Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5305/2025 15.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakdan payın bölünməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya və cavabdehə 1/2 paylarla məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin naturada bölünməsi, mənzilin naturada bölünməsi və tərəflər arasında kompensasiya ilə bağlı razılıq olmadıqda mənzilin hərracdan satılaraq bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzilin üzərində İddiaçı və Cavabdeh 1/2 hissədə payları müəyyən edilmişdir. Cavabdehlə razılığa gəlməyə çalışsa da, bu mümkün olmamışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddiaya etiraz etmiş, izahatında bildirmişdir ki, iddiaçının onunla birlikdə yaşamasına etiraz etmir, lakin mənzilin iddiaçının payına düşən hissəsinə uyğun kompensasiya ödəməyə maddi imkanı yoxdur. Mənzil satılarsa, başqa yaşayış yerinin olmamasını nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan: AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil 1/2 hissədə İddiaçı və 1/2 hissədə Cavabdeh xüsusi mülkiyyətindədir. 10/4680saylı xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 13 saylı evin 46 saylı mənzilinin tərəflərin paylarına uyğun naturada bölünməsi texniki cəhətdən mümkün deyil. "xxxx" MMC-nin 51-489/2025 saylı xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin bazar dəyəri 128000 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin AS 12-012/25 saylı, xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin bazar dəyəri 131000 manat müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil hər birinin payı 1/2 hissə olmaqla İddiaçı və Cavabdeh paylı mülkiyyətindədir. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, mənzilin tərəflərin paylarına uyğun naturada bölünməsi texniki cəhətdən mümkün deyil. Tərəflər arasında kompensasiya ödənilməsinə razılıq və ya mənzilin hər hansı şərtlərlə naturada bölünməsinə, bərabər olmayan payların əvəzinin pulla ödənilməsi dair barışıq olmamış, ididaçı isə iddia ərizəsində mənzilin hərracda satılaraq bölünməsini tələb etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilərək, paylı mülkiyyətin bölünməsi qaydalarına uyğun olaraq mənzilin satılması üçün əvvəlcə yalnız paylı mülkiyyətçilər üçün qapalı hərrac keçirilməlidir. Mənzil qapalı hərracda paylı mülkiyyətçilər tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalıdır və satışdan əldə edilən pul paylara uyğun bölünməlidir. Mənzilin qiymətləndirilməsi ilə bağlı iki qiymətləndirmə rəyi mövcudur və hər iki rəydə mənzilin bazar dəyəri yaxın məbləğlərdə (iddiaçı tərəfindən təqdim edilmiş rəydə 128000 manat, məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə rəyində 131000 manat) müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, mənzilin ilkin satış qiyməti məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə rəyinə əsasən 131000 manat müəyyən edilməlidir. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, müəyyən edir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza xərcləri tərəflər arasında bərabər bölünməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 13 saylı evin, 46 saylı mənzili yalnız paylı mülkiyyətin iştirakçıları üçün nəzərdə tutulan qapalı hərracda satılsın. Mənzil qapalı hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda açıq hərracda satılsın. Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 13 saylı evin, 46 saylı mənzilinin ilkin satış qiyməti 131000 manat müəyyən edilsin. Mənzilin satışından əldə olunan pul vəsaitinin paylara mütənasib olaraq 1/2 hissəsi X2, 1/2 hissəsi Cavabdeh ödənilsin. 25 manat manat İddiaçı, 25 manat Cavabdeh eksperiza xərci kimi tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. 170 manat İddiaçı, 170 manat Cavabdeh eksperiza xərci kimi tutularaq "xxxx" MMCyə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli