Məhkəmə qərarları › İş №e-2(011)-5084/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5084/2025

17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5084/2025 17.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi İddiaçının vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödəmənin gecikdirilməsi nəticəsində hesablanmış 26784 manat pulun, 326 manat hüquqi yardımın göstərilməsi üçün çəkilmiş xərcin, 172 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin e-2(011)- 1077/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-dən 180000 manat məbləğində pul vəsaiti, 20925 manat məbləğində gecikdirilmiş borca görə faiz borcu olmaqla, cəmi 200925 manat məbləğində kredit borcu və 500 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borc məbləği borcludan tələb olunsa da, aradan keçən 32 ay müddətində borclu "xxxx" MMC borcun ödənilməsindən yayınmışdır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdiyi üçün gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 26784 manat (200.925 manat x 5%=10.046; 10.046:12=837 x 32 ay) məbləğində əldən çıxmış fayda, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 326 manat və 172 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-dən tutulması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1077/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən və yanlışlığın düzəldilməsi barədə 2(011)-1077/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, 180000 manat məbləğində pul vəsaiti, 20925 manat gecikdirilmiş borca görə faiz borcu olmaqla, cəmi 200925 manat məbəğində borcun və 500 manat məbləğində dövlət rüsumunun əvəzinin "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1077/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu tərəfindən tələbkarın xeyrinə heç bir ödəniş olunmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan). 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cu il tarixli qərarı: ... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Məhkəmənin mövqeyi: İş materialları, qüvvədə olan məhkəmə qətnaməsi və icra şöbəsinin məktubu ilə təsdiq olunur ki, "xxxx" MMC-nin İddiaçı 180000 məbləğində əsas borc, 20925 manat gecikdirilmiş borca görə faiz borcu olmaqla, cəmi 200925 manat məbəğində borcu olmuş və borc məbləği bu günə kimi ödənilməmiş qalmışdır. Hazırda iddiaçı iddia tələbində borcun ödənilməsinin gecikdirildiyi 32 ay üçün MMnin 445.7-ci maddəsinə əsaslanmaqla, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 26784 manatın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini tələb edir. Mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, Məcəllənin 447.5-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir. İşin qeyd edilən faktiki halları və yuxarıda göstərilən qanunvericilik normalarının tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı yalnız əsas borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış dəymiş zərərin məbləği olan (180000 X 5 : 100 : 12 X 32 = 24000) 24000 manatın cavabdehdən tələb edilməsində haqlı olmuşdur. Odur ki, iddia qismən təmin edilməlidir. Hüquqi yardıma çəkilən xərcin ödənilməsi hissəsində məhkəmə qeyd edir ki, vəkilə 326 manatın ödənilməsi iş materialları ilə təsdiq olunmadığından, 100 manat məbləğində vəkil xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması ağlabatan və ədalətlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. 24000 manat cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. 162 manat dövlət rüsumunun əvəzi və 100 manat hüquqi yardıma çəkilmiş xərcin əvəzi cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar