Məhkəmə qərarları › İş №e-2(011)-5072/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5072/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5072/2024 22.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “kommunal xidmətə görə haqqın ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MTK Cavabdeh qarşı “kommunal xidmətə görə haqqın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı MTK ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə ünvan 1 ünvanında sahəsi-125.7 kv.metr olan iki otaqlı 133 saylı mənzilə dair 131 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Yaşayış binası 2019-cu ilin avqust ayında istismara qəbul edilmişdir. O vaxtdan bütün sakinlərə olduğu kimi Cavabdeh da kommunal xidmətlər göstərilməsinə baxmayaraq Cavabdeh kommunal xidmət haqqını 2023-ci ilin yanvar ayından bu günədək (2024-cü ilin aprel ayı) ödəməmişdir. Nəticədə Cavabdeh kommunal xidmətlərə görə İddiaçı MTK-ya 965 manat 60 qəpik borcu yaranmışdır. Bununla da, Cavabdeh İddiaçı MTK-ya müəyyən məbləğdə ziyan vurmuşdur. Cavabdeh məxsus olan 133 nömrəli mənzilin ümumi sahəsi-125.7 kv.metrdir. Hər kv.metrə görə sakinlərin ödənişi MTK-nın ümumi yığıncağının protokolundan çıxarışa əsasən, 0.50 qəpik müəyyən edilmişdir. 125.7 kv.m * 0.50 qəpik =62.85 manat, 62.85 * 15 ay = 942.75+ 2023-cü ilin yanvar ayından qalan 22 manat 85 qəpik=965 manat 60 qəpik. Kommunal ödənişlərdən bütün təminatlara (su təchizatı, liftlərə aylıq texniki qulluq, blokların, həyətin, su nasosxanasının, liftlərin, şlaqbaumların işıq təhcizatı, məişət tullantıların daşınması, blokların, mərtəbələrin, liftlərin, uşaq meydançasının, həyətin təmizlənməsi, məişət tullantıların hər mərtəbədən xadimələr tərəfindən götürülməsi, həyətin 24 saat mühafizəsi, binanın giriş qapılarının, mərtəbələrdə PVC qapıların, şüşələrin təmiri, generatorun, su nasoslarının təmiri və saxlanması, kameraların, şlaqbaumun təmiri) ödənişlər olunur, eyni zamanda həmin yığılan vəsaitdən işçilərə əmək haqqı ödənilir. Bununla bağlı hər ayda müvafiq qaydada sakinlər üçün hesabat lövhəyə vurulur. Cavabdeh və digər mənzil mülkiyyətçilərinin ödəmələrində gecikmələr olması və ya ödəniş etməmələri nəticəsində İddiaçı MTK-nın DSMF-yə və sair təşkilatlara faiz borcları yaranmışdır. Bununla bağlı Cavabdeh dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh ünvan 1 saylı evin 133-cü mənzilinə dair göstərilən kommunal xidmətlərə görə yaranmış 965.60 manat, məhkəmə xərcləri üçün-30 manat, ümumilikdə 995.60 manat, həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 393-1.4 maddəsində nəzərdə tutulan tələb edilən borcun yüz əlli faizi məbləğində cərimə edilməsinə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində AR İXM-nin 393.1.4-cü maddəsi ilə bağlıtələbin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı MTK 03 sentyabr 2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan İddiaçı MTK-nın sakinlərinin 20 sentyabr 2019-cu il tarixli iclasının protokolundan çıxarışdan görünür ki, səsvermə nəticəsində kommunal xidmətlər üçün ödənişlərin hər kv.m üçün 0,50 qəpik məbləğində müəyyən edilmişdir. İş materiallarında olan sifarişçi İddiaçı MMC ilə xidmət göstərən "xxxx" QSC arasında bağlanan 01 mart 2018-ci il tarixli 18-TX096 nömrəli Liftlərə texniki xidmət müqaviləsinin surətindən görünür ki, xidmət göstərən 6 ədəd sərnişin liftinə mövcud qayda üzrə texniki xidmət göstərməyi, sifarişçi işlərin dəyərini müqavilənin şərtlərinə uyğun ( bir liftin qiyməti 100 manat olmaqla, ümumi 600 manat) ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan icraçı "xxxx" MMC ilə sifarişçi İddiaçı MTK arasında bağlanan 01 mart 2020-ci il tarixli 50289 nömrəli müqavilənin surətindən görünür ki, icraçı sifarişçiyə məxsus ərazidə yerləşən konteynerlərdə yığılmış bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsini, sifarişçi isə daşınma ilə əlaqədar lazım olan şəraiti və xidmət haqqını vaxtında ödənilməsini təmin edir. İş materiallarında olan icraçı "xxxx" MMC ilə sifarişçi İddiaçı MMC arasında bağlanan 01 yanvar 2022-ci il tarixli Mühafizə xidmətlərinin göstərilməsi barədə müqavilənin surətindən görünür ki, sifarişçi N.Rəfiyev küçəsi 25 ünvanında yerləşən obyekti təhvil veriri, icraçı isə obyektin mühafizəsini öz üzərinə götürür. İş materiallarında olan İddiaçı MTK-nın 27 aprel 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 125,7 kv.m olan 133 saylı mənzilin sahibidir. MTK-nın üzvlərinin 20 sentyabr 2019-cu il tarixli iclasının protokolundan çıxarışa əsasən, kommunal xidmətin ödənişi hər kv.metrə görə 0,50 manat müəyyən edilmişdir. Mənzilin sahəsi 125,7 kv.m x 0,50 manat= 62,85 manat aylıq ödəniş təşkil edir. 01 may 2024-cü il tarixinə Cavabdeh İddiaçı MTK-ya kommunal xidmətlərə görə borcu (15 ay x 62,85 + 22,85 (qalıq borc)) 965,60 manat təşkil edir. İş materiallarında olan icraçı İddiaçı MMC ilə investor Cavabdeh arasında bağlanan 27 iyul 2016-cı il tarixli 131 nömrəli müqavilənin surətindən görünür ki, icraçı ünvan 1 ünvanında inşa edilən 20 mərtəbəli yaşayış binasının İİ blokunda, Xİ mərtəbədə 133 saylı mənzili müqavilənin şərtlərinə və İnşaat norma və qaydalarına uyğun olaraq investora təqdim edilmişdir. İş materiallarında olan “Elektron məhkəmə” İnformasiya sistemindən olan çıxarışdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatdadır. Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır (Mənzil Məcəlləsinin 1.1-ci maddəsi). Mənzil Məcəlləsinin (bundan sonra bu məcəlləyə istinad ediləcək) 2.1-ci maddəsində mənzil hüquqlarının əsasları müəyyən edilmişdir. Həmin maddəyə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. (Maddə 12.2) Yaşayış fondunun saxlanması və ondan istifadə edilməsi mənzil hüququnun tərkib hissəsidir. Mənzil Məcəlləsinin 6-cı maddəsi müəyyən edir ki, çoxmənzilli binaların idarə edilməsi (maddə 6.0.8.); mənzil-tikinti kooperativlərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələri (maddə 6.0.9.); kommunal xidmətlərin göstərilməsi (maddə 6.0.10.); yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi (maddə 6.0.11.) və digər münasibətlər mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdir. Yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək dövlətin vəzifələrinə aid edilmişdir. (Maddə 10.0.2) Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.(Maddə 18) Digər tərəfdən, özəl fonda aid çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmət şərtlərinin keyfiyyətcə yaxşılaşdırılmasında və xidmət xərclərinin müəyyən edilməsində azaddırlar. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. (Maddə 135.1.) 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın tərkibinni müəyyən edən 136-cı maddəyə görə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrində sosial kirayə müqaviləsi və ya kirayə müqaviləsi üzrə yaşayan kirayəçinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.1.1. yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı); 136.1.2. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması və cari təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq. Çoxmənzilli binanın ümumi əmlakının əsaslı təmiri yaşayış fondunun mülkiyyətçisinin hesabına həyata keçirilir; 136.1.3. kommunal xidmətlərə görə haqq. 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. 137.3. Təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi şəxs tərəfindən və ya fərdi sahibkar tərəfindən (bundan sonra – idarəedici təşkilat) idarə olunan çoxmənzilli binanın dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrinin sosial kirayə və kirayə müqavilələri üzrə kirayəçiləri yaşayış sahəsinin saxlanması və təmiri, habelə kommunal xidmətlərə görə haqqı həmin idarəedici təşkilata ödəyirlər. 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. 137.6. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 139.1. Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. 140.2. Çoxmənzilli binanın əsaslı təmiri üzrə xərclərin ödənilməsi vəzifəsi həmin binanın bütün sahə mülkiyyətçilərinə binanın sahələrinə mülkiyyət hüququnun yarandığı andan şamil edilir. Çoxmənzilli binanın sahəsinə mülkiyyət hüquqları keçdikdə, çoxmənzilli binanın əsaslı təmiri üzrə xərclərin ödənilməsi üzrə əvvəlki mülkiyyətçinin öhdəlikləri yeni mülkiyyətçiyə keçir. 140.3. Əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. (Maddə 141.1.) 141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. 141.10. Çoxmənzilli bina yalnız bir idarəedici təşkilat tərəfindən idarə edilə bilər. Bu Məcəllənin 141.2-ci maddəsində nəzərdə tutulmuş idarəetmə üsulundan asılı olmayaraq çoxmənzilli binanın idarə edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. (Maddə 141-1.1.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 235-ci maddəsinə görə yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin yüklülüklərinin ödənilməsində və birgə idarəetmə xərclərində öz dəyər paylarına mütənasib surətdə iştirak etməlidirlər. Mülkiyyətçilərin haqları hesabına ödənilməli olan yüklülüklərə və xərclərə o cümlədən aşağıdakılar aiddir: 235.1.1. torpaq sahəsinin və yaşayış binasının birgə hissələrinin, habelə birgə konstruksiyalarının və qurğularının saxlanmasına, cari təmirinə və yeniləşdirilməsinə çəkilən xərclər; 235.1.2. idarəçiyə haqq ödənilməsi də daxil olmaqla, idarəetmə fəaliyyətinə çəkilən xərclər; 235.1.3. bütövlükdə yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərindən tutulan ödənişlər və vergilər. 235.2. əgər birgə istifadə edilən müəyyən tikinti konstruksiyaları, qurğular mülkiyyətin ayrı-ayrı tərkib hissələrinə xidmət etmirsə və ya əhəmiyyətsiz dərəcədə xidmət edirsə, bunu xərclərin bölgüsündə nəzərə almaq lazımdır. 235.3. Yaşayış binasının tərkib hissəsinin hər hansı mülkiyyətçisi xərclər üçün haqları üç il ərzində ödəmədikdə yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağı: 235.3.1. yaşayış binasının tərkib hissələrinə mülkiyyətdə onun payı üçün ipotekanı qeydə aldırmaq hüququna malikdir. İpotekanın qeydə alınmasını idarəçi və ya əgər o təyin edilməyibsə, əksəriyyətin qərarı ilə və ya məhkəmə tərəfindən vəkil edilmiş yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərindən hər hansı biri və ödənilməmiş haqların girov kimi verildiyi kreditor tələb edə bilər; 235.3.2. yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin otaqlarında olan və onların avadanlıqla təchiz edilməsi və istifadəsi üçün nəzərdə tutulan daşınar əşyaları girov qoymaq hüququna malikdir. Beləliklə, yuxarıda qeyd edilmiş mülki qanunvericiliyin normalarının tələbinə görə yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin birgə idarəetmə xərclərində öz dəyər paylarına mütənasib surətdə iştirak etməlidirlər. Mənzil Məcəlləsinin müəyyən etdiyi tələblərə görə fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 41, 43, 133 saylı mənzilin sahibi Cavabdehdır, həmin mənzil onunla İddiaçı MTK arasında bağlanmış 27 iyul 2016-cı il tarixli müqavilə əsasında onun faktiki sahibliyində və istifadəsindədir. Hazırda iddiaçı 2023-ci ilin yanvar ayından 2024-cü ilin aprel ayınadək (15 ay) çoxmənzilli binanın saxlanılması üzrə yaranmış 965,60 manat məbləğində borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh yaşayış binasının ümumi əmlakının saxlanması yükünü daşımağına baxmayaraq, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında ödəməməsi onun mülki və mənzil qanunvericiliyində müəyyən edilmiş vəzifələri və öhdəlikləri ilə uzlaşmır və cavabdehin borclu olduğu ödənişləri ödəməkdən yayınmaq üçün hüquqdan sui-istifadə etməsi ilə nəticələnir. Belə ki, tələb edilən xərclər binanın saxlanılması üçün artıq sərf olunmuş məbləğin bir hissəsi olduğundan və həmin xərclər iddiaçı tərəfindən artıq ödənildiyindən iddiaçı həmin məbləği cavabdehdən tələb etməkdə haqlıdır. Qeyd edilmiş maddi-hüquq normalarının tələblərinə və işdə olan sübutlara əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, cavabdeh X1 01 yanvar 2023-cü il tarixdən 01 aprel 2024-cü il tarixədək (15 ay) çoxmənzilli binanın saxlanılması üzrə yaranmış 965,60 manat (125.7 kv.m x 0.50 qəpik =62.85 manat, 62.85 x15 ay = 942.75, 942.75 + 22 manat 85 qəpik (2023-cü ilin yanvar ayından qalan) =965,60 manat) məbləğində borc məbləği İddiaçı MTK-nın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 01 yanvar 2023-cü il tarixdən 01 aprel 2024-cü il tarixədək (15 ay) çoxmənzilli binanın saxlanılması üzrə yaranmış 965,60 manat məbləğində borc məbləği İddiaçı MTK-nın xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar