Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5440/2024 06.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Maraqlı şəxs mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı və cavabdeh arasında razılaşmaya əsasən cavabdeh mülkiyyətdə olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/394 saylı sahədə yerləşən ümumi sahəsi 0.065818 ha olan, 29 saylı torpaq sahəsinin (Bundan sonra – Torpaq sahəsi) iddiaçıya 126 000 manata satılması barədə öhdəlik götürmüşdür.
2. Bundan sonra, tərəflər arasında xx.xx.2024-cü il tarixdə notarial qaydada təsdiq edilməklə, Torpaq sahəsinə dair bağlanacaq alqı-satqı müqaviləsinin təminatı olaraq yazılı beh müqaviləsi (bundan sonra – Beh müqaviləsi) bağlanmışdır. Müqaviləyə əsasən tərəflər xx.xx.2024-cü il tarixinədək Torpaq sahəsinin 126 000 manata satılması barədə alqı-satqı müqaviləsi bağlamaq öhdəliyi götürmüşlər. İddiaçı həmin məbləğin 6000 manat hissəsini müqavilənin 3-cü bəndində uyğun olaraq beh kimi cavabdehə ödəmişdir.
3. Sonradan tərəflər arasında mübahisə yaranmış, tərəflər arasında Torpaq sahəsinə alqı-satqı müqaviləsi bağlanması baş tutmamışdır. Müqavilənin bağlanmaması Torpaq sahəsinin qaşısından keçən avtomobil yolunun su ilə dolması ilə bağlı olmuşdur.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı xx.xx.2024-cü il tarixli beh müqaviləsi üzrə ödənilmiş behin 2 misli, yəni 12000 manat, beh müqaviləsinin bağlanması üçün notariusa ödənilmiş 115 manat xidmət haqqının, hüquqi yardım müqaviləsi üzrə ödənilmiş 500 manat xidmət haqqının, ödənilmiş 128 manat dövlət rüsumunun əvəzi, cəmi 12743 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdır ki, cavabdehlə (etibarnamə əsasında Maraqlı şəxs) arasında Torpaq sahəsinin alqı-satqısı üçün xx.xx.2024-cü il tarixində notariusda beh müqaviləsi bağlanmışdır. Beh müqaviləsinin təsdiqləndiyi gündən ən geci 45 gün ərzində, yəni xx.xx.2024-cü il tarixədək notariusun iştirakı ilə alqı-satqı müqaviləsi bağlanılması razılaşdırılmış, iddiaçı tərəfindən cavabdehə həmin gün notariusun depozit hesabı vasitəsi ilə 6000 manat məbləğində beh verilmişdir. Lakin həmin müqavilə imzalandığı günün sabahı, yəni xx.xx.2024-cü il tarixdə iddiaçı beh verilmiş torpaq sahəsinin yerləşdiyi əraziyə getdikdə sahənin qabağında yerləşən yolda yağış sularından əmələ gələn gölməçə səbəbindən həmin sahəyə yaxınlaşmağın qeyri-mümkün olmasını müşahidə etmişdir. Ətrafda yaşayan qonşulardan bunun səbəbini soruşduqda ona bildirilmişdir ki, həmin sahədə mövcud olan vəziyyət hər dəfə yağış yağanda əmələ gəlir, qrunt suları yığılır, sakinlərin həmin yoldan istifadə etməsi müşkül olur. Eyni zamanda, iddiaçıya bildirilmişdir ki, problemli vəziyyəti həmin ərazidən istifadə edən bütün sakinlər bilir, məhz həmin ərazilərdə torpaq sahələrinin tez-tez satışa çıxarılması bu problemlə əlaqədardır. Vəziyyətdən çıxış yolu kimi torpaq sahəsinin girişində cavabdeh tərəfindən təqribi 3 mişar daşı hündürlüyündə səki (bardur) inşa etdirilsə də, heç bir müsbət nəticəsi olmamışdır. Həmin yöndəmsiz səkinin (bardur) təyinatinın nədən ibarət olduğunu iddiaçı beh müqaviləsi bağlamazdan əvvəl soruşanda əsl həqiqət cavabdeh tərəfindən gizlədərək ərazinin abadlaşdırılması məqəsdi ilə səkinin inşa edildiyini bildirmişdir. Lakin həmin ərazidə gölməçə yaranan zaman təxminən 50-60 sm hündürlükdə olan səkinin torpaq sahəsinə suyun dolmasının qarşısının alınması məqsədi ilə inşa edildiyi iddiaçı tərəfindən dərk edilmişdir. Çünki səki tamamilə yağış suyunun altinda qalmışdır. İddiaçının şahidlərin iştirakı ilə çəkdiyi foto-video çəkilişlərindən də göründüyü kimi, yoldan yağıntı zamanı istifadə mümkünsüzdür, çəkiliş zamanı təkcə sedan tipli yox, universal və suv tipli nəqliyyat vasitələri gölməçədə batib qalmışdır. Videogörüntülər və fotoşəkillər iddiaçı tərəfindən həmin an cavabdehin mobil telefon nömrəsinə “Whatsapp” tətbiqi vasitəsi ilə göndərilmiş, lakin cavabdeh tərəfindən behin geri qaytarılması barədə heç bir tədbir görülməmişdir. Halbuki beh müqaviləsi bağlanmadan öncə iddiaçı sahəyə baxış keçirərkən şahidlərin yanında üçüncü şəxs Cavabdeh (nümayəndəndəsinə) dəfələrlə bildirmişdir ki, orada öz istifadəsi üçün fərdi yaşayış evi tikmək və ailə üzvləri ilə birgə daimi yaşamaq niyyətindədir. Dəfələrlə iddiaçı tərəfindən cavabdehdən və nümayəndəsindən torpağın nə kimi problemlərinin olması ilə bağlı şifahi sorğu edilsə də, ona heç bir problemin olmamasını, daimi yaşayış üçün əlverişli olması bildirmişdir. Hadisə (gölməçə) müşahidə edilən gün aparılmış foto-video çəkilişləri “whatsapp” tətbiqi vasitəsilə cavabdehə göndərəndə, o, həmin şəraitdən guya məlumatlı olmamasını, həmin sahəni alıb dərhal sonra Türkiyə Respublikasına getdiyi, verilən behin isə qaytarılmasının mümkün olmadığını bildirmişdir. Halbuki, beh müqaviləsinin bağlanmasından 1 gün sonra qeyd edilən probləmlər aşkar edilmiş və onlara qarşılıqlı razılaşma ilə behi qaytarmaq təklif edilmişdir. Lakin torpaq sahəsinin qonşuluğunda yaşayan sakinlərdən əldə edilən məlumatlar, gölməçə yarandığı zaman iddiaçı tərəfindən cavabdehlə əlaqə yaradılan vaxt cavabdehin verdiyi reaksiya, o cümlədən həmin sahəni alınmasından qısa müddət sonra həmin sahəni satmaq istəyi və digər hallar əminlik yaradır ki, cavabdeh həmin sahəni satişa çıxararkən qeyd olunan problemin olmasından məlumatlı olmuş, iddiaçının sahənin alınmasından imtina etməməsi üçün qəsdən həqiqi məlumatları bildirməmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçının nümayəndəsi və vəkili məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
9. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
10. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
11. Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.
12. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
17. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
İşə baxan məhkəmənin mövqeyi:
18. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
19. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
20. İşin mübahisəsiz halıdır ki, iddiaçı cavabdehin mülkiyyətində olan Torpaq sahəsini almaq istəmiş, bu məqsədlə gələcəkdə aralarında alqı-satqı müqaviləsinin bağlanmasının təminatı üçün beh müqaviləsi bağlanmış və behin məğbləği də 6000 manat müəyyən edilmiş, həmin pul vəsaitini cavabdeh almışdır. Tərəflər arasındakı mübahisə isə behin qaytarılması barədədir.
21. Mülki Məcəllədə beh müqaviləsinə verilmiş anlayışdan da görünür ki, beh tərəflərin gəlcəkdə bağlamaq arzusunda olduqları müqavilənin bağlanmasını təminat altına almaq məqsədilə ödənilən pul vəsaitdir. Beh müqaviləsinin bağlanmasının başqa bir məqsədi də, tərəflərin gələcəkdə müqavilə bağlamaq öhdəliklərindən hər hansı əsassız səbəbdən yayınmalarının qarşısını almaqdan (tərəfləri öhdəliklərini yerinə yetirməklə bağlı intizamlandırmaqdan) ibarətdir. Belə ki, behlə təminat verilən müqavilənin bağlanmasına maneə yaradan beh verən tərəf olduqda, verdiyi behi geri qaytarmaq hüququndan məhrum olur, beh alan tərəfin isə aldığı behi iki qat məbləğdə beh verənə qaytarmaq öhədliyi yaranmış olur.
22. Hazırkı mübahisə üzrə də iddiaçı iddia edir ki, Torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmamasına görə məsuliyyəti cavabdeh daşıdığından beh iki qat ona qaytarılmalıdır. Odur ki, tərəflər arasında Torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmaması üçün hansı tərəfin məsuliyyət daşıması ilə bağlı hallar araşdırılaraq hüquqi qiymət verilməlidir.
23. İşin mübahisəsiz halıdır ki, Torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmasından imtina etmiş tərəf iddiaçı olmuşdur. İddiaçı alqı-satqı müqaviləsinin bağlanmasından imtinasını Torpaq sahəsinin yerləşdiyi küçədə yağış yağan zaman qrunt sularının yığılması, bunun nəticəsində gölməçələrin yaranması və küçədə hərəkət etməyin, eləcə də hər hansı nəqliyyat vasitəsinin hərəkətinin çətinləşməsi ilə əlaqələndirir. Həmçinin, bununla bağlı cavabdehin onu aldatmasını da bildirmişdir. Məhkəmə qeyd edir ki, gediş-gəliş üçün istifadəyə yararlı yolla təchiz edilmə hər bir yaşayış sahəsinin istifadəsinin təşviqi üçün zəruri vasitələrdən biri kimi qəbul oluna bilər.
24. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən görünür ki, Torpaq sahəsinin qarşısında olan yol yağış suyunun yığılması nəticəsində istifadəyə yararsız hala gəlmiş, sakinlərin, eləcə də, avtomobilinin hərəkət etməsi kifayət qədər çətinləşmişdir. Həmçinin, foto-şəkillərdən görünür ki, Torpaq sahəsinin qaşısından keçən avtomobil yolundan bir qədər hündürlükdə səki inşa edilmişdir. İddiaçı Torpaq sahəsinə dair alqı-satqı müqaviləsini bağlamaqdan imtina etməsini Torpaq sahəsinin qarşısından keçən avtomobil yolunun istifadəyə yararsız olması (hətta, ehtimal edir ki, su gölməçələrindən Torpaq sahəsinə də qrunt suyu axa bilər) ilə əlaqələndirsə də, məhkəmə hesab edir ki, avtomobil yolunda yağış yağdıqdan sonra su gölməçələrinin yaranmasına görə cavabdehin üzərinə məsuliyyət qoyula bilməz. Belə ki, intensiv yağışdan sonra yollarda, küçələrdə yağış və qrunt sularının toplanması və yağış suyunun səviyyəsinin artması nəticəsində gölməçələrin yaranmasının qarşısını almaq üçün həmin ərazilərdə drenaj şəbəkəsinin qurulması, yağış sularının kanalizasiya xəttinə axıdılması üçün zəruri tədbirlərin görülməsi bu sahədə səlahiyyətli olan müvafiq dövlət orqanlarının səlahiyyətlərinə daxildir. Cavabdehin bu kimi tədbirlərin görülməsi ilə bağlı üzərinə hər hansı bir öhdəliyin qoyulması ağlabatan olmazdı.
25. Torpaq sahəsinin yerləşdiyi ərazidə yağış yağdıqdan sonra avtomobil yollarının istifadəyə yararsız vəziyyətə gəlməsi barədə cavabdehin məlumatı olub-olmaması ilə bağlı isə məhkəmə bildirir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh Türkiyə Respublikasında yaşayır. O, torpaq sahəsini xx.xx.2024-cü il tarixdə almışdır. “Elektron Məhkəmə” İnformasiya sistemi vasitəsilə cavabdehin sərhədkeçmə məlumatları əsasında müəyyən olunmuşdur ki, həmin tarixdə də xx.xx.2024-cü il tarixdə Türkiyə Respublikasına getmiş, daha sonra isə xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixlərdə ölkə ərazisinə gəlmişdir. Göründüyü kimi, cavabdeh Torpaq sahəsini əldə etdikdən sonra yay aylarında bir neçə günlüyə ölkə ərazisinə daxil olduğundan, yağış suları nəticəsində avtomobil yollarının foto-şəkillərdə əks olunan vəziyyətə düşməsini müşahidə etməyə bilərdi.
26. Lakin, məhkəmə hesab edir ki, Torpaq sahəsinin istifadəyə yararlı avtomobil yolu ilə təchiz edilib-edilməməsi məsələsi beh müqaviləsindən sonra alqı-satqı müqaviləsinin bağlanmasına təsir göstərən zəruri şərt kimi qəbul oluna bilər. Ağlabatan mühakimə əsasında müəyyən etmək olar ki, iddiaçı yağış yağdıqdan sonra həm insanların, həm də avtomobillərin hərəkəti üçün müvəqqəti də olsa, çətinlik yaradan vəziyyətə yerləşən ərazidəki torpaq sahəsini almaq, orada fərdi yaşayış evi tikirək yaşamaq istəməzdi, çünki bu onun müqavilə bağlayarakən arzulamadığı bir haldır. İddiaçı özü də bildirmişdir ki, o, Torpaq sahəsini sonradan orada fərdi yaşayış evi tikərək ailə üzvləri ilə birlikdə yaşamaq üçün almaq niyyətində olmuşdur.
27. Göründüyü kimi, hazırki vəziyyətdə, yəni, mütəmadi yağışlar yağdıqdan sonra istifadəyə yararsız olan, nəqliyyat vasitələrinin hərəkəti çətin olan ərazidə yerləşən Torpaq sahəsini əldə etmək, sonradan həmin Torpaq sahəsində Fərdi yaşayış evi inşa etmək iddiaçının maraqlarına uyğun ola abilməzdi. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Torpaq sahəsinə dair gələcəkdə alqı-satqı müqaviləsi bağlanması məqsədilə ödənilmiş 6000 manat məbləğində beh cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmalıdır. Çünki, iddiaçı Torpaq sahəsinə dair müqavilənin bağlanmaması məsuliyyət daşımamış, əksinə verdiyi beh həddində əmlakından məhrum olmsaqla maddi zərər çəkmişdir.
28. Məhkəmə iddia tələbinin behin iki mislinin geri qaytarılması barədə hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə tələb edilə bilməz. Belə ki, AR MMnin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir Lakin, yuxarıda şərh edilmişdir ki, müqavilənin icra edilməməsinə, yəni Torpaq sahəsinin alınmasına dair müqavilənin bağlanmamasına görə cavabdeh məsuliyyət daşıya bilməz, bu mübahisəli halın baş verməsi onun iradəsindən kənar baş verən haldır. Digər bir tərəfdən, Torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanılmasından iddiaçı imtina etmişdir, lakin iddiaçının da imtina etməsi onun təqsirindən deyil, sözügedən mövcud vəziyyətin baş verməsi ilə bağlı olmuşdur.
29. Məhkəmə həmçinin iddianın 115 manat notariusa ödənilmiş xidmət haqqının və hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsinə münasbətdə hesab edir ki, həmin xərclər iddianın təmin edilmə nisbətində tərəflərə aid edilməlidir.
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. 6000 manat məbləğində pul, ödənilmiş 57,50 manat məbləğində notariusa ödənilmiş xidmət haqqı, 68 manat dövlət rüsumu və hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 250 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 57,50 manat məbləğində notariusa ödənilmiş xidmət haqqı və hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 250 manat məbləğində pul vəsaiti iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı