Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5259/2023 26.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xətai rayonu, Zığ yolu 31 A ünvanında yerləşən yaşayış binasınının 2-ci mərtəbəsi, 2 otaqlı, 94.1 kv.m, sahəsi olan 92 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X1 iddiaçının oğlu X2 ilə 01 iyul 2016-cı il tarixdə “Bakı Asan Xidmət Mərkəzinin” qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. Həmin vaxt oğlu ilə cavabdeh yəni - gəlinləri iddiaçıya məxsus ünvan 2 ünvanına qeydiyyata alınmaqla həmin mənzildə yaşamışlar. Bundan sonra iddiaçı tərəfindən "xxxx" MMC-dən 51 nömrəli, 04 avqust 2018-ci il tarixli müqaviləyə əsasən Xətai rayonu, Zığ yolu 31A ünvanında yerləşən 94.1 kv.m ərazisi olan 92 nömrəli mənzil satın alınmışdır. Həmin mənzil iddiaçı tərəfindən təmir edilmişdir. Həmin vaxt mənzili təmiri ilə məşğul olan şəxs tərəfindən aralarında olan öhdəlik tam icra edilmədiyindən aralarında olan mübahisəyə görə Xətai Rayon Məhkəməsi tərəfindən (hakim Pərviz Zamanlı) qətnamə qəbul edilmişdir. Xətai Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçının oğlu ilə cavabdeh arasında olan nikah pozulmuş və həmin qətnamə artıq qanuni qüvvəsini almışdır. Göründüyü kimi iddiaçı ilə cavabdehin artıq qohumluq münasibətləri qalmamışdır. Amma buna baxmayaraq cavabdeh hal-hazırda iddiaçıya məxsus mənzildə yaşayır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə araşdırması zamanı cavabdehin vəkili Vəkil2 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. O, verdiyi izahatda bildirmişdir ki, cavabdeh həmin evin alınmasında maddi köməklik göstərmişdir. Cavabdehin hazırda başqa yaşayış yeri yoxdur. İşin faktiki halları: İşin mübahisə olunmayan halları ondan ibarətdir ki, Cavabdeh iddiaçının oğlu X2 ilə 01 iyul 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin nikahı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli e-2(011)-2356/2023 saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdeh iddiaçının keçmiş gəlinidir. İş materiallarında olan 04 avqust 2018-ci il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 51 saylı müqavilədən görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31A ünvanında yerləşən yaşayış binasının 2-ci mərtəbəsində 2 otaqlı 94.1 kv.metr olan 92 saylı mənzilə dair müqavilə bağlamışdır. Tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, cavabdeh hazırda iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31A ünvanında yerləşən yaşayış binasının 2-ci mərtəbəsində 2 otaqlı 94.1 kv.metr olan 92 saylı mənzildə yaşayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqlarının Ümumi Bəyannaməsi: 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu: “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, hazırda Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31A ünvanında yerləşən yaşayış binasının 2-ci mərtəbəsində 2 otaqlı 94.1 kv.metr olan 92 saylı mənzil dövlət qeydiyyatına alınmasa da, həmin mənzilə dair iddiaçı müqavilə bağlamış və sözügedən mənzil hazırda iddiaçının qanuni sahibliyindədir. Odur ki, iddiaçının bugünki gün mübahisəli mənzilə gözlənilən mülkiyyət hüququ var. Bu səbəbdən qanunvericiliyin mülkiyyət hüquqları ilə bağlı müddəaları hazırkı münasibətlərə də şamil olunur. Qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli e-2(011)-2356/2023 saylı qətnaməsi ilə iddiaçının oğlu X2 ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması qət edilmişdir. Cavabdeh iddiaçının keçmiş gəlini olmaqla iddiaçının ailə üzvü deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 16 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, “Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi)”. Daha sonra qeyd olunan qərarda göstərilir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında aşağıdakıların biri-birini saxlamaq vəzifəsi nəzərdə tutulmuşdur. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi, ər-arvadın bir-birini saxlamaq vəzifəsi, qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi. Məhkəmə sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mənzil hüquq münasibətinə tətbiq edib, işə əlavə edilmiş sübutları, o cümlədən mübahisəli evin hüquqi vəziyyətini nəzərə alıb hesab edir ki, hazırkı mülki iş üzrə cavabdeh iddiaçının ailə üzvü olmadığından Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında nəzərdə tutulan şəxslər kateqoriyasına daxil deyil. Nə qədər ki, cavabdeh iddiaçının ailə üzvü deyil və mübahisənin həlli ailə Məcəlləsinin tənzimlənməsi altına düşmür, hazırkı mübahisənin həlli Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən həyata keçirilməlidir. Odur ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 228.2-ci maddəyə uyğun olaraq tərəflər arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma mövcud deyil. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehin mənzildən istifadə hüququ yaranmamışdır. Beləliklə, yuxarıda istiand olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh iddiaçıya məxsus evdən hər hansı qanuni əsas olmadan istifadə etməklə onun hüquqlarını pozur. Belə olan halda iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31A ünvanında yerləşən yaşayış binasının 2-ci mərtəbəsində 2 otaqlı 94.1 kv.metr olan 92 saylı mənzildən çıxarılmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31A ünvanında yerləşən yaşayış binasının 2-ci mərtəbəsində 2 otaqlı 94.1 kv.metr olan 92 saylı mənzildən çıxarılsın. İddiaçı ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-5259/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5259/2023
26.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver