Məhkəmə qərarları › İş №e-2(011)-5272/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-5272/2024

24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-5272/2024 24.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçı Məhərrəm oğlunun cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Məhərrəm oğlu Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı ünvan 1 ünvanında yerləşən iki mərtəbəli, on otaqlı, sənəd üzrə əsas tikili 229,9 kv-m, faktiki tikili sahə 325,68 kv-m, köməkçi tikili sahə 76,8 kv-m yaşayış evindən və sənəd üzrə 0,06 ha, faktiki hasar daxili torpaq sahəsi 0,10 ha torpaq sahəsinə görə cavabdeh Xətai rayon İcra Hakimiyyətindən 200.000,00 manat məbləğində kompensasiyanın İddiaçı Məhərrəm oğlunun xeyrinə tutulması tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Məhərrəm oğlu ilə Xətai rayon İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İddiaçı Məhərrəm oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən iki mərtəbəli, on otaqlı, sənəd üzrə əsas tikili 229,9 kv-m, faktiki tikili sahə 325,68 kv-m, köməkçi tikili sahə 76,8 kv-m yaşayış evindən və sənəd üzrə 0,06 ha, faktiki hasar daxili torpaq sahəsi 0,10 ha torpaq sahəsindən, 580.994,00 manat məbləğində kompensasiya almaqla Xətai rayon İcra Hakimiyyəti xeyrinə imtina etmişdir. Lakin müqavilə bağladıqdan sonra İddiaçı Məhərrəm oğlu mülkiyyətində olan mübahisəli ünvanında yerləşən yaşayış evin və 0,06 ha torpaq sahəsinə görə 580.994,00 manat məbləğində kompensasiya verilməsi çox az məbləğdə kompensasiya olduğunu görərək həmin evi və 0,06 ha torpaq sahəsini təhvil təslim etməyərək akta imza ifadəsi verməmişdir. Buna görə də Xətai rayon İcra Hakimiyyətin əməkdaşları İddiaçı Məhərrəm oğlunun özünü və ailəsini məcburən evdən çıxararaq yaşayış evini sökmüşlər. Bu səbəbdən İddiaçı Məhərrəm oğlunun arvadı ağır xəstəliyə düçar olmuşdur. İddiaçı Məhərrəm oğlu mülkiyyətində olan mübahisəli evi müstəqil fəaliyyət görsətən ekspertlərə qiymətləndirmişdir. Mübahisəli evin dəyərini 950.000,00 manata qiymətləndirmişlər. Əlavə olaraq bildirirəm ki, Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, həmin ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin dəyəri 1.200.000,00 manatdır. Burdan görünür ki, Xətai rayon İcra Hakimiyyəti İddiaçı Məhərrəm oğlunu aldadaraq mübahisəli yaşayış evi və 0,06 ha torpaq sahəsinə görə 2.150.000,00 manat kompensasiya verməli olduğu halda 580.994,00 manat məbləğində kompensasiya vermişdir. Müqavilənin ləğv edilməsi və əlavə kompensasiyanın verilməsi üçün xx.xx.2024cü il tarixdə Xətai rayon İcra Hakimiyyətinə müraciət olundu. Lakin Xətai rayon İcra Hakimiyyətindən heç bir cavab alınmadı. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Məhkəmə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarına istinadən qeyd edir ki, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi Bakı şəhərində qəzalı vəziyyətdə olan binalardan sakinlərin birdəfəlik maddi yardım (kompensasiya) ödəniməklə köçürülməsi ilə bağlı Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin hakimiyyət səlahiyyətlərinin subyekti kimi ictimai idarəetmə ilə bağlı fəaliyyətinin həyata keçirilməsi zəminində yaranmış mübahisədən irəli gəlir. Yəni, tələb inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlıdır. Belə olan halda, hazırki iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı qaydasında baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın yolverilməzliyə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Məhkəmə izah edir ki, ərizənin qəbul etməkdən imtina edilməsi iddiaçıya inzibati məhkəməyə ikinci dəfə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 153-cü, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Məhərrəm oğlunun Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı ünvan 1 ünvanında yerləşən iki mərtəbəli, on otaqlı, sənəd üzrə əsas tikili 229,9 kv-m, faktiki tikili sahə 325,68 kv-m, köməkçi tikili sahə 76,8 kv-m yaşayış evindən və sənəd üzrə 0,06 ha, faktiki hasar daxili torpaq sahəsi 0,10 ha torpaq sahəsinə görə cavabdeh Xətai rayon İcra Hakimiyyətindən 200.000,00 manat məbləğində kompensasiyanın İddiaçı Məhərrəm oğlunun xeyrinə tutulması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah olunsun ki, ərizənin ümumi məhkəmədə baxılmalı olmadığından qəbul etməkdən imtina edilməsi iddiaçıya inzibati məhkəməyə ikinci dəfə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar