Məhkəmə qərarları › İş №e-2(011)-5112/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5112/2021

30.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5112/2021 30.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdehnə qarşı “03 mart 2021-ci il tarixli ştatın ixtisar edilməsi barədə 38 nömrəli xəbərdarlıq bildirişin, 14 və 19 aprel 2021-ci il tarixli ərizələrə cavab məktublarının qanunsuz hesab edilməsinin, ona ödənilən muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinin 200 manat azaldılmasının, onunla bağlanmış yeni əmək müqaviləsinin etibarsız hesab edilərək əvvəlki vəzifəsinə və ya əvvəlki vəzifəsinə bərabər vəzifəyə keçirilməsinin işəgötürənin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş yerindən iddiaçıya təqdim edilən 03 mart 2021-ci il tarixli ştatın ixtisar edilməsi barədə 38 nömrəli xəbərdarlıq bildirişin, 14 və 19 aprel 2021-ci il tarixli ərizələrə cavab məktublarının qanunsuz hesab edilməsi, ona ödənilən muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinin 200 manat azaldılması, onunla bağlanmış yeni əmək müqaviləsinin etibarsız hesab edilərək əvvəlki vəzifəsinə və ya əvvəlki vəzifəsinə bərabər vəzifəyə keçirilməsinin işəgötürənin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdeh 92 saylı komandasında işləyir. İş yerindən ona 03 mart 2021-ci il tarixdə ştatın ixtisar edilməsi barədə 38 nömrəli xəbərdarlıq bildirişi verilmişdir. Xəbərdarlıq bildirişində bildirilmişdir ki, SOCAR-ın Baş ofisinin 19.05.2020-ci il tarixli və 29.12.2020-ci il tarixli məktublarının icrası ilə əlaqədar Cavabdeh 02.02.2021-ci il tarixli “mühafizə postlarının dislokasiyasında və ştat cədvəlində dəyişiklik edilməsi haqqında” əmrinə və yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən, tutduğunuz peşə üzrə ştatın ixtisarı nəzərdə tutulur. Bu səbəbdən, sizinlə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən 05 may 2021-ci il tarixdə ləğv ediləcəkdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79.1.6-cı maddəsində göstərilmişdir ki, öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya 1-ci dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır. İddiaçının anası X3 21 sentyabr 2000-ci il tarixdən ömürlük 1-ci qrup əlildir. İddiaçının anası onunla birlikdə yaşayır və onun öhdəliyindədir. İddiaçı anasının onun öhdəliyində olması barədə sənədləri işlədiyi yerə təqdim etmişdir. Kadrlar uçotunun şəxsi vərəqəsində və tərcümeyi halında iddiaçının anasının 1-ci qrup əlil olması, iddiaçı ilə birlikdə yaşaması və onun öhdəliyində olması qeyd edilmişdir. İddiaçının anası 1-ci qrup əlil olan vaxtdan iddiaçı ilə eyni ünvanda yaşayır, iddiaçının qayğısı ilə əhatə olunmuşdur. Bununla da müəyyən edilir ki, anası iddiaçının öhdəsindədir. Cavabdehin iddiaçının işdən azad olunması ilə bağlı bildirişi və imtina məktubu əsassız olmaqla qanunvericiliyin tələblərinə cavab vermir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. Məhkəmə tərəfindən cavabdehdən tələb olunan iddiaçının şəxsi iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 23 iyul 2007-ci il tarixli 4256 saylı əmək müqaviləsinə əsasən, həmin tarixdən SOCAR Cavabdehnə atıcı peşəsinə işə qəbul olunmuşdur. 28 yanvar 2015-ci il tarixli əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə məlumatlara əsasən, İddiaçı 28 yanvar 2015-ci il tarixdən 22 saylı komandanın atıcısı peşəsinə keçirilmişdir. Dəniz şəraitində əmək funksiyalarını yerinə yetirdiyi üçün əmək haqqına hər ay vəzifə maaşının 75 faiz miqdarında əlavə müəyyən olunmuşdur. 04 may 2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı ərizə ilə işlədiyi idarəyə müraciət edərək, 34 saylı komandanın atıcısı peşəsinə keçirilməsinə razılıq verilməsini xahiş etmişdir. 04 may 2021-ci il tarixli işəgötürənlə işçi İddiaçı arasında bağlanmış 23 iyul 2007-ci il tarixli əmək müqaviləsinə əlavəyə əsasən, işçi əməyin ödənilməsinin 6-cı dərəcəsi üzrə 34 saylı komandaya atıcı peşəsinə keçirilmişdir. Əmək funksiyalarını dəniz və estakada şəraitində icra etdiyinə görə işçinin aylıq vəzifə (Tarif) maaşına təyin olunmuş 75 faiz miqdarında əlavə 04 may 2021-ci il tarixdən dayandırılmışdır. Məhkəmə iddia tələbinin iş yerindən iddiaçıya təqdim edilən 03 mart 2021-ci il tarixli ştatın ixtisar edilməsi barədə 38 nömrəli xəbərdarlıq bildirişin, 14 və 19 aprel 2021-ci il tarixli ərizələrə cavab məktublarının qanunsuz hesab edilməsi, ona ödənilən muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinin 200 manat azaldılması hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. İş materiallarını araşdıraraq məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı 14 aprel 2021-ci il tarixdə işlədiyi yerə ərizə ilə müraciət edərək, əmək müqaviləsinin ləğv edilməməsini xahiş etmişdir. Ancaq işlədiyi yerdən ona 19 aprel 2021-ci il tarixdə cavab verilərək, cavab məktubunda iddiaçının istinad etdiyi qanun maddəsinin təsir dairəsi altına düşən məhdud şəxslər kateqoriyasına aid olmadığı, 1-ci qrup əlil anasının məhz iddiaçının patronajında olmasını təsdiq edən yaşadığı inzibati ərazi vahidi üzrə yerli Rayon İcra Hakimiyyəti başçısının sərəncamının tələb olunduğu bildirilmişdir. Daha sonra iddiaçı 19 aprel 2021-ci il tarixdə ərizə ilə müraciət edərək, 1-ci qrup əlil olan anasının onunla bir ünvanda yaşamasına istinad edərək əməyi müqabilində idarədən aldığı əmək haqqının vergi tutulmalı olan hissəsinin 200 manat məbləğində azaldılmasını xahiş etmiş, cavab məktubunda iddiaçının istinad etdiyi qanun maddəsinin təsir dairəsi altına düşən məhdud şəxslər kateqoriyasına aid olmadığı, 1-ci qrup əlil anasının məhz iddiaçının patronajında olmasını təsdiq edən yaşadığı inzibati ərazi vahidi üzrə yerli Rayon İcra Hakimiyyəti başçısının sərəncamının tələb olunduğu bildirilmişdir. Məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, qüvvədə olan Azərbaycan Respublikasının mülki qanunvericiliyində, eləcə də beynəlxalq mülki hüquq normalarında bir şəxsin digər şəxsin öhdəsində olması, qəyyumluq və ya himayəçilik və ya patronajlıq hüquq münasibətləri ilə tənzimlənir. Bir qayda olaraq qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir ki, bu zaman 14 yaşınadək şəxslər üzərində qəyyum, 14-18 yaşınadək şəxslər üzərində himayəçi müəyyən edilir. (AR MM 33-cü maddə). Sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərin isə üzərində onların özünün xahişi ilə patronaj təyin edilir. (AR MM 39-cu maddə). Bütün sadalanan hallar yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanları tərəfindən müəyyən olunaraq təsdiqlənir. (AR MM 34-cü maddə) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən, daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud 1-ci dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan himayəçinin və ya qəyyumun (patronun) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsində anasının 1-ci qrup əlil olmasına, onunla birlikdə yaşamasına, onun öhdəliyində olmasına istinad etsə də, o, anasının qanunvericilikdə nəzərdə tutulmuş qaydada patronajı olması ilə bağlı hər hansı mötəbər sənədi məhkəməyə təqdim edə bilməmiş, bu hal məhkəmə iclasında aşkarlanmamışdır. İş materiallarına əsasən, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdeh tərəfindən 03 mart 2021-ci ildə İddiaçı ştatın ixtisar edilməsi haqqında xəbərdarlıq bildirişi göndərilmişdir. Ona tutduğu peşə və ştatın ixtisarının nəzərdə tutulduğu və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən, 05 may 2021-ci il tarixdə xitam veriləcəyi bildirilmişdir. Belə ki, Əmək Məcəlləsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir. İşəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajı on ildən artıq olduqda azı doqquz təqvim həftəsi ərzində rəsmi xəbərdar edilməlidir. İxtisara düşmüş işçilərə özlərinə yeni iş yeri axtarılması ilə bağlı işəgötürən tərəfindən şərait yaradılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya təqdim edilən 03 mart 2021-ci il tarixli ştatın ixtisar edilməsi barədə 38 nömrəli xəbərdarlıq bildirişin, 14 və 19 aprel 2021-ci il tarixli ərizələrə cavab məktubları əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur və ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı Vergi Məcəlləsinin 102.3-cü maddəsində göstərilmiş qanun maddəsinin təsir dairəsi altına düşən məhdud şəxslər kateqoriyasına aid edilmədiyindən ona ödənilən muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinin 200 manat azaldılması hissəsində də iddia tələbi rədd edilməlidir. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçı qanunvericiliklə tənzimlənən qaydada himayəsində olan əlil ilə bağlı sənədləşməni həyata keçirdikdən sonra işəgötürənə yenidən müraciət edə bilər. Məhkəmə iddia tələbinin onunla bağlanmış yeni əmək müqaviləsinin etibarsız hesab edilərək əvvəlki vəzifəsinə və ya əvvəlki vəzifəsinə bərabər vəzifəyə keçirilməsinin işəgötürənin üzərinə qoyulması hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 55-ci maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə yeni əmək müqaviləsi bağlanmamışdır, onunla imzalanmış 23 iyul 2007-ci il tarixli 4256 saylı əmək müqaviləsi qüvvədədir. Qanunvericiliyə əsasən iddiaçının razılığı ilə həmin müqaviləyə əlavə və dəyişikliklər qeyd edilmişdir, müqavilənin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 54-cü maddəsi ilə müəyyən edilmiş heç bir şərtinə dəyişiklik edilməmişdir. Edilmiş dəyişiklik və əlavələr AR ƏM-nin 55-ci maddəsi ilə müəyyən edilmiş əmək şəraitinin əlavə şərtlərinə olunan dəyişikliklə əlaqədardır və işçinin öz razılığı ilə təsdiq edilmişdir. İddiaçı Socar Cavabdehndə işlədiyi tarixdən hazırkı tarixədək atıcı peşəsində işləmiş, o, eyni əmək şəraiti ilə təmin edilmiş, eyni əmək funksiyalarına, eyni peşə öhdəliklərinə və eyni hüquqlara malik olmuşdur. Beləliklə məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi əsassız olmaqla rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada rüsum ödəməkdən azad edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdehnə qarşı -iş yerindən iddiaçıya təqdim edilən 03 mart 2021-ci il tarixli ştatın ixtisar edilməsi barədə 38 nömrəli xəbərdarlıq bildirişin, 14 və 19 aprel 2021-ci il tarixli ərizələrə cavab məktublarının qanunsuz hesab edilməsi, ona ödənilən muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinin 200 manat azaldılması, onunla bağlanmış yeni əmək müqaviləsinin etibarsız hesab edilərək əvvəlki vəzifəsinə və ya əvvəlki vəzifəsinə bərabər vəzifəyə keçirilməsinin işəgötürənin üzərinə qoyulması barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar