 Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942-ci məhəllə, korpus 3, ev 43C, mənzil 42, giriş 1 (Yeni qaydalarla: AZ1129, ünvan 3 ünvanında yerləşən mənzili 131 000 alıcı Cavabdeh2 satmışdır. Göründüyü kimi tərəflər beh haqqında razılaşmada qeyd edilən müddətə və qiymətə daşınmaz əmlakın alqı-satqısını həyata keçirmiş, lakin bununla bağlı vasitəçilik göstərmiş şəxsə məlumat verməmiş, ona göstərdiyi xidmətin əvəzini verməmişlər, bununla da onlar müqavilə üzrə öz üzərlərinə götürmüş olduqları öhdəlikləri yerinə yetirməmişlər. Məlum məsələdir ki, mənzil alqı-satqısı mənzilin bəyənilməsi, yoxlanılması, danışıqların aparılması, tərəflərin behləşməsi və zəruri sənədləşmə işlərinin həyata keçirilməsi kimi bir sıra mərhələlərdən ibarət olmaqla xeyli vaxt aparır. Bununla da məlum olur ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri olmuş, iddiaçı müqavilə öhdəliklərinə sadiq qalaraq öz üzərinə düşən vəzifələrini yerinə yetirmiş, lakin cavabdehlər mülki dövriyyə iştirakçılarının gözləməli olduğu vicdanlılığın tələb etdiyi tərzdə davranmamış və müqavilə öhdəliklərinin icrasından yayınmışdır. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsinin Cavabdeh1 tərəf olub-olmamasından asılı olmayaraq, o və digər cavabdehlə iddiaçı arasında öhdəlik yaradan müqavilə mövcuddur və cavabdehlərin müqavilə şərtlərini pozaraq, öhdəliyini yerinə yetirmədikləri halda iddiaçının Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borcunu tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci madəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Qeyd edilən normlardan məlum olur ki, cavabdehlərin müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçının hazırkı ziyanla bağlı iddia tələbi əsaslıdır. Məhkəmə hər nə qədər iddiaçının cavabdehlərdən pul tələb etmək hüququnu əsaslı saysa da, iddia ərizəsində qeyd edilən məbləğ ilə qismən razılaşır. Belə ki, razılaşmadan da göründüyü kimi, alqı-satqı müqaviləsi rəsmiləşdikdə Cavabdeh1 1000 manat, Cavabdeh2 isə 1310 manat məbləğində pulu iddiaçıya verməli idilər. Məhkəmə iddiaçının hazırda “Real Əmlak” Daşınmaz Əmlak Agentliyinin əməkdaşı olmadığını və orda işlədiyi zaman aldığı xidmət haqqının yarısını Agentliyə verdiyini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 500 manat, Cavabdeh2 isə 655 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələblərinin “xidmət haqqı olaraq vəkilə ödənilən 700 manat məbləğində pulun” cavabdehlərdən tutulması hissəsində hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, xx.xx.2023-cü ildə vəkilin adına olan bank hesab kartına 500 manat ödəniş edilmiş və iddiaçı tərəfindən xx.xx.2023-cü ildə vəkilə etibarnamə verilmişdir. Belə ki, cavabdehlərin təqsirli, hüquqazidd əməli nəticəsində iddiaçıya ödənilməmiş zərərin əvəzinin cavabdehlərdən tutulmasının təmin edilməsi üçün iddiaçının hüquqi yardımdan istifadə etməsi nəticəsində ona qeyd edilən zərər də dəymişdir. Odur ki, ayrı-ayrılıqda Cavabdeh1 250 manat, Cavabdeh2 250 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti Cavabdeh1, 27 manat məbləğində pul vəsaiti isə Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələblərinin “mediasiya xərcinin cavabdehlərdən tutulmasına” dair hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, birinci instansiya məhkəmələrinə müraciət edilən zaman pul tələbinə ilə bağlı iddialar üzrə mediasiya prosesinin keçirilməsi məcburi deyildir. Bu iddiaçıya verilmiş hüquqdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 maddi ziyanın əvəzi olaraq 500 manat, 20 manat dövlət rüsumun əvəzi, 250 manat məbləğində vəkil xərci olmaqla cəmi 770 manat məbləğində pul vəsaiti, Cavabdeh2 isə maddi ziyanın əvəzi olaraq 655 manat, 27 manat dövlət rüsumun əvəzi, 250 manat məbləğində vəkil xərci olmaqla, cəmi 932 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar