Məhkəmə qərarları › İş №e-2(011)-5473/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-5473/2022

27.09.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-5473/2022 27.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehdən 20 000 manat pulun alınaraq iddiaçılara bərabər olaraq ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı mübahisəyə Xətai Rayon Məhkəməsində baxıla bilməz. İddiaçılar iddia ərizəsində qeyd etmişlər ki, onlar, xx.xx.2009-cu il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin təsisçiləridirlər. Cavabdeh isə xx.xx.2020-ci il tarixdən 25 iyun 2022-ci il tarixədək cəmiyyətin direktoru vəzifəsində işləmişdir. Lakin cavadeh bu müddət ərzində öz vəzifələrini yerinə yetirməyərək, cəmiyyətin təsisçilərinin ümumi yığıncağını çağırmamış, yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bir neçə dəfə cəmiyyət cərimə olunmuş, icarə müqaviləsi üzrə olan icarə haqqını ödəməmiş, cəmiyyətin mənfəət və zərər hesabatlarını təqdim etməmiş, cəmiyyətin işçilərini təhdid edərək, onların məcbur qalaraq öz xahişləri ilə işdən çıxmalarına çalışmış, boş vakansiyalara özünə yaxın olan, lakin bacarığı, səriştəsi olmayan şəxsləri təyin etmiş, işçilər tərəfindən X1 Xidmətinə şikayətlərin verilməsinə şərait yaratmış, fəaliyyətini ancaq bir təsisçinin göstərişləri üzrə qurmuş, bunu dəfələrlə digər təsisçilərə bəyan edərək, onlara qarşı hörmətsiz münasibət göstərmişdir. Bütün bu hərəkətlər isə onlara 20.000 manat məbləğində maddi və mənəvi zərərin vurulmasına gətirib çıxarmışdır İddia ərizəsinin məzmunundan da göründüyü kimi, tərəflər arasındakı mübahisə AL- SANA” MMC-nin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn koporativ mübahisə ilə bağlıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçılar "xxxx" MMC-nin təsisçiləridir, cavabdeh isə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cəmiyyətin direktoru vəzifəsində işləmişdir və mübahisə kommersiya hüquqi şəxsi olan "xxxx" MMC-nin keçmiş direktorunun fəaliyyəti nəticəsində onun üzvlərinə (təsisçilərinə) dəymiş zərərlə əlaqədardır. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, məhkəmə aidiyyət məsələsini həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və xarakteri dəqiq müəyyənləşdirilməlidir. Ümumi məhkəmələr və kommersiya məhkəmələri arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və mübahisənin xarakteri, eləcə də, bu meyarların hər üçünün qarşılıqlı bağlılığı rəhbər tutulmalıdır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 nömrəli Qərarında kommersiya məhkəməsində baxılan mübahisələr 3 qrupa bölünmüşdür: 1) əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələr. Bunlara müqavilə münasibətlərindən yaranan tələblər aiddir; 2) iş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələr. Bunlara əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir və 3) tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələr. Bunlara isə kommersiya hüquqi şəxsin özünün fəaliyyəti ilə bağlı olan korporativ mübahisələr aiddir (13-cü bənd). İddiaçıların irəli sürdüyü tələblər, məhz üçüncü tələbə, yəni sahibkarlıq subyektinin özünün həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən doğan korporativ mübahisəyə aiddir. Bundan başqa, sözügedən Qərarda kommersiya məhkəmələrində baxılmalı olan mübahisələrin subyekt, predmet, habelə hüquq münasibətinin xarakterinə aid olan tələblər ayrı-ayrılıqda təsnifləşdirilmiş və kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələrində baxılması birmənalı olaraq qeyd edilmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mülki işə baxılması ümumi yurisdiksiyalı məhkəmənin aidiyyətində olmadığından, iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 42.2.2-ci maddəsinə əsasən, iç həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 26, 31, 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı (Kaşlay Elmar mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar