Məhkəmə qərarları › İş №e-2(011)-536/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-536/2025

13.03.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-536/2025 13.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavbadeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan mənzildən istifadə edilməsinə, onun satılmasına maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3327/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh Verdiyeva (Bayramova) İlahə Namaz qızına qarşı əmlak tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən: 1) Verdiyeva (Bayramova) İlahə Namaz qızının ünvan 1 ünvanında sahəsi 121.8 kv.m olan 3 otaqlı mənzilə olan 1\2 payından Cavabdeh xeyrinə imtina etməsi və Cavabdeh həmin mənzilə tam pay hüququnu əldə etməsi; 2) Cavabdeh ünvan 2 ünvanında 0,03 ha torpaq sahəsində sahəsi 125 kv.m olan fərdi yaşayış evinə olan 1\2 paydan Verdiyeva (Bayramova) İlahə Namaz qızının xeyrinə imtina etməsi və İddiaçı həmin əmlaka tam pay hüququnu əldə etməsi; 3) ünvan 3 ünvanında sahəsi 92,5 kv.m olan 2 otaqlı mənzil 6 (altı) ay ərzində satılaraq pulunun Tərəflər arasında bərabər paylara bölünməsi; 4) Verdiyeva (Bayramova) İlahə Namaz qızının ünvan 4 ünvanında 12 mərtəbəli binanın zirzəmisində sahəsi 25 kv.m olan qaraja və "Prius" markalı **-OC-*** qeydiyyat nişanlı minik avtomobilə olan 1\2 paydan Cavabdeh xeyrinə imtina etməsi və Cavabdeh qeyd olunan əmlaklara tam pay hüququnu əldə etməsi; şərtləri ilə təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir.

2. Barışıq sazişinin və məhkəmə qərardadının 1, 2 və 4-cü bəndləri tam icra olunmuşdur. Lakin Cavabdeh qərardadın 3-cü bəndini icra etməkdən imtina edir. Belə ki, o, özbaşına paylı mülkiyyətdə olan ünvan 3 ünvanında sahəsi 92,5 kv.m olan 2 otaqlı mənzilin açarlarını dəyişərək həmin mənzilə ½ pay hüququ olan iddiaçı Verdiyeva (Bayramova) İlahə Namaz qızını mənzilə buraxmır, onun mənzildən istifadə etməsinə, o cümlədən mənzilin satılması üçün müştəri gətirməsinə maneçilik törədir.

İddiaçının tələbi:

3. Cavabdeh üzərinə paylı mülkiyyətdə olan ünvan 3 ünvanında sahəsi 92,5 kv.m olan 2 otaqlı mənzildən həmin mənzilə ½ pay hüququ olan iddiaçı Verdiyeva (Bayramova) İlahə Namaz qızının istifadə etməsinə, mənzilin satılması üçün müştəri gətirməsinə yaratdığı maneələrin aradan qaldırılması vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehlərin etirazı:

4. Cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz və əlavə sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə öz izahatında bildirmişdir ki, mübahisəli mənzildə iddiaçının ½ pay hüquuq vardır. Lakin, cavabdeh hazırda evi kitayəyə vermiş və iddiaçının hüquqularını kobud sürətdə pozmuşdur. Həmçinin, evin satılması üçün gətirilən müştərilərlə danışıqlara da maneələr törətmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavbadeh Cavabdeh öz izahatında bildirmişdir ki, tərəflə aralarında borcun pul şəklində qaytarılması barədə danışıq olmuşdur. Bundan sonra o, 65 min manat borcdan 25 min manatını qaytarmış, hazırda 40 min manat borcu qalmışdır. Onun başqasından alacaq pulu vardır. Pulunu aldıqdan sonr isə borcunun hamısını qaytaracağını bildirmişdir. Məhkəmədən borcun müəyyən müddət hissə-hissə ödənilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 3327/2023 №-li qərardadına əsasən, iddiaçı Cavabdeh Verdiyeva (Bayramova) İlahə Namaz qızına qarşı əmlak tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişinin aşağıda qeyd olunan şərtlərlə təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır:

3. ünvan 3 ünvanında sahəsi 92,5 kv.m olan 2 otaqlı mənzil 6 (altı) ay ərzində satılaraq pulu tərəflər arsında bərabər paylara bölünəcəkdir.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 2942B məhəllə, mənzil 123 (yeni qaydalarla: AZ 1129, Bakı şəhəri, Xətai rayonu Əliağa Şıxlinski küçəsi 268, M4, m4) nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur.

9. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

11. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair İ Protokol:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarı.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

15. Məhkəmə tərəfin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (§13)

17. İşin mübahisəsiz hallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-3327/2023 №-li qərardadı ilə tərəflər arasında Barışıq Sazişi bağlanmış, həmin sazişin 3-cü bəndində ünvan 3 ünvanında sahəsi 92,5 kv.m olan 2 otaqlı mənzil 6 (altı) ay ərzində satılaraq pulun tərəflər arsında bərabər paylara bölünəcəyi qeyd edilmişdir. (§7) Buna görə də məhkəmə hesab edir ki, İddiaçı hazırki iddia tələbi ilə bağlı subyektiv hüququ mövcuddur.

18. Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun (bundan sonra – Konvensiyaya dair 1 saylı Protokol) 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük Palatanın Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Böyük Palatanın Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

19. Bu kontekstdə, mübahisəsi gedən mənzilin paylı mülkiyyət hüququ (mülkiyyətə gözlənti hüququ) üzrə həmçinin iddiaçıya məxsus olması, onun həmin mənzilə istifadə və sahiblik hüququnun olmasını ehtiva edir, o isə bu hüquqların tanıdığı imkandan istifadə edərək özünün mənzildən istifadə etməsinə maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Belə ki, iddiaçının mülkiyyət hüququ müdafiə olunaraq onun mülkiyyətindən istifadə etmək hüququ təmin olunmalı, sözügedən mənzildən istifadə ilə bağlı cavabdeh tərəfindən qanunsuz və özbaşına qoyulan maneələr aradan qaldırılmalıdır.

20. İddiaçının digər bir tələbi isə mənzilin satılmasına maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması olmuşdur. Lakin, məhkəmə hesab edir ki, iddiaçının tələbi həmin hissədə qeyri-dəqiqdir və məhkəmə tərəfindən həmin hallar müəyyən oluna bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

21. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ünvan 3 ünvanında yerləşən mənzildən istifadə ilə bağlı cavabdeh tərəfindən qanunsuz və özbaşına qoyulan maneələr aradan qaldırılmalıdır.

Məhkəmə xərcləri:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Dövlət rüsumunun ödənilməsi ilə bağlı tələb olmadığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia qismən təmin edilsin.

2. İddiaçı ünvan 3 ünvanında yerləşən mənzildən istifadə ilə bağlı Cavabdeh tərəfindən qanunsuz və özbaşına qoyulan maneələr aradan qaldırılsın.

3. İddia qalan hissədə təmin edilməsin.

4. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar