Məhkəmə qərarları › İş №e-2(011)-5103/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5103/2025

08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5103/2025 08.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi İddiaçı Cavabdeh qarşı ilkin müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan 1991-ci il buraxılışlı **-CK-*** dövlət nömrə nişanlı “Daf avtobus” markalı nəqliyyat vasitəsinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması, nəqliyyat vasitəsi olmadığı təqdirdə 36064 manat dəyərinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli ilkin müqavilənin 2.8-ci maddəsinə əsasən hazırkı Müqavilə və Müqavilənin icrası ilə əlaqədar bütün növ mübahisələrə Bakı şəhəri Xətai rayon Məhkəməsində baxılacaqdır. xx.xx.2022-ci il tarixli Müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan 1991-ci il buraxılışlı **-CK-*** dövlət nömrə nişanlı “Daf avtobus” markalı nəqliyyat vasitəsinin Cavabdeh 36064 manata satılması barədə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Cavabdeh Müqavilənin 2.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən etibarən hər ay 1637 manat olmaqla 22 ay ərzində ödəniş etməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.3-cü maddəsinə əsasən Cavabdeh ödənişi 10 gündən artıq gecikdirdikdə hər gün üçün əlavə 10 manat ödəniş edəcək, 10 gündən artıq gecikdirdiyi halda o vaxta qədər ödənilmiş pulu geri tələb etməyəcək və avtomobili təhvil verməyi öhdəsinə götürür. Cavabdeh, 10 aydan çoxdur ki, müqavilə üzrə ödəniş etmir və beləliklə müqavilə şərtlərini pozulmuşdur. Cavabdehlə aparılan şifahi danışıqlar nəticə verməmiş, yazılı xəbərdarlıq nəticə verməmişdir. Tərəflərin izahatı: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları: 25 iyun 2022-ci il tarixdə satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci maddəsinə əsasən, İddiaçı satılacaq avtomobili 36064 manata qiymətləndirir, avtomobili həmin qiymətə Cavabdeh satmağı, Cavabdeh isə avtomobili 36064 manata almağı öhdəsinə götürür, Cavabdeh satış məbləğini xx.xx.2022-ci il tarixindən etibarən hər ay 1637 manat olmaqla 22 ay ərzində ödəməyi, satış qiymətindən qalan 50 manatı avtomobilin alqısatqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.4-cü maddəsinə əsasən İddiaçı öz öhdəsinə götürür ki, Cavabdeh müqavilə üzrə göstərilən məbləği tam ödəyib bitirdikcə avtomobili Cavabdeh avtomobilin özgəninkiləşdirilməsinə dair etibarnamə verəcəkdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh pretenziya məktubu ilə müraciət edərək xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təklif etmiş, əks təqdirdə təklif göndərilən tarixdən 3 gün müddətində müqavilənin ləğv edilməsi ilə əlaqədar məhkəməyə müraciət edəcəyini bildirmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin məhkəmə tərəfindən verilmiş sorğuya əsasən təqdim etdiyi çıxarışdan görünür ki, “Daf avtobus” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sahibi İddiaçı tərəfindən sonuncu dəfə xx.xx.2023-cü il tarixdən xx.xx.2031-ci il tarixədək Cavabdeh nəqliyyat vasitəsindən istifadə hüququna dair etibarnamə ilə verilmişdir. Həmin etibarnaməyə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş 01/25-626 saylı, xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, 1991-ci il buraxılışlı, “Daf avtobus” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtobusun xx.xx.2025-ci il tarixə olan bazar dəyəri 24.000 manat təşkil edir. İddia tələbinin hüquqi əsası: Azərbaycan Respublikasinin Konstitusiyasi Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 402. İlkin müqavilə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. 402.6. Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 113. Dövlət rüsumu kəsirinin ödənilməsi 113.1. İddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxsin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, hazırkı iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini Mülki Məcəllənin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. Birinci dispozitiv şərtin yəni, mübahisəli nəqliyyat vasitəsinin iddiaçıya məxsus olması onunla öz təsdiqini tapır ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən təqdim edilmiş alqı-satqı müqaviləsindən və çıxarışdan görünür ki, alıcı İddiaçı 24 iyun 2022-ci il tarixdə 1991-ci il buraxılışlı, “Daf avtobus” markalı nəqliyyat vasitəsini satıcı X1 15.000 manata alaraq BA189892 saylı şəhadətnamə ilə öz adına rəsmiləşdirmişdir. Bununla da, İddiaçı həmin nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququ yaranmışdır. İkinci dispozitiv şərtin olması, yəni nəqliyyat vasitəsinin başqa şəxsin (cavabdehlərin) sahibliyində olması da iş materialları ilə müəyyən edilir. Belə ki, yuxarıda qeyd olunan AR DİN BDYPİ tərəfindən təqdim edilmiş çıxarışdan görünür ki, 1991-ci il buraxılışlı, “Daf avtobus” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sonuncu dəfə istifadə edilməsi üçün etibarnamə ilə sahibi İddiaçı tərəfindən Cavabdeh verilmişdir. Sonradan həmin etibarnaməyə xitam verilsədə nəqliyyat vasitəsinin iddiaçıya geri qaytarılmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, 1991-ci il buraxılışlı, “Daf avtobus” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh sahibliyindədir. Göstərilənlərlə yanaşı, mülki işin məhkəmə araşdırması zamanı, müəyyən edilmişdir ki, Cavabdeh mübahisəli nəqliyyat vasitəsindən istifadə etməsi üçün də hər hansı qanuni əsası yoxdur. Belə ki, məhkəmə aradırması zamanı müəyyən edilmişdir ki, tərəflər nəqliyyat vasitəsinin ilkin alqı-satqısına dair müqavilə bağlayaraq razılığa gəlmişdirlər ki, Cavabdeh satış məbləğini xx.xx.2022-ci il tarixindən etibarən hər ay 1637 manat olmaqla 22 ay ərzində ödəyəcək, İddiaçı isə Cavabdeh müqavilə üzrə göstərilən məbləği tam ödəyib bitirdikdə avtomobili Cavabdeh satacaq Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmamışdır. Məhkəmə Mülki Məcəllənin 402-ci maddəsinə istinadən bildirir ki, ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Hazırki mülki iş üzrə tərəflər arasında əsas müqavilənin bağlanması üçün 22 ay müddət müəyyən olunmuş, lakin tərəflər arasında əsas müqavilə bağlanmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, ilkin müqavilədə əsas müqavilənin bağlanması üçün müəyyən edilmiş müddət ötdüyündən müqavilə üzrə tərəflərinin öhdəliklərinə xitam verilmişdir. Digər tərəfdən nəqliyyat vasitəsinin mülkiyyətçisi olan iddiaçı tərəfindən nəqliyyat vasitəsinin istifadəsi səlahiyyətinə dair cavabdehə verilmiş etibarnamə də ləğv edilmişdir. Bu hal isə, mübahisəli nəqliyyat vasitəsinin hazırda cavabdehin qanunsuz sahibliyində olması ilə bağlı üçüncü dispozitiv şərtin mövcudluğuna dəlalət edir. Məhkəmənin təşəbbüsü ilə 1991-ci il buraxılışlı, “Daf avtobus” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qiymətləndirilməsi aparılmışdır. "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə nəticəsində müəyyən edilmişdir ki, 1991-ci il buraxılışlı, “Daf avtobus” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hazırki dövr üçün bazar dəyəri 24.000 manat təşkil edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbini irəli sürməklə mülkiyyətində olan nəqliyyat vasitəsini cavabdehin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır, odur ki, iddia təmin edilərək, İddiaçı məxsus 1991-ci il buraxılışlı, “Daf avtobus” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən iddiaçıya təhvil verilməlidir, nəqliyyat vasitəsi olmadığı təqdirdə nəqliyyat vasitəsinin əvəzi olaraq 24.000 məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Məhkəmə xərcləri: İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edildiyinə görə, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, məhkəmə xərclərinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya, dövlət rüsumunun kəsirinə görə 62 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları və tərəflərin izahatlarını məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 1991-ci il buraxılış ili olan **-CK-*** dövlət dövlət qeydiyyat nişanlı "Daf avtobus" markalı nəqliyyat vasitəsi Cavabdeh alınaraq İddiaçı geri qaytarılsın, avtomobil olmadığı təqdirdə avtomobilin əvəzi olaraq 24000 (iyirmi dörd min) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. 62 (altmış iki) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar